Məzmuna keç

Qılıncla baş yarmaq

wikishia saytından
Qacarlar zamanı Tehranda qılıncla baş yarmaq mərasimi
Qacarlar zamanı Tehranda qılıncla baş yarmaq mərasimi
Keçirilmə zamanıMəhərrəm ayının ilkongünlüyü
Keçirilmə məkanıDəstələr
Tarixinin mənşəyiİxtilaflı


Qılıncla baş yarmaq, (ərəbcə: التطبير) bəzi şiələrin İmam Hüseyn (ə) üçün matəm ayinlərindən biridir. Bu mərasimdə insanlar qılınc və ya qəmə ilə baş və bədənlərinə zərbə vuraraq qan axmasına səbəb olurlar. Bu hərəkət, bəzi insanlar tərəfindən xurafat və şiə məzhəbinə xələl gətirən bir davranış kimi qiymətləndirilmişdir. Qılıncla baş yarmaq hicri onuncu əsrdən etibarən yayılmış və hazırda bəzi ölkələrdə, o cümlədən İraq, Livan, Hindistan və bəzən İranda həyata keçirilir. Qılıncla baş yarmağın tərəfdarları bunu Aşuranın şüarlarından biri və məzhəbi gücləndirən vasitə kimi görürlər. Buna qarşı olaraq bir çox şiə alimləri isə qılıncla baş yarmağı, şiə məzhəbinin mənfi şəkildə təqdim olunmasına və bədənə zərər vurmağın haram olmasına görə şəriətə uyğun hesab etmirlər.

Şiə alimləri qılıncla baş yarmağın icazəli, müstəhəb və ya haram olması ilə bağlı dövrün şəraitinə və bədənə zərər yetirib-yetirməməsinə əsaslanaraq müxtəlif fikirlər irəli sürmüşlər. Məsələn, Məhəmməd Hüseyn Naininin fikrincə, əgər bədənə ciddi zərər vurulmazsa və müəyyən şərtlər gözlənilərsə, bu əməl caizdir. Əksinə, Seyid Əbul-Həsən İsfahani və İmam Xomeyni (r.ə) kimi alimlər baş yarmağı haram hesab etmişlər. Qılıncla baş yarmağı ilk dəfə tənqid edən Seyid Məhəmməd Hüseyn Əmin olmuş və İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei də hicri şəmsi təqvimi ilə 1373-cü ildə (miladi 1994/1995) qılıncla baş yarmağa qarşı çıxış etmişdir.

Tərifi

Qılıncla baş yarmaq, İmam Hüseynə (ə) matəm saxlamaq məqsədilə başa qəmə (qılıncdan qısa və enli bir xəncər) və ya qılınc ilə zərbə vurmaq və nəticədə qan axıdılması ilə yerinə yetirilən bir matəm növüdür.[1] Qılıncla baş yarmaq adətən bəzi matəm dəstələrində və ya onların keçidi zamanı icra olunur. Həmçinin qılıncla baş yarmaq vaxtı iştirakçılar ucadan “Heydər Heydər” deyə qışqırırlar. Eyni zamanda, dəf və siqnallar çalınır və qırmızı rəngli bayraqlar qaldırılır.[2]

Qılıncla baş yarmağın tərəfdarları bu ayini yerinə yetirməyin əsas vaxtının Aşura gününün sübh çağı olduğunu bildirirlər.[3] Keçmişdə bu mərasim Ramazan ayının 21-i günü də keçirilirdi.[4] Uzun ağ (kəfənə bənzər) libas geyinmək və başın saçının qırxılması qılıncla baş yarmağın ən yayılmış adətlərindəndir.[5]

Tarixçəsi

Mənşəi

Qılıncla baş yarmağın mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri bu adəti, Kərbəladan Şama aparılarkən Həzrət Zeynəbin (s) İmam Hüseynin (ə) başını nizə üzərində gördüyündə özündən gedib başını dəvənin minik yerinə (mihməl) vurması ilə əlaqələndirirlər. Deyilir ki, bu zaman onun başından qan axmışdır.[6] Lakin bir çox tədqiqatçılar bu hekayəni etibarlı saymırlar. Şeyx Abbas Qumi “Müntəhəl-Amal” kitabında qeyd edir ki, bu hekayənin mənbəyi kimi “Nurul-Eyn” və “Müntəxəbul-Türəyhi” adlı iki kitab göstərilir, lakin bu iki əsər etibarlılıq baxımından aşağı səviyyədədir. Həmçinin bundan əlavə, bu hekayə ilk mənbə sayılan mötəbər kitablar və “məqatil” (şəhidlik tarixçələri) arasında yer almamışdır. Habelə məntiq baxımından da Həzrət Zeynəbin (s) başını dəvənin minik yerinə vurması ilə bağlı hekayə zəif və qeyri-məqbuldur.[7]

