Həzrət Məsumə (ə)

wikishia saytından
Həzrət Məsumə (ə)
Həzrət Məsumənin (ə) hərəmi
Həzrət Məsumənin (ə) hərəmi
AdFatiməi Məsumə (ə)
RoluŞiə imamzadəsi və İmam Rzanın (ə) bacısı
TəvəllüdüHicrətin 173-cü ili, 1 Zilqədə
Doğulduğu yerMədinə
VəfatıHicrətin 201-ci ili, 10 Rəbius-sani
Dəfn edildiyi yerQum
Yaşayış yeriMədinə
LəqəbləriMəsumə, Əhli-beyt (ə) kəriməsi, Tahirə, Həmidə, Rəşidə, Nəqiyyə, Təqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Uxtur-Rza
Atasıİmam Kazim (ə)
AnasıNəcmə Xatun
Ömür müddəti28 il


Həzrət Məsumənin (s) (ərəbcə: السيدة فاطمة المعصومة سلام الله عليها) əsl adı Fatimə, yeddinci məsum imamın, yəni Həzrət İmam Musa Kazimin (ə) qızı və səkkinci məsum imam, Həzrət İmam Rzanın (ə) bacısıdır. Həzrət Məsumə (s) Həzrət İmam Musa Kazimin (ə) qızlarının ən fəzilətlisidir. İmam Musa Kazimin (ə) övladları arasında Həzrət İmam Rza (ə) istisna olmaqla (ki, məsum imamdır), heç kəs fəzilət və kamalda xanım Məsumənin (s) səviyyəsinə çatmayıb. Tarixi qaynaqlarda Həzrət Məsumənin (s) həyatı barədə elə də çox məlumat qeydə alınmayıb. Onun təvəllüd, vəfat və izdivac tarixi barədə dəqiq və yetərli məlumat yoxdur. Amma məşhur budur ki, xanım Məsumə (s) heç vaxt ailə həyatı qurmayıb.

Həzrət İmam Kazimin (ə) sevimli qızı xanım Fatimənin məşhur ləqəbləri "Əhli-Beytin (ə) kəriməsi" və "Məsumə"dir. Həzrət İmam Rzaya (ə) istinad edilən bir hədisdə o Həzrət (ə) bacısını Məsumə adlandırıb.

Hicri-Qəməri tarixi ilə 201-ci ildə xanım Məsumə qardaşı Həzrət İmam Rzanın (ə) istəyi ilə qardaşını görmək üçün Ərəbistanın Hicaz əyalətinin Mədinə şəhərindən İranın Xorasan əyalətinin Tus (indiki Məşhəd) şəhərinə yola düşür. Amma yolda xəstələnir. Qum əhalisinin istəyi ilə bu şəhərə gəlir və şəhərin böyüklərindən sayılan Musa ibn Xəzrəc Əşərinin evində qonaq olur. On yeddi gün Qum şəhərində qaldıqdan sonra vəfat edir. Onun cənazəsi Qum şəhərin o vaxt Babilan adlanan qəbiristanlığında dəfn edilir. Sonradan bu yer xanımın (s) müqəddəs hərəminə və ziyarətgaha çevirilir. Şiə məzhəbinin məşhur tarixçi alimi Seyyid Cəfər Murtəza Amuli bu qənaətdədir ki, xanım Məsumə (ə) Qum şəhərinin yaxınlığında yerləşən Savə şəhərində ona içirilən zəhər səbəbi ilə xəstələnib və şəhid olub. Şiələr xanım Məsuməni (s) əziz və böyük sanır, onun ehtiramını saxlayır, onu mübarək qəbrini ziyarət edir və ondan Allah yanında şəfaət diləyirlər.

Həmçinin onun (s) barəsində bir sıra hədislər nəql edirlər ki, həmin hədislərdə onun (s) şiələri şəfaət edəcəyindən və onun (s) ziyarətinin mükafatı və savabının cənnət olduğundan danışılır.

