Şiə məzhəbinin prinsipləri
- Bu məqalə Şiə məzhəbinin prinsipləri barəsindədir. İslam dininin prinsipləri haqqında məlumat üçün Üsulid-din məqaləsinə daxil olun.
Şiə məzhəbinin prinsipləri (ərəbcə:أصول المذهب الشيعي) bunlardır: tövhid, nübüvvət, məad, ədalət və imamət Şiələrin əqidəsinə görə, üsuli-din adlanan ilk üç prinsipdən (tövhid, nübüvvət və məad) hər hansı birini inkar etmək küfrə səbəb olur. Ədalət və imamət prinsiplərininə gəlincə, onları qəbul etməmək islam dinindən yox, şiəlikdən çıxmağa səbəb olur. İmamət prinsipinin əqidə əsaslarında yer alması şiə məzhəbini digər məzhəblərdən fərqləndirdiyinə görə bu məzhəbi imamiyyə adlandırırlar. Eləcə də ədalət prinsipinə etiqad etmək mötəzilə məktəbini əşəriyyədən fərqləndirmiş, şiə və mötəzilə məktəblərinin “ədliyyə” adlanmasına səbəb olmuşdur.
Əhəmiyyəti
Tövhid, nübüvvət, məad, ədalət və imamətdən ibarət olan beş prinsip[1] şiə məzhəbinin təməlini təşkil edir.[2] Bu prinsiplərin hamısına etiqad edən kəs şiə sayılır və onlardan hər hansı birinə etiqad etməyən şiə sayılmır. Əlbəttə, tövhid, nübüvvət və məad prinsipləri üsuli-din sayılır və onlardan hər hansı birinə etiqad etməmək küfrə və islam dinindən çıxmağa səbəb olur.[3]
Şiəliyə məxsus prinsiplər
İmamət[4] və ədalət[5] şiə məzhəbinə məxsus prinsiplərdir:
İmamət
İslam cəmiyyətinin rəhbərliyi və həzrət Muhəmmədin (s) canişinliyi mənasında olan imamət ilahi bir məqamdır[6] və Peyğəmbərin (s) nəslindən on iki nəfər bu məqama təyin edilmişdir.[7] İmamların adları ardıcıl olaraq belədir: İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə), İmam Əskəri (ə), İmam Mehdi (ə.f.).[8]
Nə üçün imamət şiəliyin prinsiplərindən sayılır?
Muhəmməd Hüseyn Kaşiful-ğita “Əsluş-şiə və usuliha” kitabında qeyd edir ki, imamət şiəliyi digər islam məzhəblərindən fərqləndirən prinsipdir.[9] Bu səbəbdən on iki imamın imamətinə inananlar imamiyyə adı ilə tanınmış[10], imamət düşüncəsi də şiə məzhəbinin prinsiplərində yer almışdır[11] və onu qəbul etməyənlər şiə sayılmır.[12]
Ədalət
Allahın istər təkvin aləmində, istərsə də təşri aləmində haqq ilə rəftar etməsinə, zülm etməməsinə inanmaq deməkdir.[13] Ədliyyənin (şiə və mötəzilə) fikrincə, işlərin yaxşı və pis olması əqli məsələdir (ağılla dərk olunur) və Allahın ədalətli olması o deməkdir ki, O, ancaq yaxşı işləri edir, zülm isə pis olduğuna görə heç vaxt zülm etmir.[14] Əşəriyyə məktəbi isə inanır ki, hər hansı bir işin ədalətli olmasının meyarı Allahın o işi yerinə yetirməsidir və Allah nəyi etsə, o iş hətta insanların nəzərində zülm sayılsa da, əslində, yaxşı və ədalətlidir.[15]
Nə üçün ədalət şiəliyin prinsiplərindən sayılır?
