Sehr

wikishia saytından
Bu məqalə sehr (cadu) barəsindədir. Eyni adlı ayə ilə tanışlıq üçün Sehr ayəsinə daxil olun.

Sehr (ərəbcə: السحر ) və cadu bir sıra xariquladə işlərdir ki, şəxslərdə və ya əşyalarda hansısa bir təsirə malik olmaq və onları ram etmək məqsədi ilə həyata keçirilir.

Şiə məzhəbinin bütün fəqih və müctəhidləri sehrdən istifadə etməyi, sehr öyrənməyi və öyrətməyi və sehr-cadu ilə bağlı işlərə görə pul almağı haram hesab edirlər.On iki imamçı şiə məzhəbinin bütün əxlaq və irfan alimləri sehr və cadu ilə məşğul olmağı böyük günah sayırlar. Şiə hədis qaynaqlarında sehr küfrə bərabər bir iş sayılın və sehrlə məşğul olmaq nəhy edilibdir.

Təfsir alimlərinin görüşünə görə isə Qurani-Kərim açısından sehr iki cürdür: Bəzi sehrlər həqiqi deyil, xəyali bir hadisə və təxəyyülün məhsuludur. Bəzi sehrlərin isə həqiqi təsirləri var. Məsələn, sehrlə ər və arvad arasına ayrılıq salmaq mümkündür.

Müsəlman alimləri möcüzə və sehr arasında əsaslı fərqin olduğunu deyirlər. Möcüzə Allah tərəfindən peyğəmbərlik iddiası edən şəxslər tərəfindən həyata keçirilir. Öncədən hazırlıq olmadan və dərhal baş verir. Allahın iradəsi və qüdrəti ilə vücuda gəlir. Sehr isə sahirin (sehr göstərən) öncədən bu işi öyrənməsi, mənimsəməsi və müəyyən təlimlər görməsi ilə əldə edilir və həmçinin sehrkarlar peyğəmbərlik iddiası etmirlər, habelə hər kəsin istədiyi xariquladə işi həyata keçirmək gücündə deyildirlər.

Bəzi müsəlman alim və müctəhidlər peyğəmbərlik və kəramət iddia edən yalançıları rüsvay etmək üçün sehri öyrənməyi icazəli və hətta "kifayi-vacib" hesab ediblər. Müsəlmanlar alimləri və fəqihlər sehri batil etmək üçün yalnız Quran ayələri və duadan istifadə edilməlidir, yoxsa sehri sehrlə də batil etmək olar mövzusunda müxtəlif fikirlər irəli sürüblər və bu məsələdə ixtilaf ediblər.

Fəqihlər fətva veriblər ki, sahir (sehkar, cadugər) kafir olarsa, təzir ediləcək, əgər müsəlman olarsa və sehri halal bilərsə, mürtəddin hökmü onun barəsidə cari ediləcək. Həmçinin əgər bir şəxs sehrin nəticəsində ölərsə, bəzi fəqihlərin fətvasına görə, qatil (sehri edən, cadugər) qisas ediləcək və ölənin qan pulunu (diyə) ödəyəcək. Bəzi fəqihlər isə bu hökmlə razılaşmayıblar.

Sehr nədir?

Dil sözlüklərində sehr və cadu belə tərif edilir: Əfsun oxuma və sirli rituallar icra etmə yoluyla təbii və fövqəltəbii qüvvələri özünə ram etmək və bu vasitəylə işlərin gedişatında, şəxslərdə və ya əşyalarda müəyyən təsirə malik olmaq.[1]

Qurani-Kərimdə,[2] hədis və rəvayətlərdə[3] sehr və cadudan danışılıb. Təfsir[4] və hədis[5] alimləri sehr və caduya aid ayə və hədislərin şərhində bu barədə bəhs ediblər. Həmçinin fiqhi kitablarda fəqihlər sehrlə məşğul olmağın icazəli olub olmadığı barədə fikirlərini bildiriblər,[6] sehrlə məşğul olanın (sahir, sehrkar və cadugər) cəzasını[7] və bu mövzuya aid digər məsələləri[8] müzakirə ediblər.

