Taslim:Hadi Abbasi
| Adı | Musa ibn Mehdi ibn Mənsur |
|---|---|
| Ləqəbi | Hadi Abbasi |
| Atası | Mehdi Abbasi |
| Anası | Xəyyizran |
| Övladları | Cəfər |
| Dəfn olduğu məkan | İsa Abad |
| Məqamı | Dördüncü Abbasi xəlifəsi |
| Silsilə | Abbasilər |
| Hökümətinin başlanğıcı | Hicrətin 169-cu ili |
| Hökümətinin sonu | Hicrətin 170-ci ili |
| Eyni zamanda | İmam Kazimlə (ə) |
| Mühüm addımları | Fəxx qiyamının yatırılması, İmam Kazimə (ə) müqavimət göstərmək |
| Qabaqkı hakim | Harun Ər-Rəşid |
| Sonrakı hakim | Mehdi Abbasi |
Hadi Abbasi (ərəbcə: الهادي العباسي) adı ilə məşhur olan, Musa ibn Mehdi ibn Mənsur (hicri 145–170), dördüncü Abbasi xəlifəsidir və təxminən 14 ay hakimiyyətdə olmuşdur. Hadi Abbasi hakimiyyəti dövründə Ələviləri (əhli-beyt tərəfdarlarını) nəzarət altında saxlayır və onların məvaciblərini kəsirdi. Onun dövründə Mədinədə Sahibi Fəxxin qiyamı baş verdi və bu qiyam xəlifə tərəfindən yatırıldı. Hadi Abbasi, bu qiyamda Ələviləri qızışdıran əsas şəxs kimi İmam Kazimi (ə) görür və bəzi mənbələrə görə, bundan dolayı şiələrin yeddinci imamını qətlə yetirmək niyyətində idi. Lakin bunu həyata keçirməmişdən əvvəl özü vəfat etdi. O, atası Mehdi Abbasinin zındıqlarla mübarizə siyasətini davam etdirir və onların çoxunu aradan götürürdü.
Tarixi mənbələrə görə, Hadi Abbasi, hələ uşaqlıq yaşında olan oğlu Cəfəri, Harunun yerinə vəliəhd etmək istəyirdi, lakin buna nail ola bilmədi və onun ölümündən sonra qardaşı Harun xəlifə oldu.
Bioqrafiya
Hadi ləqəbi ilə tanınan Musa ibn Mehdi ibn Mənsur, Səffah, Mənsur Dəvaniqi və Mehdi Abbasidən sonra dördüncü Abbasi xəlifəsi idi.[1] Onun künyəsi Əbu Cəfər[2] və ya Əbu Məhəmməd[3] olaraq qeyd edilir. Atası Mehdi Abbasi, anası isə Xeyzəran adlı bir kəniz idi.[4] O, hicri 169-cu ilin Məhərrəm ayında 25 yaşında xəlifəlik taxtına oturmuşdur.[5] O vaxta qədərki Abbasi xəlifələri arasında ən gənc yaşda hakimiyyətə gələn şəxs sayılırdı.[6]
Mehdi Abbasi, Hadiyə böyük diqqət göstərirdi;[7] elə ki, onu 16 yaşında birinci vəliəhd təyin etmiş və ordu komandanlığına gətirmişdi.[8] Mehdi Abbasinin ömrünün sonlarında digər oğlu Harunu Hadinin yerinə vəliəhd etmək istəyi olmuşdu, lakin o, bunu reallaşdıra bilmədən vəfat etdi.[9]
Hadi Abbasi atasının – Mehdi Abbasinin – öldüyü vaxt Corcanda[10] idi və o zaman Təbəristan camaatı ilə döyüşürdü.[11] Qardaşı Harun həmin gün ona beyət etdi[12] və Abbasi ailəsinin böyüklərindən, eləcə də ordu başçılarından onun üçün beyət aldı.[13]
Dördüncü Abbasi xəlifəsi Hadi, vəliəhdliyi qardaşı Harundan alıb 7 yaşlı oğlu Cəfərə[14] vermək istəyirdi.[15] O, bu iş üçün çox çalışdı.[16] Hadi, Harunu razı salmağa çalışdı ki, özünü vəliəhdlikdən kənarlaşdırsın, lakin Harun bu vəzifəni verməmək üçün paytaxtdan qaçdı və qardaşının ölümünə qədər geri dönmədi.[17]
Hadi fiziki baxımdan qüvvətli idi.[18] O, igidliyi, dövlət idarəçiliyində bacarığı və səxavəti ilə məşhur olsa da, eyni zamanda sərt, cəsur və təəssübkeş bir şəxs kimi tanıdılmışdır.[19] Hadi dodaqlarında olan bir qüsura görə “Musa Ətbəq” ləqəbi ilə tanınırdı.[20] O, ərəb ədəbiyyatı və tarixinə maraqlı olmuş və musiqiyə xüsusi həvəs göstərmişdir.[21]
Ölümü
O, təxminən 14 ay hakimiyyətdə olmuş və hicri 170-ci ildə Bağdadda[22] 25[23] və ya 26 yaşında vəfat etmişdir.[24] Onun ölüm səbəbi bəzilərinə görə xəstəlik, digərlərinə görə isə anasının əmri ilə yuxuda öldürülməsi hesab edilir.[25] Qardaşı Harun onun üzərində namaz qılıb və Bağdadın İsaabad bölgəsində dəfn etmişdir.[26]
