Mühacirlər

wikishia saytından
(Mühacir səhifəsindən yönləndirilmişdir)

Mühacirlər (ərəbcə: المهاجرون) öz hicrətləri ilə İslamın təbliğində rol oynamış və bu yolda çoxlu çətinliklərə dözmüşlər. Buna görə də Peyğəmbər (s) onlara xüsusi diqqət yetirmiş və Quran onları yad etmişdir. Məkkədə yaşayan və müsəlman olduqdan sonra müşriklərin təzyiqlərinə tab gətirən mühacirlər Peyğəmbərin (s) əmri ilə Mədinəyə hicrət etdilər.

İslamdan əvvəl Məkkə və Mədinə əhalisi arasında düşmənçilik və münaqişə var idi. Bu düşmənçilik Peyğəmbərin (s) hicrəti və mühacirlərlə ənsar arasında qardaşlığın yaranması ilə aradan qalxdı. Peyğəmbərin (s) vəfatından sonra ənsarla mühacirlər arasında rəqabət yenidən başladı və Əməvilər dövrünə qədər davam etdi. Buna misal olaraq, Əbu Bəkr ibn Əbi Quhafənin mühacirlərin dəstəyi ilə xilafətə gəlməyini qeyd etmək olar. Səqifədə baş vermiş bu hadisə mühacirlərlə ənsar arasındakı rəqabətin göstəricisi idi.

Şiələrin ilk imamı İmam Əli (ə), Peyğəmbərin (s) qızı Həzrət Fatimə, Əbu Sələmə, Ümmü Sələmə, Peyğəmbərin əmisi Həmzə ibn Əbdül Müttəlibüç xəlifə məşhur mühacirlərdən olmuşdur.

Konseptologiya

Mühacir titulu Peyğəmbərin (s) əmri ilə, Məkkə müşriklərinin zülmü səbəbindən Məkkədən Mədinəyə hicrət edən müsəlmanlara verilmişdir.[1] Mühacirlərlə yanaşı, Peyğəmbərin (s) köməyinə qalxan Mədinəli müsəlmanlar[2] ənsar adlanır.[3]

Mühacir titulu hicrətin 8-ci ilində Məkkənin fəthinə qədər Məkkədən Mədinəyə hicrət etmiş bütün müsəlmanları əhatə edir. Lakin Hüdeybiyyə sülhündən əvvəl (hicri 6-cı il) Mədinəyə daxil olanların məqamı daha yüksəkdir.[4]

Mövqeyi

إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
Ənfal surəsi, ayə 72


Təqlid üzrə səlahiyyətli şəxs və Quran təfsirçisi Məkarim Şirazinin dediyinə görə, Peyğəmbər (s) mühacirlərə xüsusi diqqət yetirirdi. Çünki onlar öz maddi həyatlarını və mallarını onun dəvətinin xidmətinə qoymuş və hicrətləri ilə İslamın səsini dünyanın qulağına çatdırmışlar.[5]

Quranda hicrətin törəmələri “muhaciran”, “əlləzinə həcəru” və “mən Həcərə” başlıqları altında 24 dəfə xatırlanır.[6] Həmçinin, Quranda cihadçılarla yanaşı, mühacir də qeyd olunur.[7] Və onları səbirtəvəkkül xüsusiyyətləri ilə təriflədi,[8] və onları hicrət etməklə imanlarını tamamlayan[9] həqiqi möminlərdən[10] hesab etdi.[11]

Qurani-kərimdə onların etdiyi günahların bağışlanmasından[12]cənnətə daxil olmalarından[13] bəhs edilmişdir.Təbii ki, şiə alimlərinin fikrincə, ayələrin zahirindən belə başa düşmək olar ki, Allah onların hamısını deyil, əhd-peymanlarında möhkəm qalan mühacirləri[14] nəzərdə tutur.[15]

İlk vaxtlarda mühacir olmaq şərəf sayılırdı. Ömər ibn Xəttab beytul-malın bölüşdürülməsində İslamda üstün olduqları üçün mühacirlərə daha çox pay verdi[16] və özündən sonra xəlifənin təyin edilməsi üçün altı nəfərdən ibarət şuranın üzvlərini mühacirlərdən seçdi.[17] Baxmayaraq ki, ona nəzarəti ənsara həvalə etmişdir.[18]

