İmam Mehdinin (ə.f) touqatı

wikishia saytından
(Həzrət Mehdinin (ə.f) touqatı səhifəsindən yönləndirilmişdir)

İmam Mehdinin (ə.f) touqatı (ərəbcə: توقيعات الإمام المهدي (ع)), o məktub və yazılılara deyilir ki, “kiçik qeybət” dövründə şiələrin on ikinci imamı tərəfindən imza və möhürlə onların suallarının cavabında göndərilirdi (və ya o məktublar vasitəsilə birbaşa imam tərəfindən cəmiyyətdəki mühüm məsələlərə münasibət bildirilirdi).

Hədis qaynaqlarında İmam Mehdidən (ə.f) fiqh, etiqad və digər mövzularda 100 civarında “touqi” (imzalı və möhürlü məktub) nəql edilib.

“Touqi”lər İmam Mehdi Sahib-Zamanın (ə.f) mübarək xətti və ya xüsusi naiblərə imlası ilə yazılırdı. Şiə fəqihləri bir sıra məsələlərdə şəri hökmləri əldə etmək üçün bu bu “touqi”lərə istinad ediblər. Həzrət İmam Mehdinin (ə.f) “touqi”lərini Şeyx Tusi “əl-Ğeybə” və Şeyx Səduq “Kəmaluddin və təmamun-nemət” kitablarında ayrıca fəsldə bir yerə toplayaraq nəql ediblər. Həmçinin İmam Zamanın (ə.f) “toqiat”ı (məktublar – “touqi”nin cəm forması) barədə bir neçə müstəqil kitab da yazılmışdır.

Touqiat nədir?

Şəlməğaninin Hüseyn ibn Ruha lənətləməsində İmam Mehdinin (ə) toqiatı:

“İnsanlara elan et ki, biz Şəlməğanidən məsafə saxlayırıq. Necə ki, ondan əvvəlki kimi Şərii, Nəmiri, Hilali və Bilali kimi insanlardan məsafə saxlayırdıq."

Şeyx Tusi, Kitabul-Qeybə, səh.411

“Touqiat” məktublar deməkdir və “touqi” (məktub) sözünün cəmidir. Şiələr məsum imamlar (ə) tərəfindən yazılan məktublara “touqi” deyirlər.[1] Bu məktublar ya birbaşa imamların (ə) mübarək dəsti-xətti ilə yazılıb, ya da imamların (ə) imlası ilə yaxın səhabələr yazılıblar.[2]

“Kiçik Qeybət” dövründə şiələrin məktubları İmam Mehdi Sahib-Zamana (ə.f) xüsusi naiblərin vasitəsi ilə çatdırılır və İmam (ə.f) da onların vasitəsi ilə cavab göndərirdi. İmam Mehdinin (ə.f) “touqi”ləri gah öz xətti ilə yazılırdı, gah da o həzrətin (ə.f) vasitəsi ilə imla edilir və xüsusi naiblər vasitəsi ilə yazılırdı. Tarixi qaynaqlarda İmam Mehdinin (ə.f) “touqi”lərində möhür və imza olması barədə də məlumatlar yer alıb.[3] Bəzi məktubların sonunda isə İmam Zaman (ə.f) məktubun öz xətti ilə olduğunu bildirib.[4] Hicri-Qəməti tarixi ilə 3-4-cü əsrlərdə yaşamış böyük şiə mühəddisi (hədis ravisi, hədis alimi), İmam Əli ən-Nəqi əl-Hadi və İmam Həsən əl-Əskərinin (ə) səhabəsi olmuş, Qurbul-İsnad kitabının müəllifi Abdullah ibn Cəfər əl-Himyəridən belə nəql edilir:

“İmam Mehdinin (ə.f) birinci naibi Əbu Əmr (Osman bin Səid Əmri) vəfat etdikdən sonra ikinci naib Əbu Cəfərin (Məhəmməd ibn Osman) naibliyində bizə çatan məktublar həmin dəsti-xətt ilə idi ki, biz daha öncə onunla məktublaşmışdıq.”[5]