Ələvilərlə münasibəti
Tarixi mənbələrə görə, Hadi Abbasi ələvilərə qarşı çox sərt davranır, onlarla amansız rəftar edirdi və Məhdinin dövründə onlar üçün müəyyən edilmiş bütün müavinətləri kəsmişdi.[27] Əbul-Fərəc İsfahani bu tədbirləri onun Ələvilərin qiyamından qorxması ilə əlaqələndirir.[28] Hadi Abbasi həmçinin məmurlarına əmr etmişdi ki, Ələvilərin bütün fəaliyyətlərini nəzarətdə saxlasınlar və onların arasına casuslar yerləşdirsinlər.[29] Onun hakimiyyəti dövründə bütün ələvilər hər gecə qeydiyyat şöbəsinə getməyə və varlıqlarını qeydiyyatdan keçirməyə məcbur idilər.[30]
Fəxx qiyamının yatırılması
Əsas məqalə: Fəxx hadisəsi
Hadi Abbasinin Hicazdakı sərt tədbirləri ələviləri çətin vəziyyətə saldı; elə ki, vəziyyətdən xilas olmaq üçün onlar ələvilərin böyüklərindən biri olan, İmam Həsənin (ə) nəslindən gələn və “Sahib Fəxx” kimi tanınan Hüseyn ibn Əli ibn Həsəni qiyama təşviq etdilər.[31] Bununla yanaşı, bəzi tarixçilərin fikrincə, Hüseyn ibn Əli uzun müddətdir hakimiyyəti ələ keçirmək niyyətində idi və bunu ələvilərin haqqı sayırdı; Hadi Abbasinin zülm və təzyiqləri isə onun qiyama başlaması üçün əlverişli şərait yaratmışdı.[32]
Hüseyn ibn Əli ibn Həsən hazırlıqları tamamlandıqdan sonra hicri 169-cu ildə qiyama qalxdı.[33] O, əvvəlcə Mədinəni ələ keçirdi, məhbusları azad etdi[34] və Abbasi hakimiyyətinin nümayəndələrini həbsə atdı,[35] daha sonra isə Məscidün-Nəbini öz qərargahına çevirdi. O, ardınca Məkkəyə doğru hərəkət etdi və Məkkədən altı mil aralıda yerləşən “Fəxx” adlı dərədə düşərgə qurdu.[36]
Bu vaxt Abbasi hökumətinin ordusu, İsa ibn Musanın komandanlığı ilə Fəxx bölgəsinə çatdı[37] və qarşıdurmadan sonra Hüseyn və yoldaşları məğlub edilərək öldürüldülər.[38] Bu hadisə tarixdə Fəxx faciəsi kimi məşhurlaşdı və Hüseyn ibn Əli ibn Həsən bu hadisədən sonra Şəhid Fəxx və ya Sahib Fəxx adlandırıldı.[39] İmam Cavadın (ə) bir rəvayətinə görə, Kərbəla hadisəsindən sonra bu faciə Əhli-beyt (ə) üçün ən böyük müsibətlərdən biri olmuşdur[40] və bu hadisə haqqında çoxlu mərsiyələr söylənmişdir.[41]
İmam Kazimə (ə) qarşı münasibət
Fəxx hadisəsindən sonra Hadi Abbasi, İmam Kazimi (ə) ələviləri qiyama təşviq etməkdə təqsirləndirdi və onu qiyamın başlıca səbəbkarı hesab etdi. Buna görə də bəzi tədqiqatçıların fikrincə o, Şiələrin yeddinci imamını öldürmək niyyətində idi, lakin qərarını icra etməyə imkan tapmadan dünyadan köçdü.[42]
Zındıqlarla mübarizə siyasətinin davam etdirilməsi
Hadi Abbasi atası Məhdinin olduğu kimi, zındıqlardan ikrah edirdi və onların təqibi və cəzalandırılmasını davam etdirirdi.[43] O, bir qrup zındığı aradan götürdü;[44] onların arasında Yəzdan ibn Bazan da var idi[45] və həmçinin Cəzirə bölgəsində onların qiyam qaldıran bir dəstəsini də qətlə yetirdi.[46]
İstinadlar
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.324 və 501-502
- ↑ Məsudi, Ət-Tənbihu vəl-işraf, Qahirə, s.297
- ↑ İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.101; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.8, s.371; İbn Qüteybə, Əl-Məarif, m.1992, s.381; İbn Cəvzi, Əl-Müntəzəm, h.q 1412, c.8, s.305
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.324
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.157