İlk mühacirlər

Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etməzdən əvvəl səhabələrinə Mədinəyə köçmələrini əmr etmişdir.[19] Əli ibn Hüseyn Məsudinin dediyinə görə, Peyğəmbərdən (s) əvvəl Mədinəyə ilk daxil olan şəxslərdən bəziləri bunlardır: Abdullah ibn Əbdül Əsəd, Amir ibn Rəbiə, Abdullah ibn Cəhş, Ömər ibn Xəttab və Ayəş ibn Əbi Rəbiə.[20] Üçüncü əsrin tarixçisi Əhməd ibn Yəhya Bilazəri ilk mühacirləri Abdullah ibn Əbdül Əsəddən əvvəl Mədinəyə daxil olan Müsəb ibn Umeyrİbn Ummu Məktum hesab edirdi.[21] Onun verdiyi məlumata görə, Müsəb ibn Umeyr, Əqəbədə Peyğəmbərə (s) beyət etdikdən sonra İslam dinini təbliğ etmək üçün, Peyğəmbər (s) tərəfindən Mədinəyə göndərilmişdir.[22]

Məkkəli müşriklərlə mühacirlərin qarşılaşması

Tarixçilərin yazdığına görə, Məkkə müşrikləri müxtəlif yollarla müsəlmanların Mədinəyə hicrət etmələrinin qarşısını alırdılar. Onlar bəzi insanları həbsdə saxlayıb, bəzi mühacir ailələrin də onlara qoşulmasına mane olurdular. Bu işlərlə yanaşı, Əbu Sələmənin həyat yoldaşı (Abdullah ibn Əbdül Əsəd) və uşağının Mədinəyə getməsinə bir müddət mane oldular[23]Suheyb Ruminin mülkünün zəbt edilməsinə qarşılıq olaraq Mədinəyə hicrət etmək üçün sərbəst buraxdılar.[24]

Həmçinin, hicrət etməyi planlaşdıran bəzi müsəlman qadın və uşaqlara mane olurdular. Hicri VI əsrdə şiə təfsirçisi Fəzl ibn Həsən Təbərsi, İbn Abbas və Mücahiddən nəql etmişdir ki, “Ey iman gətirənlər, zövcələriniz və övladlarınız sizinlə düşməndirlər, onlardan çəkinin”[25] ayəsi bu barədə nazil olmuşdur.[26]

Ənsarın mühacirlərə dəstəyi

Həzrət Peyğəmbər (s) hicrətdən sonra mühacirlərlə ənsar arasında qardaşlıq əhdi bağladı.[27] Məşhur rəyə görə, bu müqavilədə mühacirlərdən 45 nəfər, ənsardan isə 45 nəfər iştirak edirdi.[28]

Peyğəmbər (s) Əbu Bəkr ibn Əbi Qahafə ilə Xaricə ibn Zeyd Ənsari, Ömər ibn Xəttabla Utban ibn Malik Ənsari Xəzrəc, Osman ibn Əffanla Ous ibn Sabit, Əbu Ubeydə Cərrahla Səd ibn Muaz, Əbdürrəhman ibn Əvflə Səd Rəbi, Təlhə ibn Ubeydullahla Kəb ibn Malik, Zübeyr ibn Əvamla Sələmə ibn Salam, Salman Farsi ilə Əbu Dərda, Əmmar ibn Yasirlə Huzeyfə ibn Nəccar və ya Sabit ibn Qeys və sairləri arasında qardaşlıq əqdi bağladı.[29] Peyğəmbər (s) özü də Həzrət Əli (ə) ilə qardaşlıq əqdi bağladı.[30]

Hicri qəməri tarixi 4-cü ildə baş vermiş "Bəni Nəzir"lə müharibədə əldə olunmuş qənimətləri Peyğəmbər (s) ənsarın razılığı ilə mühacirlər arasında bölüşdürənə qədər, ənsar Məkkədə mallarını tərk etmiş mühacirlərə maddi yardım edirdi.[31]

Mühacir və ənsarın rəqabəti

“Əl-Musafəl fi tarix əl-ərəb”in müəllifi Cavad Əlinin dediyinə görə, Peyğəmbərin (s) Mədinəyə hicrətindən əvvəl Yəsrib əhalisi ilə Məkkə əhalisi arasında düşmənçilik olub və bu Peyğəmbərin (s) hicrəti ilə aradan qalxıb. Amma bu düşmənçilik Peyğəmbərin (s) vəfatından sonra mühacirlərlə ənsar arasında ixtilaf şəklində ortaya çıxdı. Həssan ibn Sabit, Numan ibn Bəşir və Tərmah ibn Həkimin şeirlərində qeyd olunduğu kimi.[32] Mühacirlər Peyğəmbərin (s) onlardan biri olması ilə, ənsar isə ona sığınacaq vermələri və Peyğəmbərin (s) anasının Bəni Nəccardan və Mədinə əhlindən olması ilə fəxr edirdilər.[33]

