Allahı görmək

wikishia saytından
(Rəbbi görmək səhifəsindən yönləndirilmişdir)

Allahı görmək (ərəbcə: رؤية الله), Allahı gözlə görməyin mümkünlüyü ilə bağlı teoloji bir məsələdir. İmamiyyəmötəzilə ilahiyyatçıları belə hesab edirlər ki, Allah nə dünyada, nə də axirətdə adi gözlə görünə bilməz. Onların fikrincə, Allahı zahiri gözlə görmək Allahın cismani olmasını zəruri edir. Digər tərəfdən, əşəri, əhli-hədis, mücəssimə, kərramiyyə və sələfilik kimi sünni kəlam məzhəblərinin əksəriyyəti Allahı görməyin mümkün olduğuna inanırlar.

İslamda Allahı görmək məsələsinin tarixi ikinci qəməri əsrinə gedib çıxır. Bəzilərinin fikrincə, bu məsələ İslam müzakirələrinə özlərini müsəlman kimi təqdim edən yəhudi və xristianlar tərəfindən salınıb. Allahı görmək kəlamdan başqa, Quranda, hədislərdə və irfanda da bəhs edilib və bu mövzuda bir neçə kitab yazılıb. Buna misal olaraq, Ayətullah Cəfər Sübhaninin “Ruyətullah fi zəvil-kitabi və sünnə vəl-əqlis-sərih” əsərini göstərmək olar.

Mövqeyi və mənası

Allahı görmək, Allahı gözlə görməyin mümkün olub-olmaması ilə bağlı teoloji bir məsələdir.[1] Quranın bəzi ayələrində Allahı görməkdən bəhs edilir. Məsələn, “Qiyamət” surəsinin 22 və 23-cü ayələri, “Mutəffifin” surəsinin 15-ci, “Yunus” surəsinin 16-cı, “Nəcm” surəsinin 11-13-cü ayələri kimi. Bəzi ayələrdə isə Allahı görmək inkar edilir. Məsələn, “Ənam” surəsinin 103-cü ayəsi, “Əraf” surəsinin 143-cü ayəsi, “Bəqərə” surəsinin 55-ci ayəsi, “Nisa” surəsinin 153-cü ayəsi və “Furqan” surəsinin 21-ci ayəsi.[2] Şiə və sünni rəvayət mənbələrində Allahı görməyin mümkün və ya qeyri-mümkün olması haqqında çox sayda rəvayətlər yer almışdır.[3]

Allahı görmə imkanının əleyhinə və lehinə olan şərhçilər bu ayələri şərh edərkən Allahı görmək haqqında geniş şəkildə bəhs ediblər.[4]

Bildirilib ki, sufilər həmişə Allahla birbaşa təmasda olmaq istədikləri üçün irfan və təsəvvüfdə də Allahı görmək ciddi bir məsələyə çevrilib və İbrahim Ədhəm kimi sufilərin birinci təbəqəsinə daxil olanlar demək olar ki, hamısı bu haqda fikir yürüdüblər.[5]

Məsələnin qısa tarixi

İslamda Allahı görməklə bağlı teoloji mübahisələrin tarixi ikinci qəməri əsrə gedib çıxır.[6] Bu əsrdə iki kəlam məzhəbi – cəhmiyyə və mötəzilə Allahı adi gözlə görməyi inkar edirdilər. Üçüncü əsrin əvvəllərində dörd sünni imamından biri olan Əhməd ibn Hənbəlin və onun tərəfdarlarının əsas əqidəsindən biri Allahı görməyin mümkünlüyü oldu. Maturidiyyə, əşairə, mücəssimə, müşəbbihə, kərramiyyə və sələfilik[7] kimi digər kəlam məzhəbləri də Allahı adi gözlə görmə ehtimalını qəbul etdilər.[8]

Bəzi ilahiyyatçılar, o cümlədən şiə ilahiyyatçısı Cəfər Sübhani hesab edir ki, Allahı görmək düşüncəsi Kəbül-Əhbar kimi özünü müsəlman kimi göstərən bəzi yəhudi və xristianlar tərəfindən İslam hədislərinə və bəhslərinə daxil edilmişdir.[9] Cəfər Sübhaninin fikrincə, Allahı görməklə əlaqədar bütün hədislər özünü müsəlman kimi göstərən yəhudi və xristianlar vasitəsilə müsəlmanların rəvayət mənbələrinə daxil olmuşdur.[10]

Başqa dinlərə görə Allahı görmək

İslamdan əvvəl Allahı görmək məsələsi Tövrat və İncildə bəhs edilib.[11] Yəhudilərin müqəddəs kitabı Tövratda Allah Musaya (ə) müraciətlə deyir: “Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz”.[12] Başqa bir frazada Musaya (ə) xitabən deyir: “Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, amma üzümü görməyəcəksən”.[13] İncilin bir ayəsində qəlbi təmiz olanların Allahı görəcəyi bildirilir (Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.)[14] Başqa bir ayədə isə heç kəsin heç vaxt Allahı görmədiyi deyilir (Allahı heç kəs heç vaxt görməyib).[15]