Sehrin tarixi

"Nümunə təfsirinə" görə sehrin nə vaxtdan başlaması və hansı cəmiyyətlərdə necə və zaman geniş yayılması barədə qəti bir fikir bildirmək çətindir. Bu barədə təkcə bunu demək olar ki, sehrin tarixi çox qədimdir və çox qədim zamanlardan insanlar arasında yayılıb.[9] Məsələn, İmam Həsən Əskəridən (ə) nəql edilən bir hədisdə deyilir ki, sehr və cadu Həzrət Nuh peyğəmbərin (ə) zamanında geniş yayılıb.[10]

Möcüzə və sehrin fərqi

Tarix boyunca peyğəmbərlərə, xüsusilə də Həzrət Məhəmməd peyğəmbərə (s) nisbət verilən töhmət və iftiralardan biri "sehrkarlıq" və "cadugərlik" olub.[11] Əlbəttə müsəlman alimləri "sehr" və "möcüzə"nin mahiyyətcə eyni olmadığını və bu ikisinin fərqli məfhumları oldğunu əsaslandıran dəlillər ortaya qoyublar. Bu fərqlərdən bəziləri aşağıdakılardır:

  • Sehr və möcüzənin hər ikisinin müəyyən təsirləri var. Amma möcüzə haqdır, sehr isə batildir. Möcüzə tərbiyə və islah etmək və dorğu yolu göstərmək üçündür, sehr isə ya hədəfsiz, ya da batil və dəyərsiz hədəflər üçündür.[12]
  • Sehr bəşəri bir işdir və insanın bacarıqları çərçivəsində baş verir. Buna görə də sehrkarların yerinə yetirdiyi xariquladə işlər öyrənilə və öyrədilə biləndir. Sehrkarlar öncədən uzunmüddətli təlimlər və təkrarlarla öyrəndikləri xariquladə işləri icra edirlər. Amma möcüzə Allahın əmri ilə baş verir və heç bir insan onu öyrənməklə əldə edə bilməz. Buna görə də möcüzələr insanlar tərəfindən peyğəmbərlərdən istənildikdə anında baş verir.[13]
  • Möcüzə həmişə peyğəmbərlik iddiasıyla birlikdədir. Yəni möcüzəni Allah tərəfindən peyğəmbər olaraq göndərildiyini iddia edən şəxs öz iddiasının doğruluğunu isbat etmək üçün göstərir. Amma sehrkar və cadugər belə bir iddia edə bilməz. Çünki İlahi hikmət kiminsə peyğəmbərlik iddiası ilə insanları aldatmağa mane olacaq və Allah-Taala kiməsə insanları aldada biləcək xariquladə gücü verməz. Digər tərəfdən isə sehrkar da möcüzə bacarmayacağını bildiyi üçün belə bir iddia edib özünü rüsvay etməz. Çünki möcüzə insanların istəyi ilə və anında baş verməlidir, sehr isə sehrkarın öncədən öyrəndiyi bir əməldir.[14]

Qurani-Kərim sehrin varlığını inkar etmir

"Nümunə Təfsiri"nin yazarlar qrupu Qurani-Kərimdə "sehr" sözünün əlli bir dəfə işləndiyinə diqqət çəkərək "sehr"i Quran açısından iki ümumi hissəyə bölüblər:

  1. Aldatmaca, gözbağlıca, hoqqabazlıq və əlin cəld hərəkəti ilə göz yanıltması ki, həqiqət deyil və mahiyyəti yoxdur, puçdur, xəyaldır, xariquladə deyil, amma hoqqabazlıqla insanlara həqiqətən nəyinsə baş verdiyi görüntüsü yaradılır. Qurani-Kərim Taha surəsinin 66Əraf surəsinin 116-cı ayələrində buna işarə edilib.
  2. Həqiqi sehr ki, insan və əşyada öz təsirini qoyur. Qurani-Kərimin Bəqərə surəsinin 102-ci ayəsində sehrin ər və arvad arasında ayrılıq yarada biləcək gücünə işarə edib.[15]

