Osmaniyyə

wikishia saytından
(Osmani məzhəbi səhifəsindən yönləndirilmişdir)
Osmaniyyə
QurucusuTəlhə - Zübeyr - Ayişə - Müaviyə
Təsis iliHicrətin 35-ci ili
Mühüm fəaliyyətlərİmam Əli (ə) ilə beyətdən imtina (İmam Əli (ə) ilə beyəti sındırmaq) - CəməlSiffeyn döyüşlərinin təməli qoyulması
HökumətlərBəni-Üməyyə
Yaranma səbəbləriOsmanın qətli
Başqa adlarıOsmanın dini - Osmanın şiəsi
İnanclarıOsmanın xilafətinin haqq olmasına inam və İmam Əlinin (ə) xəlifəliyinin haqq olmaması
Mühüm kitablarıƏl-Osmaniyyə (kitab)
Hal-hazırkı durumuAradan gedib
Aradan getmə tarixiHicrətin 4-cü əsrində


Osmaniyyə, (ərəbcə: العثمانية) hicrətin birinci əsrinin ilk yarısında Əhli-Beytə (ə), xüsusilə də İmam Əliyə (ə) qarşı dini, siyasi, hərbi, elmi və mədəni sahələrdə qatı düşmənçilik, kin və nifrət yayan və İmam Əliyə (ə) qarşı müxalifət bayrağı qaldıraraq müharibələrin meydana çıxmasına səbəb olan bir firqədir.

Bu firqənin yaranmasının əsas mənşəyi üçüncü xəlifə Osman ibn Əffanın qətli, müəyyən bir qrupun İmam Əliyə (ə) etdikləri beyəti sındırması və Müaviyə ibn Əbi Süfyanın tabeliyində olan "süfyani"lərin İmam Əliyə (ə) beyət etməməsi idi.

Elə o zamandan da Həzrət İmam Əlinin (ə) tərəfdarlarına "şiə" və İmam Əliyə (ə) qarşı çıxanlara isə "osmani" (osmaniyyə - عثمانیة) dedilər. "Osmaniyyə" firqəsinin yaratdığı ideologiya, dini və siyasi görüşü sonralar ƏməviAbbasi sülaləri davam etdirdilər və bütün Əhli-Beyt (ə) imamlarına və on iki imamçı şiələrə qarşı düşmənçilik siyasətini həyata keçirdilər.

Osmaniyyə (osmanilər) firqəsi İmam Əliyə (ə) qarşı Cəməl (dəvə) və Siffeyin kimi iki böyük müharibənin başladılmasına səbəb oldular. Sonrakı dövürlərdə isə Osmanilər əldə etdikləri siyasi və hərbi gücdən istifadə edərək İmam Əliyə (ə) və ümumilikdə Əhli-Beyt (ə) məktəbinə qarşı siyasi, dini, mədəni və iqtisadi müharibəni davam etdirdilər. Onlar şiələrin beytül-maldan olan aylıqlarını kəsir, onları evlərindən qovur, şiələrin evlərini uçurdur, məşhur şiələri öldürür, həbsə salır və ya sürgün edirdilər. Həmçinin uzun illər məscidlərdə və elmi məclislərdə İmam Əlini (ə) və Əhli-Beyti (ə) pisləyən xütbələr oxutdurur, xütbələrdə Əhli-Beytə (ə) söyür və lənət deyirdilər. Bu məsələni hətta namazlarının qunutlarına belə daxil etmişdilər.

Osmaniləri həm də ilk üç xəlifənin – Əbu Bəkr, ÖmərOsman – varisi hesab etmək olar. Çünki ilk üç xəlifənin Əhli-Beytin (ə) fəzilət və üstünlüklərinin qarşısını almaq məqsədi ilə hədislərin yayılmasının qarşısını alması səbəb oldu ki, onlar çox asanlıqla İslam dünyasının dini elmi irsinə, o cümlədən tarix, hədis, fihq və əqidə məsələlərinə ciddi mənfi təsirlər qoya bilsinlər.