İslam məzhəblərinin Allahı görməklə bağlı baxışı

Allahı görmək məsələsi ilə bağlı üç əsas fikir irəli sürülüb: Sünni kəlam məzhəblərindən olan mücəssimə və kərramiyyə Allahı dünyada və axirətdə görməyi mümkün hesab edir. Çünki onlar Allahı cismani və məkan tutan varlıq kimi təsvir edirlər.[16]

Əşairə[17]əhli-hədis[18] kimi digər əhli-sünnə kəlam məzhəbləri deyirlər ki, Allah ancaq axirətdə adi gözlə görünür. Baxmayaraq ki, onlar Allahın cismani olduğuna inanmırlar.[19]

İmamiyyə,[20] zeydiyyə[21]mötəzilə[22] Allahı dünyada və axirətdə görməyi qeyri-mümkün hesab edir və bu barədə həmfikirdirlər.[23]

Axirətdə Allahı görməyin mümkünlüyünün dəlilləri

Allahı görmə imkanının tərəfdarları bunu sübut etmək üçün əqli və nəqli dəlillərə istinad ediblər ki,[24] onlardan bəziləri aşağıdakılardır:

Əqli dəlillər

Allahı görməyin mümkün olmasının tərəfdarlarının bəzi əqli dəlilləri bunlardır:

  • Özünü və əşyaları müşahidə edən biri üçün başqalarının onu görməsi də mümkündür. Allah özünü və əşyaları gördüyü üçün bizə özünü görmə qabiliyyətini verməsi mümkündür.[25]
  • Müxtəlif varlıqlar görünəndir və onların görünən olması onların mahiyyəti və varlığı ilə bağlıdır. Bu halda mövcud olan Allah görünməlidir.[26]

Nəqli dəlillər

Nəqli dəlillər Quran ayələrini və hədisləri ehtiva edir:

Buna dəlil kimi göstərilən Quran ayələrindən biri “Əraf” surəsinin 143-cü ayəsidir. Orada Musa peyğəmbər (ə) Allahdan onu görməsini istəyir. Lakin Allah cavab verir ki, Musa onu görə bilməz. Əsaslandırma ondan ibarətdir ki, əgər Allahı görmək mümkün olmasaydı, həzrət Musa (ə) Allahdan belə bir şey istəməzdi.[27]

Allahı görməyin mümkün olması ilə bağlı “Əhzab” surəsinin 44-cü, “Qiyamət” surəsinin 22 və 23-cü, “Mutəffifin” surəsinin 15-ci[28]“Ənam” surəsinin 103-cü ayələrinə[29] istinad edilmişdir.

Axirətdə Allahı görməyi sübut etmək üçün Peyğəmbərdən (s) nəql olunan rəvayətlərə istinad edilir.[30] Məsələn, Peyğəmbərin (s)[31] bu rəvayətini misal çəkirlər: “Sən Rəbbini on dördüncü gecənin ayını gördüyün kimi görəcəksən”.[32]

Allahı görməyin mümkünsüzlüyünün dəlilləri

Allahı görmək imkanının əleyhdarları da əqli və nəqli dəlillərə istinad etmişlər:

Əqli dəlillər

Cəfər Sübhaniyə görə, əqli dəlillərin əsası budur ki, Allahı görmək üçün Onun cismani olması və ya cismani sifətlərə malik olması zəruridir.[33] Əqli dəlillərdən bəziləri aşağıdakılardır:

  1. Zahiri gözlə görmək Tanrının ölçü, məkan və zamana malik olmasını zəruri edir. Halbuki Allah bu sifətlərdən aridir.[34] Əllamə Hilliyə görə, Allahın varlığının zəruriliyinin (vacib varlıq olmasının) tələbi, Onun mücərrəd olması, istiqamət və məkanının olmamasıdır. Bunları inkar etməklə Allahı zahiri gözlə görmək istisna edilir.[35]
  2. Allah ya bütün zatı ilə görünəndir, ya da zatının bir hissəsi görünəndir. Birinci hal Tanrının sonlu və məhdud olmasına gətirib çıxarır, ikinci hal isə Tanrının mürəkkəb, məkan tutan və istiqamətli olmasını zəruri edir ki, bunların hər ikisi qeyri-mümkün və batildir. Deməli, Allah görünən deyil.[36]

Nəqli dəlillər

Ayətullah Sübhaninin "Ruyətullah" kitabı

Müxaliflərin nəqli dəlillərindən biri tərəfdarlar tərəfindən istinad edilən “Əraf” surəsinin 143-cü ayəsidir və orada Allah Musaya (ə) “Sən məni görə bilməzsən” (لَنْ تَرانِی) deyir. “لَنْ” kəlməsi əbədi inkar mənasına gəldiyi üçün “لَنْ تَرانِی” Allahı görməyin əbədi inkarını və onun heç vaxt baş verməyəcəyini nəzərdə tutur.[37] Xacə Tusi “Təcridül-etiqad” kitabında bu ayə haqqında deyir: “Musanın Allahı görmək istəyi öz tərəfindən yox, qövmü tərəfindən idi”.[38]

