Məzmuna keç

İmam Musa Kazim (ə)

wikishia saytından
İmam Musa Kazim (ə)
Kazimeyndə İmam Kazimin (ə) məzarı
Kazimeyndə İmam Kazimin (ə) məzarı
AdıMusa
NəsəbBəni-Haşim - Qüreyş
KünyəsiBirinci Əbul-Həsən - Əbu İbrahim
Doğulduğu günH.q 127 Zilhiccə ayı və yaxud h.q 128 Səfər ayının 7-si
Döğulduğu yerMədinə, Əbva
İmamətinin başlanğıcıH.q 148
Ondan sonraİmam Sadiq (ə)
Ondan əvvəlİmam Rza (ə)
İmamət müddəti35 il (H.q 148 - 183)
QatiliHarun Abbasinin əmri ilə Sindi ibn Şahik
ŞəhadətH.q 183 - 25 Rəcəb
Şəhadət yeriSindi ibn Şahikin zindanında - Bağdad
Dəfn olunduğu məkanKazimeyn hərəmi
Yaşadığı məkanMədinə
LəqəbləriKazim - Babul-həvaic - Əbdi Salih
Atasıİmam Sadiq (ə)
AnasıHümeydə
ZövcələriNəcmə xatun
Övladlarıİmam Rza (ə) - Məsumə - İbrahim - Qasim - Şahçerağ - Həmzə - Abdullah - İshaq - Həkimə və s.
Ömür müddəti55 il
Hadisələrİsmailiyyə, NavusiyyəFətəhiyyə firqələrinin yaranması - Fəx hadisəsinin baş verməsi
Tanınmış səhabələriƏli ibn Yəqtin - Hişam ibn Həkəm - Hişam ibn Salim - Səfvan
Eyni əsrdə olan hakimlərMənsur - Mehdi - Hadi - Harun Abbasi
ZiyarətnaməCovşən-kəbir duası, Covşən səğir duası ....
Əlaqəli əsərlərMusnədul-İmam Əl-Kazim - Həyatul-imam Musa ibn Cəfər
Əlaqəliİmam Kazimin (ə) münazirələri


İmam Musa Kazim (ə) (الإمام موسى الكاظم عليه السلام) adı ilə tanınan və Kazim, həmçinin Babul-Həvaic ləqəbi ilə çağırılan Musa ibn Cəfər (127 və ya 128 - 183 h.q.), on iki imamçı şiələrin yeddinci imamıdır. O, hicri 128-ci ildə, Əməvilərə qarşı Abbasilərin dəvətçisi Əbu Müslim Xorasaninin üsyanına təsadüf edən bir dövrdə dünyaya gəlib və hicri 148-ci ildə atası İmam Cəfər Sadiqin (ə) şəhid edilməsindən sonra imamət məqamına çatıb. Onun 35 illik imamlıq dövrü Mənsur, Hadi, Mehdi və Harun Ər-Rəşidin xilafəti ilə eyni vaxta təsadüf edib. İmam Musa Kazim (ə) bir neçə dəfə Mehdi və Harun tərəfindən həbs olunub və nəhayət, hicri 183-cü ildə Sind ibn Şahikin zindanında şəhid olub. İmamət ondan sonra oğlu Əli ibn Musa Rzaya (ə) keçib.

İmam Kazimin  (ə) imamlıq dövrü Abbasi xilafətinin güc zirvəsində olduğu dövrə təsadüf edirdi. O, dövrün hakimiyyətinə qarşı təqiyyə edir və şiələrətəqiyyə etməyi tövsiyə edirdi. Bu səbəbdən, yeddinci İmamın (ə) Abbasi xəlifələrinə və Fəx şəhidinin qiyamı kimi Ələvi qiyamlarına qarşı açıq mövqeyi barədə bir şey qeyd olunmayıb. Buna baxmayaraq, İmam Musa Kazim (ə), Abbasi xilafətini qanunsuz elan etmək üçün xəlifələrlə və başqaları ilə mübahisə və müzakirələr aparırdı.

Musa ibn Cəfər (ə) ilə bəzi yəhudi və xristian alimləri arasında olan müzakirə və söhbətlər tarixi və hədis mənbələrində nəql edilmişdir. Bu söhbətlərdə İmam (ə) onların suallarına cavab vermişdir. “Müsnədül-İmam əl-Kazim (ə)” kitabında ondan üç mindən çox hədis toplanmışdır və bunlardan bir neçəsini “Əshabül-İcma”nın bəziləri nəql etmişdir.

İmam Kazım (ə) şiələrlə əlaqə qurmaq üçün vəkillik təşkilatını genişləndirmiş və müxtəlif bölgələrdə vəkillər təyin etmişdir. Digər tərəfdən, İmam Kazimin (ə) həyatı şiə arasında bəzi parçalanmaların baş verməsi ilə eyni dövrə təsadüf edir. İsmailiyyə, FətəhiyyəNəvusiyyə firqələri onun imamətinin başlanması ilə, Vaqifiyyə firqəsi isə onun şəhadətindən sonra yaranmışdır.

Şiəsünni mənbələri onun elm, ibadət, səbir və səxavətini tərifləmiş, ona Kazim və Əbd Saleh ləqəblərini vermişlər. Əhli-sünnə alimləri də şiələrin yeddinci imamına (ə) dini bir alim kimi hörmətlə yanaşmış və şiələr kimi onun qəbrini ziyarət etmişlər. İmam Kazim (ə) və onun nəvəsi İmam Cavadın (ə) hərəmi Bağdadın şimalındakı Kazimeyn bölgəsində yerləşir. Bu hərəm Kazimeyn hərəmi adı ilə tanınır və müsəlmanların, xüsusən də şiələrin ziyarət etdiyi yerdir.

