İsmayılın qurban edilməsi
İsmayılın qurban edilməsi (ərəbcə: ذبح إسماعيل) Allahın İbrahimə (ə) yuxuda oğlu İsmaili qurban kəsməsi üçün verdiyi bir əmr və imtahan idi. İbrahim (ə) və oğlu ilahi əmri qəbul etdilər; lakin Cəbrayıl bıçağın kəsməsinə mane oldu və İsmayılın (ə) yerinə İbrahim (ə) tərəfindən cənnətdən gələn bir qoç kəsildi. Qurban bayramı günü qurban kəsmə ənənəsi İsmayılın qurban edilməsini xatırladır. Bəzi məlumatlara görə, Həzrət İbrahim (ə) tərəfindən "rəmyi-cəmarat" (şeytanın daşlanması) Həzrət İsmayılın (ə) qurban edilməsi zamanı atılıb.
Şiələr rəvayətlərə və ayələrin məzmununa əsaslanaraq İsmayılı (ə) zəbihullah (Allah yolunda qurban edilən) adlandırır, lakin yəhudilər İshaqı zəbih (qurban edilən) adlandırırlar. Sünnilər də bu barədə ixtilaf edirlər.
İbrahimin (ə) yuxusu
Quran ayələrinə əsasən, İbrahim (ə) yuxuda oğlunu qurban etdiyini görür.[1] Hədislərdə gəlib ki, İbrahim (ə) bu yuxunu üç dəfə təkrar gördü.[2] Əlbəttə, bəzi təfsirçilər belə hesab edirlər ki, bu yuxudan sonra onun içində hələ də şəkk-şübhə qalması ehtimalı az deyil və Allah açıq-aşkar bir vəhy ilə bu şübhəni aradan qaldırmışdır.[3]
Övladını qurban etmək
Həzrət İbrahim (ə) yuxusunu və ilahi əmri İsmayıla (ə) danışdı və onun fikrini soruşdu. Quran bu məsləhətləşməyi belə nəql edir: "Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir? (İsmail) dedi: Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!"[4]
"Əl-Kafi" kitabında nəql olunan rəvayətə görə, ilahi əmri yerinə yetirmək qərarına gəldikdən sonra İsmayıl (ə) dedi: "Ey ata, üzümü ört və ayaqlarımı bağla. İbrahim uşağın üzünü örtdü. Amma qurban etmək zamanı ayağını bağlamayacağına and içdi".[5] İsmayılın alnı yerdə olanda[6] İbrahim (ə) bıçağı oğlunun boğazına qoyub, başını göyə çevirib, sonra bıçağı çəkdi, lakin Cəbrayıl bıçağın kəsməsinə mane oldu. Bu iş, neçə dəfə təkrar edildi.[7] Sonra belə vəhy nazil oldu:
"Ey İbrahim, sən öz yuxunu həyata keçirdin (və Rəbbinin əmrini yerinə yetirdin)".[8] Nəhayət, cənnətdən gələn bir qoç İbrahim (ə) tərəfindən İsmayılın yerinə kəsildi.[9]
Quran bu imtahanı belə şərh edir:
"Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır".[10]
Bəzi rəvayətlərə görə, şeytan bu ilahi əmrin yerinə yetirilməsinə mane olmaq üçün çox səy göstərmişdir. O, bu məqsədinə çatmaq üçün Həzrət İbrahimi (ə), onun həyat yoldaşını və uşağını azdırmaq üçün səy göstərdi və hər üç işdə də müvəffəq olmadı.[11] Bəzi məlumatlara görə, şeytanın Həzrət İbrahim (ə) tərəfindən Cəmaratda rəmy edilməsi (daşlanması) İsmayılın (ə) qurban edilməsi zamanı baş verib.[12]
Həzrət İbrahimin (ə) qoca ilə söhbəti
Bəzi şiə rəvayət mənbələrində Həzrət İbrahimlə (ə) bir qoca arasında keçən söhbət belə nəql edilmişdir: "Bir qoca İbrahimə (ə) dedi: Bu uşaqdan nə istəyirsən?".
İbrahim (ə): "Mən onu qurban etmək istəyirəm.
Qoca: Allaha həmd olsun, Allaha qarşı bir göz qırpmaq qədərində belə günah etməmiş uşağı öldürmək istəyirsən.
İbrahim (ə): Allah mənə bu uşağı qurban etməyi əmr etdi.
Qoca: Yox, həqiqətdə, Rəbbin sənə bunu qadağan edib və şeytan sənə yuxuda belə bir şey etməyi əmr edib.
İbrahim (ə): Vay halına, bu əmr Allahdan idi. Allaha and olsun ki, bir daha səninlə danışmayacağam.
Qoca: Ey İbrahim (ə), sən bir rəhbərsən ki, başqaları sənin arxanca gedirlər. Əgər sən övladını qurban kəssən, insanlar da öz uşaqlarını qurban edərlər. İbrahim (ə) daha onunla danışmadı".[13]
İsmail və ya İshaqın qurban edilməsi
Qurban kəsmək hekayəsində Quran yalnız İbrahimin (ə) oğluna işarə etmişdir: قالَ یا بُنَی "(İbrahim) dedi: Oğulcığazım!".[15] Amma bu övladın İsmayıl, yoxsa İshaq olmasında ixtilaf var. Şiələr İsmayılıın qurban edildiyini bildirirlər.[16] Onlar iddialarını sübut etmək üçün "Saffat" surəsinin 112-ci ayəsinə istinad edərək, İshaqın dünyaya gəlməsi ilə bağlı müjdə İsmayılın doğulmasından və qurban edilmə əhvalatından sonra (Saffat surəsinin 100-dən 107-yə qədər olan ayələri) gəlib. Bundan əlavə, İshaq haqqında peyğəmbərlik müjdəsi verilmişdir, yəni diri qalmaq və peyğəmbərlik vəzifəsini yerinə yetirmək lazımdır ki, bu da qurba edilmə məsələsinə uyğun gəlmir.[17] Həmçinin məsumlardan rəvayətlər vardır ki, İsmayıl qurban edilən olaraq təqdim edilir.[18]
Əhli-sünnənin qurban edilən şəxs haqqında ixtilafı vardır.[19] Onlardan bəziləri bir sıra hədislərə istinad edərək[20] zəbihullahı (qurban edilmişi) İshaqın ləqəbi hesab edirlər.[21] Nümunə təfsirində bu qrupun istinad etdikləri rəvayətlərin israiliyyatdan təsirləndiyi və bu rəvayətlərin yəhudilər tərəfindən nəql olunduğu güman edilir.[22] Bəzi digər sünnilər isə başqa bir qrup hədislərə istinad edərək zəbihin İsmayıl olduğunu hesab edirlər.[23] Fəxr Razi və İbn Aşur zəbihin İsmayıl olduğunu ehtimal veriblər.[24]
Qurban kəsmə ənənəsi
Qurban bayramı və ya "əzha" bayramı müsəlmanların böyük bayramlarından biridir. Qurban bayramı günü qurban kəsmə ənənəsi İsmayılın qurban kəsilməsi xatırəsinin yada salınması üçündür.[25] Bəzi rəvayətlərə görə, Qurban bayramı günü Mina məntəqəsində kəsilən heyvanların hamısı Həzrət İsmayılın fidyəsidir.[26]
Şiə yazıçısı Mürtəza Mütəhhəri hesab edir ki, Allah İsmayılın qurban kəsilməsini həqiqətən istəməyib, çünki atanın oğlunu öz əlləri ilə qurban kəsməsinin heç bir faydası və ya bəhrəsi yox idi, daha doğrusu, bu bir ənənə idi ki, insanları qurban edirdilər və İbrahim (ə) bu ənənəni nəsx (ləğv) etməli idi. Beləliklə, əgər İbrahim (ə) İsmayılı qurban kəsmək missiyasından əvvəl, oğlunu qurban kəsməklə müxalifətçilik etsəydi, insanlar deyərdilər ki, İbrahimin (ə) oğlunu qurban kəsməkdən qorxur. Lakin İbrahim oğlunu öz əli ilə qurban verməyə yüz faiz razı olduğu həddə çatanda Allah əmr etdi ki, insanın qurban kəsilməsi əbədi olaraq ləğv edilsin və qurban kəsilən insan əvəzinə qoyun qurban kəsilsin.[27]
Tövratda övladın qurban kəsilməsi
Tövrat övladın qurban kəsilməsi əhvalatını belə nəql edir: "Bu hadisələrdən sonra Allah Əvrahamı (İbrahimi) sınağa çəkdi və ona dedi: İndi oğlunu, sevdiyin yeganə oğlun olan Bishaqı (İshaqı) götür və Muriya məntəqəsinə get. Orada, sənə deyəcəyim dağların birində onu qurban et".[28]
Amma İbrahim (ə) oğlunu qurban kəsmək qərarına gələndə və oğlunun başını kəsmək üçün bıçağı uşağa doğru uzatdıqda, Allahın mələyi onu göydən çağırıb dedi: "O gəncə əl uzatma və onunla heç bir işin olmasın. çünki indi bildim ki, sən Allahdan qorxursan. Çünki sən tək oğlunu məndən əsirgəmədin".[29] Nəhayət, Allah bir qoç göndərdi və İbrahim (ə) onu uşaq əvəzinə qurban kəsdi.[30]
İsmayılın qurban kəsilməsinin irfani yozumları
