Məzmuna keç

Sadiq yuxu

wikishia saytından

Sadiq yuxu (ərəbcə: الرؤيا الصادقة) və ya həqiqətə uyğun yuxu, yuxuda baş verən kəşf və müşahidədir. Sadiq yuxuya “gözəl yuxu” və “saleh yuxu” da deyilmişdir. Hədislərə əsasən, peyğəmbərlərimamlarla yanaşı, möminlər də sadiq yuxu görə bilərlər və bu, Allahın dünyada möminlərə verdiyi müjdələrdən biridir.

Sadiq yuxunu üç hissəyə bölüblər: 1.   Təfsir və yozuma ehtiyac olmayan yuxu; məsələn, Həzrət İbrahimin (ə) İsmayılı (ə) qurban kəsməsi ilə bağlı gördüyü yuxusu. 2.   Bir hissəsi yozuma ehtiyacı olan, digər hissəsi isə yozuma ehtiyacı olmayan yuxu; məsələn, Həzrət Yusifin (ə) gördüyü yuxuda günəş, ay və ulduzların yozuma ehtiyacı var idi. Amma onların səcdə etməsi birbaşa səcdə mənasını verirdi. 3.   Tamamilə təfsir və yozuma ehtiyacı olan yuxu; məsələn, Həzrət Yusifin dövründə Misir padşahının gördüyü yuxu.

Quranda bir neçə sadiq yuxu nümunəsi verilmişdir. Məsələn, Məhəmməd Peyğəmbərin (s) Məkkənin fəthindən əvvəl yuxuda özünün və səhabələrinin Məkkəyə girib həcc əməlini yerinə yetirdiyini görməsi. “Fəth” surəsinin 27-ci ayəsində bu yuxunun gerçəkləşəcəyi bildirilmişdir. Digər bir nümunə isə İslam Peyğəmbərinin (s) “İsra” surəsinin 60-cı ayəsində adı çəkilən “lənətlənmiş ağac” (şəcəreyi məlunə) barədə gördüyü yuxusudur. Bu yuxuda Peyğəmbər (s) minbərinə bir neçə meymunun çıxıb düşdüyünü görmüşdü. Bildirilir ki, bu yuxunun yozumu, Peyğəmbərdən (s) sonra Bəni-Üməyyə xilafətinin qurulması idi.

Sadiq yuxu görməyin səbəbləri arasında nəfsin paklığı və ruhi təmizlənmə göstərilmişdir. Günah, həddindən artıq yemək və bədənin sağlam olmaması isə sadiq yuxu görməyin qarşısını alan amillər kimi qeyd olunmuşdur.

Tərifi və əhəmiyyəti

Sadıq yuxu həqiqətlə uyğun gələn yuxuya deyilir.[1] Rəvayətlərdə sadiq yuxu “gözəl yuxu”[2] və “saleh yuxu”[3] ifadələri ilə də qeyd edilmişdir. Müsəlman filosof və arifləri sadıq yuxunu yuxuda baş verən bir növ kəşf və müşahidə (şühud) kimi qəbul edirlər.[4]

Şiə[5]sünni[6] rəvayətlərində sadiq yuxudan bəhs edilmişdir. Rəvayətlərə görə, bu cür yuxular Allah tərəfindən bir müjdə[7]peyğəmbərliyin bir hissəsi hesab edilir.[8]

Həmçinin müsəlman fəlsəfi və irfani əsərlərində sadiq yuxu kəşf və vəhy səviyyəsində dəyərləndirilmiş, onun mahiyyəti və səbəbi müzakirə edilmişdir.[9] Əllamə Məclisi də “Biharül-Ənvar” əsərində bu məsələyə geniş yer ayırmış və filosofların baxışlarını tənqid etmişdir.[10]

Gizli məsələlərdən və ya gələcək hadisələrdən xəbər verən sadiq yuxular ruhun varlığının sübutu kimi qəbul edilir.[11]