Bioqrafiyası

Musa ibn Cəfər (ə) hicri 127-ci ilin Zilhiccə ayında[1] və ya hicri 128-ci ilin Səfər ayının 7-ci günündə[2] İmam Cəfər Sadiq (ə) və xanımı Hümeydənin həccdən qayıtdığı zaman Əbva bölgəsində dünyaya gəlmişdir.[3] Onun hicri 129-cu ildə Mədinədə doğulduğunu deyən mənbələr də mövcuddur.[4] İran İslam Respublikasının təqviminə görə, yeddinci İmamın (ə) mövludu Zilhiccə ayının 20-ci günü qeyd olunur.[5] Bəzi mənbələr İmam Cəfər Sadiqin (ə) ona olan dərin məhəbbət bəsləməsindən xəbər verir.[6] Əhməd Bərqinin rəvayətinə görə, İmam Cəfər Sadiq (ə) oğlu Musa (ə) dünyaya gəldikdən sonra üç gün insanlara yemək paylamışdır.[7]

Musa ibn Cəfərin (ə) nəsli dörd vasitə ilə İmam Əliyə (ə) çatır. Atası, şiələrin altıncı imamı Cəfər Sadiq (ə), anası isə Hümeydə Bərbəriyyədir.[8] Onun künyələri arasında Əbu İbrahim,[9] Əbu Həsən Əvvəl,[10] Əbu Həsən Mazi[11] və Əbu Əli[12] qeyd olunmuşdur. Həmçinin Əbu Həmzə,[13] Əbu Abdullah[14] və Əbu İsmayıl[15] da ona aid edilən digər künyələrdəndir. O, insanların pis rəftarı qarşısında səbir və qəzəbini cilovladığı üçün "Kazim" (qəzəbini boğan),[16] çox ibadət etdiyi üçün "Əbd Salih" ləqəblərini almışdır.[17] "Babəl-Həvaic" (ehtiyac qapısı) da onun ləqəblərindəndir.[18] Mədinə əhli onu “Zeynül-Müctəhidin” (təlaş edənlərin zinəti) adlandırırdı.[19]

Musa ibn Cəfər (ə) qüdrət və iqtidarın Əməvilərdən Abbasilərə keçid dövründə dünyaya gəlmişdir. O, dörd yaşında olarkən Abbasi xilafətinin ilk xəlifəsi hakimiyyətə gəldi. İmam Kazimin (ə) imamlıqdan əvvəlki həyatı haqqında geniş məlumat yoxdur. Ancaq uşaqlıq dövründə Mədinədə Əbu Hənifə[20] və digər dinlərin alimləri ilə[21] elmi müzakirələr etdiyi barədə bəzi rəvayətlər mövcuddur.

"Mənaqib" əsərində qeyd olunan bir rəvayətə əsasən, İmam Kazim (ə) Şam bölgəsindəki bir kəndə tanınmadan daxil olmuş və orada bir rahiblə söhbət etmişdir. Bu söhbət nəticəsində rahib və yoldaşları müsəlman olmuşdur.[22] Həmçinin İmamın (ə) həcc və ya ümrə üçün Məkkəyə səfərləri ilə bağlı məlumatlar mövcuddur.[23] Bir neçə dəfə Abbasi xəlifələri tərəfindən Bağdada çağırıldığı da rəvayət edilir. Bunun xaricində, İmam (ə) ömrünün böyük hissəsini Mədinədə keçirmişdir.

Həyat yoldaşı və övladları

İmam Kazimin (ə) həyat yoldaşlarının sayı dəqiq bilinmir. İlk həyat yoldaşı İmam Rzanın (ə) anası Nəcmədir.[24] Onun övladlarının sayı ilə bağlı da tarixi mənbələrdə müxtəlif məlumatlar verilib. Şeyx Müfidin bildirdiyinə görə, İmam Kazimin 37 övladı (18 oğlan və 19 qız) olub. İmam Rza (ə), İbrahim, Şahçırag, Həmzə və İshaq onun oğlanlarından, Fatimə MəsuməHəkimə isə qızlarından bəziləridir.[25] İmam Kazimin (ə) nəvələri “Musəvi seyidləri” (Həzrət Musa (ə) soyundan olan seyidlər) kimi tanınır.[26]

İmamət dövrü

Musa ibn Cəfər, 148-ci ildə İmam Cəfər Sadiqin (ə) şəhadətindən sonra 20 yaşında ikən imam oldu.[27] Onun imamlığı Abbasi xəlifələrindən dördü ilə eyni vaxta təsadüf edib.[28] Onun imamlığının təxminən 10 ili Mənsur (hökuməti: 136-158 h.q.), 11 ili Mehdi Abbasi (hökuməti: 158-169 h.q.), 1 ili Hadi Abbasi (hökuməti: 169-170 h.q.), 13 ili isə Harun ər-Rəşidin (hökuməti: 170-193 h.q.) dövrlərində keçib.[29] İmam Kazimin (ə) imamlıq müddəti 35 il olub və o Həzrətin 183-cü ildə şəhadətə çatmasından sonra imamlıq, övladı İmam Rzaya (ə) keçdi.[30]

İmamətin təyin olunması ilə bağlı nəsslər

Şiənin baxışına görə, imam Allah tərəfindən təyin olunur və onu tanıma yollarından biri nəssdir (Peyğəmbərin (s) və ya əvvəlki imamın, özündən sonrakı imamı açıq şəkildə təqdim etməsi).[31] İmam Cəfər Sadiq (ə) bir çox halda Musa ibn Cəfərin (ə) imamətini yaxın səhabələrinə elan etmişdir. Kafi,[32] İrşad,[33] İlamul-Vəra[34]Biharul-Ənvar[35] kitablarının hər birində Musa ibn Cəfərin (ə) imaməti haqqında nəsslərlə bağlı fəsillər mövcuddur. Bu kitablar sıra ilə 16, 46, 12 və 14 rəvayət nəql etmişdir.[36] O cümlədən:

  • Süleyman ibn Xalid adlı ravidən belə nəql edilir ki, İmam Cəfər Sadiq (ə) oğlu İmam Kazimi (ə) özündən sonra “sahibül-əmr” (işlərin sahibi) olaraq təqdim etmişdir.[37]
  • Səfvan Cəmmal isə Mənsur ibn Hazimdən belə rəvayət edir ki, İmam Cəfər Sadiq (ə), həmin vaxt beş yaşında olan İmam Kazimin (ə) çiyninə əlini qoyaraq onu özündən sonrakı imam olaraq tanıtmışdır.[38]
  • Əli ibn Cəfər rəvayət etmişdir ki, İmam Cəfər Sadiq (ə) Musa ibn Cəfər haqqında belə buyurmuşdur:
«فَإِنَّهُ أَفْضَلُ وُلْدِی وَ مَنْ أُخَلِّفُ مِنْ بَعْدِی وَ هُوَ الْقَائِمُ مَقَامِی وَ الْحُجَّةُ لِلَه تَعَالَی عَلَی كَافَّةِ خَلْقِهِ مِنْ بَعْدِی»

“O, mənim övladlarımın ən fəzilətlisi və məndən sonra canişinim ollacaq şəxsdir. O, məndən sonra Allah-Təalanın bütün məxluqatı üzərində höccəti olacaqdır.”[39]