Bundan əlavə hədis qaynaqlarında Əhməd ibn İbrahim Nobəxtinin xətti və Hüseyn ibn Ruh Nobəxtinin imlası ilə İmam Zaman (ə.f) tərəfindən göndərilən “touqi” mövcuddur.[6]

Touqi sözünün istifadə olunduğu yerlər

“Touqi” ifadəsi İmam Mehdinin (ə.f) şifahi məktub, hədis, sifariş və tövsiyələri barədə də istifadə edilib.[7] Necə ki, Şeyx Səduq məşhur “Kəmaluddin və təmamun-nemət” əsərində Həzrət İmam Mehdinin (ə.f) bəzi kəlamlarını, yəni o həzrətdən (ə.f) şifahi nəql olunan hədisləri, “touqiat” fəslində yazmışdır.[8] Bundan əlavə “Nüvvabi-Ərbəə”nin (kiçik qeybət dövründə dörd xüsusi naib) bəzi sözləri, o cümlədən onların qeybi-xəbərləri və dinlə bağlı ictimai məsələlərdə rəyləri “touqiat” fəslində yer almışdır.[9] Bunun da səbəbi isə çox ehtimal ki, üçüncü xüsusi naib Hüseyn ibn Ruh Nobəxtinin özü barədə dediyi[10] bu kəlamdır ki, “dini məsələlərdə özümdən söz demirəm, danışdıqlarımın hamısını İmam Mehdidən (ə.f) eşitmişəm”.[11]

Touqiatın sayı

İmam Mehdinin (ə) 4-cü naibinə son toqiyi:

“Altı gündən sonra dünyanı dəyişəcəksən, buna görə də özünü hazırla və sənin yerinə kimsəni vəsiyyət etmə, çünki ikinci (tam) qeyb başlamışdır və Allahın izni olmadan mənim zühurum olmayacaq. Uzun bir müddətdən sonra qəlblər sərtləşəcək və yer üzü haqsızlıqla dolacaq. Tezliklə şiələrimdən bəziləri gəlib məni görəcəklərini iddia edəcəklər. Bilin ki, Süfyaninin xürucu və səmanın nidası baş tutmamış məni gördüyünü iddia edən hər kəs yalançı və böhtançıdır."

Səduq, Kəmaluddin, cild 2, səh.516

Hədis qaynaqlarında İmam Mehdidən (ə.f) nəql edilən yüz civarında “touqi” mövcuddur.[12] Onların çoxu “kiçik qeybət” dövrünə aiddir ki, Şeyx Səduqun “Kəmaluddin” və Şeyx Tusinin “əl-Ğeybə” əsərlərində nəql ediliblər. Şeyx Səduqun “Kəmaluddin və təmamun-nemət” kitabında “touqi”lər fəslində 49 məktub və bir dua nəql olunub. Şeyx Tusinin “əl-Ğeybə” əsərində isə 43 touqi və hədis nəql edilmişdir ki, bunların da on ikisi Şeyx Səduqun kitabından götürülmüşdür.[13]

Həmçinin hicri-qəməri tarixi ilə 6-cı əsrin böyük şiə alimlərindən olan Əbu Mənsur Təbərsinin (Tibrisi, Təfrişi) məşhur “əl-İhticac əla əhlil-lucac” kitabında “böyük qeybət” dövründə İmam Zamanın (ə.f) Şeyx Müfidə (v. 413 hq) xitab olaraq yazdığı iki touqi nəql edilib.[14] Görkəmli şiə müctəhidi və böyük rical alimi Həzrət Ayətullah Üzma Seyid Əbul-Qasim əl-Xoyi bu touqilərə tərdid ilə yanaşıb və onların doğruluğunda şübhə edib. O, şübhəsini belə əsaslandırır ki, bu touqini Şeyx Müfidə kimin çatdırdığı və həmçinin “əl-İhticac” kitabının müəllifi Təbərsinin məktubu Şeyx Müfiddən kimin vasitəsi ilə nəql etdiyi məlum deyil.[15]