Təfsir alimləri Bəqərə surəsinin 102-ci ayəsində adları keçən Harut və Marut adlı iki mələyin dastanını belə nəql edirlər: Həzrət Süleymanın (ə) zamanında iki mələk insan şəkilində Bəni-İsrail tayfasının (yəhudi xalqı) arasına gəldilər. Həmin zaman sehrin batil və zərərli növü İsrail övladları arasında geniş yayılmışdı və sehrlə insanlar arasında müxtəlif fintələr yaradılırdı. Bu iki mələk Bəni-İsrail tayfasına sehrin zərərsizləşdirilməsi yolunu öyrətdilər. Ayədə deyilir ki, Harut və Marut insanlara xəbərdarlıq etdilər ki, sizə öyrətdiklərimiz təkcə doğru yolda istifadə etmək və sehri batil etmək üçündür və həmçinin Allah-Taala tərəfindən bir sınaqdır. Amma Bəni-İsrail tayfasında çoxları yolunu azdı və mələklərin sehri batil etmək üçün öyrətdikləri qaydaları batil və zərərli işlər üçün istifadə etdilər.[16]

Məsum imamların (ə) sehr və caduya münasibəti

Səkuni İmam Baqir (ə)İmam Sadiqdən (ə) belə nəql edir ki, günlərin birində bir qadın Həzrət Peyğəmbərin (s) yanına gələrək o həzrətdən (s) sehr barədə soruşur və deyir: "Mənim ərim evdə tündxasiyyətili və bədrəftardır. Mən onu özümə cəlb və cəzb etmək üçün sehrdən istifadə etmişəm." Həzrət Peyğəmbər (s) o qadına buyurur: "Vay olsun, dənizlərin suyunu qaraltdın, gülləri soldurdun və yerin və göyün mələkləri sənə lənət edirlər". Şeyx Səduq, "Mən la Yəhzuruhul-Fəqih", c.5, s.95, çap: 1367 hş.


Şeyx Kuleyni bir hədisdə nəql edir ki, ömrünü sehr və cadugərlikdə keçirmiş bir kişi əməlindən peşiman olur və İmam Sadiqdən (ə) keçmiş günahlarının bu dünyada hesabını vermək üçün bir çarə soruşur. İmam (ə) ona tövsiyə edir ki, bu elmdən sehr və cadunu batil etmək üçün istifadə etsin.[17] Əllamə Məhəmmədbaqir Məclisi qeyd edilən hədisdən belə qənaətə gəlib ki, bu elmi sehr və cadunu batil etmək üçün öyrənmək olar.[18] İmam Əlidən (ə) rəvayət edilən digər bir hədisdə sehr öyrənmək küfr hesab edilib. Beləki sehrlə məşğul olan adam tövbə etməzsə, onun cəzası ölümdür.[19] Məşhur şiə fəqihi Məhəmməd ibn İdrisin (543-598 hq) Həzrət İmam Sadiqən (ə) nəql etdiyi hədisdə bir nəfər o həzrətdən (ə) itmiş əşyaların yerini deməyi bacaran bir şəxsə müraciət etməyin hökmünü soruşur. İmam Sadiq (ə) onun cavabında cəddi Peyğəmbərdən (s) hədis nəql edərək deyir ki, kahin və sahirin (öngörücü, falçı, sehkar və cadugər) yanına gedərsə və onun sözünü təsdiq edərsə, Allah-taala tərəfindən nazil olunanı inkar etmiş olur.[20]