Həmçinin “Uyunu Əxbarir-Rza” kitabında nəql edilir ki, Harun Ər-Rəşid oğlu Məmunla söhbətində Musa ibn Cəfəri (ə) haqq imam və Peyğəmbərin (s) canişini olmaq üçün ən layiqli şəxs kimi tanıtmış, öz rəhbərliyini isə zahiri və zor gücü ilə əldə olunmuş olaraq təsvir etmişdir.[40]

İmam Sadiqin (ə) vəsiyyəti və bəzi şiələrin tərəddüdü

Mənbələrdə qeyd olunur ki, İmam Sadiq (ə), Abbasilərin təzyiqləri və İmam Kazimin (ə) canını qorumaq məqsədilə, özündən sonra beş nəfəri, o cümlədən, Abbasi xəlifəsini öz vəsisi kimi tanıtdırmışdır.[41] Baxmayaraq ki, İmam Sadiq (ə) bir çox dəfə xüsusi səhabələrinə özündən sonrakı imamı tanıtdırmışdı, amma bu addım şiələr arasında bir qədər qeyri-müəyyənliyə səbəb oldu. Bu dövrdə İmam Sadiqin (ə) görkəmli səhabələrindən olan Mömin TaqHişam ibn Salim kimi şəxslər də tərəddüdə düşmüşdülər. Onlar əvvəlcə İmamlıq iddiasında olan Abdullah Əftəhin yanına gedərək, zəkat haqqında suallar verdilər. Lakin Abdullahın cavabları onları qane etmədi. Onlar daha sonra Musa ibn Cəfərlə (ə) görüşərək onun cavablarından razı qaldılar və onun imamətini qəbul etdilər.[42]

Şiəlikdə parçalanma

Musa ibn Cəfərin (ə) imaməti dövründə İsmailiyyə, FətəhiyyəNavusiyyə kimi firqələr formalaşdı. İmam Sadiqin (ə) sağlığında şiəlikdə parçalanma zəmini mövcud olsa da, heç bir ayrılıq baş verməmişdi. Lakin İmam Sadiqin (ə) şəhadətindən və Musa ibn Cəfərin (ə) imamətindən sonra şiələr müxtəlif firqələrə bölündülər. Onlardan bəziləri İmam Sadiqin (ə) oğlu İsmailin ölümünü inkar edərək, onu imam kimi tanıyırdılar. Bu qrupun bir hissəsi İsmailin sağ olmadığına əmin olduqdan sonra onun oğlu Məhəmmədi imam qəbul etdilər və bu qrupa İsmailiyyə adı verildi. Digər bir qrup Abdullah Əftəhi imam tanıyıb, Fətəhiyyə kimi tanındılar, lakin onun İmam Sadiqin (ə) şəhadətindən təxminən 70 gün sonra vəfat etməsindən sonra Musa ibn Cəfərin (ə) imamətini qəbul etdilər. Bir qismi isə Navus adlı şəxsin ardınca gedərək İmam Sadiqin (ə) imamətində dayandılar və bəzi şəxslər də Məhəmməd Dibacı imam kimi qəbul etdilər.[43]

Qülüvv edənlərin fəaliyyəti

İmam Kazim (ə) dövründə Qülüvv edənlər də fəal idilər. Bu dövrdə Bəşiriyyə firqəsi yaranmışdı ki, bu firqə Musa ibn Cəfərin (ə) səhabələrindən olan Məhəmməd ibn Bəşirə nisbət verilirdi. O, İmamın (ə) həyatı zamanında o Həzrətə yalan sözlər nisbət verirdi.[44] Məhəmməd ibn Bəşir deyirdi ki, xalqın Musa ibn Cəfər olaraq tanıdığı şəxs, Allahın höccəti və həqiqi imam olan Musa ibn Cəfər (ə) deyil.[45] O, iddia edirdi ki, həqiqi Musa ibn Cəfər (ə) onun yanındadır və o, İmamı xalqa göstərə bilər.[46] Məhəmməd ibn Bəşir sehrbazlıqda mahir idi və İmam Kazimin (ə) üzünə bənzəyən bir surət yaratmışdı. Bu surəti xalqa İmam Kazim (ə) kimi təqdim edirdi və bəzi insanlar onun yalanlarına aldanırdılar.[47] Məhəmməd ibn Bəşir və tərəfdarları, İmam Kazimin (ə) şəhadətindən əvvəl cəmiyyətdə İmam Kazimin (ə) həbs edilmədiyi, sağ olduğu və heç vaxt ölməyəcəyi ilə bağlı şayiələr yaymışdılar.[48] İmam Kazim (ə), Məhəmməd ibn Bəşiri nəcis hesab edir, ona lənət oxuyur və onun qanını tökməyi halal bilirdi.[49]

Elmi fəaliyyət

İmam Kazimin (ə) müxtəlif elmi fəaliyyətlərinin olduğu bildirilir. Bu fəaliyyətlərin mətnləri rəvayətlər, elmi mübahisələr və dialoqlar şəklində şiə hədis kitablarında yer almışdır.[62]

Rəvayətlər

İmam Kazim (ə) haqqında çoxlu hədislər şiə hədis mənbələrində nəql edilmişdir. Bu hədislər əsasən tövhid,[63] bəda,[64] iman[65] kimi kəlam mövzularını və əxlaq mövzularını əhatə edir.(66) Həmçinin Cövşən-Səğir duası kimi münacatlar da ondan nəql olunmuşdur. Bu hədislərin sənədlərində o Həzrətə “əl-Kazim”, “Əbul-Həsən”, “Əbul-Həsən Əvvəl”, “Əbul-Həsən Mazi”, “əl-Alim”[67] və “Əbd Salih” kimi ifadələrlə işarə edilmişdir. Əzizullah Utaridi “Müsnədul-İmam əl-Kazim" kitabında İmam Kazimdən (ə) 3134 hədis toplamışdır.[68] Əhli-sünnə alimlərindən olan Əbu İmran Mərvəzi Bağdadi (vəfatı: 299 h.q.) də İmam Kazimin hədislərindən bir qismini “Müsnədul-İmam Musa bin Cəfər” adlı əsərində toplamışdır.[69]

Musa ibn Cəfərdən (ə) başqa əsərlər də nəql edilmişdir:

  • İmam Kazimin (ə) qardaşı Əli ibn Cəfər "əl-Məsail" adlı bir kitab yazmışdır. Bu kitabda İmam Kazimə (ə) verdiyi suallar və aldığı cavablar qeyd edilmişdir.[70] Bu kitabın mövzusu fiqhi məsələlərdir.[71] Bu əsər “Məsailu Əli ibn Cəfər və Mustədrəkatuha” adı ilə Alul-Beyt İnstitutu tərəfindən nəşr olunmuşdur.
  • Hişam ibn Həkəmə xitab olaraq yazılmış ağıl haqqında bir kitab.[72]
  • Fəth ibn Abdullahın suallarına cavab olaraq yazılmış tövhid mövzusunda bir kitab.[73]
  • Əli ibn Yəqtin, Musa ibn Cəfərdən (ə) öyrəndiyi məsələləri “Məsailu ən Əbil-Həsən Musa ibn Cəfər” adlı kitabda toplamışdır.[74]

Müzakirələr və söhbətlər

İmam Kazimin (ə) bəzi Abbasi xəlifələri,[75] yəhudi[76] və xristian alimləri,[77] Əbu Hənifə[78] və digərləri ilə etdiyi müzakirə və söhbətləri nəql olunmuşdur. Baqir Şərif Qərəşi İmam Kazimin (ə) səkkiz söhbətini "Həzrətin müzakirələri" adı altında toplamışdır.[79] İmam Kazim (ə) Mehdi Abbasi ilə Fədək və həmçinin Quranda içkinin haramlığı barədə müzakirələr etmişdir.[80] O Həzrətin həmçinin Harun Abbasi ilə də müzakirələri olmuşdur. Harun, Peyğəmbərlə (s) qohumluğunun Musa ibn Cəfərdən (ə) daha yaxın olduğunu göstərmək istədiyi zaman, İmam Kazim (ə) onun hüzurunda özünün Peyğəmbərə (s) yaxın nəsil əlaqələrinin olduğunu açıq şəkildə ifadə etmişdir.[81] Musa ibn Cəfərin (ə) digər dinlərin alimləri ilə söhbətləri də adətən onların suallarına cavab olaraq olmuşdur və sonunda onların İslama gəlməsi ilə nəticələnmişdir.[82]

Həyat tərzi

İbadi həyat tərzi

Şiəsünni mənbələrinə görə, İmam Kazim (ə) ibadətə çox bağlı idi; buna görə də ona “Əbd Salih” ləqəbi verilmişdir.[83] Bəzi məlumatlara əsasən, İmam Kazim (ə) o qədər ibadət edirdi ki, hətta zindan gözətçiləri də onun ibadətindən təsirlənirdi.[84] Şeyx Müfid Musa ibn Cəfəri (ə) öz dövrünün ən çox ibadət edən insanı hesab etmiş və belə qeyd etmişdir: O, Allah qorxusundan o qədər ağlayırdı ki, saqqalı göz yaşları ilə islanırdı. O, “Əzuməz-zənbu min əbdikə fəl-yəhsunil-əfvu min indikə” (Günah bəndəndən böyükdür, amma Sənin əfv etməyin daha gözəldir) duasını təkrarlayır və “Əllahummə inni əsəlukər-rahatə indəl-məvti vəl-əfvə indəl-hisab” (Allahım, ölüm anında rahatlıq və hesab olunma zamanında əfvini istəyirəm) duasını səcdədə oxuyurdu.[85] Hətta Harunun əmri ilə zindana salındığı zaman belə Allaha şükür edirdi ki, ibadət üçün fürsət yaranıb: “Allahım, hər zaman Səndən ibadət üçün bir fürsət istəyirdim və Sən bunu mənə nəsib etdin; buna görə Sənə şükür edirəm”.[86]

İmam Kazimin (ə) üzüyündəki yazılar belə olmuşdur: “Həsbiyəllahu hafizi” (Allah, mənim qorunmağım üçün kifayət edir”.[87] və “Əl-mulku lillahi vəhdəhu” Hökmdarlıq yalnız Allaha məxsusdur”.[88]

Əxlaqi həyat tərzi

İmam Musa Kazimin (ə) əxlaqi xüsusiyyətləri haqqında şiə və sünni mənbələrində müxtəlif məlumatlar mövcuddur. Bu məlumatlar onun səbirli[89][90] və səxavətli[91][92] bir şəxs olduğunu göstərir. Şeyx Müfid onu öz dövrünün ən səxavətli insanı olaraq tanıtmış və bildirmişdir ki, o, gecələr Mədinənin yoxsullarına azuqə aparardı.[93] İbn İnəbə, Musa ibn Cəfərin (ə) səxavəti haqqında belə deyib: “O, gecələr evindən çıxar, özü ilə dirhəmlə dolu kisələr götürər və rastına çıxanlara, yaxud onun səxavətinə ümid bəsləyənlərə paylayardı. Elə ki, onun kisələr dolusu pulları zərbül-məsələ çevrilmişdi”.[94] Həmçinin Musa ibn Cəfərin (ə) ona zərər verən insanlara belə yaxşılıq etdiyi və onun haqqında kiminsə pis niyyətdə olduğunu eşitdikdə həmin şəxsə hədiyyə göndərdiyi bildirilmişdir.[95] Şeyx Müfid, həmçinin İmam Kazimi (ə) ailəsinə və digər qohumlarına qarşı sileyi-rəhimdə ən çox diqqət göstərən insanlardan biri kimi təqdim etmişdir.[96]

Şiələrin yeddinci imamının “Kazim” (qəzəbini boğan) ləqəbi almasının səbəbi onun qəzəbini cilovlamaq xüsusiyyəti olmuşdur.[97] Mənbələrdə müxtəlif məlumatlar var ki, İmam Kazim (ə) düşmənlərinə və ona qarşı pislik edən insanlara qarşı qəzəbini udmuşdur.[98]

Əlavə məlumat üçün adı keçən məqaləyə daxil olun: Kazim (ləqəb)

Sonradan təsəvvüf şeyxləri sırasına daxil olan Buşr Hafi də o Həzrətin sözlərindən və əxlaqından təsirlənərək tövbə etmişdir.[99][100]

Siyasi həyat tərzi

İmam Kazimin (ə) siyasi həyatı və fəaliyyəti ilə bağlı bəzi mənbələr bildirir ki, o, müxtəlif yollarla, o cümlədən, mübahisələr və əməkdaşlıqdan çəkinməklə Abbasi xəlifələrinin qeyri-legitimliyini vurğulayır və xalqın onlara olan etimadını sarsıtmağa çalışırdı.(101) Aşağıdakı nümunələr onun Abbasiləri etibarsızlaşdırmaq cəhdlərindən hesab olunur:

  • Abbasi xəlifələri özlərini Peyğəmbərə (s) mənsub etməklə hakimiyyətlərinə qanuni əsas yaratmağa çalışdıqları vaxtlarda, İmam Kazim (ə) öz əsil-nəsəbini irəli sürərək, Abbasilərdən daha çox Peyğəmbərə (s) yaxın olduğunu göstərirdi. O cümlədən, onunla Harun Abbasinin arasında baş verən bir söhbətdə İmam (ə), Qurandakı ayələrə, xüsusilə Mubahilə ayəsinə əsaslanaraq, anası Həzrət Zəhranın (s) vasitəsilə Peyğəmbərə (s) olan mənsubiyyətini sübut etmişdi(102)(103)
  • Mehdi Abbasi “Rəddi Məzalim” (boynunda olan mal və borcları qaytarmaq) həyata keçirdiyi vaxt İmam Kazim (ə) ondan Fədək torpaqlarını tələb etmişdi.(104) Mehdi Abbasi, İmamdan (ə) onun sərhədlərini müəyyən etməsini istəmiş, İmam (ə) isə Abbasi hökumətinin ərazilərinə bərabər olan sərhədləri göstərmişdi.(105) Fədəkin geri qaytarılması və İmam Kazim (ə) tərəfindən onun sərhədlərinin müəyyən olunması ilə bağlı hadisə Harun Abbasiyə də aid edilir.(106)
  • İmam Kazim (ə) öz tərəfdarlarına Abbasilərlə əməkdaşlıq etməməyi tövsiyə edirdi. Məsələn, o, Səfvan Cəmmalı öz dəvələrini Haruna kirayələməkdən çəkindirmişdi.(107) Bununla yanaşı, Harun ər-Rəşidin hakimiyyəti dövründə vəzirlik edən Əli ibn Yəqtinə sarayda qalmağı və şiələrə xidmət etməyi tövsiyə etmişdi.(108) Eyni zamanda İmam (ə) ondan Əhli-Beyt dostlarını qoruyacağına dair təminat istəmiş, özü də Əli ibn Yəqtinə ölüm, çətinlik və həbsə məruz qalmayacağı ilə bağlı təminat vermişdi.(109)

Bununla belə, İmam Musa Kazimin (ə) hökumətə qarşı açıq müxalifəti barədə məlumat verilmir. O, təqiyyə edirdi və şiələrə də bunu tövsiyə edirdi. Məsələn, Xəlifə Hadi Abbasinin anası Xizrəna onun vəfatına görə başsağlığı məktubu göndərmişdi.(110) Bir rəvayətə görə, Harun onu çağırdığı vaxt İmam (ə) buyurmuşdu: “Hakim qarşısında təqiyyə vacib olduğu üçün Harunun yanına gedirəm”. O, həmçinin Əbu Talib övladlarının evlənməsi və onların nəsilinin kəsilməsinin qarşısını almaq üçün Harunun göndərdiyi hədiyyələri qəbul edirdi.(111) İmam Kazim (ə) Əli ibn Yəqtinə məktub yazaraq, bir müddət sünni üsuluna uyğun dəstəmaz almasını, bu yolla təhlükədən qorunmasını istəmişdi.(112)

İmam Kazim (ə) və Ələvi qiyamları

Musa ibn Cəfərin (ə) həyat dövrü Abbasilərin hakimiyyətə gəlməsi və Ələvilərin onlara qarşı başlatdığı qiyamlarla eyni vaxta təsadüf edirdi. Abbasilər Əhli-Beytə (ə) tərəfdarlıq və dəstək şüarı ilə hakimiyyətə gəlmişdilər, lakin çox keçmədən Ələvilərin sərt düşməninə çevrilərək onların bir çoxunu öldürdülər və ya həbs etdilər.(113) Abbasi hakimlərinin Ələvilərə olan təzyiqləri nəticəsində, bir sıra tanınmış Ələvi şəxsiyyətlər qiyam qaldırdılar. Fəx şəhidinin qiyamı, Yəhya ibn Abdullahın qiyamı və İdrisilərin hökumətinin qurulması bunlara nümunədir. Fəx qiyamı, Musa ibn Cəfərin (ə) imaməti və Hadi Abbasinin xəlifəliyi dövründə, hicri 169-cu ildə baş vermişdir.(114) İmam (ə) bu qiyamlarda iştirak etməmiş və onun bu qiyamları təsdiq və ya rədd etməsi ilə bağlı açıq bir mövqe bildirdiyi haqqında məlumat yoxdur. Hətta Yəhya ibn Abdullah Təbəristanda qiyam etdikdən sonra o Həzrətə məktub göndərərək onun qiyama qoşulmamasından gileylənmişdir.(115)

Zeydiyyə məzhəbinin dördüncü əsr tarixçiləri Əhməd ibn İbrahim Həsəni və Əhməd ibn Səhlin sözlərinə görə, İmam Kazim (ə) Fəx hadisəsi baş verdiyi vaxt Həcc ziyarətini yerinə yetirmək üçün Məkkədə olmuşdur.(116) O ikisinin dediyinə əsasən, Abbasi xəlifəlik sisteminin nümayəndələrindən biri olan Musa ibn İsa, müharibə zamanı İmamı (ə) çağırmış, o Həzrət də həmin yerə getmiş və döyüş sona çatana qədər onunla birgə qalmışdır.(117) Bu məlumatlara görə, döyüşdən sonra İmam (ə) Minaya getdikdə kəsilmiş başlar onun yanına gətirilmişdir.(118) Əbul-Fərəc İsfahaninin nəqlinə əsasən, İmam Kazim (ə) Fəx qiyamının rəhbərinin başını görən zaman “İstirca” (İnna lillahi və inna ileyhi raciun) ayəsini oxumuş və onun yaxşılıqlarını qeyd edərək, onu düzgün bir şəxs kimi tanıtmışdır.(119) Beyhəqinin “Ləbabul-Ənsab” əsərinin verdiyi məlumata görə isə, Fəx rəhbəri öldükdən sonra İmam Kazim (ə) onun cənazə namazını qılmışdır.(120)