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.91
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.159
- ↑ Xizri, Tarixe xilafəte Abbasi, h.ş 1383, s.51
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.94
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.386; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.157; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.8, s.371; İbn Qüteybə, Əl-Məarif, m.1992, s.380
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.8, s.187; İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.87; İbn Cəvzi, Əl-Müntəzəm, h.q 1412, c.8, s.305; İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.3, s.268
- ↑ İbn Cəvzi, Əl-Müntəzəm, h.q 1412, c.8, s.305
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.324; Yaqubi, Tarixu Yəqubi, Beyrut, c.2, s.404
- ↑ İbn Həzm, Cəmhərətu ənsabil-ərəb, h.q 1403, s.23
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.333; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.158; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.3, s.490
- ↑ İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.96
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.94
- ↑ Məsudi, Ət-Tənbihu vəl-işraf, Qahirə, s.297
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.91
- ↑ İbn Əl-Ümrani, Əl-İnba, h.q 1421, s.73; İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.101
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.92
- ↑ İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.8, s.372
- ↑ Məsudi, Ət-Tənbihu vəl-işraf, Qahirə, s.297
- ↑ Yaqubi, Tarixu Yəqubi, Beyrut, c.2, s.406; İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.101
- ↑ İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.3, s.488; İbn İmad Hənbəli, Şəzəratuz-zəhəb, h.q 1406, c.2, s.314
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.8, s.205; Yaqubi, Tarixu Yəqubi, Beyrut, c.2, s.406; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.386
- ↑ İsfahani, Əl-Əğani, m.1994, c.5, s.6
- ↑ İsfahani, Əl-Əğani, m.1994, c.5, s.6
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.92
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte imame dəvazdəhhom, h.ş 1383, s.67
- ↑ Yaqubi, Tarixu Yəqubi, Beyrut, c.2, s.404
- ↑ İsfahani, Məqatilut-talibin, Beyrut, s.372
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.157
- ↑ İbn al-Ṭaqṭqaī, Əl-Fəxri, h.q 1418, s.189
- ↑ Xizri, Tarixe xilafəte Abbasi, h.ş 1383, s.52
- ↑ İbn al-Ṭaqṭqaī, Əl-Fəxri, h.q 1418, s.190
- ↑ Müqəddəsi, Əl-Bida vət-tarix, Beyrut, c.6, s.99
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.8, s.187; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.326-327; İsfahani, Məqatilut-talibin, Beyrut, s.364-385
- ↑ Təquş, Duləte Abbasiyan, h.ş 1380, s.93
- ↑ Buxari, Sirrus-silsilətil-Ələviyyə, m.1963, s.14-15
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.337
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, h.ş 1383, s.67
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, c.10, s.157
- ↑ İbn Əsir, Əl-Kamil, m.1965, c.6, s.89
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.8, s.190; Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.33
- ↑ Xizri, Tarixe xilafəte Abbasi, h.ş 1383, s.52
Ədəbiyyat
- Buxari, Səhl ibn Abdullah, Sirrus-silsilətil-Ələviyyə, Nəcəf, Əl-Mətəbətul-Heydəriyyə, m. 1963.
