Orucun kəffarəsi
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Orucun kəffarəsi (ərəbcə: كفارة الصوم) Ramazan orucunu, müəyyən vaxtda tutulan nəzir orucunu, həmçinin günorta azanından sonra Ramazan orucunun qəzasını batil etmək müqabilində yetkinlik yaşına çatmış şəxsin üzərinə düşən cərimədir. Qəsdən orucu pozmağın kəffarəsi 31 günü ardıcıl olmaqla iki ay oruc tutmaq və ya altmış kasıbı yedirtməkdir.
Əgər oruc tutan bilsə ki, etdiyi şey orucu batil edir, orucun kəffarəsi vacib olur. Həmçinin, bəzi fəqihlərin fitvasına görə orucu batil edən şeylərin hər hansı birinin bilərəkdən yerinə yetirilməsi kəffarəyə səbəb olur. Digər tərəfdən, bəzi fəqihlərə görə, orucun qəsdən batil edilməsi kəffarənin vacib olması demək deyil.
Şiə fəqihlərinin nəzərinə görə, əgər kimsə zina və ya şərab içmək kimi haram iş görərək orucunu batil edərsə, ondan cəm kəffarəsi (iki ay oruc tutmaq və altmış kasıbı yedirtmək) tələb olunur. Lakin bəzi fəqihlər cəm kəffarəni müstəhəb ehtiyat, bəziləri isə vacib ehtiyat hesab ediblər.
Konseptologiya
Kəffarə bəzi günahların yerinə yetirilməsi müqabilində yetkinlik yaşına çatmış şəxsin üzərinə qoyulan maddi və ya fiziki cərimədir.[1] Kəffarə çox vaxt günahın axirət cəzasının götürülməsinə və ya azalmasına səbəb olur.[2]
Fəqihlər hesab edirlər ki, bəzi orucları bilərəkdən batil etməklə, orucun kəffarəsi vacib olur:
- Mübarək Ramazan ayının orucu;
- Ramazan ayının qəza orucu günorta azanından sonra;
- Müəyyən vaxtı olan nəzir orucu.[3]
Orucun kəffarəsinin növləri
Məşhur şiə fəqihləri orucun kəffarəsini aşağıdakı üç haldan biri hesab etmişlər:
- Ardıcıl iki ay oruc tutmaq, bunun otuz bir günü ardıcıl olmalıdır;[4]
- Altmış kasıbı doyurmaq;
- Qul azad etmək[5] (Əlbəttə, bu gün qul azad etmək gündəmdə deyil və ona görə də bu hökm götürülüb).[6]
Orucun kəffarəsində elm və cəhlin təsiri
Fəqihlərin nəzərinə görə, əgər bir şəxs şəriətə uyğun səbəb olmadan və qəsdən orucunu pozarsa, qəzadan əlavə, ona kəffarə də vacibdir.[7] Bundan başqa, kəffarədə şəxsin etdiyinin orucu pozduğunu bilməsi şərtdir.[8] Buna görə də kəffarə hökmü cahili-qasirə[9] və cahili-müqəssirə[10] şamil olmur. Bəziləri hesab edirlər ki, cahili-müqəssir orucu batil edənləri bilən hökmündədir və qəzadan əlavə kəffarə də verməlidir.
Kəffarə səbəbləri nələrdir?
