Hüseyn ibn Ruh Nobəxti

wikishia saytından
Hüseyn ibn Ruh Nobəxti
Hüseyn ibn Ruhun məzarı
Hüseyn ibn Ruhun məzarı
LəqəbiNobəxti - Ruhi - Qumi
Yaşadığı yerSamirra - Bağdad
Vəfat tarixi və məkanıHicrətin 326-cı ili, Bağdad
Dəfn olunduğu məkanBağdad
Önəmli işləriİmam Həsən Əskərinin (ə)İmam Mehdinin (ə.f) səhabəsi
ƏsərləriƏt-Tədib


Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün Nobəxti (səhv salmamaq üçün) adlı bölməyə daxil olun.

Hüseyn ibn Ruh Nobəxti (ərəbcə: الحسين بن روح النوبختي) İmam Mehdinin (ə) dörd naibindən üçüncü naibidir. O, 21 il (hicri 305-326) xüsusi naiblik vəzifəsini icra edib. Cənab Nobəxti İmam Əskərinin (ə) səhabələrindən olmaqla yanaşı, Bağdaddakı ikinci naibin vəkillərindən idi. Ömrünün son günlərində Məhəmməd ibn Osman İmam Zamanın (ə.c) əmri ilə Hüseyn ibn Ruhu canişin təyin edir. Bir müddət sonra hicri 305-ci ilin şəvval ayının 5-də Həzrət Mehdi (ə) tərəfindən Hüseyn ibn Ruhun naib olaraq təsdiqi üçün ilk icazə verilir. Vəzifəsinin əvvəl vaxtlarında Abbasilərin hakim aparatında xüsusi mövqe və hörmətə malik olan Hüseyn ibn Ruh sonradan çətinliklərə qarşılaşdığı üçün bir müddət gizli həyat sürür. Ancaq çox keçmədən həbs olunaraq beş il məhbəs həyatı yaşamağa məcbur olur. Hüseyn ibn Ruhun dövründə baş verən ən mühüm hadisələrindən biri də onun etibarlı vəkili olan Şəlməqaninin hadisəsidir. Ancaq, sonradan Şəlməqani yolunu azır və beləcə, İmam Zaman (ə.f) onu lənətlədiyinə dair məktub imzalayır. Hüseyn ibn Ruh Nobəxtinin fövqəladə bir elmə sahib olmasını onun yazdığı fiqh kitablarında, habelə elmi mübahisələrdə əldə etdiyi üstünlükdə görmək mümkündür. Mənbələrdə onun kəramətləri barəsində yetərincə rəvayət nəql olunmuşdur.

Həyatı

Hüseyn ibn Ruhun pak məzarı

Hüseyn ibn Ruhun hansı ildə doğulduğu məlum deyil. Onun künyəsi Əbül-Qasimdir və mənbələrdə onun Nobəxti, Ruhi[1] və Qumi[2] kimi ləqəbləri zikr olunmuşdur. Onun Qum şəhərindən olması iddiasına səbəb isə, onun Abe (Savə yaxınlığında) camaatının danışdığı fars ləhcəsində danışması və oranın camaatı ilə yaxın münasibətdə olmasıdır.[3][4][5] Lakin əksər mənbələrdə Nobəxti kimi tanınır. Onun Nobəxtilər ailəsinə ana tərəfdən mənsub olduğu deyilir.[6] Bəziləri də onun Qumun Bənunobəxt tayfasından olduğunu və birinci naibin dövründə Bağdada hicrət etdiyini bildirir.[7]

İmam Əskəri (ə) ilə əlaqə

Hüseyn ibn Ruhun İmam Həsən Əskərinin (ə) səhabələrindən olması mübahisəli bir məsələdir. İbn Şəhraşub “əl-Mənaqib” kitabında onu İmam Həsən Əskərinin (ə) səhabələrindən və həmçinin xas yardımçılarından olduğunu bəyan edir.[8] Ancaq, digər rical alimləri bu barədə heç bir fikir bildirməyiblər. Bəziləri bu xəbəri qəbul etməyin problemli olduğuna bildiriblər. Çünki İmam Əskəri (ə) hicri 260-cı ildə, Nobəxti isə 326-cı ildə vəfat etmişdir.[9]