Hakimiyyət tərəfindən dəstəklənən Osmaniyyə firqəsi İslamdan yeni bir təfsir və oxunuş meydana çıxardaraq Əhli-Beyti (ə) məktəbini və on iki imamçı şiə məktəbini müsəlman cəmiyyətinin dini,mədəni, siyasi, elmi və sosial həyatında çıxarmağa və küncə sıxışdırmağa çalışırdı. Bu firqə və məzhəbin ortaya çıxardığı İslami görüşün təməl prinsipləri siyasi, fiqhi və etiqadi baxımdan ilk üç xəlifənin və əməvilərin hakimiyyəti dövründə formalaşdırılmışdı və əsasən də Əhli-Beytlə (ə) müxalifət üzərində qurulmuşdu. Osmani məzhəbinin elmi və fiqhi hakimiyyəti Əhli-Beytə (ə) düşmən kəsilən alimlərin yaşadıqları dövrə təsadüf edir. Hansı ki bu alimlər həmişə saraya yaxınlıqları ilə tanınıblar və ya saraydan dəstək alıblar. Əməvi xilafətinin süqutundan sonra məscidlərə və məclislərdə Əhli-Beytə (ə) qarşı düşmənçilik və nifrət yaradan xütbələrin oxunması ortadan götürülsə də onun müsəlman cəmiyyətində açdığı mənəvi yaralar hələ də tam olaraq sağalmayıb.

Osmani firqəsi və ya "nasibi"lik və onu təbliğ edilən alimlərin geniş fəaliyyəti hicrətin dördüncü əsrində tam olaraq dayanmışdır.

İmam Əliyə (ə) və şiələrə qarşı yaranmış firqə

İslam tarixçisi Təbərinin tarixi məlumatlarından əldə edilən budur ki, Osmaniyyə firqəsi Osman ibn Əffan öldürüldükdən sonra yarandı. Bu firqənin bir qrupu İmam Əliyə (ə) beyət etməkdən imtina etdilər,[1] digər bir dəstəsi isə İmam Əliyə (ə) etdikləri beyəti pozdular[2] və bununla da müsəlman cəmiyyətində Əhli-Beyt (ə) düşməni olan yeni bir firqə yarandı.[3] Naşi əl-Əkbər "Məsailul-imamət" kitabında yazır ki, Osmaniyyə firqəsi İmam Əli (ə) ilə müxalifləri arasında baş verən çəkişmələrdə müxaliflərin, o cümlədən Müaviyə ilə döyüşdə, Müaviyənin tərəfini tutdular.[4]

Tarixçilər Təlhə, Zübeyr, Ayişə və Müaviyə kimi səhabələri, həmçinin İmam Əliyə (ə) beyətini pozanları və ya beyət etmək istəməyənləri və habelə İmam Əliyə (ə) qarşı kin və düşmənçilik saxalayanları Osmaniyyə firqəsindən hesab ediblər.[5]

"Məhəmmədin (s) canişinliyi" kitabının yazarı və almaniyalı İslamşünas Wilferd Ferdinand Madelung (ö. 2023) hesab edir ki, Osmaniyyə firqəsinin ən ümdə əlaməti şiələrin birinci imamı (ə) ilə düşmənçilikdir.[6] "Şiəlik tarixi araşdırması" (pejuheşnameyi tarixe təşəyyu) jurnalında çap edilən məqalədə deyilir ki, Osmaniyyə firqəsi İmam Əlinin (ə) xilafətini qanuni, leqal və leqitim hesab etmir, qeyri-qanuni və naməşru olduğunu iddia edirdilər.[7] Onlara görə Osmandan sonra qanuni xəlifə Əbu Süfyanın oğlu Müaviyədir. Çünki Müaviyə Osmanın qohumu olduğu üçün Osmanın "qan vəlisi" sayılır.[8]

Osmaniyyə (osmanilər) firqəsi siyasi, iqtisadi, elmi, mədəni, dini və ictimai sahələrin hər birində İmam Əliyə (ə) və Əhli-Beytə (ə) qarşı düşmən mövqeyindən çıxış edirdilər.[9] Müasir şiə tarixçisi Rəsul Cəfərian araşdırmalarında göstərib ki, Osmaniyyə firqəsi İmam Əliyə (ə) qarşı Cəməl (dəvə) və Siffeyin kimi iki böyük müharibənin başladılmasına səbəb olublar.[10] Osmanilər Bəsrə şəhərində baş verən Cəməl döyüşündə hərbi baxımdan məğlub olsalar da onların ideologiyası uzun əsrlər bu şəhərdə yaşadı, Siffeyn döyüşündən sonra Müaviyənin və Əməvi hakimiyyətinin əsas dini, siyasi, elmi və mədəni görüşü kimi bütün İraqa yayıldı.[11]