Bundan əlavə Şeyx Müfidin kitablarında və həmçinin onun şagirdi Şeyx Tusinin “əl-Ğeybə” əsərində bu məktub barədə heç bir məlumat yoxdur. Həmçinin “əl-İhticac” kitabı Şeyx Müfidin vəfatından yüz ildən çox bir vaxt keçdikdən sonra yazılmasına rəğmən bu məktubların sənədinə işarə edilməyib.[16]

Əlbəttə sözü gedən touqinin son cümləsinə - (“onu hamıdan gizli saxla”)[17] – ehtimal veriblər ki, Şeyx Müfid məktubu gizli saxlayıb, buna görə də məktub Şeyx Tusinin əlinə çatmayıb.[18]

Touqilərin mövzusu

İmam Mehdinin (əf) İshaq ibn Yəquba xitab olaraq toqiyindən bir hissə:
وَ أَمَّا الْحَوَادِثُ‌ الْوَاقِعَةُ فَارْجِعُوا فِيهَا إِلَى رُوَاةِ حَدِيثِنَا فَإِنَّهُمْ حُجَّتِي عَلَيْكُمْ وَ أَنَا حُجَّةُ اللَّهِ عَلَيْهِم؛

"Başınıza gələn hadisələrdə hədis ravilərimizə müraciət edin. Çünki onlar sizə qarşı mənim höccətim, mən də onlara qarşı Allahın höccətiyəm."

Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.484

Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) tərəfindən göndərilmiş touqilər müxtəlif mövzuları, o cümlədən fiqh, əqidə, hədis, dini vergilərin (xüms və zəkat) toplanılması, bölgələrdəki vəkillərin işə alınması və işdən azad edilməsi, yalançı naiblərin təkzib edilməsi və şiələrin xüsusi istək və suallarının cavablarını ehtiva edirdi.[19] İmam Mehdi (ə.f) barədə yazılmış ensiklopediyada touqilər dörd əsas kateqoriyada təsnif edilmişdir: Əqidə məsələləri, fiqhi hökmlər, kəramətlər, dualar və pərakəndə mövzular.[20]

Əqidə və kəlam məsələləri

İmam Mehdi (ə.f) tərəfindən göndərilmiş bir sıra touqilərin mövzusu müsəlmanların əqidəvi suallarının cavabıdır. Bu touqilərdə tövhid, İlahi sifətlər, peyğəmbərlik (nubuvvət) və imamət kimi əqidə məsələlərində olan suallar cavablandırılıb. Məsələn, O həzrət (ə.f) touqilərin birində "imamət" və “vilayət” məsələsi ilə bağlı sualın cavabında bildirir ki, yer üzü heç vaxt İlahi höccətsiz qalmayıb və qala bilməz, bu İlahi qayda Qiyamətədək belə davam edəcək. Hər məsum imamın vəzifəsidir ki, özündən sonrakı məsum imamın kim olacağını elan etsin və Həzrət İmam Həsən Əskəri (ə) onu (ə.f) imam elan edib. Daha sonra imamət məsələsini və öz imamətini Cəfər Kəzzabın iddiası qarşısında müdafiə edir. Həmçinin şiələri zühur vaxtını təyin etməkdən, imamın kimliyini və yerini tanıtdırmaqdan və imamın yerini axtarmaqdan nəhy edir.[21]

Yalançı iddiaçıların təkzibi və lənətlənməsi

Həzrət İmam Mehdi (ə.f) tərəfindən göndərilən məktub və touqilərin bir qismi də yalançı naiblik iddiasında olanları təkzib edir və lənətləyir. Bu məktub və touqilərin birində Həzrət İmam Mehdi (ə.f) hələ kiçik-qeybət dövründə ikən ilk dəfə yalandan naiblik iddiası edən Əbu Məhəmməd Həsən Şəriini yalançı adlandırıb və lənətləyib.[22]