Xüsusiyyətləri

Şeyx Tusi “Əl-Ğeybə” kitabında bildirir ki, Hüseyn ibn Ruh öz dövrünün ən müdrik adamlarından biri idi və öz müxalifləri ilə qarşılaşanda təqiyyə edərdi.[10] O həddə ki, qulluqçularından birini Müaviyəni təhqir etdiyinə görə işindən azad edir.[11]

Casim Hüseynin “Qeybətin Siyasi Tarixi” kitabında yazdığına görə, Hüseyn ibn Ruhu bu vəzifəyə gətirən onun şəxsi keyfiyyətləri, ləyaqəti və xidmətləri olub. Bütün bunlar onu naiblik məqamına ucaldıbdır.[12] Muhəmməd ibn Osmanın qızı olan Ümmü Gülsüm Hüseynin atası ilə olan əlaqəsi barəsində danışarkən bildirir ki, Hüseyn atasının ən yaxın və xas adamlarından biri olub və atası öz həyatının şəxsi məsələlərini İbn Ruh Nobəxtinə danışardı.[13]

Əbu Səhl Nobəxti Hüseyn İbn Ruhun sirr saxlamağı barəsində belə deyir ki, əgər o İmamı (ə) öz ətəyinin altında gizlətsə və İmamın yerini göstərməsi üçün onun bədənini qayçı ilə parçalasalar heç vaxt bunu etməz.[14]

Ölümü

Hüseyn ibn Ruh Nobəxti hicri 326-cı il şəban ayının 18-də vəfat etmişdir. Onun qəbri Bağdadın Əttaran və ya Şurçə bazarında yerləşən hazırda Hüseyn ibn Ruh məqamı kimi tanınan və şiələrin ziyarətgahı olan Nobəxtiyyə məhəlləsində yerləşir.[15]

Naibliyi

İmamın Hüseyn ibn Ruhu təsdiq edən məktubu: “Biz onu (Hüseyn bin Ruhu) tanıyırıq, Allah ona bütün yaxşılıq və xeyirlərini göstərsin və lütfü ilə onu sevindirsin. Onun məktubundan bizə məlumat verildi və biz onun üzərinə düşən məsuliyyətdən əminik. Onun bizim yanımızda onu sevindirəcək bir məqamı var. Allah ona olan lütfünü artırsın”.


İmam Zamanın (ə.c) ikinci naibi hicri 305-ci ildə vəfat etdikdən sonra Hüseyn ibn Ruh naib təyin edilir. Bundan əvvəl o, Məhəmməd ibn Osmanın[16][17] etibarlı və yaxın adamlarından idi və Məhəmməd ibn Osman onu Bağdaddakı digər vəkillərlə əlaqə qurmaq üçün vasitə qərar vermişdi.[18]

Bağdadda ikinci naibin təxminən on vəkili olmasına baxmayaraq, Muhəmməd ibn Osman xəstəliyi zamanı İbn Ruhu özünün vəkili və səfiri kimi tanıtdırıb və şiələrin nüfuzlu şəxsiyyətlərinə özünün ölümündən sonra ona müraciət etmələrini bildirib.[19] Əllamə Məclisinin yazdığı kimi, ikinci naibin vəfat etdiyi gün Hüseyn ibn Ruh onun evində idi və Muhəmməd ibn Osmanın xidmətçisi imamət əmanətləri olan qutunu Hüseyn ibn Ruha verir.[20] Bir müddət sonra hicri yəni 305-ci ilin şəvval ayının 6-da Həzrət Mehdi (ə.c) tərəfindən Hüseyn ibn Ruhun naibliyini təsdiq edən ilk namə imzalanır.[21]

Bəzi xəbərlərdən belə görünür ki, birinci və ikinci naiblərdən fərqli olaraq Hüseyn ibn Ruhun məqamı İmamiyyə arasında aydın idi və bu səbəbdən bəzi şiələr öz bölgələrinin vəkillərinə məhəl qoymayaraq, birbaşa üçüncü naiblə əlaqə saxlayırdılar.[22]