Bəzi alimlər deyirlər ki, o, yeganə xanımdır ki, məsum imamlardan (ə) Həzrət Zəhradan (s) sonra onun (s) barəsində xüsusi ziyarətnamə rəvayət edilib.

Həzrət Məsumə (s) barədə məlumatın azlığı

Zəbihullah Məhəllati "Rəyahinuş-Şəriə" adlı əsərində qeyd edir ki, xanım Məsumənin (s) həyatı barədə çox məlumat yoxdur. O cümlədən, onun (s) təvəllüdü, vəfatı, yaşı, izdivac və sair barədə tarix kitablarında dəqiq və yetərli məlumat yoxdur. Həmçinin Mədinə şəhərindən nə zaman və hansı tarixdə hərəkət etdiyi, Həzrət İmam Rzadan (ə) öncə həyatdan köçdüyü və ya sonra vəfat etdiyi barədə dəqiq tarixi məlumatlar əldə yoxdur.[1]

Nəsil və soy

Fatimə (s) Həzrət İmam Musa Kazimin (ə) qızı və Həzrət İmam Rzanın (ə) bacısıdır. Ləqəbi Məsumədir. Şeyx Müfid "əl-İrşad" kitabında İmam Musa Kazimin (ə) iki qızının adının Fatimə olduğunu yazır: Fatimeyi-Kubra və Fatimeyi-Süğra. Amma bunlardan hansının Həzrət Məsumə (s) olduğunu qeyd etməyib.[2] Altıncı hicri-qəməri əsrinin məşhur əhli-sünnə alimi İbn Covzi Həzrət İmam Musa Kazimin (ə) Fatimə adlı dörd qızının olduğunu yazıb. Amma o da bunlardan hansının Fatimeyi-Məsumə (s) olduğunu yazmayıb.[3] "Dəlailul-İmamət" kitabının müəllifi Məhəmməd ibn Cərir yazır ki, Həzrət Məsumənin (s) anasının adı Nəcmə Xatundur. O həm də İmam Rzanın (ə) anasıdır.[4]

Təvəllüd və vəfat tarixi

Qədim şiə qaynaqlarında Həzrət Məsumənin (s) təvəllüd və vəfat tarixi barədə məlumat yoxdur. Müasir alim və tarixi araşdırmaçı Ayətullah Rza Ustadinin yazdığına görə, Həzrət Məsumənin (ə) təvəllüd və vəfatı barədə ilk dəfə Cavad Şahəbdüləziminin "Nurul-Afaq" kitabında məlumat verilib.[5] Bu kitab ilk dəfə hicri-qəməri tarixi ilə 1344-cü ildə çap və nəşr edilib.[6] "Nurul-Afaq"da yazır ki, Həzrət Məsumə (s) 173-cü hicri-qəməri ilinin Zil-Qədə ayının 1-də anadan olub və 201-ci ilin Rəbius-Sani ayının 10-da vəfat edib. Bu məlumat sonra digər kitablara da yayılıb.[7] Ayətullah Mərəşi Nəcəfi,[8] Ayətullah Şübeyri Zəncani,[9] Rza Ustadi[10] və Zəbihullah Məhəllati[11] kimi şiə alimləri Şahəbdüləziminin bu fikri ilə razılaşmayıblar və bu kitabda qeyd edilən tarixlərin doğru olmadığını vurğulayıblar.