Buna qarşı çıxan başqa bir qrup isə qılıncla baş yarmanın İslam mənşəli olmadığını bildirir. Əli Şəriəti bu və buna bənzər mərasimlərin xristian ortodokslarının İsa Məsihin (ə) qətlə yetirilməsinin ildönümündə keçirdikləri matəm ayinlərindən götürüldüyünü iddia edir.[8] Şəhid Mürtəza Mütəhhəri isə bildirir ki, “qılıncla baş yarmaq, təbil və şeypur çalmaq kimi adətlər Qafqazdakı ortodokslardan İrana keçmişdir və xalqın ruhiyyəsi buna uyğun olduğu üçün ildırım sürətilə hər yerə yayılmışdır”.[9] Buna qarşı bəzi başqa tədqiqatçılar isə bildirirlər ki, qılıncla baş yarmaq əvvəlcə İraqdakı türk tayfaları, sufi firqələri (məsələn, qızılbaşlar) və İranın qərbindəki kürdlər arasında yayılmış, daha sonra isə türkmən zəvvarlar vasitəsilə İraqa keçmişdir.[10]

Qılıncla baş yarmağın İrandakı tarixi

...Bu arada qəflətən əllərində bıçaqlar olan, ağ geyimli bir dəstə ortaya çıxdı. Onlar böyük bir həyəcanla bıçaqları başlarına vurur, başlarından və əllərindəki bıçaqlardan fəvvarə kimi qan axırdı və başdan-ayağa qan içində qalmışdılar. Doğrudan da bu, çox ürək sızladan və təsirli bir mənzərə idi ki, heç vaxt unuda bilmirəm. Bu dəstələrdə sinə və ya qəmə vuranlar bəzən elə bir həyəcan halına gəlirlər və ya o qədər qan itirirlər ki, halsız düşüb yerə yıxılırlar, hətta əgər dərhal tibbi müdaxilə olunmasa, həyatlarını belə itirə bilərlər.

Bencamin, İran və İraniyan, h.ş 1363, s.284

Qılıncla baş yarmaq ənənəsinin İrandakı keçmişi Səfəvilər dövrünə gedib çıxır.[11] Avropalı səyyahların həmin dövrə aid səyahətnamələrində qılınc və ülgüc vurmağa işarə olunmuşdur. O cümlədən Adam Oleariusun Şah Səfi dövründə Ərdəbildə Aşura günündə keçirilən qılıncla baş yarmaq mərasimi haqqında verdiyi xəbər qeyd edilmişdir. Bu adət Qacarlar dövründə, xüsusilə Nasirəddin şah zamanında geniş yayılmışdı.[12] Abdullah Mustəvfi bu adətin əsas səbəbkarı kimi Nasirəddin şah dövründə yaşamış din alimi Molla Ağa Dərbəndini göstərir.

Bu dövrdə İrana gəlmiş səyyahlar və digər xaricilərin məhərrəm ayında keçirilən əzadarlıqlara dair qeydlərində qılıncla baş yarmaq mərasimləri haqqında məlumatlar var. Bu mərasimlərə dair məlumatlar Nasirəddin şahın şəxsi həkimi doktor Fürriyə, Anri Rənə Dəlmani və Nasirəddin şah dövründə ABŞ-ın İrandakı fövqəladə səfiri Benjamin kimi şəxslərin yazılarında var.