Vəkillər və səfirlər

Hüseyn ibn Ruh vəkil vəzifəsində fəaliyyətinə Bağdaddakı on vəkillə və digər İslam ölkələrindəki digər vəkillərlə həmkarlığı ilə başlayıb. Onun bəzi səfirlərinin və vəkillərinin adları belədir:

  • Cəfər İbn Əhməd İbn Mətil
  • Əbu Abdullah Katib
  • Əhməd bin Mətil
  • Əhməd bin İbrahim Nobəxti
  • Məhəmməd bin Həsən Sirfi Bəlxdə
  • Reydə Məhəmməd bin Cəfər Əsədi Razi
  • Həsən bin Əli və Cəna Nəsibi Nəsibində

Hakimiyyətdəki məqamı

Məhəmməd ibn Osmanın sağlığında Hüseyn ibn Ruh Abbasilər sarayında yüksək nüfuza malik idi və dövlət məmurlarından maddi yardımlar ona çatırdı.[24] Naib vəzifəsini öz üzərinə götürdükdən sonra Abbasi sistemində nüfuz sahibi oldu və onların hörmətini qazandı. Onun hörmət sahibi olmasının digər səbəbi, bir tərəfdən Nobəxti ailəsinin nüfuzu, digər tərəfdən də şiə tərəfdarı olan Ali Furatdan olan Əbülhəsən Əli ibn Məhəmmədin vəzir olması idi.[25][26] Məhəmməd ibn Osmanın qızı Ümmü Gülsümün dediyinə əsasən, bu müddətdə Ali Furatdan gələn mal-mülk və vəsait Hüseyn ibn Ruha çatırdı.[27] Hüseyn ibn Ruhun hökümətdəki mövqeyinin digər səbəblərindən biri də onun ehtiyatlı mövqe sərgiləməsi idi. Beləki, o özünü dövrün üsyanlarından, xüsusəndə Qəramətə üsyanından uzaq tuturdu.[28]

Lakin Həmid İbn Abbas şiə müxaliflərini dəstəkləyən bir vəzir kimi vəzifəyə gələndə Hüseyn ibn Ruh üçün çətinliklər meydana gəldi.[29]

Gizlənməsi

Bəzi mənbələrdə Hüseyn ibn Ruhun İmam Zamanın (ə) naibi təyin olunmasından bir müddət sonra gizləndiyi barədə məlumat verilib. Bu dövrün müddəti dəqiq məlum deyil və ehtimal ki, 306-311-ci hicri illəri arasında, Həmid ibn Abbasın vəzirliyi dövründə olmuşdur.[30] Şeyx Tusinin dediyinə görə, bu dövrdə Məhəmməd ibn Əli Şəlməqani onun səfiri olmuşdur. Bu dövr haqqında kifayət qədər məlumat yoxdur.[31]

Həbs olunması

Hüseyn ibn Ruh Nobəxti hicri 312-ci ildən 317-ci ilə qədər Abbasi xilafətinin Müqtədar zindanında məhbus olub. Şiə mənbələrində onun həbsi üçün heç bir səbəb göstərilməsə də, bəzi alimlər sünni rəvayətlərinə əsaslanaraq bu barədə iki fikir söyləmişlər:

  1. Hüseyn ibn Ruhun dövlət divanına vergi ödəməkdən imtina etməsi
  2. Həmin dövrdə Bəhreynə hakim olan Qəramətə ilə əlaqəsi[32]

Bəzi tədqiqatçılar onun həbs olmasının səbəbini onun naiblik şöhrəti, şiələrlə əlaqəsi və onların vəziyyətini nizama salması, məktub və sənədləri, habelə pulları toplayaraq İmama (ə.c) çatdırmasında görürlər.[33] Bəziləri isə, onun həbsinin Şəlməqani ilə düşmənçiliyə görə olduğuna inanırlar. Beləki, onun həbsi hicri 311-312-ci illərdə Əli ibn Fəratın vəzirliyi dövründə Möhsün ibn Əli ibn Fərat (vəzir Əli ibn Fəratın oğlu və Şəlməqaninin tərəfdarı) tərəfindən həyata keçirilib.[34]

