Rəhmətul-lil-aləmin (ləqəb)
Rəhmətul-lil-aləmin, (ərəbcə: رحمة للعالمين) bütün aləmlərə rəhmət mənasındadır. O, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) ləqəblərindən biridir və bu ifadə “Ənbiya” surəsinin 107-ci ayəsində işlədilmişdir. "Rəhmət" sözü Həzrət Məhəmməd (s) üçün digər ayələrdə, məsələn, “Tövbə” surəsinin 128-ci və “Ali-İmran” surəsinin 159-cu ayələrində də işlədilmişdir. “Nəbiyyur-rəhmət (نَبيُ الرَّحمة) və ya “Rəhmət Peyğəmbəri” də bu Quran ifadəsindən götürülmüş digər ləqəblərdəndir.[1]
Şiə imamlarından nəql edilən rəvayətlərdə də “Rəhmətul-lil-aləmin” ifadəsi Allah Rəsulu (s) haqqında işlədilmişdir. Məsələn, “Bəsairud-Dərəcat”[2] kitabında qeyd olunmuş rəvayətlərdə gəlib. Ya da “Furat Küfi təfsiri”ndə İmam Həsən Müctəba (ə)[3] tərəfindən nəql edilən rəvayətdə və ya İmam Baqirin (ə) bir rəvayətində cümə namazı xütbəsində bu ifadədən istifadə olunmuşdur.[4] Həmçinin İmam Kazimdən (ə) gələn bir hədisdə[5] və eləcə də Peyğəmbərin (s) özü tərəfindən[6] nəql edilən başqa bir hədisdə də bu ifadə işlədilmişdir.
Şiə və sünni təfsirçiləri Peyğəmbərin (s) "rəhmət" olmasını üç mənada izah etmişlər:
- Onun peyğəmbərliyinin bütün insanlıq üçün və əbədi olması.
- İnsanlar üçün səadət və xoşbəxt aqibət gətirməsi.
- İlahi əzabı insanlardan uzaqlaşdırması.[7]
Təfsirçilərin fikrincə, burada nəzərdə tutulan əzab "isti'sal əzabı"dır ki, bu da bir ümmətin tamamilə məhv olmasına səbəb olur.[8] Molla Fəthullah Kaşani bunu “Ənfal” surəsinin 33-cü ayəsindən çıxararaq bildirir ki, Allah-Təala Peyğəmbər (s) insanların arasında olduğu müddətcə onları əzaba düçar etməz.[9] Feyz Kaşani isə “Təfsiri-Safi” kitabında bu rəhmətin yerin dibinə batmaq (xəsf), insanın heyvana çevrilməsi (məsx) və istisal əzabı ilə məhv olmaqdan qorunmaq kimi nümunələrini də qeyd etmişdir.[10]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Haşim Şahqubadi, Bərresiye məfhume Rəhmətun lil-aləmin dər siyreye Nəbəvi, s.39
- ↑ Səffar Qumi, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.381
- ↑ Kufi, Təfsiru Furatil-Kufi, h.q 1410, s.197
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1364, c.3, s.422
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1364, c.4, s.148
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1364, c.6, s.395
- ↑ Ğəzənfəri və Zarei, Rəhmətun lil-aləmin budəne peyambər (s) dər Quran əz neqahe təfasire fəriqeyn, s.70
- ↑ Nümunə üçün baxın: Əbu-Futuh Razi, Rəvzul-cinan, c.13, s.289; Kaşani, Mənhəcus-sadiqin, h.ş 1371, c.6, s.117
- ↑ Kaşani, Mənhəcus-sadiqin, h.ş 1371, c.6, s.117
- ↑ Feyz Kaşani, Əs-Safi, h.q 1416, c.3, s.358
Ədəbiyyat
- Əbu-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, h.ş 1371
- Səffar Qumi, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, h.q 1404
- Ğəzənfəri və Zarei, «رحمة للعالمین بودن پیامبر(ع) در قرآن از نگاه تفاسیر فریقین», h.ş 1394
- Feyz Kaşani, Molla Hüseyn, Əs-Safi, Tehran, Məktəbətus-sədr, h.ş 1373
- Kaşani, Molla Fəthullah, Mənhəcus-sadiqin, Tehran, İslamiyyə, h.ş 1378
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1364
- Kufi, Furat ibn İbrahim, Təfsiru Furatil-Kufi, Təhqiq: Məhəmməd Əl-Kazim, h.q 1410