Məzmuna keç

Taslim:Calut

wikishia saytından
Davut və Calutun döyüşü, alman rəssamı Ösmer Şindlerin əsəri.

Calut (ərəbcə: جالوت) bir zamanlar Bəni-İsrail üzərində hökmranlıq edən bir padşah idi və nəhayət Davud peyğəmbər (ə) tərəfindən öldürülmüşdür. Quran Calut və Talut ordusunun döyüşündən danışarkən onun adını xüsusi olaraq qeyd etmişdir. Müqəddəs Kitabın əhdi-ətiqində (qədim əhd) bu hadisə daha ətraflı şəkildə gəlir. İslamın təfsir və tarix kitablarında Talut və Calut döyüşü haqqında müxtəlif müzakirələr aparılmışdır. O cümlədən Davud peyğəmbərin (ə) Calut üzərindəki qələbəsi iman əhlinin zəfərinin simvolu kimi qiymətləndirilmişdir.

Mövqeyi

Tarixçilərdən Təbəri kimi şəxslərin dediklərinə görə, Calut Əmaliqə tayfasının padşahı idi və Bəni-İsrail üzərində hökmranlıq edirdi.[1] Əmaliqə qədim dövrlərin bütpərəst xalqı olub, Nuh peyğəmbərin (ə) nəslini davam etdirən və Hicazın şimalında yaşayan ərəb xalqıdır. Onlar miladdan qabaq 1703-2213-cü illər arasında Misirə hökmranlıq etmişlər.[2] Calutun adı Quranda üç dəfə, Bəqərə surəsinin 249-251-ci ayələrində qeyd edilmişdir.[3] Qummi təfsirində, İmam Baqirdən (ə) rəvayət olunur ki, Bəni-İsrail, Musa peyğəmbərdən (ə) sonra günahlar etdilər. Onlar Allahın dinini dəyişdilər və Rəbblərinin əmrinə qarşı çıxdılar. Bunun ardından, Allah onları zülmkar bir padşah olan Caluta tabe etdi ki, o da onları alçaldaraq kişilərini öldürdü və qadınlarını əsir götürdü, həmçinin onları şəhərlərindən və torpaqlarından qovdu və mallarını mənimsədi.[4]

Talut və Calut döyüşünün Qurandakı izahı

Əsas məqalə: Calut və Talut ordusunun döyüşü

Quranda Talut və Calut ordularının döyüşü qısa şəkildə və ətraflı təfərrüatlar olmadan belə qeyd olunur: Bəni-İsrailin o dövrdəki peyğəmbəri (adının Səmuil olduğu bildirilir),[5] Allahın əmri ilə Talutu fələstinlilərə qarşı mübarizə üçün padşah seçmişdir.[6] Bəni-İsrail Talutun padşah seçilməsinə əvvəl etiraz etsələr də, nəhayət onu padşah qəbul etmiş və onun rəhbərliyi altında Calut və ordusu ilə döyüşə getmişlər.[7] Döyüşə gedərkən, ilahi imtahan vasitəsi olan bir çayı keçdikdən sonra Talutun ordusunun əksəriyyəti Calut və onun əsgərlərinə qarşı müqavimət göstərməkdə aciz olduqlarını bildirmişdir.[8] Taluta sadiq qalan əsgərlər döyüşə çıxarkən, Allahdan səbr və qələbə istəmişlər.[9] Allahın izni ilə onlara qələbə verilmiş və Davud peyğəmbər (ə) Calutu öldürmüşdür.[10]

Əhdi-Ətiqə görə Calut

Əhdi-Ətiqə görə, Bəni-İsrail və fələstinlilər (Calutun ordusu) qarşı-qarşıya gəldikdə, Cilyat (Calutun ibrani dilində olan deyilişi)[11] Fələstin ordusunun arasından çıxmış və döyüşməyə döyüşçü çağırmağa başlamışdır. Bu çağırışını otuz gün ərzində davam etdirmişdir.[12] Bəni-İsrail ordusunun komandiri Şaul (Talut), Cilyatın öldürülməsi halında ona böyük hədiyyələr vəd etmiş və öz qızını onunla evləndirəcəyini bildirmişdir. Gənc Davud, Talutun ordusuna yeni qoşulmuşdu və komandiri inandıraraq, Calut ilə təkbətək döyüşə hazır olmuşdur.[13]

Calut, Davudu əlində qılınc olmadan, yalnızca çubuq və daşla döyüşə çıxdığını görüncə onu aşağılamış və təhdid etmişdir. Lakin Davud da Calutu təhdid edib, O, sapandla bir daş ataraq Calutun alnına vurmuş və onu öldürmüşdür. Daha sonra Davud, Calutun cəsədinə yaxınlaşaraq onun öz qılıncı ilə başını kəsmişdir. Bu qələbə, fələstinlilərin tam məğlubiyyətinə və qaçmalarına səbəb olmuşdur.[14] Müqəddəs Kitabda, Əhdi-Ətiqdə, Calutun qeyri-adi fiziki xüsusiyyətlərə malik olduğu qeyd olunur. Məsələn, boyunun üç metr olduğu və Bəni-İsrail ilə döyüşdə çox ağır döyüş alətləri ilə təchiz olunduğu bildirilir.[15]

Tarix və təfsir mənbələrində Calut

İslam tarixi və təfsir mənbələrində Calut haqqında müxtəlif məlumatlar yer almışdır: Hicri ikinci əsr təfsircisi Qummi[16] onu Qıpti (yerli misirli) olaraq qeyd etmişdir.[17] İbn Xəldun (tarixçi)[18] isə onu Fələstindən olan kənanlı hesab etmişdir. Lakin bəziləri, onun Fələstin mənşəli olmadığı və Fələstin ordusunda sadəcə bir əsgər olaraq xidmət etdiyi ehtimalını irəli sürmüşlər.[19] Təbəri isə Calutu Əmaliqə tayfasından olan, döyüşçü və qüvvətli bir padşah kimi təsvir etmişdir.[20] Yəqubi isə onun boyunun beş zira (hər zira təxminən yarım metrdir) olduğunu qeyd etmişdir.[21]

Calutun Bəni-İsrail ilə üz-üzə gəlməsi, xüsusən Davudla döyüşü, İslam mənbələrində geniş şəkildə izah olunmuşdur.[22] Bu məlumatların çoxunun Yəhudi mənbələrinin təsiri altında olduğu bildirilir,[23] lakin bəzən fərqlərlə İslam tarixi və təfsir mənbələrinə daxil olmuşdur.[24]

Tarixçilər döyüşün yeri və Calutun öldürülməsi ilə bağlı müxtəlif fikirlər bildirmişlər; Məsudi[25] Calutun öldürüldüyü yeri İordaniyada Bəysan, İbn Əsakir isə onu Dəməşq yaxınlığındakı Qəsr Ümmi Həkim kimi müəyyən etmişdir.[26] Dəbbağ isə bu hadisənin Beyt-Ləhmin cənub-qərbindəki bir kənddə baş verdiyini qeyd etmişdir.[27] Fələstindəki Əyn Calut ərazisinin adı da Davud və Calut arasındakı döyüşlə əlaqələndirilir.[28]

Davudun zəfəri, iman əhlinin qələbəsinin simvolu

Bəzi təfsirlərdə “Bəqərə” surəsinin 249-cu ayəsinə əsaslanaraq, Davudun Calut üzərindəki möcüzəli zəfəri, müharibə və mübarizədə iman əhlinin həmişə qalib gələcəyini və Allahın onlara kömək edəcəyini göstərir, baxmayaraq ki, onların daha az personalı və avadanlığı var.[29] Belə ki, bəziləri Bədr döyüşündə Peyğəmbərin (s) səhabələrinin sayını Talutun ordusunun sayı ilə müqayisə etmiş və bu döyüşü Talutun ordusu ilə Calut arasındakı döyüşə bənzətmişlər.[30] Peyğəmbərin (s) səhabələrindən biri olan Cabir ibn Abdullah Ənsari də Xəndək döyüşündə İmam Əli (ə) tərəfindən Əmr ibn Əbduvədin öldürülməsini Calut və Davudun hekayəsinə bənzətmişdir.[31]

İstinadlar

  1. Təbəri, Tarixi-Təbəri, h.q 1387, c.1, s.467
  2. Dəhxoda, Dəhxoda lüğətnaməsi, Əmaliqə sözü, Məybudi, Təfsire Xacə Abdullah Ənsari, h.ş 1371, c.3, s.722
  3. Vaizzadə Xorasani, Əl-Mucəmu fi fiqhi lüğətil-Quran, h.ş 1388, c.8, s.771
  4. Qumi, Təfsiri-Qummi, h.q 1404, c.1, s.81
  5. Mərkəze fərhəng və məarife Quran, Əlame Quran, h.ş 1385, c.3, s.192
  6. Bəqərə surəsi, ayə 247
  7. Bəqərə surəsi, ayə 248
  8. Bəqərə surəsi, ayə 248
  9. Bəqərə surəsi, ayə 250
  10. Bəqərə surəsi, ayə 251
  11. Şərtuni, Əqrəbul-məvarid fi fəshil-ərəbiyyə vəş-şəvarid, h.ş 1374, c.1, s.448
  12. Müraciət edin: Müqəddəs kitab, Ketabe əvvəle Səmuil, bab 17, ayə 1-10
  13. Müraciət edin: Müqəddəs kitab, Ketabe əvvəle Səmuil, bab 17, ayə 25-42
  14. Müraciət edin: Müqəddəs kitab, Ketabe əvvəle Səmuil, bab 17, ayə 42-52
  15. Müraciət edin: Müqəddəs kitab, Ketabe əvvəle Səmuil, bab 17, ayə 4-7
  16. Qumi, Təfsiri-Qummi, h.q 1404, c.1, s.81
  17. Təbatəbai, Əl-Mizan fi təfsiril-Quran, h.ş 1374, c.2, s.449
  18. İbn Xəldun, Tarixi İbn Xəldun, h.q 1408, c.2, s.100
  19. Ərcəh və Abbasi, Calut, c.9, s.274
  20. Təbəri, Tarixi-Təbəri, h.q 1387, c.1, s.467-472
  21. Yaqubi, Tarixi Yəqubi, Daru sadir, Beyrut, 1-ci çap, Tarixsiz, c.1, s.49
  22. Nümunə üçün müraciət edin: Təbəri, Tarixi-Təbəri, h.q 1387, c.1, s.467-473; Sələbi, Qisəsul-ənbiya, Əl-Məktəbətus-səqafiyə, s.239-241
  23. Ərcəh və Abbasi, Calut, c.9, s.275
  24. Nümunə üçün müraciət edin: Qumi, Təfsiri-Qummi, h.q 1404, c.1, s.82-83; Əyyaşi, Ət-Təfsir, h.q 1380, c.1, s.134-135
  25. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.1, s.69
  26. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.17, s.80
  27. Dəbbağ, Biladuna Fələstin, m.1991, birinci hissə, s.539
  28. Ərcəh və Abbasi, Calut, Daneşnameye cəhane İslam, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1384, c.9, s.275
  29. Quşeyri, Lətaiful-İşarat, m.2000, c.1, s.194; Qurtubi, Əl-Came li-əhkamil-Quran, h.ş 1364, c.3, s.255
  30. Əhməd ibn Hənbəl, Əl-Müsnəd, h.q 1421, c.30, s.524; Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.618
  31. Hakim Nişaburi, Əl-Müstədrəku ələs-səhiheyn, h.q 1411, c.2, s.36; Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.102

Ədəbiyyat

  • Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri, Tarixul-uməmi vəl-muluk (Tarixi-Təbəri), Təhqiq: İbrahim, Məhəmməd Əbul-Fəzl, Beyrut, Darut-turas, 2-ci çap, h.q 1387
  • Əbul-Həsən ibn Əl-Hüseyn Məsudi, Murucuz-zəhəb və məadinul-cuhər, Təhqiq: Dağər, Əsəd, Qum, Darul-hücrə, 2-ci çap, h.q 1409
  • Əbul-Qasim Əli ibn Həsən İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
  • Əbdül-Kərim ibn Həvazin Quşeyri, Lətaiful-İşarat, Qahirə, Əl-İlahiyyətul-Misriyyə Əl-Ammətu lil-kitab, 3-cü çap, m.2000
  • Əhməd ibn Hənbəl, Müsnədul-İmam Əhməd ibn Hənbəl, Təhqiq: Adil Murşid, ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1421
  • Əhməd ibn Məhəmməd Məybudi, Təfsire Xacə Abdullah Ənsari, Tehran, Əmir Kəbir, 5-ci çap, h.ş 1371
  • Əhməd ibn Məhəmməd Sələbi, Qisəsul-ənbiya, Beyrut, Əl-Məktəbətus-səqafiyə, tarixsiz
  • Əkrəm Ərcəh və Mehrdad Abbasi, Calut, Daneşnameye cəhane İslam, Tehran, Bunyade dairətul-məarife islami, h.ş 1384
  • Əli ibn İbrahim Qumi, Təfsiri-Qummi, Təhqiq və düzəliş: Musəvi Cəzairi, Seyid Teyyib, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Əlame Quran, Əlame Quran əz dairətul-məarife Qurani-Kərim, Qum, Bustan kitab, 1-ci çap, h.ş 1385
  • Ət-Təfsir – Əyyaşi, Məhəmməd ibn Məsud, Təhqiq və düzəliş: Rəsuli Məhəllati, Haşim, Tehran, Əl-Mətbəətul-elmiyyə, 1-ci çap, h.q 1380
  • Dəbbağ, Mustafa Murad, Biladuna Fələstin, Darul-hüda, m.1991
  • Dəhxoda, Dəhxoda lüğətnaməsi, Tehran Universiteti, 1-ci çap, h.ş 1377
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Müstədrəku ələs-səhiheyn, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1411
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Divanul-ərəb vəl-xəbər fi tarixil-ərəb (Tarixi İbn Xəldun), Təhqiq: Xəlil Şəhadə, Beyrut, Darul-fikr, 2-ci çap, h.q 1408
  • Mərkəze fərhəng və məarife Quran, Əlame Quran əz dairətul-məarife Qurani-Kərim, Qum, Bustan kitab, 1-ci çap, h.ş 1385
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti hucəcillah ələl-ibad, Təhqiq və düzəliş: Alul-beyt (ə) müəssisəsi, Qum, Konqreye Şeyx Mufid, 1-ci çap, h.q 1413
  • Müqəddəs kitab, (Əhdi-ətiq və əhdi cədid), London, m.1925
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Tehran, Nasir Xosrov, 1-ci çap, h.ş 1364
  • Şərtuni, Səid, Əqrəbul-məvarid fi fəshil-ərəbiyyə vəş-şəvarid, Tehran, İdareye əvqaf və umure xeyriyye, h.ş 1374
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, farsca tərcümə: Musəvi Həmədani, Seyid Məhəmməd Baqir, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.ş 1374
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Düzəliş: Rəsuli, Haşim, Livan, Darul-mərifə, 2-ci çap, h.q 1408
  • Vaizzadə Xorasani, Məhəmməd, Əl-Mucəmu fi fiqhi lüğətil-Quran və sirru bəlağətihi, Məşhəd, Astane Qodse Rəzəvi, Bunyade pejuheşhaye İslami, 2-ci çap, h.ş 1388
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixi Yəqubi, Beyrut, Daru Sədir, 1-ci çap, tarixsiz