Əzğasu Əhlam

“Zığs” sözü lüğətdə tikan və quru ot dəstəsi mənasını verir.[12] Qurani-Kərimdə “Yusif” surəsinin 44-cü ayəsində“Ənbiya” surəsinin 5-ci ayəsində qarışıq və mənasız yuxular tikan və quru ot dəstəsinə bənzədilmişdir. Quran təfsirçisi və filosof Əllamə Təbatəbaiyə görə, bəzi yuxular müxtəlif mənalı yuxuların qarışıq və pərişan formasıdır. Bu yuxuların hər birinin özünəməxsus yozumu olsa da, onlar bir-birinə qarışdığı üçün yuxuyozan üçün onların təfsirini bilmək çətinləşir.[13]

Kimlər doğru yuxu görür?

Məhəmməd Baqir Məclisi “Biharül-Ənvar” əsərində peyğəmbərlərin, imamların və möminlərin doğru yuxu (röyayi sadiqə) gördüklərini bildirir. Onun fikrincə, peyğəmbərlərin bütün yuxuları doğru yuxudur və əslində, bu yuxular vəhy sayılır. Məclisi inanır ki, imamlar da doğru yuxu görürlər və baxmayaraq ki, bu yuxular vəhy adlanmır, lakin bir növ vəhy hökmündədir.[14] O, həmçinin Peyğəmbərdən (s) hədislər nəql edərək bildirir ki, Peyğəmbərdən (s) sonra nübüvvətin bütün hissələri, doğru yuxu istisna olmaqla, yox olur.[15]

Məclisi rəvayətlərə əsaslanaraq möminlərin də doğru yuxu gördüyünü qeyd edir.[16] Bəzi şiə və sünni rəvayət əsasında yazılmış təfsirlərində “Ləhumul-buşra fil-həyatid-dunya və fil-axirə” (Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır)[17] ayəsinin təfsirində qeyd edilir ki, dünyada möminin aldığı müjdə, onun yuxuda gördüyü saleh yuxudur.[18]

Vəhy ilə fərqi

Muhyiddin İbn Ərəbinin fikrincə, doğru yuxu ilə vəhy arasında heç bir fərq yoxdur və hər ikisi eyni mənbədən gəlir. Tək fərq ondadır ki, vəhy ayıqlıqda nazil olur, doğru yuxu isə yuxuda görünür.[19] Doğru yuxunun yozuma ehtiyacı yoxdur, məsələn, Peyğəmbərin (s) Məkkənin fəthindən qabaq Hüdəybiyyə səfərində Məscidül-Harama girməsini yuxuda görməsi kimi. Bu səbəbdən, doğru yuxu nübüvvətin 46 hissəsindən biri sayılmışdır. Vəhy qəbul edə bilən insan güclü nəfsə sahib olmalıdır ki, onun vasitəsilə mücərrəd aləmlə əlaqə qura bilsin. Məhz bu nəfsin gücü onun kəramət, qeyri-adi hadisələr və möcüzələr göstərməsinə səbəb olur.[20]

Quranda sadiq yuxular

Quranda sadiq yuxunun (sadiq röyanın) ən azı yeddi nümunəsinin qeyd olunduğu bildirilir:

  • İslam Peyğəmbərinin (s) Məkkənin fəthindən əvvəl gördüyü yuxu – O və səhabələrinin Məkkəyə daxil olub həcc əmilini yerinə yetirəcəkləri barədə idi. “Fəth” surəsinin 27-ci ayəsində bu yuxunun gerçəkləşəcəyi vəd edilir.
  • İslam Peyğəmbərinin (s) “lənətlənmiş ağac” (şəcərəyi-məlunə) haqqında gördüyü yuxusu – “İsra” surəsinin 60-cı ayəsində bu barədə bəhs edilir. Peyğəmbər (s) yuxusunda gördü ki, bir neçə meymun minbərinə qalxıb enir. Bu yuxunun təfsirinə görə, onun yozumu Peyğəmbərdən (s) sonra Bəni-Üməyyə hakimiyyətinin qurulmasıdır.
  • İbrahim peyğəmbərin (ə) oğlu İsmaili (ə) qurban kəsməsi ilə bağlı gördüyü yuxusu – “Saffat” surəsinin 102-ci ayəsində bu yuxu qeyd edilir. Həmin surənin 104 və 105-ci ayələrində bu yuxunun doğruluğu təsdiqlənir.
  • Yusif peyğəmbərin (ə) uşaqlıqda gördüyü yuxu – O, yuxuda on bir ulduzun, Günəşin və Ayın ona səcdə etdiyini gördü (Yusif surəsi, 4-cü ayə). Qurana görə, illər sonra bu yuxu Yusif (ə) Misirin əzizi olduqda və on bir qardaşı, atası Yəqub (ə) və anası ona təzim etdikdə gerçəkləşdi (Yusif surəsi, 100-cü ayə).
  • Həzrət Yusiflə (ə) birlikdə həbsdə olan iki dustağın yuxuları – Onlardan biri yuxuda üzüm sıxaraq içəcək hazırladığını, digəri isə başında çörək daşıdığını və quşların ondan yediyini gördü (Yusif surəsi, 36-cı ayə). Həzrət Yusif (ə) bu yuxuları “Yusif” surəsinin 41-ci ayəsinə əsasən belə yozdu: “Birincisi azad olunacaq və padşahın saqişi (su və şərbət gətirəni) olacaq, ikincisi isə dar ağacından asılacaq və quşlar başını yeyəcəklər.
  • Misir padşahının gördüyü yuxusu – O, yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbül ilə yeddi quru sünbül gördü (Yusif surəsi, 43-cü ayə). “Yusif” surəsinin 46 və 47-ci ayələrinə əsasən, Həzrət Yusif (ə) bu yuxunu belə yozdu: “Yeddi bolluq ili gələcək, sonra isə yeddi illik quraqlıq olacaq”.[21]

Sadiq yuxunun qismləri

Təhanəvi, hicri 11-12-ci əsrlərin terminoloqu, doğru yuxunu üç yerə bölmüşdür:

  1. Təfsir və yozuma ehtiyacı olmayan yuxu; məsələn, İbrahim peyğəmbərin (ə) oğlu İsmaili (ə) qurban kəsmək haqqında gördüyü yuxusu.
  2. Bir hissəsi yozuma ehtiyacı olan, digər hissəsi isə yozuma ehtiyacı olmayan yuxu; məsələn, Həzrət Yusif peyğəmbərin (ə) gördüyü yuxuda günəş, ay və ulduzların yozuma ehtiyacı var idi. Amma onların səcdə etməsi birbaşa səcdə mənasını verirdi.
  3. Tamamilə yozuma ehtiyac duyan yuxu; məsələn, Misir hökmdarının Yusif peyğəmbərin (ə) dövründə gördüyü yuxu.[22]

Doğru yuxu görməyin səbəbləri və maneələri

İslam mənbələrində doğru yuxunun səbəbləri və maneələri barədə də danışılmışdır. Molla Sədra, nəfsin saflığını, dünyadan uzaq olmağı və nəfsin riyazətini doğru yuxu görməyin səbəbləri kimi qeyd etmişdir.[23] Əllamə Təbatəbai isə gündəlik nəfsin nəzarət altında saxlanmasını doğru yuxular və incə təcəllilər almaq üçün əsas saymışdır. Günah, çox yemək, sağlam olmayan bədən və sərxoşluq isə doğru yuxunun qarşısını alan amillərdən sayılmışdır.[24]