Sehri batil etməyin və qarşısını almağın yolları

Şiə məzhəbinin ən böyük hədis ensiklopediyasının müəllifi mərhum Əllamə Məhəmmədbaqir Məclisi həmin dəyərli əsərdə, yəni "Biharul-Ənvar" kitabında bu mövzuda olan hədisləri "Sehrin və gözdəymənin batil edilməsi və qarşısının alınması" fəslində toplamışdır.[21] Həmçinin hicri-qəməri tarixi ilə 4-cü əsrdə yaşamış İbna Bistam Nişapuri qardaşlarının (Abdullah və Hüseyn) qələmə aldığı "Tibbul-Əimmə" kitabında sehri batil etmək üçün "təviz"lər toplanmışdır.[22] İmam Əli (ə) sehrlə bağlı ona müraciət edən səhabələrinə bir dua öyrədir və göstəriş verir ki, həmin duanı ceyran dərisinə yazaraq özləri ilə gəzdirsinlər.[23] Başqa bir rəvayətdə Həzrət Peyğəmbər (s) sehrdən və şeytanın şərrindən qorxanlara bu iki şeydən qorunmaq üçün Əəraf surəsinin 54-cü ayəsini oxumağı tövsiyə edib.[24]

Sehrin mahiyyəti, nümunələri və fiqhi tərifi

Cadu və sehrin bir nümunəsi

Fəqihlərin sehrin tərifi və mahiyyəti barədə fərqli fikirləri var. Bir qrup fəqihlər sehrin zehindən kənarda mahiyyət və həqiqətənin olduğunu düşünmürlər, başqa bir qrup fəqih sehrin xəyali və ya həqiqi bir məfhum olduğu barədə qəti bir söz deməyin mümkün olmadığını deyirlər, bir çox fəqihlər isə sehrin zehindən xaricdə mövcudluğunu təsdiqləyirlər.

Sehrin mahiyyəti

Şiə fəqihləri Şeyx Tusi (385-460 hq) və Şəhid Sani (911-965 hq) sehri həqiqi və zehindən xaricdə mahiyyəti olan bir məfhum kimi qəbul edirlər.[25] Ayətullah Seyid Əbulqasim Musəvi Xoyi (1278-1371 hş) sehr hansısa bir şəxsin duyğu üzvləri, təsəvvür və xəyalında təsir qoymaqdır, bu cəhətdən həqiqi məfhum sayılmır və həqiqi aləmdə - (zehindən xaricdə) - mövcud deyil.[26] "Şəhid Əvvəl" ləqəbi ilə məşhur olan görkəmli şiə alimi Məhəmməd ibn Cəmaləddinin (734-786 hq) fikrincə alimlərin əksəriyyəti bu rəyi qəbul ediblər.[27] Digər şiə alimi Əli ibn Hüseyn Mühəqqiq Kərəki (865-940 hq) isə deyir ki, sehrin xəyali və ya həqiqi bir məfhum olması barədə qəti söz demək olmur.[28]

Sehrin tərifi və nümunələri

Molla Əhməd Nəraqinin fikrincə fəqihlərin açıqlamalarında sehrə elə bir tərif verilməyib ki, onun bütün cəhətlərini əhata etsin və bütün kateqoriyalarına şamil ola bilsin.[29] O, sehrin məfhum və mənasının öyrənilməsi üçün yeganə mənbəyin ürf və cəmiyyət olduğunu düşünür və deyir ki, ürfə və cəmiyyətə görə sehr cəmiyyətin tanıdığı ümumi və adi qaydalara uyğun baş verməyən gizli bir şeydir.[30] Əllamə Hilli (648-726 hq) sehri belə tərif edir: Sehr bir söz, yazı və əməldir ki, birbaşa və ya qeri-müstəqim insanın qəlbində (ruhunda) və ya əqlində təsir edir.[31] Bu sehr insanı öldürə, xəstələndirə, ər və arvad arasında ayrlıq sala, iki insan arasında düşmənçilik və ya dostluq yarada bilər.[32] Həzrət Ayətullah Üzma Seyyid Ruhullah Xomeyni də bu görüşə sahibdir.[33] Şəhidi-Əvvəl (r.ə) cin, şeytanmələklərdən itmiş bir şeyin tapılması, hansısa bir xəstəliyin sağaldılması, ruh çağırılması və danışdırılması, müxtəlif şeylərin tanınmamış xüsusiyyətlərini kəşf etməyi və tilsimi sehrdən hesab etmişdir.[34]