Məhəmmədmöhsün Mürəvvici Təbəsi "Ziyarət Mədəniyyəti" jurnalında Osmaniyyə ideologiyası Əməvi xilafəti sarayında əsas dini və siyasi görüş kimi möhkəmləndikdən sonra bu firqənin davamçıları və onları dəstəkləyən hakimiyyət şiələrə müxtəlif sahələrdə divan tutmağa başladılar. Onlar şiələri siyasi, dini və ictimai təzyiq və təqiblərə məruz qoydular, həbsə saldılar, öldürdülər, evlərini əllərindən aldılar, başlarınca uçurdular, beytül-maldan səhmlərini kəsdilər, Əhli-Beytə (ə) və İmam Əliyə (ə) lənət deməyi minbərlərdə dəb etdilər. Onlar hətta Əhli-Beytin (ə) fəzilətlərini yayan əhli-sünnə ravilərinə də rəhm etmirdilər.[12]

Kanadalı İslamşünas tarixçi xanım Patrisiya Korun (1945-2015) hesab edir ki, tarixi mənbələrdə[13] Osmaniyyə firqəsi barədə son məlumatlar hicri-qəməri tarixi ilə dördüncü əsrə aiddir.[14] Bu azsaylı məlumatlarda Osmaniyyə firqəsinin bəzi əqidəvi baxışları və digər dini və siyasi görüşləri yer alıb.

Terminologiya

İranlı İslam tarixçisi Rəsul Cəfəriyan "İranda Şiəlik Tarixi" adlı əsərində hesab edir ki, "Osmaniyyə" termini Cəməl fitnəsi zamanı "Şiə" terminin qarşısında yaranıb.[15] Cəməl döyüşündə dəvənin başına toplaşanlar döyüş meydanında oxunan rəcəzlərdə İmam Əlinin (ə) qoşununda yer alanların "Əlinin dini"ndə olduğunu deyirdilər.[16] İmam Əlinin (ə) tərəfdarları da onlara "Osmanın dini"ndə olanlar deyirdilər. Elə həmin dövrdə "Osmanın dini"ndə olanlar (Osmani) termini "Əlinin dini"nə olanlar (Ələvi) termininin qarşısında işlədilməyə başladı.[17]

Həmçinin Siffeyn müharibəsində iştirak edən şairlər Müaviyənin ətrafına toplaşan şamlıları "Osmanın dini"ndə olanlar adlandırıblar.[18] Buna qarşılıq olaraq İmam Əlinin (ə) qoşununda iştirak edən Rifaə ibn Şəddad Bəcəli oxuduğu rəcəzdə özünü "Əli dini"nin davamçısı kimi təqdim edib.[19]

(Qeyd: Rifaə ibn Şəddad sonralar Süleyman ibn Sürəd Xuzayi ilə Təvvabin qiyamına başçılıq etdi və bu qiyamın məğlubiyyətindən sonra Muxtar Səqəfinin qiyamına qoşularaq hicrətin 66-cı ilində şəhid edildi. – İbn Kəsir, "əl-Bidayə vən-Nihayə", c.1, s.264-290).

Bundan əlavə Aşura qiyamı hadisələri zamanı Kufə qoşunları da "Osmanın dini" terminindən istifadə ediblər.[20] "Osmanın dini" terminini işlədənlər və özlərini Osmanın tərəfdarı və İmam Əlinin (ə) düşməni hesab edənlər sonralar "Osmani" və "Osmaniyyə" firqəsi kimi tanınmağa başladılar.[21] Tarixi faktlar göstərir ki, bu termin hicri-qəməti tarixi ilə 145-ci ildən öncə müsəlmanlar arasında İmam Əlinin (ə) və Əhli-Beytin (ə) düşmənləri barəsində istifadə edilmişdir.[22] Məşhur İslam tarixçisi və coğrafiyaçısı Əli ibn Hüseyn Məsudi (280-346 hq) "ən-Tənbih vəl-İşraf" əsərində Osmaniyyə firqəsini "Şiətul-Osmaniyyə" (Osmanının şiələri) adı ilə qeyd etmişdir.[23]

Osmaniyyə firqəsinin tarixi

Kanadalı İslamşünas tarixçi xanım Patrisiya Korun (1945-2015) hesab edir ki, tarixi mənbələrdə Osmaniyyə firqəsi barədə son məlumatlar hicri-qəməri tarixi ilə dördüncü əsrə aiddir. Bu azsaylı məlumatlarda Osmaniyyə firqəsinin bəzi əqidəvi baxışları və digər dini görüşləri yer alıb.