İran İslam Cümhuriyyətinin rəsmi təqvimində Zil-Qədə ayının ilk günü Həzrət Məsumənin (s) şərəfinə "qızlar günü" kimi qeyd edilib.[12]

Ləqəbləri

İmam Musa Kazimin (ə) qızı xanım Fatimənin məşhur ləqəbləri Məsumə və "Əhli-Beytin Kəriməsi"dir.[13] Məsumə ləqəbi Həzrət İmam Rzaya (ə) istinad edilən bir hədisdən götürülüb.[14] Əllamə Məhəmmədbaqir Məclisinin "Zadul-Məad" kitabında rəvayət edilən hədisdə İmam Rza (ə) onu Məsumə adı ilə yad edib.[15] Fatimeyi-Məsuməyə (s) xalq arasında həm də "Əhli-Beytin Kəriməsi" deyilir.[16] Bu ləqəbənin sənədi Rəbbani alimlərdən birinin gördüyü yuxudur. Deyilənə görə, Ayətullah Seyid Şəhabuddin Mərəşi Nəcəfinin atası Seyid Mahmud Mərəşi Nəcəfi yuxuda imamlardan (ə) birinin xanım Məsuməni (s) "Əhli-Beytin Kəriməsi" ləqəbi ilə xitab etdiyini görüb.[17]

Ailə həyatı, izdivac

Zəbihullah Məhəllatinin "Rəyahinuş-Şəriə" kitabında yazdığına görə, Həzrət Məsumənin (ə) ailə həyatı qurması və həmçinin onun övladının olması barədə qədim qaynaqlarda heç bir məlumat yoxdur.[18] Məşhur fikir budur ki, xanım Məsumə (s) heç vaxt ailə həyatı qurmayıb.[19] Onun ailə qurmamasına dəlil kimi isə yazıblar ki, fəzilət və kamalda ona layiq və həmtay birinin olmaması səbəbi ilə ailə qura bilməyib.[20] Hicri-Qəməri tarixi ilə 3-cü əsrdə yaşamış tarixçi Yəqubi yazır: "İmam Kazim (ə) vəsiyyət etmişdi ki, qızlarından heç biri izdivac etməsinlər.[21] " Amma bu sözə etiraz edənlər bildiriblər ki, Şeyx Kuleyni "əl-Kafi" kitabında İmam Musa Kazimin (ə) vəsiyyətini nəql edib[22] və bu vəsiyyətdə belə bir söz yoxdur.[23] Şeyx Kuleyninin nəql etdiyi vəsiyyətnamədə deyilir ki, "qızlarım onun (İmam Rzanın) icazəsi və məşvərəti olmadan ailə həyatı qura bilməzlər, digər oğlanlarım və qızların analarının və ya hansısa hakimin onun (İmam Rzanın) icazə olmadan mənim qızlarımı ərə vermək hüququ yoxdur. Əgər onun (İmam Rzanın) icazəsi olmadan bu barədə bir iş görərlərsə, Allaha və Rəsuluna (s) müxalifət ediblər. O (İmam Rza) izdivac məsələsində öz tayfasının məsləhətini daha yaxşı bilir. Əgər istəsə ərə verər, istəsə də elçini geri qaytarar" (Şeyx Kuleyni, "əl-Kafi", c.1, s.317). Bəzi tarixçi araşdırmaçılar Həzrət Məsumənin (s) və bacılarının ailə qurmamaqlarının səbəbini Abbasi xəlifələrinin, o cümlədən Harun və Məmun hakimiyyətinin Əhli-Beytə (ə) və şiələrə qarşı yürütdükləri şiddətli təqib, təzyiq və sıxıntıda saxlamaq siyasətləri ilə izah ediblər.[24]