Rza şah dövründə, 1314-cü şəmsi ilindən (1935-ci il) etibarən digər əzadarlıq adətləri kimi qılıncla baş yarmaq da qadağan edildi.[13] Bu qadağa Rza şahın 1320-ci şəmsi ilində (1941) hakimiyyətdən getməsinə qədər davam etdi. Ondan sonra digər qadağalar kimi bu da ləğv olundu və qılıncla baş yarmaq mərasimləri İranın bəzi bölgələrində yenidən bərpa olundu. Pəhləvi dövründə isə bu mərasimlərin keçirilməsinə bəzən icazə verilir, bəzən də qadağan edilirdi. Bəzi illərdə məsələn, 1343-cü şəmsi ilində (1964) Şəhrbani (polis) və ya SAVAK tərəfindən bu mərasimlərə qadağa qoyulmuşdu və bəzi bölgələrdə isə sərbəst şəkildə keçirilirdi.[14]

Fəqihlərin yanaşması

Qacarlar zamanı qılıncla baş yarmaq mərasimi

Qılıncla baş yarmaq Qacarlar dövründən bu günə qədər şiə fəqihləri arasında ixtilaflı mövzulardan biri olmuşdur. Belə ki, fəqihləri bu məsələdə iki qrupa ayırmaq olar: Qılıncla baş yarmaq ilə razı olanlar və ona qarşı çıxanlar, o cümlədən Mirzayi Naini, Məhəmməd Təqi BəhcətMirzə Cavad Təbrizi kimi fəqihlər qılıncla baş yarmağın caiz olduğunu bildirmişlər. Əksinə, Seyid Əbul-Həsən İsfahani, Seyid Məhəmməd Möhsün Əmin, Seyid Əli Xamenei, Hüseyn Əli Müntəziri və Nasir Məkarim Şirazi kimi müctəhidlər isə qılıncla baş yarmağın şiə məzhəbinə zərər vurduğunu və onun haram olduğunu açıqlamışlar.

Tərəfdarlar

Hindistanda qəmə vurma mərasimi

Qılıncla baş yarmağın tərəfdarlarının əsas və ən mühüm dəlilləri şüarları uca tutmaqdan əlavə, şiə ənənələrini qorumaq, şiə cəmiyyətinin gücünü nümayiş etdirmək[15] və Mirzayi Naininin fətvasıdır. O, hicri 1345-ci il, Rəbiüləvvəl ayının 5-də yazdığı məşhur fətvanın ikinci bəndində belə deyir:

Əgər zərəri yoxdursa, qılınc və qəmə vurmaqla alın nahiyəsindən qan çıxarmaq daha çox caiz sayılır. Qan çıxması adətən zərər verməyən və alın sümüyünə zərər yetirməyən şəkildə olduqda caizdir. Qılınc və qəmədən istifadə edənlər bunu sümüyə zərər yetirməyəcək şəkildə etdiklərindən, əgər qəmə vuran şəxs qəmənin adətən zərərsiz olduğunu güman edibsə, lakin vurduqdan sonra çox qan çıxıb zərər veribsə, bunun haram olması uzaq ehtimaldır. Bu, dəstəmaz alıb, qüsl edən və ya Ramazan ayında oruc tutan şəxsin sonradan bu əməlindən zərər görməsi kimidir. Lakin ehtiyatlı davranmaq və xüsusilə qılınc və qəmədən istifadəni bacarmayanların, o cümlədən Hüseyn ibn Əliyə (ə) sevgi ilə dolu olan və bu sevgidən özündən keçmiş gənclərin bu əməldən çəkinməsi daha münasibdir. Çünki onlar qəmə vurarkən zərər görmə ehtimalını nəzərə almırlar.[16]

Qəmə vurmaqla bağlı caiz, bəzən də müstəhəb hökmü verən məşhur müctəhidlər bunlardır:

  • Məhəmməd Təqi Bəhcət[17]
  • Mirzə Cavad Təbrizi[18]
  • Seyid Məhəmməd Sadiq Ruhani[19]
  • Seyid Sadiq Hüseyni Şirazi[20]

Əleyhdarlar

Qılıncla baş yarmaq əleyhinə verilmiş mühüm və təsirli fətvalardan biri Seyid Əbul-Həsən İsfahaninin fətvasıdır:

“Aşura günü əzadarlıq mərasimlərində bu gün yer alan qılıncla baş yarmaq, zəncir vurmaq, təbil, şeypur və bu kimi şeylərdən istifadə etmək haram və qeyri-şəriidir”.[21]

Bu fətvadan sonra qılıncla baş yarmaq və bu kimi əzadarlıq adətlərinə qarşı çıxan ən mühüm və təsirli mətn Seyid Məhəmməd Hüseyn Əminin “Ət-Tənzih li Əmaliş-Şəbih” adlı əsəridir. Bu əsərdə qılıncla baş yarmaq qeyri-şərii, ağıldan uzaq və şiələrin nüfuzuna xələl gətirən bir davranış kimi qiymətləndirilmişdir. Bu kitabın nəşri bir sıra reaksiyalara səbəb oldu və ona qarşı və ya onu dəstəkləyən kitab və risalələr yazılıb çap olundu.[22]