Xanım Korun bu firqə barədə yazdığı məqalədə Osmaniyyə əqidəsi tarixini dörd hissəyə bölüb:

  1. Osmanın vəfadarları;
  2. Üç xəlifə nəzəriyyəsi dövrü.
  3. Dörd xəlifə nəzəriyyəsi üzərində ittifaq;
  4. Əməvi hakimiyyətinin tərəfdarları.[24]

Osmanın vəfadarları

Birinci dövr osmanilər inanırdılar ki, Osman ibn Əffanın xilafəti haqdır və onun öldürülməsi zalimcəsinə[25] törədilmiş cinayətdir. Onlar İmam Əlinin (ə) xilafətini məşru və qanuni hesab etmir və onu Osmanın qanının tökülməsində günahlandırır[26] və belə iddia edirdilər ki, o, xilafətə ümmətlə məşvərət[27] etməmiş yiyənlənmişdir.[28]

Xanım Patrisiya belə ehtimal edir ki, Osmanın əleyhinə üsyan etməyənlərin çoxu "Osmani məzhəb" olublar[29] və Hicrətin yetmişinci ilinədək müsəlman dünyasına hakim olan əsas dini-siyasi görüş "Osmanilik" olub.[30] İranlı tarixşünas araşdırmaçı Rəsul Cəfəriyan da bu görüşü düzgün hesab edərək həmin dövrdə çoxlarının "Osmani məzhəb" olduğu fikrini irəli sürüb.[31]

Həmin dövrdə Cəməl və Siffeyin kimi müharibələrin yaranması,[32] xilafətin qəsb edilməsi, Əməvi hakimiyyətinin yaranması,[33] İmam Əlinin (ə) "səbb" olunması,[34] İmam Əli (ə), İmam Həsən (ə)İmam Hüseynin (ə) şəhid edilməsi,[35] Aşura hadisəsi,[36] şiələrə qarşı törədilən cinayətlər[37] və Əhli-Beytdən (ə) olanların mənəvi terror edilməsi kimi məsələlərin hamısının arxasında "Osmani" firqəsinin siyasi fəaliyyətləri dayanırdı.

Bu dövrdə Osmaniyyə firqəsində Təlhə, ZübeyrAyişə kimi İmam Əliyə (ə) beyət edib sonra beyəti pozanlar, Müaviyə və ətrafı kimi əvvəldən İmam Əliyə (ə) düşmən kəsilənlər və Abdullah ibn Ömər kimi beyət etməyib zahirdə tərəfsiz qalan məşhur simalar var idi. Bundan əlavə Abdullah ibn Salam və Müğeyrə ibn Şöbə kimi ümumiyyətlə İmam Əliyə (ə) beyət etməyərək Şama, Müaviyənin sarayına qaçanlar da oldu.[38] Mədinədə Həssan ibn Sabit, Kəəb ibn Malik, Əbu Səid Xudri, Məhəmməd ibn Müslimə, Nöman ibn Bəşir və Zeyd ibn Sabit kimi məşhur simalar Ənsarın əksəriyyətin əksinə olaraq İmam Əliyə (ə) beyət etmədilər.[39]

Üç xəlifənin haqq olmasına inanlar dövrü

Osmanilər firqəsinin siyasi və dini görüşlərinin geniş yayılmasının ikinci mərhələsi Mərvanilərin hakimiyyəti dövrünə (64 – 132 hq) təsadüf edir. Həmin dövrdə Osmani firqəsindən çıxan "Hədis Əshabı" adlanan zümrə təkcə üç nəfəri – (Əbu Bəkr, Ömər və Osman) – "Raşidi Xəlifə" hesab edirdilər.[40] Onlar Osmandan sonra xəlifənin kim olması barədə rəy verməkdən çəkinir və bu barədə sükut etməyi tərcih edirdilər. İmam Əlinin (ə) xifaləti dövrünə "fintə dövrü" deyirdilər.[41] Buna görə də onlar İmam Əliyə (ə) beyət etməyərək siyasi hadisələrin gedişatına qoşulmayan və guya fitnədən uzaq durmağa çalışan Səəd ibn Əbi Vəqqas və Abdullah ibn Ömər kimi məşhur simaları özlərindən və "Osmani məzhəb" hesab edirdilər.[42]

