Taslim:Səcdə
| Münacat |
| Dualar Kumeyl • Təvəssül • İftitah • Əbu Həmzə • Ərəfə • Nüdbə • Simat • Fərəc • Xəmsə Əşər • Şabaniyyə |
| Ziyarətlər Aşura ziyarəti • Varis ziyarəti • Əminullah • Camiul-kəbirə • Ali-Yasin |
| Zikrlər Təkbir • Təhmid • Təhlil • Təsbih • Həzrət Fatimənin (ə) təsbihi • Salavat • Yunusiyyə • İstiğfar |
| Dua kitabları Səhifeyi Səccadiyyə • Məfatihul-cinan • Misbahul-mütəhəccid • İqbalul-əmal • Miftahul-fəlah |
| Günlər və aylar Qədr gecəsi • 15 Şaban • Ərəfə • Ramazan • Rəcəb |
- Bu məqalə ibadət əməllərindən biri səcdə barəsindədir. Namazın səcdəsi məqaləsi ilə tanışlıq üçün adı keçən məqaləyə daxil olun.
Səcdə (ərəbcə: السجدة) Allaha qarşı edilən ibadətlərdən biridir və İslam mədəniyyətində ən üstün ibadətlərdən hesab olunur. “Səcdə” surəsinin 15-ci ayəsində səcdə möminlərin xüsusiyyətlərindən biri, “Ələq” surəsinin 19-cu ayəsində isə Allaha yaxınlaşmaq vasitəsi kimi təqdim edilir. Həmçinin rəvayətlərdə uzun səcdənin ömrün artmasına və nemətlərin davamlı olmasına səbəb olduğu bildirilir.
Səcdə İslamdan əvvəlki ümmətlərdə də mövcud olmuşdur. Səcdənin müxtəlif növləri vardır: namaz səcdəsi — namazın əsas rüknlərindən biridir. Şükür səcdəsi, namaz zamanı edilən bəzi səhvləri düzəltmək üçün yerinə yetirilən səhv səcdəsi, həmçinin səcdə ayələrini oxuyarkən və ya dinləyərkən yerinə yetirilən tilavət səcdəsi. İslamda Allahdan qeyrisinə səcdə etmək haramdır. Bununla belə, məsumların qəbirləri yanında səcdə etmək, əgər səcdə Allahın şükrünü bildirmək niyyəti ilə edilirsə, caiz hesab olunur.
Dini maarifçilikdə səcdənin əhəmiyyəti
Allaha səcdə etmək ən böyük ibadətlərdən biri hesab olunur.[1] Dini terminologiyada səcdə Allah qarşısında təvazökarlıq və xüşu niyyəti ilə alnı yerə qoymaq mənasını verir.[2] Səcdəni yerinə yetirmək üçün dəstəmazlı olmaq və ya qibləyə tərəf yönəlmək kimi xüsusi şərtlər tələb olunmur.[3] “Səcdə” sözü və ondan törəmiş sözlər Quranda 90 dəfədən çox işlədilmişdir.[4] Qurandakı surələrdən birinin adı da “Səcdə”dir.[5] “Ələq” surəsinin 19-cu ayəsində səcdə Allaha yaxınlaşmaq vasitəsi,[6] “Səcdə” surəsinin 15-ci ayəsində isə möminlərin əlaməti kimi təqdim edilmişdir.[7]
Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə bildirilir ki, insanların nəzərindən uzaqda, təklikdə edilən səcdə Allaha yaxınlaşmağın ən yaxşı yollarından biridir.[8] Rəvayətlərdə uzun müddət səcdə etməyin uzun ömrün və nemətlərin davamlılığının səbəblərindən biri olduğu qeyd edilmişdir.[9] Həmçinin İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Allah Həzrət İbrahimi (ə) çoxlu səcdə etdiyi üçün öz dostu (Xəlilullah) seçmişdir.[10] Şiələrin dördüncü imamı da çoxlu səcdə etdiyinə görə “Səccad” ləqəbi ilə məşhur olmuşdur.[11] “Fəth” surəsinin 29-cu ayəsinə əsasən, Tövratda Peyğəmbər (s) və onun səhabələri haqqında qeyd olunan xüsusiyyətlərdən biri onların alnında səcdə izinin olmasıdır.[12]
Səcdə yalnız İslama məxsus deyil. Qurandakı bəzi ayələrdə əvvəlki ümmətlərdə də səcdənin mövcud olduğuna işarə edilir.[13] Qurandakı bəzi ayələrə əsasən, səcdə yalnız insanlara aid deyil. Bütün varlıqlar və əşyalar Allaha səcdə edirlər.[14] Bu ayələrin təfsirində bildirilmişdir ki, varlıqların səcdə etməsi onların Allah qarşısında xüzu və təslimiyyət içində olmaları mənasındadır.[15]
Səcdənin növləri
Səcdənin bəzi növləri bunlardır:
- Namaz səcdəsi: Bütün namazlarda hər rükətdə rükudan sonra iki səcdə etmək vacibdir. Bu iki səcdə namazın rüknlərindən (əsas hissələrindən) hesab olunur və onların qəsdən və ya səhvən tərk edilməsi namazı batil edir.[16]
- Şükür səcdəsi: Müstəhəb səcdələrdəndir. Nemətə çatdıqdan, bəla aradan qalxdıqdan, xeyirli bir iş gördükdən və ya günahı tərk etdikdən sonra, həmçinin vacib və ya müstəhəb namazların sonunda yerinə yetirilir.[17]
- Səhv səcdəsi: Namazın bəzi vacib hissələrinin unudulması və ya namaz əsnasında bilmədən danışmaq kimi bəzi hərəkətlərin baş verməsi hallarında xətanı kompensasiya etmək üçün səhv səcdəsi vacib olur.[18]
- Tilavət səcdəsi: Səcdə ayələrindən birini oxuduqda və ya dinlədikdə səcdə etmək vacib olur. Bu ayələr “Səcdə” surəsinin 15-ci, “Fussilət” surəsinin 37-ci, “Nəcm” surəsinin 62-ci və “Ələq” surəsinin 19-cu ayələridir.[19]
إنّ قَوما أتَوا رسولَ الله صلی الله علیه و آله و سلّم فقالوا: یا رسولَ الله، اضمَن لَنا علی رَبِّک الجَنَّةَ، فقالَ: علی أن تُعِینُونِی بِطُولِ السُّجودِ
İmam Sadiq (ə): Bir dəstə insan Allahın Rəsulunun (s) hüzuruna gəlib ərz etdilər: “Ey Allahın Rəsulu! Rəbbindən bizim üçün Cənnəti zəmanət verməsini istə.” Allahın Rəsulu (s) buyurdu: “Şərti budur ki, siz də uzun səcdələr etməklə mənə yardım edəsiniz.”