Həbsdən çıxandan sonra hökumətdə mühüm vəzifələrdə çalışan Nobəxt nəslindən olan məşhur simaların olması səbəbindən heç kim onu narahat edə bilmədi.[35]

Şəlməqaninin hadisəsi

Bağdaddakı şiə alimlərindən biri olan Şəlməqani Hüseyn ibn Ruha yaxın bir şəxs idi. Hüseyn ibn Ruh naib vəzifəsinə təyin edildikdən sonra onu vəkili kimi təqdim edir və şiələrin işlərini idarə etməyi ona həvalə edir. Hüseyn ibn Ruhun gizli həyat sürdüyü vaxtlarda İmam Zamanın (ə.c) məktubları İbn Ruhun və Şalmaqanin vasitəsiylə şiələrə çatırdı.[36] Ancaq, Şəlməqani Hüseyn ibn Ruhun həbsdə olduğu müddətdə vəzifəsindən sui-istifadə edərək əvvəlcə özünü Bab kimi təqdim edir, sonra isə mürtəd olur və fikri azğınlığa düçar olur. Onun azğınlığı üzə çıxanda zindanda olan Hüseyn ibn Ruh bu barədə şiələri xəbərdar edərək onunla əlaqəni kəsməyi tapşırır. Sonda hicri 312-ci ildə Həzrət Mehdi (ə) tərəfindən ona lənətlənməsi barəsində fərman verilir.[37]

Elmi məqamı və kəramətləri

Hüseyn ibn Ruh fiqh üzrə “ət-Tədib” adlı bir kitab yazdıqdan sonra onu dəyərləndirmək üçün Qumun hədis sahəsində fəaliyyət göstərən elmiyyə hövzəsinə göndərir və oradakı alimlərdən onların fikrinə zidd olan nöqtələri qeyd etmələrini istəyir. Qum alimləri kitabın məzmunu ilə tanış olduqdan sonra bir hal istisna olmaqla, bütün kitabı təsdiq edərək ona geri göndərirlər.[38]

Onun naib olduğu müddətdə apardığı bəhslər təfərrüatı ilə mənbələrdə bəyan olunmuşdu.[39][40][41] Verilən suallara Hüseyn ibn Ruhun verdiyi cavablar onun dini məsələlərdə necə elmli olduğunu və elmi məqamını göstərir.[42]

O, bir sıra hədis də nəql etmişdir.[43] Beləki, Şeyx Tusi Rəcəbiyyə ziyarətini Hüseyn ibn Ruh Nobəxtidən nəql etmişdir.[44]

Kəramətləri

Bəzi mənbələrdə Hüseyn ibn Ruhdan bir sıra kəramətlər nəql edilmişdir. O, bəzən müxaliflərin şübhələrini aradan qaldırmaq, bəzən də öz nəzərini təsdiq etmək üçün bəzi sirləri dilə gətirirdi. Əli İbn Babaveyhin (Şeyx Səduqun atası) üçüncü naibə uşaq sahibi olması üçün məktub ünvanlaması və məktubunda Həzrət Mehdidən (ə) dua etməsini istəməsi[45] və ya İbn Babuveyhə ünvanladığı (Şeyx Səduqun atası) başqa bir məktubda Həcc səfəri üçün vəzifəsinin müəyyən edilməsi,[46] Əhməd ibn İshaq Quminin ölümündən xəbər verməsi,[47] Məhəmməd ibn Həsən Seyrəfinin itmiş qızıl külçəsindən xəbər verməsi[48] və digər nəql olunmuş hadisələr buna misaldır.