Dörd Raşidi Xəlifəyə inanc dövrü

Osmanilər üçün mərhələdə dörd "raşidi xəlifə"nin olmasına inanmağa başladılar. Amma hər xəlifəni öz dövrünün ən üstünü hesab edirdilər. Yəni fəzilət və üstünlük dərəcələrinin meyarını xilafət sıralaması ilə eyniləşdirirdilər. Buna görə də Osmanın İmam Əlidən (ə) üstün olduğunu deyirdilər.[43] Bu dövrdə Osmanilər "siyasi şiələrin" və ya "şiəliyə meyilli sünnülər"in qarşısında yer almışdı və siyasi-dini görüşlərdə bu iki zümrənin rəqibi sayılırdılar. Çünki bu iki qrup İmam Əlini (ə) Osmandan daha fəzilətli və üstün hesab edirdilər.[44] Xanım Patrisiya belə hesab edir ki, "dörd raşidi xəlifə" nəzəriyyəsini üçüncü əsrin ortalarında Əhli-Sünnənin hədis alimi və dörd məzhəbdən birinin imamı Əhməd ibn Hənbəl gücləndirib.[45]

Yaddaşt: İslam tarixi araşdırmaçılarına görə, həmin dövrdə İmam Əlini (ə) üçüncü xəlifə Osman ibn Əffandan təkcə hakimiyyət üçün və siyasi baxımdan üstün bilənlərə "siyasi şiə"lər deyilirdi. Onlar İmam Əlinin (ə) İlahi imamət və vilayət məqamına etiqad etmirdilər. Buna görə də müxtəlif məqamlarda çox asanlıqla İmam Əlidən (ə) üz döndərir və xəyanət edirdilər. (Rəsul Cəfəriyan, "İranda şiəlik tarixi, s.22-27).

Osmanilərin Əməvi tərəfdarlığı

Hicrətin üçüncü əsrinin sonlarında Osmanilərin "hədis əshabı" (əhlul-hədis) cərəyanının məşhur alimləri və aparıcı şəxslərinin azalması səbəbi ilə Osmanilərin arasında "Əməvi xilafəti"nin haqq olmasını və bu haqq xilafətin Əndəlüs Əməviləri xilafətində davam etdiyini iddia edən digər bir firqə və kiçik bir cərəyan yarandı.[46] Mərvanilərin soyundan olan sünni alimi Əbul-Fərəc İsfəhani (284-356 hq) məşhur "əl-Əğani" kitabında yazır ki, Hicrətin dördüncü əsrinin sonlarında Osmani firqəsinin qalıqlarının Kufə şəhərində məscidi var idi və şiələr həmin məsciddə namaz qılmırdılar.[47]

Osmanilərin müxtəlif sahələrdə elmi əsərləri

İslam dünyasının müxtəlif şəhərlərində yaşayan Osmaniyyə firqəsinin alimləri müxtəlif mövzularda xüsusi təsirə malik elmi ərəslər yarada biliblər. İlk üç raşidi xəlifənin, Əməvi və Mərvanilər hakimiyyətinin elmi və mədəni varisi olan Osmani alimləri hakim gücün onlar üçün yaratdığı münbit şəraitdən istifadə edərək çox asanlıqla İslam dünyasının dini elmi irsinə, o cümlədən tarix, hədis, fihq və əqidə məsələlərinə ciddi mənfi təsirlər qoya dildilər.[48] Əhli-Beyt (ə) məktəbinin qarşısında yaradılan bu firqənin müxtəlif alimləri İslamdan yeni bir təfsir və oxunuş meydana çıxardaraq Əhli-Beyt (ə) məktəbini və on iki imamçı şiə cərəyanını müsəlman cəmiyyətinin dini, mədəni, siyasi, elmi və sosial həyatından çıxarmağa və küncə sıxışdırmağa çalışıdrı. Bu firqə və məzhəbin ortaya çıxardığı İslami görüşün təməl prinsipləri siyasi, fiqhi və etiqadi baxımdan ilk üç xəlifənin, Müaviyənin, əməvilərin və mərvanilərin hakimiyyəti dövründə formalaşdırılmışdı və əsasən də İmam Əli (ə) və Əhli-Beytlə (ə) müxalifət üzərində qurulmuşdu.[49] Onların tarixçiləri, fəqihləri, ilahiyyatçıları və hədisçiləri İmam Əli (ə) və Əhli-Beytlə (ə) düşmənçilikdə tanınırdılar.[50]