Şiə filosofu Misbah Yəzdinin (1935-2021) fikrincə, kəlam elmindəki əhəmiyyətinə görə ədalət prinsipi şiə və mötəzilə məktəblərinin əqidəsində yer almışdır.[16] Həmçinin şiə mütəfəkkiri Mürtəza Mütəhhərinin (1919-1979) fikrincə, müsəlmanlar arasında iradə azadlığının inkarı kimi bir sıra fikirlərin yaranması ədalət prinsipinin şiə əqidəsində yer almasına səbəb olmuşdur. Çünki ədalət prinsipinə əsasən, seçim ixtiyarı olmayan insanın cəzalandırılması Allahın ədaləti ilə ziddiyyət təşkil edir.[17] Şiə və mötəzilə məktəbləri insanın məcbur olmasını Allahın ədalətinə zidd hesab edirdilər, bu səbəbdən ədliyyə adı ilə tanınmışlar.[18]
Ortaq prinsiplər
• Tövhid: Allahın varlığına, təkliyinə və şəriksiz olmasına inam[19]
• Nübüvvət: Allah tərəfindən insanların hidayəti üçün bir sıra insanlara peyğəmbərlik verilməsinə inam[20]. İlk peyğəmbər Həzrəti Adəm (ə)[21] və sonuncu peyğəmbər Həzrəti Muhəmməddir (s).[22]
• Məad: İnsanın ölümdən sonra dirilərək, onun yaxşı və pis əməllərinə baxılmasına inam [23]
Əlaqəli məqalə
İstinadlar
- ↑ Muhəmmədi Reyşəhri, Daneşname əqayede İslami, h.ş 1385, c.8, s.99
- ↑ Muhəmmədi Reyşəhri, Daneşname əqayede İslami, h.ş 1385, c.8, s.97
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.210; İmam Xomeyni, kitabut-təharət, h.q 1927, c.3, s.237-238
- ↑ Lahici, Quhər Murad, h.ş 1383, s.467; Sübhani, Əl-ilahiyyat, h.q 1417, c.4, s.10
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.161
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, s.211
- ↑ Lahici, Quhər Murad, h.ş 1383, s.585
- ↑ Razi, Kifayətul-əsər, h.q 1401, s.53-55; Səduq, kəmalud-din, h.q 1395, c.1, s.253-254
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.221
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.212
- ↑ ««عدل» و «امامت» از اصول مذهب شیعه و چرایی آن؟»Makarem.ir saytı, Ayine rəhmət
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.212
- ↑ Mütəhhəri, Məcmue asar, Sədra, c.2, s.149
- ↑ Sübhani, Rəsail və məqalat, h.q 1425, c.3, s.32
- ↑ Sübhani, Rəsail və məqalat, h.q 1425, c.5, s.127
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.161
- ↑ Mütəhhəri, Məcmue asar, Sədra, c.2, s.149
- ↑ Mütəhhəri, Məcmue asar, Sədra, c.2, s.149
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.219
- ↑ Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.220
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.32
- ↑ Əhzab surəsi, ayə 40
- ↑ Lahici, Quhər Murad, h.ş 1383, s.595; Kaşiful-ğita, Əsluş-şiə və usuliha, Muəssisətul-İmam Əli (ə), s.222
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Kitabut-təharət, Tehran, Muəssise tənzim və nəşre asar İmam Xomeyni, h.q 1427
- Razi, Əli ibn Muhəmməd, Kifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər, Düzəliş: Əbdüllətif Hüseyni, Qum, Bidar, h.q 1401
- Sübhani, Cəfər, Rəsail və məqalat, Qum, Muəssisətul-İmam Sadiq (ə), h.q 1425
- Sübhani, Cəfər, Əl-İlahiyyat əla hhudəl-kitabi vəs-sünnəti vəl-əql, Be qələme Şeyx Həsən Amili, Qum, Muəssisətul-İmam Sadiq (ə), 4-cü çap, h.q 1417
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, h.q 1395
- ««عدل» و «امامت» از اصول مذهب شیعه و چرایی آن؟» Makarem.ir saytı, Aine rəhmət, h.ş 1401, Xordad
- Kaşiful-ğita, Muhəmməd Hüseyn, Əsluş-şiə və usuliha, Təhqiq: Əla Ali Cəfər, Muəssisətul-İmam Əli (ə)
- Lahici, Əbdür-rəzzaq, Quhər Murad, Müqəddimə: Zeynul-abidin Qurbani, Nəşre saye, 1-ci çap, h.ş 1383
- Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1403
- Muhəmməd Reyşəhir, Muhəmməd, Daneşname əqayede İslami, Qum, Darul-hədis, h.ş 1385
- Misbah Yəzdi, Muhəmməd Təqi, Amuzeşe əqayed, Nəşre sazmane təbliğate İslami, 17-ci çap, h.ş 1384
- Mütəhhəri, Mürtəza, Məcmue Asar, Tehran, Nəşre Sədra
Xarici keçid