İrana səfəri, Quma gəlişi və vəfatı

"Tarixe Qum" kitabının verdiyi məlumata görə, Həzrət Məsumə (s) hicri-qəməri tarixi ilə 201-ci ildə qardaşı İmam Rzanı (ə) görmək üçün Mədinə şəhərindən İrana yola düşdü.[25] Şiə tarixçi alimi Baqir Şərif Qərəşinin "Covhərətul-Kəlam fi mədhis-sadətil-əəlam" kitabında yazdığına görə, Həzrət Məsumənin (ə) İran səfər etməsinin səbəbi qardaşı İmam Rzanın (ə) ona göndərdiyi məktub idi. Həmin məktubda İmam (ə) bacısından Xorasana gəlməsini istəmişdi.[26] İmam Rza (ə) o dövrdə Abbasi xəlifəsi Məmunun "vəli-əhd"i idi və Xorasanda yaşayırdı. Həzrət Məsumə (ə) həmin məktuba əsasən Mədinə şəhərindən Xorasana tərəf yola çıxdı. Səfər zamanı yolda xəstələndi və vəfat etdi.[27]Şiə məzhəbinin məşhur tarixçi alimi Seyid Cəfər Murtəza Amuli bu qənaətdədir ki, xanım Məsumə (ə) Qum şəhərinin yaxınlığında yerləşən Savə şəhərində ona içirilən zəhər səbəbi ilə xəstələnib və şəhid olub.[28]

Xanım Məsumənin (s) Xorasana gedərkən Qum şəhərinə dönməsinin səbəbi barədə iki rəvayət var: Birinci rəvayətə görə, xanım Məsumə (s) Savə şəhərinə çatanda xəstələnir və yol yoldaşlarından istəyir ki, istirahət üçün onu həmin dövrdə İranda şiələrin çoxluq təşkil etdiyi Qum şəhərinə aparsınlar.[29] "Qum tarixi" kitabının müəllifinin daha doğru hesab etdiyi ikinci rəvayətə görə isə, Həzrət Məsumənin (ə) pişvazına çıxan Qum əhalisi xanımdan istəyirlər ki, onların şəhərinə təşrif buyursun.[30]

Yolda ağır xəstələnən Həzrət Məsumə (s) Qum şəhərinin əslən yəmənli olan məşhur şiə rəhbəri Musa ibn Xəzrəc Əşərinin evində qonaq oldu. On yeddi gün yataqda xəstə yatdıqdan sonra vəfat etdi.[31] Onu Babilan adlanan qəbiristanlıqda, hazırda ziyarətgah olan müqəddəs hərəmdə dəfn etdilər.[32]

Xanım Məsumənin (s) məqamı

Həzrəti Məsumənin hərəminə aid əl işi. İmam Rza (ə) buyurur: “Hər kim onu ​​(Həzrət Məsuməni) məqamından xəbəri olan halda ziyarət edərsə, cənnət onun üçündür".

Şiə alimləri Həzrət Məsumənin (s) Allah və Əhli-Beyt (ə) yanında böyük mənəvi məqam sahibi olduğuna inanırlar. Çünki hədis raviləri onun (s) böyük mənəvi məqamı və ziyarətinin savab olması və əhəmiyyəti barədə bir sıra hədislər rəvayət ediblər. Əllamə Məclisinin (r.ə) dəyərli "Biharul-Ənvar" kitabında Həzrət İmam Sadiqdən (ə) nəql etdiyi hədisə əsasən, xanım Məsumənin (ə) məqamını dərk edənlər və onu mərifətlə ziyarət edənlər, o həzrətin (s) şəfaəti ilə cənnətə girəcəklər.[33] Həzrət Məsumənin (s) ziyarətnaməsində həm onun böyük mənəvi məqamı və həm də şəfaət edəcəyi məsələsinə işarə edilib.[34] یا فاطِمَةُ اِشْفَعی لی فِی الْجَنَّهِ فَاِنَّ لَکِ عِنْدَاللهِ شَأْناً مِنَ الشَّأْن "Ey Fatimə! Cənnətə getməyim üçün mənə Allah yanında şəfaət et. Həqiqətən də sənin üçün Allah yanında uca bir məqam vardır". Hicri-Şəmsi tarixi ilə 13-cü ərsdə yaşamış görkəmli şiə alim, Ricalşünas araşdırmaçı Məhəmmədtəqi Şuştəri özünün "Qamus ər-Rical" əsərində yazır: İmam Musa Kazimin (ə) övladları arasında İmam Rzadan (ə) sonra kimsə (mənəvi məqamda, mərifət və kamalda) xanım Məsuməyə (s) həmtay deyil.[35] Məşhur mühəddis, "Məfatihul-Cinan" kitabının müəllifi, mərhum Şeyx Abbas Qumi də Əhli-Beytin (ə) tarixini yazdığı "Muntəhal-Aamal" adlı kitabında xanım Məsuməni (s) Həzrət İmam Musa Kazimin (ə) qız övladlarının ən üstünü hesab edib.[36] O həmçinin xanım Məsuməni (ə) çox hörmətli, yüksək mənəvi məqamlı imamzadə olduğunu, yəqinən İmam Kazimin (ə) övladı olduğunu və hazırda ziyarətgah kimi məşhur olan müqəddəs hərəmdə dəfn olunduğunu vurğulayıb.[37]