Hicri yeddinci əsr şiə alimlərindən olan Seyid İbn Tavusun nəqlinə əsasən, Hadi Abbasi, Fəx qiyamını İmam Kazimin (ə) əmri ilə bağlı hesab etmişdir.(121) Amma KuleynininKafi” kitabında nəql etdiyi bir rəvayətə görə, Fəx rəhbəri qiyam qaldırdığı zaman İmam Kazimi (ə) beyətə dəvət etmiş, lakin İmam (ə) onun təklifini rədd etmiş və onu beyətə məcbur etməməsini istəmişdir. O da bunu qəbul etmişdir.(122) Abdullah Mamqaniyə görə, Fəx rəhbərinin İmam Kazimdən (ə) beyət tələb etməsi formal bir addım idi və uğur qazandığı halda xilafəti o Həzrətə təhvil vermək məqsədini güdürdü. Buna görə də İmam (ə) təqiyyə edərək onu qiyamdan çəkindirmiş, lakin daxilən onun bu hərəkətindən razı idi. Çünki qiyam rəhbəri şəhid olduqdan sonra onun üçün rəhmət diləmişdir.(123)

Bəzi tədqiqatçılar isə hesab edir ki, Fəx rəhbərinin şəxsiyyətini təsdiqləyən rəvayətlər olsa da, bunlar, məsum İmamların (ə) onun qiyamını dəstəkləməsi üçün dəlil sayıla bilməz.(124) 15-ci hicri əsrinin tarixçisi Rəsul Cəfərian Fəx qiyamını Abbasilərə qarşı Ələvilərin ən sağlam qiyamlarından biri kimi görmüş, lakin bu qiyamın İmam Kazimin (ə) əmri ilə baş verdiyinə dair bir sübut olmadığını qeyd etmişdir. Həqiqətdə, o, şiə İmamiyyə məzhəbinin bu qiyamlarla razılaşmadığını, Ələvilərlə bu məsələdə münaqişəyə girdiyini və aralarında ixtilaflar yarandığını vurğulamışdır.(125)

İmamın (ə) zindana düşməsi

İmam Kazim (ə), imamət dövründə Abbasi xəlifələri tərəfindən bir neçə dəfə çağırılaraq həbs edilmişdir. İlk dəfə Məhdi Abbasinin xilafəti dövründə İmam (ə) xəlifənin əmri ilə Mədinədən Bağdada aparılmışdır.(126) Harun da iki dəfə İmamı (ə) həbs etmişdir. Birinci həbsin vaxtı və həbs müddəti mənbələrdə qeyd edilməmişdir, lakin ikinci dəfə hicri 179-cu ilin şəvval ayının 20-də Mədinədə həbs olunmuş(127) və Zilhiccə ayının 7-də Bəsrədə İsa ibn Cəfərin evində zindana salınmışdır.(128) Şeyx Müfidin verdiyi məlumata görə, Harun hicri 180-ci ildə İsa ibn Cəfərə məktub göndərərək İmamı (ə) öldürməyi əmr etmiş, lakin İsa, bu əmri yerinə yetirməkdən imtina etmişdir.(129) Bundan sonra İmamı (ə) Bağdadda Fəzl ibn Rəbiənin həbsxanasına köçürmüşlər. İmam Kazim (ə) həyatının son illərini Fəzl ibn Yəhya və Sindi ibn Şahikin həbsxanalarında keçirmişdir.(130)

İmam Kazimin (ə) ziyarətində o Həzrətə “الْمُعَذَّبِ فِي قَعْرِ السُّجُون‏” (həbsxanaların dərinliklərində işgəncələrə məruz qalan) ifadəsi ilə salam verilmişdir.(131) Ziyarətnamədə İmamın (ə) həbsxanası “ظُلَم‌ المطامیر” (zulmət və sıx zindanlar) kimi təsvir edilmişdir. “Mətmurə”, ayaqları uzatmaq və ya yatmaq mümkün olmayan həbsxana mənasını daşıyır. Həmçinin Bağdadın yeraltı zindanları Dəclə çayına yaxın olduğu üçün nəmli və rütubətli (mətmurə) olmuşdur.(132)

İmam Kazimin (ə) Abbasi xəlifələri tərəfindən həbs edilmə və zindana salınma səbəbləri ilə bağlı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Bəzi mənbələrə görə, Harunun əmri ilə Musa ibn Cəfərin (ə) həbs edilməsinin səbəbi Yəhya Bərməkinin o Həzrətə həsədi və onunla yanaşı İmamın (ə) qardaşı oğlu Əli ibn İsmayıl ibn Cəfərin Harunun yanında İmamı (ə) pisləməsi olmuşdur.(133) Bildirilir ki, Harun şiələrin İmam Kazimlə (ə) əlaqəsindən narahat idi və onların İmamət inancının xilafətini zəiflədəcəyindən qorxurdu.(134) Başqa bir məlumatda isə İmamın (ə) həbs edilməsinin səbəbi bəzi şiələrin, məsələn, Hişam ibn Həkəmin İmamın (ə) təqiyyə əmrini yerinə yetirməmələri olduğu qeyd edilir.(135) Hişam ibn Həkəmin elmi mübahisələri İmamın (ə) həbs edilməsinin səbəblərindən biri kimi göstərilmişdir.(136)

İmamın (ə) şəhid olması

İmam Kazimin (ə) həyatının son günləri Sindi ibn Şahikin həbsxanasında keçib. Şeyx Müfidin bildirdiyinə görə, Sindinin Harun ər-Rəşidin əmri ilə İmamı (ə) zəhərlədiyi və o Həzrətin bundan üç gün sonra şəhid olduğu deyilir.[137] Məşhur nəzərə əsasən,[138] şəhadəti 183-cü hicri ilinin Rəcəb ayının 25-ci cümə günü Bağdadda baş vermişdir.[139] Şeyx Müfidin dediyinə görə isə İmam Kazimin (ə) şəhadəti Rəcəb ayının 24-də olub.[140] İmam Kazımın (ə) şəhadət vaxtı və yeri ilə bağlı başqa fikirlər də mövcuddur, məsələn, 181-ci və 186-cı hicri illəri.[141][142] “Mənaqib” kitabı “Əxbarul-xüləfa” əsərinə istinadən qeyd edir ki, İmam Kazim (ə) Harunun tələbi ilə Fədək torpaqlarının sərhədlərini müəyyənləşdirdi, lakin sərhədləri elə təyin etdi ki, bu, o dövrün bütün İslam dünyasını əhatə edirdi. Bu isə Harunu o qədər qəzəbləndirdi ki, İmama (ə) “bizim üçün heç nə saxlamadın” dedi və məhz bu hadisədən sonra İmamı (ə) öldürmək qərarına gəldi.[143]

