Azər

wikishia saytından
(İbrahimin (ə) əmisi Azər səhifəsindən yönləndirilmişdir)

Azər (ərəbcə: آزر) İbrahimin atasının və ya qəyyumunun Qurani-Kərimdə qeyd edilən addır. Quran bu məsələdə “əb” sözünü işlətmişdir. Şiə təfsirçiləri və alimləri belə hesab edirlər ki, Peyğəmbəri-Əkrəmdən (s) gələn rəvayətə görə, Adəmə qədər Peyğəmbərin (s) əcdadlarından heç biri müşrik olmamalı idi. Beləliklə, müşrik olan Azər, İbrahim peyğəmbərin (ə) atası ola bilməz və buna görə də ayədə gələn “əb” sözünün atadan başqa, əmi və ya ana tərəfindən baba kimi digər mənaları vardır.

Azər, İmam Sadiqin (ə) rəvayətinə görə, Nəmrudun münəccimi idi və bir uşağın doğulacağını və insanları başqa dinə dəvət edəcəyini ona xəbər vermişdi. Buna görə də Nəmrud kişi və qadınların bir-birindən ayrılmasını və doğulan körpələri öldürməyi əmr etdi. Azəri həm də Nəmrudun əmisi oğlu kimi təqdim edirlər.

Şəxsiyyətinin tanınması

Azər (indiki Kufə)nin Səvad məntəqəsinin Kusi kəndinin sakini[1]Nəmrudun əmisi oğlu olaraq təqdim edilmişdir.[2] İmam Sadiqin (ə) rəvayətinə görə, Azər Nəmrudun münəccimi idi.[3] O, həmçinin Həzrət İbrahim (ə) dünyaya gəlməmişdən əvvəl bir insanın doğulacağını və insanları başqa bir dinə dəvət edəcəyini xəbər vermişdi. Bu səbəbdən, Nəmrud qadınları kişilərdən ayırmağı və doğulan uşaqları öldürməyi əmr etdi.[4]

Azər bütpərəst idi[5] və bəzi fars dilində yazılan şerlərdə onun bütpərəstliyindən bəhs edilir.[6]

O cümlədən:


Mənim xəlilim, azərin bütlərini sındırdı, xəyaldan yatmağa vaxtım yoxdur.[7]

İbrahimin atası və ya əmisi

Ənam surəsinin 74-cü ayəsində buyurulur:

«وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُّبِينٍ»

“(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qaynatası, yaxid əmisi, ya da müəllimi olan) atası Azərə dedi: Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq görürəm”.

Bəzi Quran təfsirçiləri, o cümlədən Fəxr Razi bu ayəyə əsaslanaraq Azəri İbrahimin atası hesab etmişlər.[8] Amma Nasir Məkarim Şirazinin yazdığı “Nümunə” təfsirində qeyd olunub ki, bütün təfsirçilər və şiə alimləri Azərin Həzrət İbrahimin (ə) atası olmadığı qənaətindədirlər.[9]

Şeyx Tusi (hicri 460-cı ildə vəfat edib) Azəri İbrahimin (ə) əmisi və ya ana tərəfindən babası hesab etmiş və Əbu İshaq Zəccacdan nəql etmişdir ki, şəcərəşünas alimləri İbrahimin (ə) atasının adının Tarux olmasında ixtilaf etmirlər.[10] Peyğəmbərin (s) bir rəvayətində deyilir ki, Adəmə qədər Peyğəmbərin (s) əcdadlarından heç biri müşrik olmamışdır.[11] Halbuki Azər bütpərəst idi və buna görə də onun Həzrət İbrahimin (ə) atası olması mümkün deyildir.[12]

Müasir filosof və təfsirçi Əllamə Təbatəbai dəlillər gətirərək belə hesab edir ki, ərəb dilində “əb” sözü insanın işlərinə rəhbərlik edən kimsə deməkdir; Buna görə də ata, əmi, baba, qayınata, hətta qəbilə başçısı və ağsaqqalı da “əb” adlanır.[13] Yəhudilərin müqəddəs kitabı olan Tövratda İbrahim peyğəmbərin (ə) atasının adı Tarux olaraq qeyd edilmişdir.[14] Bəzi əxlaq alimləri də “məqtu hədis” şəklində bir hədis rəvayət etmişlər ki, onun məzmunu da üç növ atanın olmasıdır. İnsanın doğulmasına vasitəçilik edən ata və insana həyat yoldaşı (qaynata) verən ata və onun təhsilinə cavabdeh olan ata (müəllim).[15]