Fəxrul-Muhəqqiqin ləqəbi ilə məşhur olan şiə alimi Məhəmməd ibn Həsən Hilli (682-771 hq) insanın nəfsani gücü və səmavi cismlərin köməyi ilə və ya göydəki və yerdəki təbii qüvvələrin bir-birinə əlavə edilməsi ilə və həmçinin ruhlardan kömək almaqla xariquladə işlər görməsini sehr adlandırmışdır.[35] Ayətullah Gulpayqani (r.ə) deyir ki, zahirdə möcüzə və kəramətə oxşayan və qeyri-adi təsirlərə malik hər bir iş sehrdir. Və fərq etmir ki, sehrə məruz qalan obyekt insan olsun və ya heyvan və ya əşya olsun, sehr onda təsir etsin və ya etməsin. Məsələn, təbii vasitələrdən və ya şəriətdə deyilən ayə və dualardan istifadə etmədən ağacı sirkələmək, divarı və ya tavanı tərpətmək, axar suyu dayandırmaq.[36] Ayətullah Üzma Seyid Əbulqasim Xoyi (r.ə) cənablarının rəyinə görə, nəfsi paklamağın və "riyazət"lər çəkməyin sayəsində bəzi xariquladə işləri həyata keçirmək sehr hesab edilmir.[37]

Sehrdən istifadə etməyin şəri hökmü

Şiə fəqihləri arasında sehri öyrətmək, öryənmək, digərlərini sehr etmək və bunun müqabilində muzd almağın haram olması barədə fikr ayrılığı yoxdur.[38] Əxlaq mövzusunda yazılan kitablarda da sehrlə məşğul olmağı böyük günahlardan hesab ediblər.[39] Ayətullah Seyid Əbdülhüseyn Dəstğeybin fikrincə sehrin böyük günah olmasının dəlili rəvayət və hədislərin buna açıq-aşkar dəlalət etməsidir. O, bu barədə İmam Sadiqdən (ə) rəvatət edilən bir hədisə istinad edir ki, sehri böyük günahlardan sayır.[40] Bununla belə bəzi şəraitlərdə bu məsələdə müctəhidlərin fərqli nəzərləri də var. Məsələn, bəzi fəqihlər özünü düşməndən qorumaq üçün sehrdən istifadə etməyi icazəli hesab ediblər.[41] "Cəvahirul-Kəlam" kitabının müəllifi Ayətullah Məhəmməd Həsən Nəcəfi hesab edir ki, zəruri hallarda sehrdən istifadə etmək lazım olduğu üçün sehr elmini öyrənməyin özlüyündə bir problemi yoxdur.[42] Şəhid ƏvvəlŞəhid Sani kimi böyük alimlər yalançı sehrkarları və ya sehrdən istifadə edərək yalandan peyğəmbərlik iddiasında olanları rüsvay etmək üçün sehr elmini öyrənmək "kifayi-vacib"dir.[43] Bundan əlavə "Cəvahirul-Kəlam" kitabının müəllifi bu fikirdədir ki, sehri Quran, duazikrlə də batil etmək olar.[44]