İstinadlar

  1. Tusi, Əl-Ğeybə, h.q 1411, s.225
  2. Kəşşi, Ricalu Kəşşi, h.ş 1348, s.557
  3. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.503-504
  4. Tusi, Əl-Ğeybə, h.q 1411, s.195
  5. İqbal Aştiyani, Xandane Nobəxti, h.ş 1345, s.214
  6. İqbal Aştiyani, Xandane Nobəxti, h.ş 1345, s.214
  7. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.192
  8. İbn Şəhraşub, “əl-Mənaqib”, h.q 1379, c.4, s.423
  9. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.192
  10. Tusi, Əl-Ğeybə, h.q 1411, s.112
  11. Tusi, Əl-Ğeybə, h.q 1411, s.386
  12. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.193-194
  13. Tusi, Əl-Ğeybə, h.q 1411, s.372
  14. Tusi, Əl-Ğeybə, h.q 1411, s.391
  15. Tusi, Əl-Ğeybə, h.q 1411, s.238
  16. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.192
  17. Zəhəbi, Siyru ilamin-nubəla, h.q 1413, c.15, s.222
  18. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.501-502
  19. Tusi, Əl-Ğeybə, h.q 1411, s.371
  20. Məclisi, Biharul-ənvar, h.q 1403, c.85, s.211
  21. Tusi, Əl-Ğeybə, h.q 1411, s.372
  22. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.198
  23. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.196
  24. Ğəffarzadə, Zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), h.ş 1375, s.237
  25. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, h.ş 1385, s.198
  26. Cəfəriyan, Həyate fikri və siyasiye Əimme, h.ş 1381, s.583
  27. Tusi, Əl-Ğeybə, h.q 1411, s.372
  28. Əzimzadə Tehrani, İləle dəstgiri Hüseyn ibn Ruh Nobəxti, h.ş 1382
  29. Cəfəriyan, Həyate fikri və siyasiye Əimme, h.ş 1381, s.583
  30. Əzimzadə Tehrani, İləle dəstgiri Hüseyn ibn Ruh Nobəxti, h.ş 1382
  31. Tusi, Əl-Ğeybə, h.q 1411, s.303-304
  32. Əzimzadə Tehrani, İləle dəstgiri Hüseyn ibn Ruh Nobəxti, h.ş 1382
  33. Musəvi, Kəsai, Pejuheşi piramune zendegiye siyasi və fərhənge nuvvabe ərbəə, h.ş 1378
  34. Əzimzadə Tehrani, İləle dəstgiri Hüseyn ibn Ruh Nobəxti, h.ş 1382
  35. Musəvi, Kəsai, Pejuheşi piramune zendegiye siyasi və fərhənge nuvvabe ərbəə, h.ş 1378
  36. Tusi, Əl-Ğeybə, h.q 1411, s.228, 239, 251, 252
  37. Tusi, Əl-Ğeybə, h.q 1411, s.187, 252, 253
  38. Əmin, Əyanuş-şiə, h.q 1421, c.6, s.22
  39. Tusi, Əl-Ğeybə, h.q 1411, s.324, 373, 378, 388, 390
  40. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.519
  41. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.192
  42. Sədr, Tarixul-ğeybə, h.q 1412, c.1, s.483
  43. Xoi, Mucəmu ricalil-hədis, h.q 1403, c.5, s.236
  44. Tusi, Misbahul-mutəhəccid, h.q 1411, s.821
  45. Nəcaşi, Ricalu Nəcaşi, h.q 1407, s.261
  46. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.293
  47. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.518-519
  48. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.342

Ədəbiyyat

  • Əmin Amili, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taruf, h.q 1421
  • Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, İslamiyyə, h.q 1395
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, h.q 1407
  • İbn Şəhraşub Mazandarani, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Məariful-İslamiyyə müəssisəsi, h.q 1411
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mutəhəccid, Beyrut, h.q 1411
  • Zəhəbi, Siyru ilamin-nubəla, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1413
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, h.q 1403
  • Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybə, Beyrut, Darut-taruf, h.q 1412
  • İqbal Aştiyani, Abbas, Xandane Nobəxti, Tehran, h.ş 1345
  • Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye Əimme, Qum, Ənsariyan, h.ş 1381
  • Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame Dəvazdəhhom, Tehran, h.ş 1385
  • Ğəffarzadə, Zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), Qum, h.ş 1375
  • Musəvi, Kəsai, Pejuheşi piramune zendegiye siyasi və fərhənge nuvvabe ərbəə, h.ş 1378
  • Əzimzadə Tehrani, İləle dəstgiri Hüseyn ibn Ruh Nobəxti, h.ş 1382

Xarici keçid