Həmçinin bəzi təfsirçilər, o cümlədən Əllamə Təbatəbai və Məkarim Şirazi Həzrət İbrahimin (ə) “Tövbə” surəsinin 114-cü ayəsində “atası” üçün bağışlanma diləməyi rədd etməsi,[16] digər tərəfdən isə “İbrahim” surəsinin 41-ci ayəsində “valideyni” üçün bağışlanma diləməsindən[17] belə nəticəyə gəliblər ki, İbrahimin (ə) atası Azərdən başqa bir şəxs olmuşdur. Həmçinin qeyd olunan ayədə “əb” sözündən məqsəd onun əmisi və ya ana babasıdır.[18]

İbrahimin (ə) Azər üçün bağışlanma istəməsi

“Məryəm” surəsinin 48-ci ayəsinə əsasən,[19] İbrahim peyğəmbər (ə) Azər üçün bağışlanma diləmişdir.[20] Lakin “Tövbə” surəsinin[21] 113-cü ayəsi müsəlmanları müşriklər üçün bağışlanma diləməməkdən çəkindirir. Bu halda meydana çıxan əqli ziddiyyəti həll etmək üçün Quran surənin növbəti ayəsində buyurur:

“İbrahimin (ə) atası üçün bağışlanma diləməsi ancaq ona verdiyi vədə görə idi və onun Allah düşməni olduğu Həzrət İbrahimə (ə) aydın olduqdan sonra ona nifrət etdi.[22]

İstinadlar

  1. Təbəri, Cameul-bəyan, h.q 1412, c.7, s.159
  2. Bələmi, Tarixnameye Təbəri, h.ş 1378, c.2, s.882
  3. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.366-367; Qumi, Təfsirul-Qumi, h.ş 1367, c.1, s.206 - 207
  4. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.366-367; Qumi, Təfsirul-Qumi, h.ş 1367, c.1, s.206 - 207
  5. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.4, s.175; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.5, s.303-307
  6. Ənsari, Munacatnamə, h.ş 1382, s.26
  7. سعدی شیرازی، دیوان اشعار، غزلیات، غزل شماره ۴۰, ganjoor.net saytı (farsca)
  8. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.1, s.76; Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.13, s.31
  9. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.5, s.303
  10. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.4, s.175-176
  11. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.4, s.175
  12. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.4, s.175; Baxın: Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.5, s.303-307
  13. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.164-165
  14. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.164-162; Tövrat, Sifre afərineş, 11:26
  15. Nəraqi, Molla Mehdi, Cameus-saadat, c.37, s.141
  16. İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəsüçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən, İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi. «وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِّلَّـهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ؛
  17. «Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla! رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ »يَوْمَ يَقُومُ الْحِسَابُ
  18. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.164-165; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.5, s.304-305
  19. قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا؛ Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
  20. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.5, s.304
  21. Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və əqli nöqteyi-nəzərdən düzgün olmaz).«مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَن يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ؛
  22. Tövbə surəsi, ayə 114

Ədəbiyyat

  • Ənsari, Xacə Abdullah, Munacatnamə, Düzəliş: Məhəmməd Həmmasiyan, Kerman, h.ş 1382
  • Bələmi, Məhəmməd ibn Məhəmməd, Tarixnameye Təbəri, Təhqiq: Məhəmməd Ruşən, Suruş, 2-ci çap, h.ş 1378
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, 5-ci çap, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifə, 1-ci çap, h.q 1412
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Müqəddimə Şeyx Ağabozorq Tehrani və Təhqiq Əhməd Qüseyr Amili, Beyrut
  • Fəxr Razi, Əbu Abdillah Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, 3-cü çap, h.q 1420
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq: Seyyid Teyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 4-cü çap, h.ş 1367
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Müstəfəvi, Seyyid Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, Tehran, h.ş 1360
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374

Xarici keçid