Hədis və Fiqh

İslami firqələr və məzhəblərin araşdırılması tarixi göstərir ki, Osmanilərin fiqhhədis alimləri hicrətin ilk əsrlərindən İslam dünyasının ən ümdə elmi mərkəzlərində cəmiyyətdə dərin təsirə malik elmi fəaliyyətlərə malik olublar.[51] Osmani firqəsinin hədis və fiqh alimləri əsasən Mədinə, Bəsrə, Kufə, Məkkə və Şam kimi mühüm şəhərlərin elmi mərkəzlərində nüfuza malik idilər.[52] Əhli-Sünnə məzhəbinə görə Mədinə şəhərinin ən öndə gedən və etibar edilən hədis raviləri və fəqihləri Osmani firqəsindən idilər.[53] Mədinə şəhərinin Ayişə,[54] Abdullah ibn Ömər[55]Əbu Hüreyrə[56] kimi Osmani firqəsindən olan məşhur simalarının cəmiyyətdəki əsas fəaliyyəti ilk üç raşidi xəlifənin "fəzilət"lərini yaymaq və İmam Əliyə (ə) qarşı kin və düşmənçilik toxumu əkmək idi.[57]

Hicrətin birinci əsrində Mədinə şəhərində eyni əsrdə "tabei"lərdən – (səhabələrin şagirdləri tabei adlandır) – yeddi fəqih yaşayırdı:[58] Əbu Bəkr ibn Əbdürrəhman Məxzumi (ö.94 hq); Xaricə ibn Zeyd Ənsari (ö.99); Səid ibn Müsəyyib (ö.91 hq); Süleyman ibn Yəsar (ö.107 hq), Übeydullah ibn Abdullah Məxzumi (ö.98 hq); Ürvət ibn Zübeyr (ö.94 hq); Qasim ibn Mühəmməd ibn Əbi Bəkr (ö.108 hq). Mədinə şəhərinin məşhur yeddi fəqihinin bəziləri müxtəlif dərəcələrdə Osmani əqidəsinə meyilli şəxslər idilər.[59]

Həmçinin Hicrətin 3-cü əsrinin sonlarında yaşamış məşhur tariçxi İbn Əbdi Rəbbihin "əl-Əqdul-Fərid" əsərində qeyd etdiyinə görə, Cəməl müharibəsinin baş verdiyi Bəsrə şəhərinin əhalisi də əksəriyyəti Osmani məzhəb olublar.[60] İbn Əbil-Hədid və İbn Cövzi kimi məşhur əhli-sünnə alimləri Bəsrədə yaşayan fəqihlərin və hədisçilərin ən məşhur simaları sayılan Ənəs ibn Malik[61] və Məhəmməd ibn Sirinin (ö. 110 hq)[62] Osmani firqəsindən olduqlarını deyiblər.[63] Bundan əlavə Bəsrə şəhərinin əsas və ümdə Osmani fəqihləri İmam Əlinin (ə) xilafəti barədə sükut edirlər və onun imamət və vilayət məqamına etiqadları yox idi.[64]

Kufə şəhəri şiələrin çoxluğu və şiəliyə meyilli sünnilərin çox olması ilə məşhur olsa da bu şəhərdə də Şəqiq ibn Sələmə (ö. 82 hq)[65] kimi Osmanilərin məşhur fəqih və hədis alimləri yaşayıblar.[66] Məkkə şəhərinin də bəzi fəqihləri, o cümlədən Meymun ibn Mehran[67] (ö.116 hq) Osmaniyyə firqəsindən olub.[68] Əməvilər hakimiyyətinin paytaxtı olan Şam şəhərində isə hədis raviləri və fəqihlərin əksəriyyəti Osmaniyyə firqəsindən idilər. Onlar Osman, Müaviyə, Bəni-Ümməyə, Süfyani və Mərvanilərin "fəzilət" və "mənqəbət"i barədə çox sayda uydurma hədislər nəql ediblər.[69]