Cavad Əlinin fikrincə, Müaviyə ibn Əbu SüfyanYezid ibn Müaviyə dövründə də mühacir və ənsar arasında qarşıdurma olub. Baxmayaraq ki, bu dövrdə mühacir və ənsar terminləri daha az işlədilsə də, Qureyşi və Yəməni kimi terminlər daha çox istifadə edilmişdir.[34]

Tarixi mənbələrə görə, Səqifə əhvalatı mühacir və ənsar arasında rəqabət və qarşıdurma səhnəsi olmuşdur.[35] Əbu Bəkrə beyət edərkən ənsardan olan Həbab ibn Mənzər mühacirlərin üstünə qılınc çəkdi və Ömər ibn Xəttab ənsarın böyüklərindən olan Səd ibn Übadəni münafiq adlandırdı.[36]

Səqifədə mühacirlərin rolu

Peyğəmbərin (s) vəfatından sonra bir qrup ənsar Bəni Saidə səqifəsi adlı yerdə toplaşaraq Səd ibn Übadəni xəlifə seçdilər. Lakin mühacirlər, o cümlədən, Əbubəkr ibn Əbi Quhafə, Ömər ibn XəttabƏbu Ubeydə Cərrah onlara qoşuldu, mübahisələr və münaqişələr yarandı.[37] Özü də mühacirlərdən olan Əbu Bəkr öz sözlərində mühacirləri ənsardan üstün və xilafətə layiq hesab edirdi.[38] Özü ənsardan olan Həbbab ibn Mənzər, ənsar və mühacirin hərəsindən bir əmir seçilməsini təklif etmiş və bu təklif Ömər ibn Xəttabın mənfi reaksiyası ilə qarşılanmışdır. Sonra mühacirlərdən olan Əbu Bəkri, Ömər ibn Xəttabı və Əbu Ubeydə Cərrahı xilafətə təklif etdi, lakin onlar bunu qəbul etmədilər və Əbu Bəkr haqqında fəzilətlər deyərək, onu xilafətə layiq bildilər və ona beyət etdilər.[39] Sonra mühacirlərlə qohum olan Bəni-Əsləm qəbiləsi Mədinəyə daxil olub Əbu Bəkrə beyət etdilər.[40]

Məşhur mühacirlər

Peyğəmbərin (s) göstərişi ilə Məkkədən Mədinəyə hicrət edən bəzi məşhur şəxslər bunlardır:

  • Şiələrin ilk imamı və Peyğəmbərin (s) canişini İmam Əli (ə). O, "Ləylətül-məbit"də (Peyğəmbərin hicrət gecəsi) Peyğəmbərin (s) yerində yatdı ki, müşriklər zənn etsinlər Peyğəmbər (s) hələ Məkkədən çıxmamışdır.[41] Peyğəmbərin (s) yanında olan əmanətləri sahiblərinə qaytarmaq da Peyğəmbər (s) tərəfindən ona tapşırıldı və üç gündən sonra Mədinəyə yola düşdü.[42]
  • Hicrətin ikinci ilində İmam Əli (ə) ilə ailə quran Peyğəmbərin (s) qızı Fatimə (s.ə.).[43] O, Fatimə binti Əsəd də daxil olmaqla bir neçə qadınla birlikdə İmamın himayəsində idi. Əli (ə) Peyğəmbərin (s) getməsindən üç gün sonra Mədinəyə hicrət etdi.[44]
  • Ümmü Sələmə, Abdullah ibn Əbdül Əsədin həyat yoldaşı idi, qəbiləsi bir müddət əri ilə birlikdə Mədinəyə hicrət etməsinə mane oldu. Hicrətdən sonra baş vermiş müharibələrin birində Abdullah ibn Əbdül Əsəd şəhadətə çatdı. Ümmü Sələmə də Peyğəmbərlə (s) ailə həyatı qurdu.[45]
  • Əbu Bəkr ibn Əbi Quhafə Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı onu müşayiət etmiş və onunla birlikdə Səvr mağarasında gizlənmişdir.[46] O, Peyğəmbərin (s) vəfatından sonra xəlifə seçilmiş və buna görə də sünnilərin nəzərində o, ilk xəlifədir. Lakin şiələr onun xilafətini qəbul etmir və Peyğəmbərin (s) İmam Əlini (ə) canişin təyin etdiyini deyirlər.[47]

Ömər ibn Xəttab (ikinci xəlifə),[48] Osman ibn Əffan (üçüncü xəlifə), Peyğəmbərin (s) əmisi Həmzə ibn Əbdül-Müttəlib, Osman ibn Məzun, Əbu Huzeyfə, Miqdad ibn Əmr, Əbuzər ĞəffariAbdullah ibn Məsud hicrət edən digər kişilər arasında idi. Həmçinin, Peyğəmbərin (s) qızı Zeynəb, Peyğəmbərin (s) qızı Ümmü Kulsum, Peyğəmbərin (s) qızı Ruqəyyə, Fatimə binti Əsəd, Ümmü Əymən, Ayişə, Zeynəb binti Cəhş, Sudə Zəmə ibn Qeysın qızı və digərləri də mühacir qadınlar arasında idi.

