Kəbənin sidanəti
Kəbənin sidanəti (ərəbcə: سدانة الكعبة) xidmət etmək və Kəbənin işlərinə rəhbərlik etmək mənasınadır ki, bura açarları saxlamaq, Kəbənin qapısını açıb-bağlamaq, hacıları qarşılamaq, Kəbənin pərdələrini təmizləmək və dəyişdirmək kimi şeylər daxildir. İslamdan əvvəl Kəbənin açarları Bəni-Şəybənin əlində idi. İslam peyğəmbəri (s) Məkkənin fəthindən sonra Kəbənin açarının Osman ibn Təlhədə qalmasını istədi ki, o zaman elə o, bu işə məsul idi. Beləliklə, Peyğəmbərin əmrinə əsasən bu məsuliyyət həmin ailənin əlində qaldı.
Mənbələrin bildirdiyinə görə, Peyğəmbərin (s) əmisi Abbas Həcc zəvvarlarını su ilə təmin etmək məsuliyyəti daşıdığı üçün özünü başqalarından üstün hesab etdi. Kəbəni idarə edən Şibə də özünü üstün bildi. Amma İmam Əli (ə) başqalarından əvvəl iman gətirdiyi, sonra hicrət edib cihad etdiyi üçün özünü onlardan üstün bildi. İslam tədqiqatçılarının fikrincə, bu hadisədən sonra "Tövbə" surəsinin 19-cu ayəsi nazil olmuş və iman gətirməyi və Allah yolunda cihad etməyi Kəbə ilə bağlı vəzifələrdən üstün hesab etmişdir. Sünni təfsirçisi Təbərinin dediyinə əsasən, Allah Quranda hacıları su ilə təmin etmək və Kəbənin rəhbərliyi ilə öyünən insanları məzəmmət etmişdir. Habelə iman gətirməyi və cihad etməyi Kəbə ilə bağlı vəzifələrdən üstün hesab etmişdir.
Tanıtım
Kəbənin sidanəti dedikdə, Kəbəyə xidmət etmək[1] və onun işləri ilə məşğul olmaq, o cümlədən Kəbənin qapısını açıb-bağlamaq,[2] zəvvarları qarşılamaq, Kəbənin pərdələrini yumaq, təmizləmək, örtmək və dəyişdirmək nəzərdə tutulur.[3]
Kəbənin kilidi və açarı
Kəbənin açarlarını saxlamaq da Kəbəyə rəhbərlik etməklə məsul olan şəxslərin üzərinə düşür.[4] Kəbənin sidanət və rəhbərlik məsuliyyətinin tarixi qədim zamanlara qayıdır və bəziləri bunun hətta Həzrət İsmayılın (ə) dövrünə qədər çatdığını bildiriblər.[5] Həzrət Məhəmməd (s) Məkkənin fəthindən sonra yalnız iki vəzifəni təsdiqləmiş və onların məsuliyyətinin əvvəlki şəxslərdə qalmasını istəmişdir; biri Kəbənin rəhbərliyi, digəri isə Hacıları su ilə təmin etmək məsuliyyətidir.[6]
Kəbənin açarı Bəni-Şəybə ailəsinin əlində olub
İslamdan əvvəl Kəbənin açarları Bəni-Şəybənin əlində idi.[7] İslam peyğəmbəri (s) Məkkənin fəthindən sonra Kəbənin açarını o zaman Kəbənin açarı əlində olan Osman ibn Təlhədən alaraq Kəbəyə daxil oldu. Sonra açarı ona qaytardı və buyurdu ki, Kəbənin açarı bu ailənin əlində qalsın və zalım insanlardan başqası açarı onlardan almaz.[8]
Bu səbəbdən Kəbənin açarlarını saxlamaq məsuliyyəti ondan sonra da bu ailədən olan insanların əlində olmuşdur.[9]
Bəzi rəvayətlərdə deyilir ki, Həzrət Peyğəmbər (s) açarı Osman ibn Təlhədən aldıqdan sonra onu əmisi Abbasa vermək istəyib və "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağı əmr edir"[10] ayəsi nazil olub. Peyğəmbər (s) də açarı Osman ibn Təlhəyə qaytarıb.[11]
2013-cü ildə Bəni-Şəybədən olan insanlar Səudiyyə hökumətinə etiraz edərək bildiriblər ki, Kəbənin pərdəsinin örtülməsinə görə tarix boyu bu ailəyə verilən bir çox imtiyazlardan məhrum olublar.[12]
İman və cihad Kəbənin vəzifələrindən üstündür
Sünni təfsirçisi Təbərinin dediyinə əsasən, Allah Quranda hacıları su ilə təmin etmək və Kəbənin rəhbərliyi ilə öyünən insanları məzəmmət etmişdir. Habelə iman gətirməyi və cihad etməyi Kəbə ilə bağlı vəzifələrdən üstün hesab etmişdir.[13]
Mənbələrin bildirdiyinə görə, bir gün Peyğəmbərin (s) əmisi Abbas hacıları su ilə təmin etmək məsuliyyəti daşıdığı üçün özünü başqalarından üstün hesab etdi. Kəbənin örtülməsinə (Kəbənin sidanəti[14]) məsul olan Şibə özünü üstün hesab etdi. Həmzə Kəbənin tikintisinin məsuliyyətinə görə özünü üstün hesab etdi, Əli (ə) isə başqalarından əvvəl iman gətirdiyinə, sonra hicrət və cihad etdiyinə görə özünü onlardan üstün bildi. "Siqayətul-Hacc" ayəsi: "Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz"[15] nazil olmuşdur.[16] Həmçinin iman gətirməyi və Allah yolunda cihad etməyi Kəbə ilə bağlı vəzifələrdən üstün hesab etmişdir.[17]
Bəzi rəvayətlərdə Əli (ə), Həmzə və İmam Əlinin (ə) qardaşı Cəfər öz iman və cihadını Kəbə ilə bağlı vəzifələrdən üstün tutan insanlardan hesab olunurlar.[18]
İstinadlar
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.13, s.207
- ↑ Vasiti Zübeydi, Tacul-ərus, h.q 1414, c.18, s.276
- ↑ ما هی سدانة الکعبة
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.13, s.298
- ↑ «ما هی سدانة الکعبة»
- ↑ İbn Hişam, Əs-siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.412
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.383
- ↑ Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.394
- ↑ ما هی سدانة الکعبة
- ↑ Nisa surəsi, ayə 58
- ↑ Tusi, Ət-Tibyan, Beyrut, c.3, s.97
- ↑ اعتراض قبیله پردهدار کعبه به ظلم رژیم آلسعود, iqna.ir saytı
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.10, s.67
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1416, c.3, s.580
- ↑ Tövbə surəsi, ayə 19
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.284
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.323
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.204
Ədəbiyyat
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Darul-fikr, Beyrut, h.q 1409
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, 3-cü çap, h.q 1414
- İbn Hişam, Əbdül-Məlik, Əs-siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə, 1-ci çap
- «اعتراض قبیله پردهدار کعبه به ظلم رژیم آلسعود», iqna.ir saytı
- Murad, ما هی سدانة الکعبة
- Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, 1-ci çap, h.q 1416
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifət, h.q 1412
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Məqrizi, İmtaul-əsma, Beyrut, Darul-kitabil-elmiyyə, 1-ci çap, h.q 1420
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
- Vasiti Zübeydi, Seyyid Məhəmməd Mürtəza, Tacul-ərus, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1414