Fiqhi mövzularda touqilər

Touqilərin bir hissəsinin ehtiva etdiyi mövzu müxtəlif fiqhi məsələlər və müsəlmanların fiqhi suallarına Həzrət İmam Mehdi (ə.f) tərəfindən verilən cavablardır. Bu touqilərdə Həzrət İmam Mehdi (ə.f) şiələrin təharət (bədənin və geyimin murdar və nəcisdən paklığı, qüsl, dəstəmaz, geyimlərin yuyulması və təmizliyi hökmləri), namaz, oruc, həcc, şahidlik, məhkəmə, vəqf, ticarət, xüms, zəkat, sədəqə, nikah (izdivac), məstedicilər (muskirat), imamların (ə) qəbirlərinin ziyarəti və sair şəri məsələlər barədə suallarını cavablandırıb.[23]

Touqilərdə dua və kəramətlər

Touqilərin bir hissəsi Həzrət İmam Mehdi (ə.f) tərəfindən göstərilən kəramətlər və xariquladə işlər və O həzrətin (ə.f) baş verən gizli və məxfi hadisələr, dini vergilər barədə edilən məxfikarlıqlar, gizlədilmiş sədəqə, zəkat və xümslər barədə qeybi xəbərlər verməsi və həmçinin bəzi şiələrin problemlərinin imamın (ə.f) duası ilə həll olması məsələsi önə çəkilib.[24] Bu növ touqilərdən Həzrət İmam Mehdinin (ə.f) imamət və vilayət məsələsinin isbatı, onun haqq olması və mövcud olması kimi əqidə məsələlərində dəlil və sübut kimi istifadə olunur.[25]

Touqilərin etibarlılığı məsələsi

Şiə fəqihləri və müctəhidləri qədim zamanlardan bir sıra fiqhi və şəri məsələlərin əldə edilməsi üçün müxtəlif yerlərdə bu touqilərə istinad ediblər.[26] Nümunə olaraq, məsələn, şiə fəqihləri Məhəmməd ibn Abdullah Himyərinin məsum imamların (ə) qəbirlərinin kənarında namaz qılmağın hökmü barədə sualına Həzrət İmam Mehdinin (ə.f) touqisinə istinadən fətva veriblər ki, qəbirdən öndə durub namaz qılmaq, yəni arxası qəbrə dayanmaq, - (elə məsafədə dayanmaq ki, həmin məsafədə arxası qəbirə dayanmaq ürfdə hörmətsizlik sayılsın), haramdır. Bəzi fəqihlər isə bunun məkruh olduğunu deyiblər.[27]

Həmçinin Həzrət İmam Mehdi (ə.f) tərəfindən göndərilən touqilərdən birində deyilir ki, qeyb dövründə qarşınıza çıxan hadisələrdə bizim hədislərimizin ravilərinə (fəqihlərə) müraciət edin.[28] Bu touqiyə “fəqihin vilayəti nəzəriyyəsi”nin isbatı üçün istinad edilir. İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Ruhullah Musəvi Xomeyni (r.ə) bu touqiyə istinadən deyir ki, (qeyb dövründə) cəmiyyətin bütün işlərinin idarəsi fəqihlərin öhdəsində olmalıdır.[29]