İmam Cəfər Sadiq (ə), İmam Musa Kazim (ə) və İmam Məhəmmədtəqi Cavaddan (ə) nəql edilən hədislərə əsasən, xanım Fatimeyi-Məsuməni (s) ziyarət edənin mükafatı cənnətdir.[38] Bəzi rəvayətlərdə deyilir ki, cənnət mükafatı o kəs üçündür ki, xanım Məsuməni (ə) mərifətlə və onun haqqını kamil tanımaqla ziyarət edir.[39]

"Əhli-Beytin (ə) Kəriməsi" kitabının müəllifi Məhmud Ənsari Qumi (ö.1377 hş) şiə alimi Seyid Nəsrullah Müstənbit (ö.1364 hş) nəql edir ki, hicri-qəməri tarixi ilə 9-cu əsrin alimlərindən olan Saleh ibn Ərəndəs Hillinin "Kəşful-Ləali" kitabının əlyazma nüsxəsində keçən bir hədisdə Həzrət İmam Kazim (ə) xanım Məsuməyə (s) xitab edərək belə deyir: فَداها اَبوها "Atası ona qurban"! Bu rəvayətə görə, İmam Musa Kazimin (ə) bu ifadəni işlətməsinə səbəb xanım Məsumənin (s) atasının (ə) qiyabında şiələrin şəri suallarını doğru və səlil bəyanla cavablandırması olub. "Əhli-Beytin (ə) Kəriməsi" kitabının müəllifi Məhmud Ənsari Qumi (ö.1377 hş) yuxarıda keçən rəvayəti nəql etdikdən sonra qeyd edir ki, bu rəvayəti digər hədis qaynaqlarında tapa bilməyib.[40]

Ziyarətnamə

Əllamə Məclisi "Zadul-Məad", "Biharul-Ənvar" və "Töhfətuz-Zair" kitablarında xanım Fatimeyi-Məsumə (ə) üçün İmam Rzadan (ə) bir ziyarətnamə nəql edib.[41] Əlbəttə "Töhfətuz-Zair"də ziyarətnaməni nəql etdikdən sonra belə ehtimal edir ki, onun mətni İmam Rzanın (ə) hədisinin davamı deyil, digər alimlərin əlavəsi ola bilər.[42] Deyirlər ki, xanım Fatimeyi-Zəhra (s) və xanım Fatimeyi-Məsumə (s) yeganə xanımdırlar ki, onların barəsində məsum imamlardan (ə) ziyarətnamə rəvayət edilib.[43]

Həzrət Məsumənin (s) müqəddəs ziyarətgahı

Ayətullah Cavadi Amuli: Həzrət Məsumənin ziyarətnaməsindən belə anlaşılır ki, Əhli-beytin Kəriməsi Fatimeyi Məsumənin (ə) varlığı Peyğəmbərlər və övliyalar silsiləsi zəncirindədir. Yəni Peyğəmbərlər və övliyalar silsiləsi sona çatdı və növbə imamların möhtərəm tələbələri və xüsusi səhabələrinə çatdı.Fatimeyi Məsumən (s.ə) İmamların nümunəvi tələbələrindən, xüsusi səhabələrindən, imamların təlimlərinin varislərindən biridir. Əzəmətli Əhli-beyt İmamlarının (ə) səhabəliyi və müridliyi nəticəsində paklıq, elm, zahidlik, ibadət, elm, ağıl və digər xüsusiyyətlərə yiyələnmişdir.[44]