- Diynəvəri, Əbu Hənifə Əhməd ibn Davud, Əxbarut-tival, Təhqiq: Əbdül-Munim Amir, Qum, Mənşuratur-Rza, h.ş 1368.
- Hüseyn, Casim, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, Farscaya tərcümə: Seyid Məhəmməd Təqi Ayətullahi, Tehran, Əmir Kəbir, h.ş 1383.
- İbn Əsəm Kufi, Əbu Məhəmməd Əhməd, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, Darul-əzva, 1-ci çap, h.q 1411.
- İbn Əsir, İzuddin, Əl-Kamil, Beyrut, Daru Sadir, m. 1965.
- İbn Əl-Ümrani, Məhəmməd ibn Əli ibn Məhəmməd, Əl-İnba fi tarixil-xüləfa, Təhqiq: Qasim Əs-Samirai, Qahirə, Darul-afaqil-ərəbiyyə, h.q 1421.
- İbn Cəvzi, Əbul-Fərəc Əbdür-Rəhman ibn Əli, Əl-Müntəzəm fi tarixil-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412.
- İbn Həzm, Cəmhərətu ənsabil-ərəb, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1403.
- İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu İbn Xəldun, Təhqiq: Xəlil Şəhadə, Beyrut, Darul-fikr, 2-ci çap, h.q 1408.
- İbn İmad Hənbəli, Şəhabuddin Əbul-Fəllah, Şəzəratuz-zəhəb fi əxbari min zəhəb, Beyrut, Daru İbn Kəsir, 1-ci çap, h.q 1406.
- İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, tarixsiz.
- İbn Miskəveyh, Əbu Əli Miskəveyh Ər-Razi, Təcaribul-uməm, Təhqiq: Əbul-Qasim İmami, Tehran, h.ş 1379.
- İbn Qüteybə, Əbu Məhəmməd ibn Müslim, Əl-Məarif, Təhqiq: Sərvət Əkaşə, Qahirə, Əl-Heyətul-Misriyyətil-ammə lil-kitab, 2-ci çap, m. 1992.
- İbn al-Ṭaqṭqaī, Məhəmməd ibn Əli, Əl-Fəxri, Təhqiq: Əbdül-Qadir Məhəmməd Mayu, Beyrut, Darul-qələmil-ərəbi, h.q 1418.
- İsfahani, Əbul-Fərəc Əli ibn Hüseyn, Əl-Əğani, Beyrut, Daru ihyait-turasil-ərəbi, m. 1994.
- İsfahani, Əbul-Fərəc Əli ibn Hüseyn, Məqatilut-talibin, Təhqiq: Seyid Əhməd Səqər, Beyrut, Darul-mərifət, tarixsiz.
- Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbihu vəl-işraf, Düzəliş: Abdullah İsmail, Qahirə, Darus-Savi, tarixsiz.
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cuhər, Təhqiq: Əsəd Dağər, Qum, Darul-Hücrə, h.q 1409.
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix, Beyrut, Məktəbətus-səqafətit-diyniyyə, tarixsiz.
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbulfəzl İbrahim, Beyrut, Darut-turas, h.q 1387.
- Təquş, Süheyl, Duləte Abbasiyan, Farscaya tərcümə: Hüccətullah Cudəki, Qum, Pejuheşkədeye Hoze və Daneşqah, h.ş 1380.
- Xizri, Seyid Əhməd Rza, Tarixe xilafəte Abbasi, Tehran, Səmt, h.ş 1383.
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixu Yəqubi, Beyrut, Daru Sadir, tarixsiz.
- Zəhəbi, Şəmsuddin Məhəmməd ibn Əhməd, Tarixul-İslam və vəfiyyatul-məşahir vəl-əlam, Təhqiq: Ömər Əbdüs-Səlam, Beyrut, Darul-kutubil-ərəbi, 2-ci çap, h.q 1413.