Sehrlə məşğul olmağın cəzası

Şiə fəqihlərinin fətvasına görə, əgər sahir (sehrkar) kafir və qeyri-müsəlmandırsa, bu işlə məşğul olduğu üçün "təzir" ediləcəkdir.[45] Əgər müsəlmandırsa və sehri halal hesab edib bu işlə məşğul olursa, kafir və mürtəddir. Buna görə də onun barəsində mürtəddin hökmü cari ediləcək.[46] Əgər müsəlmandır və sehri də halal bilmirsə, ona bəzi fəqihlərin rəyinə əsasən, sehrin həddi ki, ölüm hökmüdür, tətbiq ediləcək.[47] Amma bəzi fəqihlərin fikrincə müsəlman bir şəxs sehri halal hesab etmədən onunla məşğul olarsa, ona ölüm hökmü tətbiq edilmir.[48]

Sehrlə qətl törətmək

Sehrlə qətl törətməyin hökmü barədə fəqihlərin rəyləri fərqlidir. Şeyx Tusi kimi bəzi fəqihlər deyirlər ki, sehkar sehrlə adam öldürərsə, qisas edilmir və ondan ölünün qan pulu (diyə) alınmır.[49] Muhəqqiq Hilli isə sehrin həqiqi olması (və ölümə səbəb ola biləcəyi) ehtimalının güclü olduğunu önə çəkərək, sehrlə adam öldürüldüyü təqdirdə diyə və qisas hökmünün tətbiq edilməsi fikrini gücləndirmişdir.[50] Əllamə Hilli[51]Şəhid Sani[52] isə qisasın sehrkarın etirafına bağlı olduğunu deyiblər. Əgər sehrkar etiraf etsə ki, öldürmək niyyəti ilə sehr edib, qisas olunacaqdır.[53] Həzrət Ayətullah Üzma Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) fətvasına görə isə, əgər sehrin qətldə təsiri sübuta yetirilərsə, sehkarın da niyyəti öldürmək olarsa, bu, qəsdən adam öldürmək sayılacaq. Əgər sehrkarın niyyəti öldürmək deyildisə, bu zaman "qəsdən öldürmək kimi" sayılacaq. Həmçinin sehr elə bir növdən olsa ki, adətən öldürür, yenə də qəsdən adam öldürmək cəzası tətbiq ediləcək.[54]

