İstilami həcər

wikishia saytından
İstilami həcər
Bu məqalə Qara daşa toxunmaq haqqındadır. Qara daşın özü və rüknü ilə tanış olmaq üçün "Həcərul-əsvəd" və "Həcərul-əsvədin rüknü" məqaləsinə baxın.

İstilami həcər (ərəbcə: استلام الحجر), təbərrük məqsədilə Həcərul-əsvədə (Qara daşa) toxunmaq və onu öpmək deməkdir. Şiəsünnilərin hədis mənbələrində Qara daşa toxunmaq tövsiyə olunub. Fəqihlər bunun müstəhəb olduğunu bildirirlər. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə bu işin fəlsəfəsinin qiyamət günü qara daşın, insanın Allahla bağladığı əhdə sadiq qalmasına dair şahidlik etməsi bəyan edilib. Müqəddəs əşyalara təbərrük edib öpməyin icazəli olmasını sübut etmək üçün, istilami həcərə istinad edilir.

Terminologiya

İstilam lüğəvi baxımdan əl sürtmək və öpmək mənasındadır.[1] Bu söz fiqhdə Qara daşa, Kəbəyə və onun rüknlərinə toxunmaq kimi mənalarda işlədilir.[2] İstilami həcər (daşa toxunmaq) yaxud istilami həcərul-əsvəd dedikdə, (Qara daşa toxunmaq) bu daşa toxunmaq, əl sürtmək yaxud onu öpmək nəzərdə tutulur.[3]

Həcərul-əsvəd (Qara daş)

Əsas məqalə: Həcərul-əsvəd

Həcərul-əsvəd (Qara daş) Məscidul-Həramdakı Kəbə evinin şərq sütununda yerləşən müsəlmanların müqəddəs saydıqları bir daşdır.[4] Bu daşın qırmızıya çalan qara rəngi var.[5] Qara daşın uzun keçmişi var və İslamdan əvvəl də möhtərəm sayılırdı.[6] Qara daşın adı Quranda gəlməyib.[7] Amma İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, Qara daş Quranda söhbət olunan[8] aydın nişanələrdən[9] biridir.

Fiqhi hökmü

Şiə və sünni hədislərində Qara daşa toxunmaq tövsiyə olunub.[10] Vəsailuş-ŞiəSəhih Buxari kitablarındakı hədislərə görə, Hz. Muhəmməd (s) təvaf zamanı Həcərul-əsvədə toxunur və öpürdü.[11] Həmçinin Kuleyninin verdiyi məlumata görə, İmam Sadiq (ə) təvaf zamanı Həcərul-əsvədə toxunmağı və onu öpməyi tövsiyə edib.[12]

Həcərul-əsvədə toxunan zaman dua oxunmaq rəvayətlərdə gəlib. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, cəmiyyət çox olduğu zaman Həcərul-əsvədi öpmək mümkün olmasa, əl sürtmək, əgər əl sürtmək də mümkün olmazsa, Həcərul-əsvədə işarə olunaraq nəql olunan duaları oxunmaq kifayətdir.[13] Bu hədislərə əsasən, şiə və sünni alimləri Həcərul-əsvədə toxunmağı müstəhəb sayırlar.[14] Misal üçün Mühəqqiq Hilli Təvafın müstəhəb əməlləri adı altında Həcərul-əsvədə toxunmaq barədə söhbət açıb.[15]

Sələfilər müqəddəs əşyalara toxunmaq və onları öpməyi şirk bildiklərinə baxmayaraq,[16] sütuna toxunmağı və Qara daşı öpməyi qəbul edirlər.[17] Həcərul-əsvədə toxunmaq müqəddəs əşyalara təbərrük etməyin və onları öpməyin icazəli olmasını sübut etmək üçün istinad edilən hallardan biridir.[18]Müctəhidlərin fətvalarına görə, təvaf edənlərin çoxluğu elə bir həddə olsa ki, Həcərul-əsvədə toxunmaq kişi və qadının bir-birinə dəyməsinə səbəb olur, Həcərul-əsvədə toxunmaq icazəli deyil.[19]