Şeyx Tusi, Əl-Əmali, s.664
Allahdan qeyrisinə səcdə
Allahdan qeyrisinə səcdə etmək, istər məsumlara, istərsə də başqalarına olsun, haramdır. Bununla belə, məsumların qəbirləri yanında, əgər səcdə Allahın şükrünü bildirmək və onları ziyarət etmək tövfiqinə nail olunduğu üçün edilirsə, caiz hesab olunur[20] Fəqih və “Mənşure Cavid” təfsirinin müəllifi Cəfər Subhani bildirmişdir ki, Allahdan qeyrisinə səcdənin haram olması İslama xas hökmlərdəndir və İslamdan əvvəlki dinlərdə belə səcdə haram olmamışdır. Əks halda, Həzrət Yaqub və onun övladları Həzrət Yusifə səcdə etməzdilər.[21] Lakin fəqih və “Nümunə” təfsirinin müəllifi Nasir Məkarim Şirazi bu məsələyə görə belə izah edir: Yusifin qardaşlarının ona və mələklərin Adəmə səcdə etməsi Allahın əmrinə tabe olaraq həyata keçirilmişdir. Bu səcdə Yusifə və Adəmə ibadət məqsədi daşımır, onların hörmət və ehtiramını ifadə edirdi.[22]
İstinadlar
- ↑ İsfahani, Vəsilətun-nəcat, c.1, s.162
- ↑ Əllamə Hilli, Təhrirul-əhkam, c.1, s.253
- ↑ Meşkini, Mustələhatul-fiqh, s.316
- ↑ Baxın: Əbdül-Baqi, Əl-Mucəmul-mufəhrəs, s.344-345
- ↑ Şərəfuddin, Əl-Musuətul-Quraniyyə, c.7, s.55
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.174
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.262
- ↑ Payənde, Nəhcül-fəsahə, c.2, s.688
- ↑ Kuleyni, Əl-Kafi, c.4, s.49
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, s.34
- ↑ Qərəşi, Həyatul-İmam Zeynul-abidin (ə), c.1, s.40
- ↑ Rzayi İsfahani, Təfsire Qurane Mehr, c.19, s.232
- ↑ Baxın: Bəqərə, 125; Məryəm 58; Taha 70; Şüəra 46
- ↑ Baxın: Nəhl, 49; Rəd 15; Həcc 18
- ↑ Təbatəbai, Əl-Mizan, c.14, s.359
- ↑ Sistani, Minhacus-salihin, c.1, s.218
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.2, s.584
- ↑ Surur, Əl-Mucəmuş-şamili lil-müstələhatul-elmiyyə vəd-diyniyyə, c.1, s.151
- ↑ Surur, Əl-Mucəmuş-şamili lil-müstələhatul-elmiyyə vəd-diyniyyə, c.1, s.151
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.2, s.587
- ↑ Sübhani, Mənşure cavid, c.1, s.447
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.10, s.83
Ədəbiyyat
- Əbdül-Baqi, Fuad, Əl-Mucəmul-mufəhrəs li-əlfazil-Quranil-Kərim, Beyrut, Darul-ceyl, h.q 1408
- Əllamə Hilli, Hüseyn ibn Yusif, Təhrirul-əhkamiş-şəriyyəti əla məzhəbil-İmamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
- İsfahani, Əbul-Həsən, Vəsilətun-nəcat, Seyid Məhəmməd Rza Qolpayqaninin təliqi ilə, Qum, Mehre ostovar nəşriyyatı, h.q 1393 (2014)
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374 (1995)
- Meşkini, Əli Əkbər, Mustələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1392 (2013)
- Payənde, Əbul-Qasim, Nəhcül-fəsahə, Tehran, Dunyaye daneş, h.ş 1382 (2003)
- Qərəşi, Baqir Şərif, Həyatul-İmam Zeynul-abidin (ə), Beyrut, Darul-əzva, h.q 1409
- Qurani-Kərim
- Rzayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane Mehr, Qum, Quran elmləri və təfsir araşdırmaları, h.ş 1387 (2008)
- Şərəfuddin, Cəfər, Əl-Musuətul-Quraniyyə, Beyrut, Darut-təribi beynəl-məzahibil-İslamiyyə, h.q 1420
- Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, Davər kitab mağazası, h.q 1385
- Sistani, Seyid Əli, Minhacus-salihin, Qum, Məktəbətu Ayətullah Əs-Seyyid Əs-Sistani, h.q 1415
- Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.ş 1383 (2004)
- Surur, İbrahim Hüseyn, Əl-Mucəmuş-şamili lil-müstələhatul-elmiyyə vəd-diyniyyə, Beyrut, Darul-hadi, h.q 1429
- Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Təhqiq: Əhməd Möhsini Səbzivari, Qum, İslam nəşriyyatı ofisi, h.q 1419
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, Əl-Ələmi lil-mətbuat müəssisəsi, h.q 1393