İstinadlar

  1. Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, h.ş 1349, s.573; Məkarim Şirazi və başqaları, Peyame Quran, h.ş 1368, c.1, s.278
  2. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.90-91; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.133-134; İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.278
  3. Nümunə üçün baxın: İbn Əbi Cümhur, Əvalilul-ləali, h.q 1405, c.1, s.162; İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.278; Bəhrani, Əl-Burhan, h.ş 1374, s.41
  4. Səccadi, Fərhənge ulume İslami, h.ş 1373, c.2, s.928
  5. Nümunə üçün baxın: İbn Şəhraşub, Mənaqib, h.ş 1379, c.2, s.356; Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.90-91; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.133-134; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.584; İbn Əbi Cümhur, Əvalilul-ləali, h.q 1405, c.1, s.162; İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.278; Bəhrani, Əl-Burhan, h.ş 1374, c.3, s.41
  6. Nümunə üçün baxın: Müttəqi Hindi, Kənzul-Ummal, h.q 1409, s.362-372
  7. Məclisi, Biharul-ənvar, h.q 1403, c.48, s.192
  8. Baxın: İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.277; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.584
  9. Nümunə üçün baxın: İbn Sina, Əl-Məbdəu vəl-məad, h.ş 1363, s.117-119; Molla Sədra, Əl-Məbdəu vəl-məad, h.ş 1363, s.467-469
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.195-219
  11. Möhsini, Ruh əz nəzəre din, Əql və elme ruhiye cədid, h.ş 1376, s.10
  12. Rağib İsfahani, Əl-Müfrədatu fi ğəribil-Quran, h.ş 1383, c.2, s.459
  13. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.11, s.255
  14. Baxın: Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.210
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.192
  16. Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.190-192
  17. Yunus surəsi, ayə 64
  18. Bəhrani, Əl-Burhan, h.ş 1374, c.3, s.41; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.3, s.311
  19. İbn Əl-Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.1, s.229
  20. İbn Əl-Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.1, s.229
  21. Məkarim Şirazi və başqaları, Peyame Quran, h.ş 1368, c.1, s.278-287
  22. Ət-Təhanəvi, Kəşşafu istilahatil-fununi vəl-ulumi, m.1996, c.1, s.886
  23. Molla Sədra, Əl-Məbdəu vəl-məad, h.ş 1363, s.467
  24. Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.209-210

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Əbi Cümhur, Məhəmməd ibn Zeynuddin, Əvalilul-ləali, Düzəliş: Müctəba İraqi, 1-ci çap, h.q 1405
  • İbn Sina, Hüseyn ibn Abdullah, Əl-Məbdəu vəl-məad, Tehran, 1-ci çap, h.ş 1363
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, 1-ci çap, h.ş 1379
  • İbn Əl-Ərəbi, Muhyiddin, Təfsiru İbn Ərəbi, h.q 1422
  • İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Uddətud-dai, Darul-kutubil-İslami, 1-ci çap, h.q 1407
  • Bəhrani, Seyid Haşim ibn Süleyman, Əl-Burhan fi təfsiril-Quran, Qum, 1-ci çap, h.ş 1374
  • Ət-Təhanəvi, Məhəmməd ibn Əli ibn Məhəmməd, Kəşşafu istilahatil-fununi vəl-ulumi, Beyrut, Naşirun, 1-ci çap, m.1996
  • Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, Qum, 1-ci çap, h.ş 1349
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədatu fi ğəribil-Quran, Tərcümə: Ğulamrza Xosrəvi Hüseyni, Tehran, Mürtəzəvi nəşri, h.ş 1383
  • Səccadi, Cəfər, Fərhənge ulume İslami, Tehran, h.ş 1373
  • Siyuti, Cəlaluddin, Əd-Durrul-mənsur fi təfsiril-məsur, Qum, h.q 1404
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzuruhul-fəqih, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari, 2-ci çap, h.q 1413
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Tərcümə: Məhəmməd Baqir Musəvi Həmdani, Əl-Mizan, Qum, h.ş 1374
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Müttəqi Hindi, Kənzul-Ummal vəl-əqval, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1409
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Möhsini, Məhəmməd Asif, Ruh əz nəzəre din, Əql və elme ruhiye cədid, h.ş 1376
  • Məkarim Şirazi, Nasir və başqaları, Peyame Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1368
  • Molla Sədra, Məhəmməd ibn İbrahim, Əl-Məbdəu vəl-məad, Tehran, h.ş 1363