“Cəvahir”in müəllifi hesab edir ki, rəvayətlərə görə orucu batil edən hər hansı bir işin qəsdən edilməsi orucun qəzası ilə yanaşı, kəffarəyə də səbəb olur.[11] Seyid Əbülqasim Xoyi də orucu batil edən hər şeyin, məsələn, Allahın və Peyğəmbərin (s) adından yalan danışmaq, qusmaq və s. bilərəkdən edilməsinin kəffarəyə səbəb olduğuna inanır.[12]
Digər tərəfdən, bəzi fəqihlər orucun qəsdən batil edilməsinin mütləq kəffarənin vacib olması demək olmadığı qənaətindədirlər.[13] İmam Xomeyninin fitvasına əsasən, əgər insan gecə yuxuda cənabətli olsa, üç dəfə oyansa, qüsl almadan yatsa və səhər azanına qədər oyanmasa, yalnız o günün qəzasını tutmalıdır və boynunda kəffarə yoxdur. Oruc tutarkən qəsdən qusanın da hökmü belədir.[14]
Haramla batil olan orucun kəffarəsi
Əsas məqalə: Cəm kəffarəsi
Bir qrup fəqih hesab edir ki, əgər bir şəxs orucunu halal şeylərlə, məsələn, su içməklə və s. pozarsa, orucun qəzasından əlavə kəffarələrindən birini də yerinə yetirməlidir.[15] Yox, əgər haram işlərlə, məsələn, zina və ya şərabla pozsa, hər üç kəffarəni yerinə yetirməlidir və buna cəm kəffarə deyilir.[16] Əlbəttə, bəzi mərcələr cəm kəffarə etməyi müstəhəb ehtiyat,[17] bəziləri isə vacib ehtiyat hesab ediblər.[18]
Oruc kəffarəsi və fidyə arasındakı fərq
Bəzən xalq arasında kəffarə fidyə mənasında işlənir. Məsələn, bir mudd yemək (750 qram buğda və bu kimi şeylər) orucun kəffarəsi olaraq qeyd edilir.[19] Halbuki fidyə orucun əvəzidir, xəstəlik və ya buna bənzər səbəblərdən oruc tutmamaq, orucun qəzasını növbəti ramazan ayına qədər gecikdirmək (gecikdirmə kəffarəsi) qarşılığında ödənilir.[20]
İstinadlar
- ↑ Baxın: Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.465
- ↑ Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.465
- ↑ Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.269
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.347
- ↑ Səduq, Məcmuətu fətava ibn Babaveyh, Qum, s.73
- ↑ Məkarim, Risalətu tozihil-məsail, h.q 1429, s.253
- ↑ İmam Xomeyni, İstiftaat, h.q 1422, c.1, s.330
- ↑ Ruhani, Minhacus-salihin, c.1, s.355
- ↑ Xoyi, Minhacus-salihin, c.1, s.270
- ↑ Xoyi, Minhacus-salihin, c.1, s.270; Sistani, Minhacus-salihin, h.q 1417, c.1, s.327
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.226
- ↑ Xoyi, Musuətul-İmam Xoi, h.q 1418, c.21, s.305
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1428, c.2, s.38
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.346
- ↑ Behcət, Cameul-məsail, h.q 1426, c.2, s.29
- ↑ Behcət, Cameul-məsail, h.q 1426, c.2, s.29
- ↑ Sistani, Tozihul-məsail, h.ş 1393, s.298-299
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.344
- ↑ Nümunə üçün baxın: Xamenei, h.q 1420, c.1, s.138, sual 802
- ↑ Sədr, Ma Vəraul-fiqh, h.q 1420, c.9, s.120
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, İstiftaat, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1422
- İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, 1-ci çap, h.q 1426
- Behcət, Məhəmməd Təqi, Cameul-məsail, Qum, Ayətullah Behcətin dəftəri, 2-ci çap, h.q 1426
- Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm nəşri, 28-ci çap, h.q 1410
- Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-İmam Xoi, Qum, İmam Xoi müəssisəsi, 1-ci çap, h.q 1418
- Ruhani, Seyyid Sadiq, Minhacus-salihin
- Sistani, Seyyid Əli, Tozihul-məsail, Məşhəd, Ayətullah Sistaninin dəftəri, h.ş 1393
- Sistani, Seyyid Əli, Minhacus-salihin, Ayətullah Sistaninin dəftəri, Qum, 5-ci çap, h.q 1417
- Sədr, Seyyid Məhəmməd, Ma Vəraul-fiqh, Beyrut, h.q 1420
- Səduq, Əli ibn Hüseyn, Məcmuətu fətava ibn Babaveyh, Qum, 1-ci çap
- Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İmam Əli (ə) nəşriyyatı, 1-ci çap, h.q 1428
- Meşkini, Mirza Əli, Mustələhatul-fiqh, h.q 1419
- Məkarim, Nasir, Risalətu tozihil-məsail, İmam Əli (ə) mədrəsəsinin nəşriyyatı, 52-ci çap, h.q 1429
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404