Qum şəhərində xanın Fatimeyi-Məsumənin (ə) məzarı üzərində əvvəlcə xeymə qurulub, sonra isə türbə (qübbə) qurulub.[45] Daha sonralar isə ziyarətgahın ərazisi müxtəlif dövrlərdə genişlənib və indiki müqəddəs hərəm tikilib. Xanım Məsumənin (s) ziyarətgahı İranda Həzrət İmam Rzanın (ə) hərəmindən sonra ən böyük, əzəmətli və ən məşhur ziyarətgahdır.[46] Xanım Fatimeyi-Məsumənin (ə) ziyarətgah kompleksi xanımın məzarı, məzarın üzərində tikilmiş hərəm, məscid, idarə binaları, digər alimlərin və tanınmış şəxslərin məzar otaqları və hərəmə vəfq edilmiş tikililərdən ibarətdir ki, "moqufat"ın (vəqf edilmiş tikili, əkin sahəsi, mağaza və dükanlar və sair) çoxu müqəddəs Qum şəhərində yerləşir.[47]

Həzrət Məsumənin (s) xatirəsi konqresi

Hicri-Şəmsi tarixi ilə 1384-cü ildə müqəddəs hərəmin idarə heyətinin rəisi Əli Əkbər Məsudi Xomeyninin göstərişi ilə "Həzrət Fatimeyi-Məsumənin (s) anım konqresi və Qum şəhərinin mədəni əhəmiyyəti" adlı toplantı keçirildi.[48] Müqəddəs Hərəmdə keçirilən bu konqresdə Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Cavadi Amuli və digər alimlər çıxış etdilər.[49] Konqres çərçivəsində Həzrət Məsumə (s), müqəddəs ziyarətgah, Ali Dini Elmi Hövzə və İslam İnqilabı barədə elmi məqalələr toplusu 54 cildlik kitabda çap və nəşr edildi.[50]

Xanım Məsumə (s) barədə yazılan kitablar

Həzrət Fatimeyi-Məsumə (s) barədə bir çox kitablar yazılıb ki, onlaran bəziləri aşağıdakılardır:

  • Həzrət Məsumə (s), ikinci Fatimə (s), Məhəmməd Məhəmmədi İştihardi
  • Pərtoye əz ruye dust (Dostun üzündən bir parıltı), İsmayıl Kermanşahi
  • Həzrət Məsumənin (s) həyatı və Qum tarixi, Seyid Mehdi Səhəfi
  • Həzrət Məsumənin (s) tarixi coğrafiyası, Seyid Əlirza Seyyid Kibari
  • Həzrət Məsumə (s) və Qum şəhər, Məhəmməd Kərimi
  • Həzrət Məsumənin (s) həyatı və kəramətləri, Seyid Məhəmməd Əli Hüseyni Bəqai Lübnani
  • Banuye Mələkut, Əli Kərimi Cəhrumi
  • Əmmeye Saadat (seyidlərin bibisi), Seyid ƏbulQasim Həmidi