İmam Xomeyni (r.ə) bir istiftaasında qılıncla baş yarmağın halal və ya haram olmasını onun zərərli olub-olmamasından və zamanın şərtlərindən asılı olduğunu bildirmiş və dövrün şərtlərinə görə onu haram elan etmişdir.[23] İran İslam Respublikasının rəhbəri Ayətullah Xamenei 1373-cü hicri-şəmsi ilində qılıncla baş yarmaq barədə belə deyib:

“Qılıncla baş yarmaq son illərdə bəzi adamların təbliğ etdiyi yanlış, uydurma və qeyri-düzgün əməllərdəndir. Bu əməlin nə dinlə, nə də əzadarlıqla heç bir əlaqəsi yoxdur. Bu, qəti şəkildə yanlış və bidət bir hərəkətdir. Şübhəsiz, Allah bu işdən razı deyil və mən də qılıncla baş yaran şəxslərdən qəlbən narazıyam”.[24] Bəzi alimlər də İran İslam Respublikasının rəhbərinin bu sözlərini təsdiq edərək, qılıncla baş yarmağı şiə məzhəbinə ləkə gətirən və qeyri-qanuni bir əməl hesab etmişlər.[25]

Bundan əlavə, bəzi digər təqlid mərcələri də fətvalarında qılıncla baş yarmağa qarşı çıxmışlar. Onlardan bəziləri bunlardır:

  • Məhəmməd Fazil Lənkərani[26]
  • Hüseyn Əli Müntəziri[27]
  • Nasir Məkarim Şirazi[28]
  • Abdullah Cavadı Amuli[29]
  • Seyid Məhəmməd Əli Ələvi Qorqani[30]
  • Qurban Əli Muhəqqiq Kabuli[31]
  • Hüseyn Məzahiri[32]
  • Hüseyn Nuri Həmədani[33]

Qılıncla baş yarmağın haram sayılmasının əsas dəlilləri əleyhdarlarının baxışına görə bunlardır:

  • Şəriətə ziddir; o cümlədən, “özünə zərər vermək haramdır” fiqhi qaydasına istinad olunaraq.
  • Bidətdir (dinə sonradan daxil edilən əməldir).
  • Ağıl və məntiqə uyğun deyil.
  • Dinin və məzhəbin alçalmasına (digər din və məzhəblərin gözündə gülünc göstərməsinə)[34] səbəb olur.[35]