Touqilərin mənbələri

Həzrət İmam Mehdinin (ə.f) adına yazılmış ensiklopediyada Həzrət Sahib-Zaman (ə.f) tərəfindən göndərilən touqilərin əsas qaynaqları kimi Şeyx Səduqun “Kəmaluddin və təmamun-nemət” və Şeyx Tusinin “əl-Ğeybə” kitabları göstərilmişdir.[30] Bu kitabların hər birində touqilər üçün ayrıca fəsl ayrılmışdır.[31] Bundan əlavə “əl-Kafi”, “əl-İhticac”, “Məadinul-Hikmət”, “Biharul-Ənvar” və “Məkatibul-Əimmə” kitabları kimi hədis əsasında yazılmış dini ədəbiyyatlarda touqilər müxtəlif fəsil və bölmələrdə pərakəndə şəkildə nəql edilmişdir.[32] Həmçinin məsum imamların vəkilləri və naibləri barədə yazılmış kitablarda, o cümlədən Əhməd ibn Məhəmməd Əyyaşın (ö.401 hq) “Əxbaru Vukəlail-Ərbəə” kitabında touqilər barədə bəzi məlumatlar yer almışdır.[33] Həzrət İmam Mehdi (ə.f) tərəfindən göndərilən touqilər barədə müstəqil əsərlər də yazılıb ki, bu əsərlədə touqilərin çoxu bir yerə toplanmışdır. Bu əsərlərdən bəziləri aşağıdakılardır:

  • Qurbul-İsnad ilə sahibil-əmr, Abdullah ibn Cəfər Himyəri (hicri-qəməti tarixi ilə 3-cü əsrin ikinci yarısında Qum şəhərinin böyüklərindən olub).
  • Touqiate muqəddəsə, Cəfər Vicdani.
  • Həzrət Bəqiyyətullahın (ə.f) sözləri, duaları və touqiləri toplusu, Xadimi Şirazi.[34]
  • Mousuətu Touqiatil-İmamil-Mehdi (ə.f), Məhəmmədtəqi Əkbərnəjad (Qum, Cəmkəran məscidi, 1427 hq).
  • Touqiati Nahiyeyi Muqəddəsə, Əllamə Məclisi.

İstinadlar

  1. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.115
  2. Tusi, Əl-Ğeybə, h.q 1411, s.356
  3. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.163
  4. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.513-551
  5. Tusi, Əl-Ğeybə, h.q 1411, s.362
  6. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.508-509
  7. Şübeyri, "Touqi", s.577
  8. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.505
  9. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.504-502; Tusi, Əl-Ğeybə, h.q 1411, s.294, 298, 321, 308, 307
  10. Şübeyri, "Touqi", s.577
  11. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.508-509
  12. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.117
  13. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.117
  14. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.497-500
  15. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1372, c.18, s.220
  16. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.445
  17. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.499
  18. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.445
  19. Şübeyri, "Touqi", s.582
  20. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.117-120
  21. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.130-165
  22. Tusi, Əl-Ğeybə, h.q 1411, c.1, s.397
  23. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.180-239
  24. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.322-425
  25. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.119
  26. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.255-320
  27. Amili, Məfatihul-kəramə, h.q 1419, c.6, s.212-214
  28. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.484
  29. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.635; İmam Xomeyni, Vilayət-Fəqih, h.ş 1374, s.78-82
  30. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.124
  31. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.482-532; Tusi, Əl-Ğeybə, h.q 1411, s.281...
  32. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.124
  33. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.123
  34. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.4, s.122-124

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Kitabul-bey, Qum, İsmailiyyan nəşriyyatı, h.ş 1363
  • İmam Xomeyni, Seyyid Ruhullah, Vilayət-fəqih, Tehran, h.ş 1373
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.ş 1372
  • Məhəmməd Cavad, Şübeyri, «توقیع», Qum, h.ş 1372
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Tehran, İslamiyyə, h.q 1395
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Məşhəd, Mürtəza nəşri, h.q 1403
  • Tusi, Məhəmməd ibn Həsən, Kitabul-ğeybə, Qum, Düzəliş: Abdullah Tehrani və Əli Əhməd Nasih, Qum, h.q 1411
  • Amili, Seyyid Cavad ibn Məhəmməd, Miftahul-kəramə, Qum, h.q 1419
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Düzəliş: Məhəmməd ibn Həsən Tusi, Məşhəd, h.q 1409
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Mehdi, Qum, Darul-hədis, h.ş 1393

Xarici keçid