Musa ibn Cəfər (ə) şəhid edildikdən sonra Sindi bin Şahik, İmamın təbii ölüm ilə dünyadan getdiyini göstərmək üçün bir neçə Bağdad fəqihləri və tanınmış şəxsləri çağırdı və onlara İmamın cəsədini göstərdi ki, bədənində heç bir yara olmadığını görsünlər. Bundan əlavə, onun əmri ilə İmamın cəsədi Bağdad körpüsü üzərinə qoyuldu və Musanın təbii ölüm ilə dünyadan köçdüyü elan edildi. [144] İmamın şəhadət səbəbi ilə bağlı müxtəlif rəvayətlər var; tarixçilərin əksəriyyəti Yəhya ibn Xalid və Sindi bin Şahikin onu zəhərlədiyini bildirir. [145][146] Bir rəvayətdə isə İmamın xalçaya bükülərək şəhid edildiyi deyilir. [147]

İmam Kazımın (ə) cəsədinin nümayiş etdirilməsi ilə bağlı iki səbəb irəli sürülüb: birincisi, onun təbii ölüm ilə vəfat etdiyini sübut etmək; ikincisi isə İmamın Məhdilik inancına sahib olanların fikrini təkzib etmək. [148]

İmamın (ə) hərəmi

Musa ibn Cəfərin (ə) cəsədi Mənsur Dəvaniqinin ailə məqbərəsi olan və Qüreyş məqbərələri kimi tanınan bir yerdə dəfn edilmişdir.(149) “İsbatul-Vəsiyyət” kitabının dediyinə görə, Musa ibn Cəfər (ə) şəhid olmamışdan əvvəl bu yeri özü almışdır.(150) Onun məzarı Kazimeyn hərəmi kimi məşhurdur. Bildirilir ki, Abbasilərin onun cəsədini bu məqbərədə dəfn etmələrinin səbəbi, dəfn yerinin şiələrin toplaşma məkanına çevrilməsindən qorxmuş olmalarıdır.(151)

İmam Kazim (ə) və İmam Cavadın (ə) məzarı Bağdadın Kazimeyn bölgəsində yerləşir və “Kazimeyn hərəmi” kimi məşhur olub. Ora həmçinin müsəlmanlar, xüsusən də şiələr üçün ziyarətgahdır. İmam Rza (ə) tərəfindən nəql edilən rəvayətlərə əsasən, İmam Kazimin (ə) məzarını ziyarət etmək, Peyğəmbər (s), İmam Əli (ə)İmam Hüseynin (ə) məzarını ziyarət etməklə bərabər tutulmuşdur.(152)

İmamın (ə) səhabə və vəkilləri

İmam Kazimin (ə) səhabələri haqqında dəqiq məlumatlar mövcud deyil və onların sayı barədə müxtəlif fikirlər vardır. Şeyx Tusi onların sayını 272 nəfər,(153) Bərqi isə 160 nəfər olaraq qeyd etmişdir.(154) “Həyatul-İmam Musa ibn Cəfər (ə)” kitabının müəllifi Baqir Şərif Qərəşi, Bərqinin fikrini rədd edərək, özü İmamın (ə) 321 səhabəsinin adını  qeyd etmişdir.(155)

İmam Kazimin (ə) tanınmış səhabələrindən bəziləri bunlardır: Əli ibn Yəqtin, Hişam ibn Həkəm, Hişam ibn Salim, Məhəmməd ibn Əbi Ümeyr, Həmmad ibn İsa, Yunis ibn Əbdür-Rəhman, Səfvan ibn YəhyaSəfvan Cəmmal.(156) Bunlardan bəziləri, məsələn, Səfvvan ibn Yəhya(157) və Məhəmməd ibn Əbi Ümeyr(158) “icma səhabələri” arasında yer almışdır. İmam Kazim (ə) şəhid olduqdan sonra, bəzi səhabələri, məsələn, Əli ibn Əbu-Həmzə Bataəni, Ziyad ibn Mərvan və Osman ibn İsa İmam Əli ibn Musa ər-Rzanın (ə) imamətini qəbul etməmiş və İmam Musa ibn Cəfərin (ə) imamətində dayanmışlar.(159) Bu qrup “Vaqifiyyə” kimi tanınmışdır. Lakin sonradan onların bir qismi İmam Rzanın (ə) imamətini qəbul etmişdir.(160)

Vəkillik təşkilatı

İmam Kazim (ə) şiələrlə əlaqəni qorumaq və onların iqtisadi gücünü artırmaq üçün İmam Sadiqin (ə) dövründə əsası qoyulan vəkillik təşkilatını genişləndirmişdi. O, bəzi səhabələrini vəkil təyin edərək müxtəlif bölgələrə göndərmişdi. Mənbələrdə onun 13 vəkilinin adı qeyd edilmişdir.[161] Bəzi mənbələrə görə, Əli ibn YəqtinMüfəzzəl ibn Ömər Kufədə, Əbdür-Rəhman ibn Həccac Bağdadda, Ziyad ibn Mərvan Qəndəharda, Osman ibn İsa Misirdə, İbrahim ibn Səlam Nişapurda və Abdullah ibn Cündəb Əhvazda onun vəkillik vəzifəsini yerinə yetirmişdir.[162]

Mənbələrdə şiələrin öz xumslarını İmam Kazimə (ə) və ya onun nümayəndələrinə çatdırdığı barədə müxtəlif məlumatlar mövcuddur. Şeyx Tusi də bəzi vəkillərin vaqifiyyə məzhəbinə qoşulmasını, onların topladıqları mal-dövlətə aldanmaları ilə izah edir.[163] Əli ibn İsmayıl ibn Cəfərin Haruna etdiyi şikayətdə İmam Kazimin (ə) həbs olunmasına səbəb olan belə bir məlumat var idi: “Şərqdən və qərbdən ona çoxlu mal göndərilir, onun beytülmalı və xəzinəsi vardır ki, burada böyük miqdarda müxtəlif sikkə pullar toplanır”.[164]

Şiələrlə əlaqə qurmağın digər bir üsulu isə məktublaşma idi. Bu məktublar vasitəsilə fiqhi, etiqadi, öyüd-nəsihət, dua və vəkillərlə bağlı məsələlər müzakirə edilirdi. Hətta nəql olunur ki, o Həzrət, həbsdə olduğu müddətdə də səhabələrinə məktublar yazaraq[165] onların suallarına cavab verirdi.[166][167]