İstinadlar

  1. Məhəllati, Rəyahinuş-Şəriə, c.5, s.31
  2. Şeyx Müfid, Əl-İrşad, h.q 1403, c.2, s.244
  3. İbn Cəvzi, Təzkirətul-Xəvass, s.315
  4. Təbəri, Dəlailul-İmamət
  5. Ustadi, "Aşnayi ba Həzrət Əbdül-Əzim və Məsadire şərhe hale u", s.301
  6. Ustadi, "Aşnayi ba Həzrət Əbdül-Əzim və Məsadire şərhe hale u", s.301
  7. Ustadi, "Aşnayi ba Həzrət Əbdül-Əzim və Məsadire şərhe hale u", s.301
  8. Məhəllati, Rəyahinuş-Şəriə, c.5, s.32
  9. Şübeyri Zəncani, Cəreyi əz dərya, h.ş 1394, c.2, s.519
  10. Ustadi, "Aşnayi ba Həzrət Əbdül-Əzim və Məsadire şərhe hale u", s.301
  11. Məhəllati, Rəyahinuş-Şəriə, c.5, s.31 və 32
  12. Geofizika İnstitutunun Təqvim Mərkəzinin Şurası, Tehran Universiteti, Hicri 1398-ci il üçün ölkənin rəsmi təqvimi, s.9
  13. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.23 və 41; Əsğəri nejad, Nəzəri bər əsami və əlqabe Həzrət Fatimə-Məsumə (s)
  14. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.29
  15. Məclisi, Zadul-Məad, h.q 1423, s.547
  16. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.41, 42
  17. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.41, 42
  18. Məhəllati, Rəyahinuş-Şəriə, c.5, s.31
  19. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.150
  20. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.151
  21. Yəqubi, Tarixul-Yəqubi, h.q 1413, c.2, s.361
  22. Kuleyni, Əl-Kafi, h.q 1413, c.1, s.317
  23. Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.2, s.497
  24. Hüseyni, Raze ədəme ezdevac Həzrət Məsumə, s.103-104(ə)
  25. Qumi, Tarixe Qum, Tus, s.213
  26. Qərəşi, Həyatul-İmam Rza (ə), h.ş 1380, c.2, s.351 c.2, s.497
  27. Qumi, Tarixe Qum, Tus, s.213
  28. Amili, Həyatus-siyasiyyə lil-İmamir-Rza (ə), h.q 1403, c.1, s.428
  29. Qumi, Tarixe Qum, Tus, s.213
  30. Qumi, Tarixe Qum, Tus, s.213
  31. Qumi, Tarixe Qum, Tus, s.213
  32. Qumi, Tarixi Qum, Tus, s.213
  33. Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.267
  34. Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.267; Məclisi, Zadul-məad, h.q 1423, s.547-548
  35. Şuştəri, Təvarixun-Nəbi vəl-Ali, h.q 1391, s.65
  36. Qummi, Muntəhul-Amal, c.2, s.378
  37. Qummi, Məfatihul-cinan, s.562
  38. İbn Quliveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.536; Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.265-268
  39. Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.266
  40. Mehdipur, Zendeqani Kərime Əhli-Beyt (ə), h.ş 1384, s.52-54
  41. Məclisi, Zadul-məad, h.q 1423, s.547-548; Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.266-267; Məclisi, Töhfətuz-Zair, h.ş 1386, s.4
  42. Məclisi, Töhfətuz-Zair, h.ş 1386, s.666
  43. Mehdipur, Kərime Əhli-Beyt (ə), h.ş 1380, s.126
  44. https://javadi.esra.ir/
  45. Qumi, Tarixe Qum, Tus, s.213; Səccadi, "Astane Həzrət Məsumə (ə)", s.359
  46. Səccadi, "Astane Həzrət Məsumə (ə)", s.358
  47. Səccadi, "Astane Həzrət Məsumə (ə)", s.358
  48. Həzrət Fatimeyi-Məsumənin (s) anım konqresi, Məcmue Məaqalat, h.ş 1384, c.1, s.2
  49. Şərafət, Həzrət Fatimeyi Məsumənin (s.ə) və Qum şəhərinin mədəni məkanının xatirəsinə həsr olunmuş konqres, s.139-145
  50. Şərafət, Həzrət Fatimeyi Məsumənin (s.ə) və Qum şəhərinin mədəni məkanının xatirəsinə həsr olunmuş konqres, s.139-142

Ədəbiyyat

Xarici keçid