Tarix elmi

Müaviyənin, Əməvilər və Mərvanilərin hakimiyyəti zamanında onların dəstəyi ilə Osmaniyyə firqəsinin tarixçi və salnaməçiləri "Osmaniyyə tarixçilik məktəbi" yaratmışdılar.[70] Osmani məzhəb tarixçilər tarixi təhrif edərək Əməvi hakimiyyətini məşru və qanuni göstərməyə çalışırdılar.[71] Bu da səbəb olub ki, İslam tarixi sahəsində yazılan kitablar Osmani məzhəb tarixçilərin ciddi təsiri altına düşsün.[72]

Osmaniyyə məktəbinin tarixçilərinin təsirinə məruz qalmış kitablarda İmam Əliyə (ə) qarşı kin və düşmənçilik aşkar görünür. Bu kitablarda İmam Əlinin (ə)Əhli-Beytin (ə) fəzilətləri nəql olunmayıb, ya da çox az nəql olub. Həmçinin İmam Əli (ə) əleyhinə, Əhli-Beyti (ə) məzəmmət məzmunlu və Osmanın və bəzi səhabələrin fəzilətində hədislər qondarılıb. Mühacir səhabələrə çox yer verildiyi halda Ənsardan olan səhabələrin fəzilətləri göstərilməyib.[73]

Osmaniyyə firqəsinin yaratdığı "tarix məktəbi"nin ən məşhur simaları Aban ibn Osman və Seyf ibn Ömər Təmimidir.[74] Hicrətin üçüncü əsrinin sonlarında şiə tarixçilərinin güclənməsi ilə Osmaniyyə məktəbinin tarixçiləri bu sahədə zəifləmişdir.[75]

Kəlam (əqidə) elmi

Osmaniyyə firqəsi ilə müxalifləri arasında mübahisəli mövzulardan biri də Cahizin (160-255) "Məqalatul-Osmaniyyə" kitabı hesab edilib.[76] İslam tarixçisi Həsən Ənsari belə hesab edir ki, Cahizin bu kitabı Osmaniyyə firqəsinin kəlami düşüncələri və əqidəsini Şiə məzhəbinin dini görüşlərinin qarşısında və rəqib tərəf kimi göstərib.[77]

Cahiz bu kitabda "İmamiyyə" məzhəbinin imamət, imamın Allah və Peyğəmbər (s) tərəfindən təyin edilməsi (imamətin nəss ilə sabit olması), İmam Əlinin (ə) digər bütün səhabələrdən üstün olması və İmam Əlinin (ə) Cəməl, Siffeyin və Nəhrəvan müharibələrində haqq tərəf olması kimi mövzularda irəli sürdüyü dəlilləri və həmçinin Osmaniyyə firqəsinin bu dəlillərin əleyhinə göstərdiyi dəlilləri təfsilatı ilə nəql etmişdir.[78]

İslam tarixçisi Məsudi yazır ki, Osmaniyyə firqəsinin alimləri tərəfindən yazılmış "əl-Bərahinu fil-imamətil-əməviyyin" adlı kitabda Bəni-Üməyyənin (əməvilər) imaməti müdafiə edilmişdir.[79] Bu kitabda Əndəlusiya Əməvi sülaləsinin xilafəti Osmanın xilafətinin davamı kimi təqdim edilib.[80]