İmamın (ə) sünnilərin nəzərində mövqeyi

Sünnilər şiələrin yeddinci imamına dini alim kimi hörmət edirlər. Onların bəzi böyük şəxsiyyətləri İmam Kazimin (ə) elm və əxlaqını tərifləmiş[168] və onun səbri, səxavəti, çox ibadət etməsi və digər əxlaqi xüsusiyyətlərindən bəhs etmişlər.[169] İmam Kazimin (ə) səbirli olması və ibadətləri barədə sünni mənbələrində məlumatlar qeyd edilmişdir. [170] Bəzi sünni alimləri, məsələn, hicri 6-cı əsrin tarixçisi, mühəddisi və Şafii fəqihi olan Səməani İmam Kazimin (ə) qəbrini ziyarət edər[171] və ona təvəssül edərdilər. Üçüncü hicri əsrinin sünni alimlərindən olan Əbu Əli Xəllal belə demişdir: “Nə vaxt bir çətinliyim olsa, Musa ibn Cəfərin (ə) qəbrini ziyarət edir və ona təvəssül edirdim, problemim həll olunurdu”.[172] Dörd məşhur sünni fəqihindən biri olan İmam Şafeidən də belə nəql olunub ki, o, İmam Kazimin (ə) qəbrini “şəfaverici dərman” olaraq vəsf etmişdir.[173]

Biblioqrafiya

İmam Kazim (ə) haqqında müxtəlif dillərdə kitablar, dissertasiyalar və məqalələr yazılmışdır ki, onların sayı 770-ə çatır.[174] “Kitabnameyi İmam Kazim (ə)”,[175] “Kazimeyn kitabşünaslığı”,[176] kitabları və “İmam Kazim (ə) kitabşünaslığı” məqaləsi[177] bu əsərləri tanıdıblar. Bu əsərlərin çoxu şiələrin yeddinci İmamının (ə) həyatı və şəxsiyyəti ilə bağlıdır. Həmçinin 1392-ci ilin bəhmən ayında (fevral 2014) İranda “İmam Kazimin (ə) həyat tərzi və dövrü” adlı konfrans keçirilmişdir və həmin konfransın məqalələri “İmam Kazimin (ə) həyat tərzi konfransı məqalələr toplusu” adı ilə nəşr olunmuşdur.[178]

Aşağıdakı əsərlər İmam Kazim (ə) haqqında yazılmış kitablar sırasındadır:

  • Əzizullah Utaridinin “Müsnədul-İmam əl-Kazim (ə)” əsəri
  • Hüseyn Hacı Həsənin “Babul-Həvaic əl-İmam Musəl-Kazim (ə)” kitabı
  • Məhəmməd Baqir Şərif Qərəşinin “Həyatul-İmam Musa ibn Cəfər (ə)” kitabı
  • Faris Həssunun “İmamul-Kazim (ə) ində əhlis-sünnə” əsəri
  • Abdullah Əhməd Yusifin “Sirətul-İmam Musəl-Kazim (ə)” kitabı.

İstinadlar

  1. Təbəri, Dəlailul-imamə, h.q 1403, c.303
  2. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.6
  3. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1362, s.356-357
  4. Bağdadi, Tarix-Bağdadi, h.q 1417, c.13, s.29
  5. Şuraye təqvim müəssiseye jeofizik daneşqahe Tehran, Təqvime rəsmi keşvəre salm h.ş 1398 h.ş, h.ş 1397, s.8
  6. Şəbrəvi, Əl-İthafu bihubbil-əşraf, h.q 1423, s.295
  7. Əmin, Siyreye Məsuman, h.ş 1376, c.6, s.113
  8. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.215
  9. Nümunə üçün baxın: İbn Əbis-Sulc, Tarixe Əhli-beyt (ə), h.q 1410, s.138
  10. Nümunə üçün baxın: Təbərsi, Tacul-məvalid, h.q 1422, s.95
  11. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.3, s.437
  12. Nümunə üçün: Qumi, Tarixe Qum, h.ş 1361, s.198
  13. Qumi, Tarixe Qum, h.ş 1361, s.198
  14. İbn Xəşşab Bağdadi, Tarixu məvalidil-əimmə (ə), h.q 1406, s.32
  15. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.212
  16. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.6, s.164; İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.312
  17. Bağdadi, Tarix-Bağdadi, h.q 1417, c.13, s.29
  18. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.236, 227; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.6; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.323; Qumi, Ənvarul-bəhiyyə, h.q 1417, s.177
  19. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.235
  20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.297; İbn Şobe Hərrani, Tuhəful-uqul, h.q 1404, s.411-412; Məclisi, Biharul-ənvar, h.q 1403, c.10, s.247
  21. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.227; Məclisi, Biharul-ənvar, h.q 1403, c.10, s.244-245
  22. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.311-312
  23. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.312-313
  24. Şüştəri, Risalətun fi təvarixin-Nəbi vəl-Al, h.q 1423, s.75
  25. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.244
  26. Səmani, Əl-Ənsab, h.q 1382, c.12, s.478
  27. Cəfəriyan, Həyate fikri və siyasi İmamne şiə, h.ş 1381, s.385
  28. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.6
  29. Pişvayi, Siyreye pişvayan, h.ş 1372, s.413
  30. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.379-384
  31. Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.337
  32. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.307-311
  33. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.216-222
  34. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.7-16
  35. Məclisi, Biharul-ənvar, h.q 1403, c.48, s.12-29
  36. Bir qrup yazıçı, Məcmueye məqalate siyre və zəmane İmam Kazim (ə), h.ş 1392, c.2, s.79-81
  37. Məclisi, Biharul-ənvar, h.q 1403, c.1, s.310
  38. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.309
  39. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.220
  40. Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.1, s.91; Əturadi, Musnədul-İmam Əl-Kazim, h.q 1409, c.1, s.75
  41. Pişvayi, Siyreye pişvayan, h.ş 1372, s.414
  42. Kəşşi, Rical, h.q 1409, s.282-283
  43. Nobəxti, Firəquş-şiə, h.q 1404, s.66-79
  44. Amili, Ət-Təhrirut-Tavusi, h.q 1411, s.524
  45. Tusi, İxtiyaru mərfitəir-rical, h.q 1409, s.482
  46. Tusi, İxtiyaru mərfitəir-rical, h.q 1409, s.480
  47. Tusi, İxtiyaru mərfitəir-rical, h.q 1409, s.480
  48. Hacızadə, Cərəyane ğuluvv dər əsre İmam Kazim (ə), s.112
  49. Kəşşi, Rical, h.q 1409, s.482

Ədəbiyyat