"Ya Əliyyu, ya Əzim" duası
"Ya Əliyyu, ya Əzim" duası
"Ya Əliyyu, ya Əzim" duası, Ramazan ayında məşhur dualardan biridir və gündəlik namazlardan sonra oxunması tövsiyə olunub. Bu səbəbdən, şiələr gündəlik namazlardan sonra bu duanı toplu şəkildə oxuyurlar. Bu dua "İqbalul-əmal", "Misbahi Kəfəmi" və "Zadul-Məad" kitablarında İmam Sadiq (ə) və İmam Kazimdən (ə) nəql olunub. Duada Allahı tanıma, Ramazan ayı, Quran, Qədr gecəsi və duanın ədəb və qaydaları ilə bağlı təlimlər yer alır.
Duanın məqamı
"Ya Əliyyu, ya Əzim" duası Ayətullah Məkarim Şirazinin fikrincə, çox yüksək məzmun və mənaya malik dualardan biridir.[1] Məlum olduğu kimi, əllamə Məclisi (1110 h.q.-də vəfat edib) "Zadul-Məad" kitabında bu duanı İmam Sadiq (ə) və İmam Kazimdən (ə) rəvayət etmişdir. Həmin rəvayətə əsasən, bu duanın Ramazan ayında hər vacib namazdan (gündəlik namazlardan) sonra oxunması tövsiyə edilmişdir.[2] Bu səbəbdən, şiələr gündəlik namazlardan sonra bu duanı toplu şəkildə oxuyurlar. Bu dua insanın Allahı tanıması, Ramazan ayını anlama, Quranı dərk etmə, Qədr gecəsi və dua etmə qaydalarını öyrənmə baxımından təsirli ola bilər.[3]
"Ya Əliyyu ya Əzim" duasının sənədi
"Ya Əliyyu ya Əzim" duasını ilk dəfə Seyid bin Tavus (h.q. 664-cü ildə vəfat edib) "İqbalul-Əmal" adlı kitabında nəql etmişdir və o, bu duanı İmam Sadiq (ə) və İmam Kazimə (ə) nisbət vermişdir.(4) Həmçinin Kəfəmi (h.q. 905-ci ildə vəfat edib) "Misbah"(5) kitabında və Əllamə Məclisi (h.q. 1110-cu ildə vəfat edib) "Zadul-Məad" kitabında bu duanı nəql etmişlər.(6) Lakin "Misbah" kitabında yer alan dua, "İqbalul-Əmal" və "Zadul-Məad" kitablarındakı duadan bir qədər fərqlidir. Məsələn, "İqbalul-Əmal" və "Zadul-Məad"(7) kitablarında qeyd olunan "və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur" ifadəsi, "Misbah" kitabında "və haza şəhrun şərrəftəhu və əzzəmtəhu və kərrəmtəhu və fəzzəltəhu ələş-şuhur"(8) şəklində gəlib. Həmçinin "Ya Əliyyu ya Əzim ya Ğəfuru ya Rəhim..."(9) ifadəsi "İqbalul-Əmal" kitabının köhnə nüsxəsində "Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Şəkuru ya Rəhim"(10) olaraq gəlmişdir.
Duanın məzmunu
Ayətullah Məkarəm Şiraziyə görə, "Ya Əliyyu ya Əzim" duasının hər bir hissəsi bir mesaj daşıyır.(11) Onun dediyinə görə, duanın ilk hissəsində Allahı tanıma və Onun sifətlərini bəyan etmə ilə bağlı məsələlər qeyd olunur. Sonrakı hissədə isə Ramazan ayının xüsusiyyətlərinə toxunulur. Quranda üç növ hidayətin qeyd edilməsi, Qədr gecəsinin min aydan üstün olmasının vurğulanması və dua etmək qaydalarının öyrədilməsi kimi məsələlər bu duanın digər təlimlərindəndir ki, Ayətullah Məkarim Şirazi tərəfindən onlara işarə edilmişdir.(12)
Duanın mətni və tərcüməsi