İstinadlar

  1. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.9, s.85; Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.257
  2. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.9, s.169
  3. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.9, s.82
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.261-262
  5. Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.8, s.194
  6. Cəfəri, Təfsiru Kəvsər, h.ş 1376, c.2, s.536
  7. Ənfal surəsi, ayə 72-75; Bəqərə surəsi, ayə 218
  8. Nəhl surəsi, ayə 42
  9. Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.8, s.95
  10. Ənfal surəsi, ayə 74
  11. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.499
  12. Bəqərə surəsi, ayə 218; Ənfal surəsi, ayə 74
  13. Ali-İmran surəsi, ayə 195
  14. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.374; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.445
  15. Tusi, Ət-Tibyan, c.9, s.329
  16. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.214
  17. Yəqubi, Tarixul-Yəqubi, c.2, s.160
  18. Yəqubi, Tarixul-Yəqubi, c.2, s.160
  19. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.369
  20. Məsudi, Ət-Tənbih, s.200
  21. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.257
  22. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.257
  23. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.258-259
  24. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.419
  25. Təğabun surəsi, ayə 14
  26. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.451
  27. Amili, Əs-Səhih, h.q 1426, c.5, s.99
  28. Amili, Əs-Səhih, h.q 1426, c.5, s.101; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.69
  29. Diyar Bəkri, Tarixul-xəmis, c.1, s.353
  30. Amili, Əs-Səhih, h.q 1426, c.5, s.103
  31. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.191-192
  32. Əli, Əl-Mufəssəlu fi tarixil-ərəbi qəbləl-İslam, h.q 1422, c.2. s.134
  33. Əli, Əl-Mufəssəlu fi tarixil-ərəbi qəbləl-İslam, h.q 1422, c.2. s.136
  34. Əli, Əl-Mufəssəlu fi tarixil-ərəbi qəbləl-İslam, h.q 1422, c.2. s.134-136
  35. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.220-221
  36. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.220-221
  37. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.2, s.325
  38. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.219-220
  39. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.220-221
  40. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.205
  41. Məsudi, Ət-Tənbih, s.200
  42. Məsudi, Ət-Tənbih, s.200
  43. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.410
  44. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.1, s.183
  45. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.469
  46. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.273-274
  47. Müzəffər, Əs-Səqifə, h.q 1415, s.60-65
  48. Məsudi, Ət-Tənbih, s.200

Ədəbiyyat

  • Quran
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, m. 1989 \ h.q 1409
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, m. 1990 \ h.q 1410
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Əllamə, Qum, h.q 1379
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Həmidullah, Misir, Darul-məarif, m. 1959
  • Cəfəri, Yaqub, Təfsiru Kəvsər, Qum, Hicrət nəşri, h.ş 1376
  • Diyar Bəkri, Hüseyn ibn Məhəmməd, Tarixul-xəmis, Beyrut, Daru Sadir
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, h.q 1412
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Təhqiq: Əhməd Qəsir Amili, Müqəddimə: Ağabozorg Tehrani, Beyrut
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387 \ m. 1967
  • Amili, Cəfər Mürtəza, Əs-Səhih min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426 \ h.ş 1385
  • Əli, Cavad, Əl-Mufəssəlu fi tarixil-ərəbi qəbləl-İslam, Darus-saqi, h.q 1422 \ m. 2001
  • Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbih, Düzəliş: Abdullah İsmail, Qahirə, Darus-savi
  • Müzəffər, Məhəmməd Rza, Əs-Səqifə, Təhqiq: Mahmud Müzəffər, Qum, Ənsariyan nəşriyyatı, h.q 1415
  • Müqəddəsi, Mutəhhər ibn Tahir, Əl-Bəda vət-tarix
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420 \ m. 1999
  • Məkarim Şirazi, Nasir, Əl-Əmsəl, Qum, İmam Əli (ə) mədrəsədi, h.q 1421
  • Məkarim Şirazi, Nasir, Numunə təfsiri, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1374
  • Yaqubi, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir