Səbt əshabı

wikishia saytından

Səbt əshabı (ərəbcə: أصحاب السبت) Quran ayələrinə əsasən, şənbə günü Allaha asi olduqları və balıq tutduqları üçün ilahi əzaba düçar olmuş bir qrup Bəni-israilə deyilir. Quranda deyildiyi kimi, “səbt əshabı” (şənbə günü səhabələri) Allahın əmri ilə meymun şəklinə düşdü və bəzi rəvayətlərə görə, bu məsx olmuş dəstə 3 gündən sonra həlak oldu. Əksər rəvayətlərdə “səbt əshabı” hadisəsi Davud peyğəmbərlə (ə) eyni vaxtda və “İla” şəhərində baş vermişdir ki, bu gün bu şəhər işğal altında olan Fələstindədir və “İlat” adlanır.

Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində deyir ki, “səbt əshabı”ndan yalnız pis əməllərdən çəkindirən şəxslər nicat tapdılar, səhv edənlər və onların qarşısında susanlar isə ilahi əzaba düçar oldular.

Tərifi

“Səbt əshabı” (şənbə günü səhabələri) şənbə günü iş görməyin haram olması ilə bağlı Allahın əmrinə tabe olmamaları nəticəsində əzaba düçar olan Bəni-israil qövmündən bir qrup idi.[1] Onlar Davud peyğəmbərin (ə) peyğəmbərlik dövründə yaşamış və təqribən 12 min və ya 70 min nəfər əhaliyə sahib olublar.[2] “Səbt əshabı” (şənbə günü səhabələri) ifadəsi yalnız bir dəfə açıq şəkildə “Nisa” surəsinin 47-ci ayəsində işlənmişdir. digər ayələrdə isə işlənmişdir. Amma Quranın başqa ayələrində də qeyd olunmuş qövmün əhvalatı və onun sonu nəql edilmişdir.[3]

Əməlin dayandırılması[4] mənasını verən və ibranicə Şubat[5] adlanan “səbt”, yəhudilər arasında şənbə günü,[6] ivrit dilində isə istirahət mənasınadır.[7] Yəhudi mədəniyyətinə görə, yəhudi xalqı şənbə və ya “səbt” günü bütün işlərini dayandırıb istirahət etməlidirlər.[8] “Səbt” gününün hörmətini saxlamaq və o gündə işləməmək Musa peyğəmbərin (ə) on əmrindən biri idi.[9]

“Səbt” hadisəsi

Qurani-Kərimə görə, “səbt əshabı” (şənbə günü səhabələri) Allahın hüdudlarına və qanunlarına tabe olmadıqları və balıq ovlamağın haram olduğu həmin gün[10] balıq ovladıqlar üçün məsx oldular. Onlar etdikləri işin cəzasını görmək və müttəqilərə ibrət olmaları üçün məsx oldular.[11]

İmam Səccadın (ə) rəvayətinə əsasən, “səbt əshabı” (şənbə günü səhabələri) dəniz kənarında yaşayan bir dəstə idi və Allah onlara şənbə günü balıq ovlamağı qadağan etmişdi.[12] Şənbə günü sahilə çoxlu balıqlar yaxınlaşdığından, onlar balıq tutmaq üçün hiylə işlədir və balıqların girə bilmələri üçün gölməçələr qazırdılar. Balıqlar da ora girir, lakin ordan çıxa bilmirdilər.[13] “Səbt əshabı” (şənbə günü səhabələri) şənbə günü balıq tutmur, şənbə günü qazdıqları gölməçələrə girmiş balıqları bazar günü tuturdular.[14] “Səbt əshabı” (şənbə günü səhabələri) bu yolla çoxlu sərvət topladılar və çoxlu nemətlər əldə etdilər.[15] Qeyd edilən rəvayətlərə əsasən, onlar 80 min nəfər idi ki, onlardan 70 mini Allahın şənbə günü balıq tutmağı qadağan etməsinə məhəl qoymadı.[16]

Səbt əshabının məsx olması

“Səbt əshabı” (şənbə günü səhabələri) sonda ilahi əzaba düçar olaraq məsx oldular. Qurani-Kərimdə deyildiyi kimi, Allahın əmri ilə onlar meymun şəklinə düşdülər.[17] Bəzi rəvayətlərə görə, bu məsx olmuş dəstə 3 gündən sonra həlak oldu.[18]

Seyid Məhəmmədhüseyn Təbatəbai “Əl-Mizan” təfsirində yazır: “Əraf” surəsinin 165-ci ayəsinə əsasən, onlardan pis işlərdən çəkindirən şəxslər nicat tapdılar, lakin digər iki dəstə, yəni səhv iş görənlər və onların bu işləri qarşısında susanlar ilahi əzaba düçar oldular.[19]

Bəziləri, o cümlədən şiə təfsirçisi Mücahid ibn Cəbr (hicri 104-cü ildə vəfat edib) və sünni təfsirçisi Məhəmməd Əbduh inanırlar ki, “səbt əshabı” (şənbə günü səhabələri) cismani olaraq məsx olmayıblar. “Bəqərə” surəsinin 65-ci ayəsində qeyd olunanlar isə  təşbehdir və “Səbt əshabı”nın (şənbə günü səhabələri) qəlblərinin məsx olmasından bəhs edir.[20]

Hadisənin baş verdiyi yeri və vaxtı

Quran ayələrinə əsasən, “səbt əshabı” (şənbə günü səhabələri) dəniz kənarında yaşayırdılar.[21] İmam Baqirin (ə) bir rəvayətində “səbt əshabı”nın (şənbə günü səhabələri) yaşadığı şəhəri “İla” kimi təqdim edilmişdir.[22] Fəxr Razi də onların yaşadıqları şəhərin adını “İla” şəhəri hesab edirdi.[23] “İla” şəhəri, ehtimalı var ki, Qırmızı dənizin kənarında və işğal olunmuş Fələstində yerləşən indiki “İlat” şəhəridir.[24] Əllamə Təbatəbainin dediyinə görə, Mədyən və Təbəriyyə şəhərləri də “səbt əshabı”nın (şənbə günü səhabələri) yaşadığı yerlər kimi qeyd olunur.[25]

Rəvayətlərin çoxu “səbt əshabı”nın (şənbə günü səhabələri) hekayəsinin Davud peyğəmbərin (ə) dövründə baş verdiyini bildiriblər.[26]

İstinadlar

  1. Ruhi, Əshabe Səbt, s.232
  2. Ruhi, Əshabe Səbt, s.232
  3. Ruhi, Əshabe Səbt, s.232
  4. Qərəşi Bunabi, Qamuse Quran, h.ş 1372, c.3, s.207
  5. Ruhi, Əshabe Səbt, s.232
  6. Qərəşi Bunabi, Qamuse Quran, h.ş 1372, c.3, s.207
  7. Qərəşi Bunabi, Qamuse Quran, h.ş 1372, c.3, s.207
  8. Qərəşi Bunabi, Qamuse Quran, h.ş 1372, c.3, s.207
  9. Qərəşi Bunabi, Qamuse Quran, h.ş 1372, c.3, s.207
  10. Bəqərə surəsi, ayə 65; Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.947
  11. Bəqərə surəsi, ayə 66; Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  12. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  13. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  14. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  15. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  16. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.2, s.948
  17. Bəqərə surəsi, ayə 65
  18. İmam Həsən Əskəriyə (ə) nisbət verilmiş təfsir, h.q 1409, s.279
  19. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.268-269
  20. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.1, s.121
  21. Əraf surəsi, ayə 163
  22. Təbərsi, Məcməul-bəya, h.ş 1372, c.1, s.266
  23. Fəxr Razi, Məfatihul-ğeyb, c.12, s.412
  24. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1380, c.6, s.418
  25. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.303
  26. Fəxr Razi, Məfatihul-ğeyb, c.12, s.412

Ədəbiyyat

  • Qurani-Kərim
  • İmam Həsən Əskəriyə (ə) nisbət verilmiş təfsir, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1409
  • Ruhi, Əbülfəzl, Əshabe Səbt, Qum, Bustane kitab müəssisəsi, h.ş 1385
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, h.q 1420
  • Qərəşi Bunabi, Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1372
  • Məclisi, Məhəmməd Baqir, Həyatul-qulub, Qum, Surur, h.ş 1384
  • Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1380