Orucun kəffarəsi

wikishia saytından
(Orucu sındırmağın kəffarəsi səhifəsindən yönləndirilmişdir)

Orucun kəffarəsi (ərəbcə: كفارة الصوم) Ramazan orucunu, müəyyən vaxtda tutulan nəzir orucunu, həmçinin günorta azanından sonra Ramazan orucunun qəzasını batil etmək müqabilində yetkinlik yaşına çatmış şəxsin üzərinə düşən cərimədir. Qəsdən orucu pozmağın kəffarəsi 31 günü ardıcıl olmaqla iki ay oruc tutmaq və ya altmış kasıbı yedirtməkdir.

Əgər oruc tutan bilsə ki, etdiyi şey orucu batil edir, orucun kəffarəsi vacib olur. Həmçinin, bəzi fəqihlərin fitvasına görə orucu batil edən şeylərin hər hansı birinin bilərəkdən yerinə yetirilməsi kəffarəyə səbəb olur. Digər tərəfdən, bəzi fəqihlərə görə, orucun qəsdən batil edilməsi kəffarənin vacib olması demək deyil.

Şiə fəqihlərinin nəzərinə görə, əgər kimsə zina və ya şərab içmək kimi haram iş görərək orucunu batil edərsə, ondan cəm kəffarəsi (iki ay oruc tutmaq və altmış kasıbı yedirtmək) tələb olunur. Lakin bəzi fəqihlər cəm kəffarəni müstəhəb ehtiyat, bəziləri isə vacib ehtiyat hesab ediblər.

Konseptologiya

Kəffarə bəzi günahların yerinə yetirilməsi müqabilində yetkinlik yaşına çatmış şəxsin üzərinə qoyulan maddi və ya fiziki cərimədir.[1] Kəffarə çox vaxt günahın axirət cəzasının götürülməsinə və ya azalmasına səbəb olur.[2]

Fəqihlər hesab edirlər ki, bəzi orucları bilərəkdən batil etməklə, orucun kəffarəsi vacib olur:

Orucun kəffarəsinin növləri

Məşhur şiə fəqihləri orucun kəffarəsini aşağıdakı üç haldan biri hesab etmişlər:

  • Ardıcıl iki ay oruc tutmaq, bunun otuz bir günü ardıcıl olmalıdır;[4]
  • Altmış kasıbı doyurmaq;
  • Qul azad etmək[5] (Əlbəttə, bu gün qul azad etmək gündəmdə deyil və ona görə də bu hökm götürülüb).[6]

Orucun kəffarəsində elm və cəhlin təsiri

Fəqihlərin nəzərinə görə, əgər bir şəxs şəriətə uyğun səbəb olmadan və qəsdən orucunu pozarsa, qəzadan əlavə, ona kəffarə də vacibdir.[7] Bundan başqa, kəffarədə şəxsin etdiyinin orucu pozduğunu bilməsi şərtdir.[8] Buna görə də kəffarə hökmü cahili-qasirə[9] və cahili-müqəssirə[10] şamil olmur. Bəziləri hesab edirlər ki, cahili-müqəssir orucu batil edənləri bilən hökmündədir və qəzadan əlavə kəffarə də verməlidir.

Kəffarə səbəbləri nələrdir?

“Cəvahir”in müəllifi hesab edir ki, rəvayətlərə görə orucu batil edən hər hansı bir işin qəsdən edilməsi orucun qəzası ilə yanaşı, kəffarəyə də səbəb olur.[11] Seyid Əbülqasim Xoyi də orucu batil edən hər şeyin, məsələn, Allahın və Peyğəmbərin (s) adından yalan danışmaq, qusmaq və s. bilərəkdən edilməsinin kəffarəyə səbəb olduğuna inanır.[12]

Digər tərəfdən, bəzi fəqihlər orucun qəsdən batil edilməsinin mütləq kəffarənin vacib olması demək olmadığı qənaətindədirlər.[13] İmam Xomeyninin fitvasına əsasən, əgər insan gecə yuxuda cənabətli olsa, üç dəfə oyansa, qüsl almadan yatsa və səhər azanına qədər oyanmasa, yalnız o günün qəzasını tutmalıdır və boynunda kəffarə yoxdur. Oruc tutarkən qəsdən qusanın da hökmü belədir.[14]