İstinadlar

  1. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.429-430
  2. Naşiul-Əkbər, Məsailul-İmamət, m.1971, s.15-16
  3. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.429-430
  4. Naşiul-Əkbər, Məsailul-İmamət, m.1971, s.16
  5. Naşiul-Əkbər, Məsailul-İmamət, m.1971, s.16
  6. Madelung, Firqehaye İslami, h.ş 1381, s.37
  7. Xeyrxahe Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.51
  8. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  9. Təbəsi, Təsire təfəkkore Osmaniyyə, s.134
  10. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  11. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  12. Mürəvvici Təbəsi, Təsire təfəkkore Osmaniyyə, s.134-135
  13. Patrisiya Korun, Osmaniyyə, s.231
  14. Əbül-Fərəc İsfahani, Əl-Əğani, h.q 1415, c.11, s.167
  15. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  16. Şeyx Mufid, Əl-Cəməl, h.q 1413, s.346
  17. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  18. Minqəri, Vəqəətu Siffeyn, h.q 1404, s.556; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.43
  19. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.6, s.50
  20. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.435
  21. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  22. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.429-430
  23. Məsudi, Ət-Tənbih, m.1893, s.337
  24. Patrisiya Korun, Osmaniyyə, s.227
  25. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.449
  26. İbn Qüteybə, Əl-İxtilafu fil-ləfz, h.q 1412, s.54
  27. İbn Qüteybə, Əl-İxtilafu fil-ləfz, h.q 1412, s.54
  28. Patrisiya Korun, Osmaniyyə, s.227
  29. Patrisiya Korun, Osmaniyyə, s.227
  30. Patrisiya Korun, Osmaniyyə, s.227
  31. Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.215
  32. Cəfəriyan, Tarixe təşəyyö, dər İran, h.ş 1388, s.40
  33. Mürəvvici Təbəsi, Təsire təfəkkore Osmaniyyə, s.134-135
  34. Xeyrxahe Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.108
  35. Xeyrxahe Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.109
  36. Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.216; Hidayətpənah, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, h.ş 1388, s.149; Cəfəriyan, https://historylib.com/index
  37. Mürəvvici Təbəsi, Təsire təfəkkore Osmaniyyə, s.134-135
  38. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.430
  39. Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.430
  40. Patrisiya Korun, Osmaniyyə, s.228-229
  41. Patrisiya Korun, Osmaniyyə, s.228-229
  42. Patrisiya Korun, Osmaniyyə, s.230
  43. Patrisiya Korun, Osmaniyyə, s.231
  44. Patrisiya Korun, Osmaniyyə, s.231
  45. Patrisiya Korun, Osmaniyyə, s.231
  46. Patrisiya Korun, Osmaniyyə, s.231
  47. Əbül-Fərəc İsfahani, Əl-Əğani, h.q 1415, c.11, s.167
  48. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.52; Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.144; Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.215
  49. Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.216
  50. Mürəvvici Təbəsi, Təsire təfəkkore Osmaniyyə, s.134-135
  51. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.144
  52. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.144
  53. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.144-145
  54. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1412, s.71-72
  55. Səqəfi Kufi, Əl-Ğarat, h.q 1410, c.2, s.569
  56. Səqəfi Kufi, Əl-Ğarat, h.q 1395, c.2, s.569
  57. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.149-150
  58. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.5, s.136
  59. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.145-146
  60. Əndəlosi, Əl-Əqdul-fərid, m.1999, c.6, s.264
  61. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.74
  62. İbn Cəvzi, Ər-Rəddu ələl-mutəssibil-ənid, h.q 1403, s.75
  63. Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.150
  64. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.156
  65. Xətib Bağdadi, Tarix-Bağdad, h.q 1417, c.9, s.271; Hidayətpənah, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, h.ş 1388, s.225-226
  66. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.157-159
  67. Zəhəbi, Seyru ilamin-nübəla, c.6, s.76-77
  68. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.168-170
  69. Fərmaniyan, Osmaniyyə və əshabe hədis, s.172-177; Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.217-220
  70. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  71. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  72. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  73. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  74. Xeyrxah Ələvi və başqaları, "Əli və xilafəte vey əz neqahe məktəbe Tarixneqari Osmaniyyə", s.53
  75. Cəfəriyan, Dərshayi dərbareye firəqe İslami, h.ş 1401, s.217
  76. Ənsari, درباره کتاب العثمانيه جاحظ و رديه‌های آن
  77. Ənsari, کتاب العثمانيه جاحظ و اصالت تفکر شيعی درباره امامت
  78. Ənsari, کتاب العثمانيه جاحظ و اصالت تفکر شيعی درباره امامت
  79. Məsudi, Ət-tənbih, m.1893, s.336
  80. Məsudi, Ət-tənbih, m.1893, s.336-337

Ədəbiyyat