İstinadlar

  1. Ənvəri və başqaları, Fərhənge ruze soxən, h.ş 1383, s.368
  2. Nümunə üçün baxın: Taha surəsi, ayə 66; Əraf surəsi, ayə 116
  3. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.115; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.5, s.95; Hümeyri, Qurbul-isnad, h.q 1413, s.152; İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.3, s.593
  4. Nümunə üçün baxın: Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.336-342; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.233-236; Sadiqi Tehrani, Əl-Furqan, h.q 1406, c.2, s.79-84; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.374
  5. Nümunə üçün baxın: Əllamə Məclisi, Miratul-uqul, h.q 1404, c.19, s.73
  6. Nümunə üçün baxın: Hüseyni Amili, Miftahul-kəramət, h.q 1419, c.12, s.226; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.78; Şəhid Əvvəl, Əd-Durus, c.3, s.164; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.3, s.215
  7. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.86; Xansari, Cameul-mədarik, h.q 1405, c.7, s.113; Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.459
  8. Nümunə üçün baxın: Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.329; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.4, s.973; Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.425; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.546
  9. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.377
  10. Şeyx Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.1, s.267
  11. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.437
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.438
  13. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.7, s.519
  14. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.7, s.519-520
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.378-379
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.374; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.336-342; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.233-236; Sadiqi Tehrani, Əl-Furqan, h.q 1406, c.2, s.79-84
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.115
  18. Əllamə Məclisi, Miratul-uqul, h.q 1404, c.19, s.73
  19. Hümeyri, Qurbul-isnad, h.q 1413, s.152
  20. İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.3, s.593
  21. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.92, s.124
  22. İbna Bistam, Tibbul-əimmə, h.q 1411, s.35
  23. İbna Bistam, Tibbul-əimmə, h.q 1411, s.35; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.92, s.124
  24. İbna Bistam, Tibbul-əimmə, h.q 1411, s.130; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.92, s.132
  25. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.327; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.3, s.215
  26. Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.453
  27. Şəhid Əvvəl, Əd-Durus, c.3, s.164
  28. Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.4, s.30
  29. Nəraqi, Müstənəduş-şiə, h.q 1415, c.14, s.114
  30. Nəraqi, Müstənəduş-şiə, h.q 1415, c.14, s.114
  31. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1422, c.12, s.144
  32. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.396
  33. İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.1, s.529
  34. Şəhid Əvvəl, Əd-Durus, c.3, s.164
  35. Fəxrul-mühəqqiqin, İyzahul-fəvaidd, h.q 1387, c.1, s.405
  36. Qolpayqani, Hidayətul-ibad, h.ş 1371, c.1, s.342
  37. Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.453
  38. Hüseyni Amili, Miftahul-kəramət, h.q 1419, c.12, s.226
  39. Qoləstane, Mənhəcul-yəqin, h.ş 1388, s.136; Şübbər, Əl-Əxlaq, s.216; Dəstğeyb, Qonahane kəbire, h.ş 1388, c.2, s.77
  40. Dəstğeyb, Qonahane kəbire, h.ş 1388, c.2, s.77
  41. Şəhid Əvvəl, Əd-Durus, c.3, s.164; Ali Əsfur, Sədadul-ibad, h.ş 1379, s.430
  42. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.78
  43. Şəhid Əvvəl, Əd-Durus, c.3, s.164; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.3, s.215
  44. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.77
  45. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.86; Xansari, Cameul-mədarik, h.q 1405, c.7, s.113; Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.459
  46. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.329; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.86; Hüseyni Amili, Miftahul-kəramət, h.q 1419, c.12, s.226; Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.459
  47. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.86; Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.459
  48. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.329; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.86; Xoi, Misbahul-fəqahət, h.ş 1377, c.1, s.459
  49. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.329; Mühəqqiq Hilli, Əl-Xilaf, h.q 1407, c.5, s.329; Mühəqqiq Hilli, Şəraiul-islam, h.q 1409, c.4, s.973
  50. Mühəqqiq Hilli, Şəraiul-islam, h.q 1409, c.4, s.973
  51. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.425
  52. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.15, s.77
  53. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.425
  54. İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.546

Ədəbiyyat

  • Ali Əsfur, Hüseyn ibn Məhəmməd, Sədadul-ibad, Qum, Məhəllati, h.ş 1379
  • İbna Bistam, Abdullah və Hüseyn, Tibbul-əimmə, Təhqiq: Məhəmməd Mehdi Xorasan, Qum, Daruş-şərifir-Rza, h.q 1411
  • İbn İdris Hilli, Məhəmməd ibn Əhməd, Əs-Sərair, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.ş 1392
  • Ənvəri, Həsən və başqaları, Fərhənge ruze soxən, Tehran, Soxən, h.ş 1383
  • Hüseyni Amili, Seyyid Cavad, Miftahul-kəramət, Qum, İslami nəşr müəssisəsi, h.q 1419
  • Hümeyri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Qum, h.q 1413
  • Xoi, Seyyid Əbül-Qasim, Misbahul-fəqahət, Qum, Davəri, h.ş 1377
  • Xansari, Seyyid Əhməd, جامع المدارك في شرح المختصر النافع, Tehran, Məktəbətus-Səduq
  • Dəstğeyb, Əbdül-Hüseyn, Qonahane kəbire, Qum, Came müdərrisin, Dəftəre enteşarate İslami, h.ş 1388
  • Şübbər, Abdullah, Əl-Əxlaq, Nəcəf
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki Əl-Amili, Əd-Durus, İslami nəşr müəssisəsi
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
  • Şeyx Səduq, İbn Babaveyh Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Tərcümə: Əli Əkbər Ğəffari, Tehran, Səduq Nəşri, h.ş 1367
  • Şeyx Səduq, İbn Babaveyh Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, h.q 1378
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, h.q 1407
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, h.q 1422
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Miratul-uqul, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1404