Haramla batil olan orucun kəffarəsi

Əsas məqalə: Cəm kəffarəsi

Bir qrup fəqih hesab edir ki, əgər bir şəxs orucunu halal şeylərlə, məsələn, su içməklə və s. pozarsa, orucun qəzasından əlavə kəffarələrindən birini də yerinə yetirməlidir.[15] Yox, əgər haram işlərlə, məsələn, zina və ya şərabla pozsa, hər üç kəffarəni yerinə yetirməlidir və buna cəm kəffarə deyilir.[16] Əlbəttə, bəzi mərcələr cəm kəffarə etməyi müstəhəb ehtiyat,[17] bəziləri isə vacib ehtiyat hesab ediblər.[18]

Oruc kəffarəsi və fidyə arasındakı fərq

Bəzən xalq arasında kəffarə fidyə mənasında işlənir. Məsələn, bir mudd yemək (750 qram buğda və bu kimi şeylər) orucun kəffarəsi olaraq qeyd edilir.[19] Halbuki fidyə orucun əvəzidir, xəstəlik və ya buna bənzər səbəblərdən oruc tutmamaq, orucun qəzasını növbəti ramazan ayına qədər gecikdirmək (gecikdirmə kəffarəsi) qarşılığında ödənilir.[20]

İstinadlar

  1. Baxın: Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.465
  2. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.465
  3. Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.269
  4. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.347
  5. Səduq, Məcmuətu fətava ibn Babaveyh, Qum, s.73
  6. Məkarim, Risalətu tozihil-məsail, h.q 1429, s.253
  7. İmam Xomeyni, İstiftaat, h.q 1422, c.1, s.330
  8. Ruhani, Minhacus-salihin, c.1, s.355
  9. Xoyi, Minhacus-salihin, c.1, s.270
  10. Xoyi, Minhacus-salihin, c.1, s.270; Sistani, Minhacus-salihin, h.q 1417, c.1, s.327
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.226
  12. Xoyi, Musuətul-İmam Xoi, h.q 1418, c.21, s.305
  13. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1428, c.2, s.38
  14. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.346
  15. Behcət, Cameul-məsail, h.q 1426, c.2, s.29
  16. Behcət, Cameul-məsail, h.q 1426, c.2, s.29
  17. Sistani, Tozihul-məsail, h.ş 1393, s.298-299
  18. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.344
  19. Nümunə üçün baxın: Xamenei, h.q 1420, c.1, s.138, sual 802
  20. Sədr, Ma Vəraul-fiqh, h.q 1420, c.9, s.120

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, İstiftaat, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1422
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, 1-ci çap, h.q 1426
  • Behcət, Məhəmməd Təqi, Cameul-məsail, Qum, Ayətullah Behcətin dəftəri, 2-ci çap, h.q 1426
  • Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm nəşri, 28-ci çap, h.q 1410
  • Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-İmam Xoi, Qum, İmam Xoi müəssisəsi, 1-ci çap, h.q 1418
  • Ruhani, Seyyid Sadiq, Minhacus-salihin
  • Sistani, Seyyid Əli, Tozihul-məsail, Məşhəd, Ayətullah Sistaninin dəftəri, h.ş 1393
  • Sistani, Seyyid Əli, Minhacus-salihin, Ayətullah Sistaninin dəftəri, Qum, 5-ci çap, h.q 1417
  • Sədr, Seyyid Məhəmməd, Ma Vəraul-fiqh, Beyrut, h.q 1420
  • Səduq, Əli ibn Hüseyn, Məcmuətu fətava ibn Babaveyh, Qum, 1-ci çap
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İmam Əli (ə) nəşriyyatı, 1-ci çap, h.q 1428
  • Meşkini, Mirza Əli, Mustələhatul-fiqh, h.q 1419
  • Məkarim, Nasir, Risalətu tozihil-məsail, İmam Əli (ə) mədrəsəsinin nəşriyyatı, 52-ci çap, h.q 1429
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404