Həqqunnas

wikishia saytından
(İnsanların haqqı səhifəsindən yönləndirilmişdir)

Həqqunnas (ərəbcə: حق الناس) və ya bəndələrin hüquqları dedikdə, insanın boynunda olan camaatın hüquqları nəzərdə tutulur. Həqqunnas, Allahın bəndələrin boynunda olan hüquqlarından bəhs edən həqqullahın ziddidir. Həqqunnas yalnız maddi hüquqlarla məhdudlaşmır, həm də insanların canına və abrına şamil olur. Həqqunnası iki qismə bölüblər:

Xalis olan həqqunnas; insanların canı və malı kimi. Mürəkkəb həqqunnas; oğurluq və böhtan atmaq kimi ki, eyni zamanda həm həqqullaha (Allahın haqqını) və həm də həqqunnasa şamil olan hüquqlardır. İmam Səccadın (ə) hüquq risaləsində insanın üzərinə düşən əllidən çox hüquq və vəzifədən bəhs edilmişdir. Hədislərdə insanın boynunda həqqunnasın olması, duaların qəbul olunmamasına səbəb kimi göstərilir.

Həqqunnas, tövbə etmək və Allah yolunda şəhid olmaqla bağışlanmaz, Daha doğrusu, əvəzi ödənilməli və ya haqq sahibi onu bağışlamalıdır. İslam dininin məhkəmə hökmlərində insanların haqqı ilə Allahın haqqı arasında fərqlər vardır; məsələn, həqqunnasda hökmün icrası haqq sahibinin tələbinə bağlıdır; Halbuki, Allahın haqqında heç kimin tələb etməsinə ehtiyac yoxdur. Həmçinin insanların haqqı dəqiqlik və ehtiyata əsaslanır. Amma Allahın haqqı asanlıq və yüngül tutmağa əsaslanır.

Tərifi

İslam dinində haqqlar həqqunnas və həqqullaha bölünür.[1] Həqqunnas dedikdə, camaatın insanın boynunda olan hüquqları nəzərdə tutulur ki, bu da Allahın insanın boynunda (öhdəliyində) olan hüquqlarının müqabilində qərar tutur.[2] Həqqunnas bir növ Allahın haqqı sayılır;[3] lakin bu termin həqqullahın qarşısında işlədildikdə, yalnız camaatın insanın üzərindəki haqlarına aid olan bir qrup hüquqa işarə edir.[4]

Hədis və fiqh mənbələrində həqqunnasa (insanların haqqına) işarə etmək üçün "həqqi ibad" (bəndələrin haqqı),[5] "həqqi adəmi" (insan haqqı,[6] "həqqi adəmiyyin" (insanların haqları)[7] və "hüquqi müslimin" (müsəlmanların hüquqları)[8] kimi başlıqlar qeyd olunub.

Nümunələr

Bəzi fəqihlər həqqunnası iki qismə bölüblər:

  1. Xalis olan həqqunnas; məsələn, insanların can və mallarının qorunması kimi.
  2. Mürəkkəb həqqunnas; yəni oğurluq,[9] təzir[10]qəzf[11] kimi ki, eyni zamanda həm həqqullaha və həm də həqqunnasa şamil olan hüquqlardır.

Həqqunnas yalnız maddi hüquqlarla məhdudlaşmır, şəxslərin canına və abrına da şamil olur.[12] Bu səbəbdən qeybət etmək,[13] böhtan atmaq, söz gəzdirmək, gərəksiz yerə insanları narahat etməyi də həqqunnas hesab ediblər.[14] İmam Səccadın (ə) hüquq risaləsi kimi tanınan bir rəvayətində başqalarına qarşı əllidən çox hüquq və vəzifə qeyd edilmişdir.[15]

İslam hədislərində həqqunnasın əhəmiyyəti

Həqqunnas hədislərdə duaların qəbul edilməməsinin səbəblərindən biri hesab olunur.[16] İmam Sadiq (ə) heç bir ibadəti möminin haqqını əda etməkdən daha üstün bilməmişdir.[17]

Bir "mənahi" hədisdə İslam Peyğəmbərindən (s) nəql olunur ki, boynunda başqasının haqqı olan şəxs onu qaytarmaq imkanına sahib olduğu halda, onu qaytarmaqda bu gün-sabah etsə, onun əməl dəftərində hər gün "əşşar"ın günahının bərabəri qeyd olunur.[18] "Əşşar" o şəxsə deyilir ki, zalım hökmdarın əmri ilə xalqın malının onda birini zorla əlindən alıb.[19]