Qara daşa toxunmağın fəlsəfəsi

Məxluqatın Allahla olan əhdinin yenilənməsi

Əl-Kafi kitabındakı hədislərin birində Qara daşa toxunmağın fəlsəfəsi barədə söz açılıb. Kuleyninin verdiyi məlumata görə, İmam Sadiq (ə) Qara daşa toxunmağın səbəbi haqda soruşulan sualın cavabında buyurub: "Qara daşa toxunmaq ona görədir ki, Allah bəndələrdən əhd aldığı zaman, Qara daşı Behiştdən gətirdi və Allah bəndələrinin əhdini özündə qoruyub saxlamağı ona əmr etdi. Buna görə də, Qara daş əhdini qoruyub saxlayan hər bir kəsə, əhdini pozmadığı və ona sadiq qaldığına dair şahidlik edəcək".[20]

Qiyamətdə şahidlik

İmam Əli (ə) bu barədə buyurur: Allah Qiyamətdə bu daşı bir dil və iki dodağı olan halda dirildəcək. Bu daş əhdinə sadiq qalanlara (əhdinə sadiq qaldıqlarına dair) şahidlik edəcək. Bu daş məxluqatın Allahla beyət etmələri üçün onun sağ əli ünvanındadır.[21]

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, h.q 1405, c.12, s.298; Dəhxoda, Lüğətnamə, İstilam sözünün şərhi
  2. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.482
  3. Hacı Mənuçöhri, Həcərul-əsvəd, h.ş 1391, s.190
  4. Hacı Mənuçöhri, Həcərul-əsvəd, h.ş 1391, s.188
  5. Pərvazi İyzədi, Həcərul-əsvəd, h.ş 1387, s.685
  6. Hacı Mənuçöhri, Həcərul-əsvəd, h.ş 1391, s.188
  7. Pərvazi İyzədi, Həcərul-əsvəd, h.ş 1387, s.685
  8. Ali-İmran surəsi, ayə 97; Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.223
  9. Pərvazi İyzədi, Həcərul-əsvəd, h.ş 1387, s.685-686
  10. Hacı Mənuçöhri, Həcərul-əsvəd, h.ş 1391, s.190
  11. Hürr Amuli, Vəsailuş-şiə, h.q 1409, c.13, s.316; Buxari, Səhih Buxari, h.q 1410, s.133
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.403
  13. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.403
  14. Hacı Mənuçöhri, Həcərul-əsvəd, h.ş 1391, s.189-190
  15. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.1, s.243-244
  16. İbn Qəyyim Cəvzi, İğanətul-ləhfan, c.1, s.194
  17. İbn Teymiyyə, Ər-Rəddu ələ-əxnai, h.q 1423, c.1, s.124
  18. Eyni, Umdətul-qari, c.9, s.241
  19. Xoyi, Siratun-nicat, h.q 1416, c.3, s.168
  20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.184
  21. Hürr Amuli, Vəsailuş-şiə, h.q 1409, c.13, s.320-321

Ədəbiyyat

  • İbn Teymiyyə, Ər-Rəddu ələ-əxnai, Beyrut, Əl-Məktəbətul-əsriyyə, h.q 1423
  • İbn Qəyyim Cəvzi, İğanətul-ləhfan, Təhqiq: Məhəmməd Hamid, Riyad, Məktəbətul-arif
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Qahirə, Kitabus-sunnət, h.q 1410
  • Pərvazi İyzədi, Həcərul-əsvəd, c.12, Daneşnameye cəhane İslam, 1-ci çap, h.ş 1387
  • Hacı Mənuçöhri, Həcərul-əsvəd, Dairətul-məarif bozorqe İslami, 20-ci cild, Tehran, 2-ci çap, h.ş 1391
  • Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1409
  • Xoyi, Seyyid Əbül-Qasim, Siratun-nicat, Qum, 1-ci çap, h.q 1416
  • Dəhxoda, Əli Əkbər, Tehran, Tehran universiteti nəşriyyatı, 1-ci cild, h.ş 1373
  • Eyni, Mahmud ibn Əhməd, Umdətul-Qari şərhul-Buxari, Beyrut
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Ğəffari, Əli Əkbər, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Qolpayqani, Seyyid Məhəmməd Rza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim, 2-ci çap, h.q 1409
  • Mühəqqiq Hilli, Nəcmuddin Məhəmməd ibn Həsən, Şərayeul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1407
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, h.q 1414