Bəzi müsəlman arifləri İsmayılın qurban kəsilməsi hekayəsi ilə bağlı bir sıra yozumlar ediblər. 5-ci əsrin arif və təfsirçisi Xacə Abdullah Ənsari uşağın qurban kəsilməsini ülgüclə uşaqdan ürəyi kəsmək kimi məna etmişdir.[31] 7-ci əsrin arif və alimi, Əbdür-Rəzzaq Kaşani, İbrahimin (ə) yuxusunun mənasını insanın xilqət əsaslı kamilliklərə sahib nəfsin kəsilməsini, öz kamilləşməsi yolunda və bu qurban kəsmək ilə zati fənaya çatması üçün İsmayıldan kinayə olan qəlb nicat tapar.[32] "Fususul-Hikəm kitabının təfsirçisi və arif Sain İbn Tərkə bu hekayətdəki qoçu İbrahim peyğəmbərin (ə) vücudundakı heyvani mərtəbə bilib ki, qurban kəsilməlidir.[33]
İstinadlar
- ↑ Saffat surəsi, ayə 102
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, c.16, s.101
- ↑ Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.26, s.346
- ↑ Saffat surəsi, ayə 102
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.208
- ↑ Saffat surəsi, ayə 103
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.4, s.208
- ↑ Saffat surəsi, ayə 104-105
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.4, s.208
- ↑ Saffat surəsi, ayə 106
- ↑ İbn Əbi Hatəm, Təfsirul-Quranil-əzim, h.q 1419, c.10, s.3222
- ↑ Kaşani, Təfsiru mənhəcus-sadiqin, h.ş 1336, c.8, s.5
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.208
- ↑ https://www.instagram.com/p/CRjFhy0r5ZH/
- ↑ Saffat surəsi, ayə 102
- ↑ Mazandarani, Şərhe furuul-kafi, h.q 1429, c.4, s.402
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.129
- ↑ Baxın: Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.226; Şeyx Səduq, Uyunu əxbarir-rza (ə), h.q 1378, c.1, s.210
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, c.16, s.100
- ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.5, s.281-285
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, c.16, s.100
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.119-120
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, c.16, s.100
- ↑ Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.26, s.351; İbn Aşur, Ət-Təhriru vət-tənvir, c.23, s.69-70
- ↑ Sadiqi Tehrani, Əl-Bəlağ, h.q 1419, s.450; Seyyid Qütb, Fi zilalil-Quran, h.q 1412, c.5, s.299
- ↑ Şeyx Səduq, Uyunu əxbarir-rza (ə), h.q 1378, c.1, s.211
- ↑ Mütəhhəri, Məcmue asar, c.25, s.115-116
- ↑ Müqəddəs kitab, Siqre peydayeş 2-1:22
- ↑ Müqəddəs kitab, Siqre peydayeş 12-10:22
- ↑ Müqəddəs kitab, Siqre peydayeş 13:22
- ↑ Məybodi, Kəşful-əsrar, h.ş 1371, c.1, s.352
- ↑ Kaşani, Fususul-Hikəmin şərhi, h.q 1422, c.2, s.183
- ↑ Kaşani, Fususul-Hikəmin şərhi, h.q 1422, c.1, s.347
Ədəbiyyat
- İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-əzim, 3-cü çap, h.q 1419
- İbn Aşur, Məhəmməd ibn Tahir, Ət-Təhriru vət-tənvir
- Seyyid Qütb, Fi zilalil-Quran, Qahirə, 17-ci çap, h.q 1412
- Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Qum, h.q 1404
- Şeyx Səduq, Uyunu əxbarir-rza (ə), Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
- Sadiqi Tehrani, Məhəmməd, Əl-Bəlağ fi təfsiril-Quran, Qum, 1-ci çap, h.q 1419
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, 3-cü çap, h.q 1420
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Nasir Xosrov, 1-ci çap, h.ş 1364
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
- Kaşani, Əbdür-Rəzzaq, Fususul-Hikəmin şərhi, Qum, Bidar nəşriyyatı, h.q 1422
- Müqəddəs kitab, Tövrat, Tərcümə: Əncuməne kəlimiyane İran
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Mazandarani, Məhəmməd hadi ibn Məhəmməd Salih, Şərhe furuul-kafi, Qum, 1-ci çap, h.q 1429
- Mütəhhəri, Mürtəza, Məcmue asar
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374