Həqqunnasın fiqh və hüquq sahəsindəki yeri

Fiqhi mənbələrdə həqqunnasdan məhkəmə hökmləri bölməsində bəhs edirlər.[20] İran İslam Respublikasının hüquqi qanunlarında da ona diqqət yetirilmişdir.[21] Məsələn, diyə, qisas, təhqir etmək kimi bəzi cəza xarakterli cinayətlər həqqunnas olmaq baxımından cinayət sayılmışdır.[22]

Həqqunnasın həqqullah ilə fərqi

  • Həqqunnas ilə Həqqullah arasında bir sıra fərqləri qeyd etmişlər ki, bunlardan bəziləri aşağıdakılardır:
  • Hakim qarşısında həqqunnası sübut etmək həqqullahı sübut etməkdən daha asandır; çünki həqqullah bir kişi və iki qadın şahidlə ya and da içən bir kişi şahidlə və ya təkcə qadınların şahidliyi ilə sübut olunmaz. Amma bu şahidlərlə bəzi həqqunnasları isbat etmək olar.[23]
  • Həqqunnasda hökmün icrası haqq sahibinin istəyinə bağlıdır. Amma Həqqullah heç kimin tələbinə bağlı deyil.[24]
  • Həqqunnasda, həqqullahdan fərqli olaraq, hakim cinayətkarı etiraf etməkdən çəkindirə bilməz.[25]
  • Həqqunnasın bəzi nümunələri bağışlana və ya əvəz edilə bilər, lakin həqqullahda cinayətin törədildiyi şəxsin razılığı haqqın düşməsinə səbəb olmur.[26]
  • Həqqunnaslar tövbə etmək ilə insanın boynundan düşməz, lakin həqqullahların bəziləri tövbə etmək ilə insanın boynundan düşər.[27]
  • Həqqunnas diqqət və ehtiyata əsaslanır, lakin həqqullah asan və yüngül tutmağa əsaslanır.[28] Deyilmişdir ki, bəzi fəqihlər məhkəmə hökmlərində həqqullah ilə həqqunnas arasındakı fərqlərin bundan qaynaqlandığını bildirirlər.[29]
  • Həqqunnas Allah yolunda şəhid olmaqla bağışlanmaz. Bir halda ki, həqqullah şəhid olmaqla bağışlanar.[30] Buna görə də deyilir ki, İmam Hüseyn (ə) Aşura gecəsi öz səhabələrindən biri olan Umeyr Ənsariyə buyurdu: "Camaat arasında elan et ki, kimin borcu varsa, mənimlə birlikdə düşmənə qarşı döyüşməsin. Çünki boynunda borcu olan hər kim bu dünyadan getsə və onu əda etmək üçün bir çarə fikirləşmiş olmasa, cəhənnəmə düşər".[31] Başqa bir rəvayətdə qeyd olunur ki, İmam (ə) buyurdu: " (bütün səhabələrim arasında) bəyan et ki, hər kəsin veriləcək borcu varsa, mənimlə birlikdə şəhid edilməsin; çünki Allah Rəsulundan (s) belə buyurduğunu eşitdim: "Hər kim dünyadan getsə və veriləcək borcu olsa, Qiyamət günü bunun əvəzində onun yaxşı əməlləri götürülər".[32]

Əvəzini çıxmaq

İnsan haqlarında isə tövbədən əlavə insanların haqqı ödənilməli və ya haqq sahibi onu bağışlamalıdır.[33] Bəzi fəqihlərin dediyinə görə, bu məsələyə insanın həddi-büluğa çatmazdan əvvəl itirdiyi hüquqlar da daxildir.[34]

Peyğəmbərdən (s) nəql olunan bir rəvayətə əsasən, Qiyamət günü insanların haqqı boynunda olan şəxsin yaxşı əməlləri haqq sahibinə veriləcək və əgər onun yaxşı əməlləri bitsə, haqq sahibinin günahları onun ayağına yazılacaq. Sonra isə onu atəşə atarlar.[35]

"Ləalil-Əxbar" kitabında İmam Sadiqdən (ə) nəql olunan başqa bir rəvayətə görə, insanın Qiyamətdə ən pis halı odur ki, zəkatxüms verilməli olan şəxslər bir insanı dayandırar və Allah bunun əvəzində onun yaxşı əməllərindən onlara verər.[36]