İstinadlar

  1. Fəthullah, Mucəmu əlfazil-fiqhil-Cəfəri, h.q 1415, s.114
  2. Əl-Fəzli, Fəlsəfətuş-şəairil-Hüseyniyyə, Şəbəkətul-İmameynil-Həsəneyn (ə)
  3. Məzahiri, Qəmezəni, Dər fərhənge suge şii, h.ş 1395, s.389
  4. Məzahiri, Qəmezəni, Dər fərhənge suge şii, h.ş 1395, s.389
  5. Məzahiri, Qəmezəni, Dər fərhənge suge şii, h.ş 1395, s.389
  6. Təbrizi Xiyabani, Vəqayeul-əyyam, h.ş 1386, c.2, s.306-308
  7. Sihhəti Sərdurudi, Təhrifşenasiye Aşura və tarixe İmam Hüseyn (ə) h.ş 1383, s.210-212
  8. Şəriəti, Məcmue asar, c.9, h.ş 1382, s.170-171
  9. Mütəhhəri, Mürtəza, Cazibə və dafieye Əli, h.ş 1380, s.154
  10. Heydəri, Terajediye Kərbəla, h.ş 1381, s.480
  11. Müntəzirul-Qaim və Keşavərzi, Bərresiye təğyirate ictimai mərasim və mənasike əzadariye Aşura dər İran, s.54-55
  12. Müntəzirul-Qaim və Keşavərzi, Bərresiye təğyirate ictimai mərasim və mənasike əzadariye Aşura dər İran, s.58
  13. Bəsirətməneş, Üləma və rejime Rzaşah, h.ş 1378
  14. Məzahiri, Resaneye Şie, s.46
  15. Amili, Rəddul-hucum ən şəairil-İmamil-Hüseynil-Məzlum, h.q 1425, s.164, 197
  16. Nəql olunub: Rəbbani Xəlxali, Əzadari əz didqahe mərcəiyyəte şie, h.q 1415, s.55
  17. پایگاه آیت الله بهجت، استفتاء شماره ۶٣٨٣, Ayətullah Behcətin rəsmi internet adresi
  18. Təbrizi, İstiftaate cədid, h.ş 1385, c.1, s.454-459
  19. پاسخ حضرت آیت الله العظمی روحانی به سؤالاتی درباره کیفیت عزاداری برای ائمه معصومین(ص), Seyid Məhəmməd Sadiq Ruhaninin rəsmi internet adresi
  20. پایگاه آیت الله سیدصادق شیرازی Sadiq Şirazinin rəsmi internet adresi
  21. Sihhəti Sərdurudi, Təhrifşenasiye Aşura və tarixe İmam Hüseyn (ə) h.ş 1383, s.214
  22. Məhəmməd Əl-Həssun, Vəqfətu məə risalətit-tənziyh və asariha fil-müctəmi, c.1, s.42
  23. فتوای امام خمینی در مورد قمه زدن در عزای امام حسین(ع), İmam Xomeyninin rəsmi internet adresi
  24. بیانات در دیدار اعضای مجلس خبرگان‌ رهبری, khamenei.ir saytı
  25. Mühəddisi, Fərhənge Aşura, h.ş 1376, s.359
  26. Fazil Lənkərani, Cameul-məsail, h.ş 1384, c.1, s.581
  27. Müntəziri, Risaleye istiftaat, h.ş 1384, c.2, s.321
  28. پایگاه پاسخگویی آیت الله مکارم شیرازی, makarem.ir saytı
  29. پایگاه اسراء, esra.ir saytı
  30. پایگاه آیت الله علوی گرگانی, gorgani.ir saytı
  31. پایگاه آیت‌الله محقق کابلی, mohaqeq.org saytı
  32. قمه زدن و خراش دادن سر و صورت و بدن, almazaheri.ir saytı
  33. پایگاه آیت‌الله نوری همدانی, noorihamedani.com saytı
  34. مقصود از وهن دین یا مذهب چیست؟, pasokhgooyan.ir saytı
  35. «حکم تیغ و قمه‌زنی از منظر مقام معظم رهبری», Fars xəbər agentliyi; «نظر بیش از ۲۵ مرجع تقلید در مورد قمه زنی», shoaresal.ir saytı

Ədəbiyyat

  • Bəsirətməneş, Həmid, Üləma və rejime Rzaşah, Tehran, Əruc çap və nəşr müəssisəsi, h.ş 1378
  • Təbrizi, Cavad, İstiftaate cədid, Qum, Sərvər, h.ş 1385
  • Təbrizi Xiyabani, Vəqayeul-əyyam, Təhqiq: Məhəmməd Xoyi, Qum, h.ş 1386
  • Heydəri, İbrahim, Terajediye Kərbəla, Qum, Darul-kutubil-İslami, h.ş 138
  • Rəbbani Xəlxali, Əli, Əzadari əz didqahe mərcəiyyəte şie, Qum, Məktəbul-Hüseyn, h.q 1415
  • Şəriəti, Əli, Məcmue asar, c.9, Tehran, Çappəxş, h.ş 1382
  • Sihhəti Sərdurudi, Məhəmməd, Təhrifşenasiye Aşura və tarixe İmam Hüseyn (ə), Tehran, h.ş 1383
  • Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, Qum, Əmirul-elm, h.ş 1384
  • Fəthullah, Əhməd, Mucəmu əlfazil-fiqhil-Cəfəri, h.q 1415
  • Əl-Fəzli, Ehsan, Fəlsəfətuş-şəairil-Hüseyniyyə, Şəbəkətul-İmameynil-Həsəneyn (ə)
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, Məruf nəşri, h.ş 1376
  • Mütəhhəri, Mürtəza, Cazibə və dafieye Əli, Tehran, Sədra nəşriyyatı, h.ş 1380
  • Məzahiri, Möhsin, Qəmezəni, Dər fərhənge suge şii, h.ş 1395
  • Məzahiri, Möhsin, Resaneye Şie, Tehran, Xeymə, h.ş 1395
  • Müntəzirul-Qaim və Keşavərzi, Bərresiye təğyirate ictimai mərasim və mənasike əzadariye Aşura dər İran, h.ş 1396
  • Müntəziri, Hüseynəli, Risaleye istiftaat, c.2, Tehran, Saye nəşri, h.ş 1384