Biblioqrafiya

  • Mahmud Əkbərinin Ayətullah Məkarim Şirazinin müqəddiməsi ilə yazdığı Həqqunnas kitabına nəzər salın. Kitabın fəsilləri aşağıdakılardır: Həqqunnasın əhəmiyyəti, insan haqları və haram gəlirlər, insan haqları və mali və hüquqi məsələlər, insan hüquqları və mənəvi və abır məsələləri.[37]
  • Abbas Rəhimi tərəfindən fars dilində yazılmış Həqqunnas kitabı. Kitab altı fəsildən ibarətdir ki, müsəlmanın abrı və Qiyamət günündə həqqunnas onun fəsilləri arasındadır.[38]

Əlaqəli məqalələr

İstinadlar

  1. Baxın: İbn Şöbe, Tuhəful-uqul, h.q 1404, s.255
  2. Baxın: Amili, Əl-İstələhatul-fiqhiyyə, h.q 1413, s.71
  3. Baxın: Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43; Musəvi Ərdəbili, Fiqhul-qəza, h.q 1423, c.2, s.188
  4. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43; Baxın: Musəvi Ərdəbili, Fiqhul-qəza, h.q 1423, c.2, s.188
  5. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.1, s.195
  6. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.370
  7. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.370
  8. Kuleyni, Əl_Kafi, h.q 1407, c.7, s.220
  9. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163
  10. Mühəqqiq Damad, Qəvaidu fiqh, h.q 1406, c.4, s.209
  11. Mühəqqiq Damad, Qəvaidu fiqh, h.q 1406, c.3, s.160
  12. Baxın: Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.74, s.160
  13. Baxın: Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.74, s.160
  14. Baxın: Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.72, s.150
  15. İbn Şöbe, Tuhəful-uqul, h.q 1404, s.255-272
  16. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.321
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.170
  18. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.16-17
  19. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.3, s.403
  20. Baxın: Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163
  21. Baxın: Şiri, Suqute mucazat dər keyfəri İslam və İran, h.ş 1372, s.112; Məcmue cəraim və mucazatha, h.q 1385, c.2, s.605-606
  22. Şiri, Suqute mucazat dər keyfəri İslam və İran, h.ş 1372, s.119-120
  23. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.7, s.248-249
  24. Müntəziri, Dirasətun fi vilayətil-fəqih, h.q 1409, c.2, s.201
  25. Mühəqqiq Damad, Qəvaidu fiqh, h.q 1406, c.3, s.33
  26. Baxın: Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43-44
  27. Ərdəbili, Zubdətul-bəyan, s.308-309
  28. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163
  29. Mirqati, Haqqullah və haqqunnas, c.13
  30. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.183; Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.94
  31. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.19, s.430
  32. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.19, s.429; Məkarim Şirazi, Aşura rişeha, əngizeha, ruydadha, peyamədha, s.413
  33. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.94
  34. Baxın: Moraği, Əl-Ənavinul-fiqhiyyə, h.q 1417, c.2, s.660
  35. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.6
  36. تویسرکانی، لئالی الاخبار، علامه، ج۳، ص۲۱۴., noorlib.ir saytı
  37. نورلیب، شناسامه کتاب نگاهی به حق الناس, noorlib.ir saytı
  38. شبکه جامع کتاب گیسوم, gisoom.com saytı

Ədəbiyyat

  • İbn Şöbe, Tuhəful-uqul, h.q 1404
  • Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-qəza, h.q 1423
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Qəvaidu vəl-fəvaid, Nəcəf, h.q 1400
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, h.q 1387
  • Şiri, Abbas, Suqute mucazat dər keyfəri İslam və İran, Tehran, h.ş 1372
  • Amili, Yasin İsa, Əl-İstələhatul-fiqhiyyə, Beyrut, Darul-bəlağə, h.q 1413
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Tehran, Mürtəzəvi, h.q 1416
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Mühəqqiq Damad, Seyyid Mustafa, Qəvaidu fiqh, Tehran, h.q 1406
  • Moraği, Seyyid Mir Əbdül-Fəttah, Əl-Ənavinul-fiqhiyyə, Qum, h.q 1417
  • Müntəziri, Hüseynəli, Dirasətun fi vilayətil-fəqih, Qum, h.q 1409

Xarici keçid