Digər ayə isə belədir: “Gözlər Onu görə bilməz. Ancaq O, gözləri görər”.[39] İmamiyyəmötəzilə kəlam alimlərinə görə, ayə Allahı gözlərlə görməyin mümkün olmadığına dəlalət edir.[40]

Şiə imamlarından gələn rəvayətlər də Allahın adi gözlə görülə bilməyəcəyinə dəlalət edir.[41] Bir rəvayətdə bir nəfər İmam Əlidən (ə) Allahı görüb-görmədiyini soruşur və İmam (ə) cavab verir ki, mən görmədiyim Allaha ibadət etmirəm. Amma o, zahiri gözlə deyil, iman həqiqəti ilə görülə bilər.[42]

Müxaliflərin fikrincə, müvafiqlərin Allahı görməyin mümkünlüyü ilə bağlı istinad etdiyi hədis səhih olduğu halda zahiri gözlə görməyi yox, Allahı tanımağı nəzərdə tutur. Çünki zahiri gözlə görmək nəzərdə tutulsa, hədis Allahın istiqamətinin olmasını tələb edir ki, bu da qeyri-mümkündür.[43]

Biblioqrafiya

Darqutninin “Ruyətullah cəllə və əla” əsəri

Allahı görmək məsələsi haqqında bir çox kəlam, təfsir və bəzi irfan və hədis kitablarında bəhs edilmişdir. Bundan əlavə, Allahı görmək haqqında ayrıca kitablar da yazılmışdır ki, onlardan bəziləri aşağıdakılardır:

  • Seyid Əbdülhüseyn Şərəfüddin tərəfindən yazılmış “Kəlimətun həvlər-ruyə” əsəri. Bu kitab şiə nöqteyi-nəzərindən Allahı görməyin mümkünsüzlüyünü sübut edir.[44] Kitab İslam Bilikləri və Mədəniyyəti mərkəzinin tərtib etdiyi “İmam Seyid Əbdülhüseyn Şərəfüddinin əsərlərinin məcmusu”nun dördüncü cildində yer alıb və Darul-müvərrixil-ərəbi nəşriyyatı tərəfindən çap edilib. Həmçinin, Mehdi Ənsari Quminin tədqiqi və "Ruyətulllah və fəlsəfətul-misaq vəl-vilayə" adı ilə Lövhi-məhfuz nəşriyyatı tərəfindən nəşr olunub.
  • Cəfər Sübhaninin “Ruyətillah fi zəvil-kitabi vəs-sünnəti vəl-əqlis-sərih” əsəri. O, bu kitabda Allah görməyi yəhudilərdən gətirilən bir nəzəriyyə hesab edir və bu nəzəriyyəni Quran ayələri, hədislər və əqli dəlillərlə rədd etməyə və şiə nöqteyi-nəzərini müdafiə etməyə çalışır.
  • Əli ibn Ömər Darqutninin “Ruyətullah cəllə və əla” əsəri. Darqutni IV əsrin məşhur hədis əhli və mühəddislərindəndir. Bu kitabda Allahı görməyin mümkünlüyünü sübut etmək üçün Allahı görməklə bağlı ayə və hədislər toplanmışdır.[45] Bu kitab iki əlavə ilə - İbn Nəhhasın “Ruyətullahi Təbarəkə və Təala”,

Əbu Şamə Məqdisinin “Zəvus-sari ilə mərifəti ruyətil-bari” əsərləri ilə - Darul-kitabil-elmiyyə nəşriyyatı tərəfindən çap olunub. Həmçinin, Əbu Uveys əl-Kurdi tərəfindən yazılmış “əl-Misbahul-munir fi ruyətir-rəbbil-xəbir” əl-Mulhəquz-zafi ilə ma fi kitabir-ruyətil-vafi” kitabları əlavə olunmaqla İbn Teymiyyə nəşriyyatı tərəfindən nəşr edilib.

Allahı görmək haqqında digər əsərlər bunlardır: “Ruyətullah bəynət-tənzih vət-təşbih”, Əbdül-Kərim Bəhbəhani, Dünya Əhli-Beyt Cəmiyyəti; “Royəte-mah dər aseman: bərrəsiye-tarixiye məsəleye-liqaullah dər kəlam və təsəvvüf”, Nəsrullah Purcavadi, Mərkəze-nəşre-daneşqahi; “Royəte-xodavənd? Dər in cəhan və cəhane-digər”, Seyid Əbdül-Mehdi Təvəkkül, Nasir Məkarim Şirazinin nəzarəti altında, İmam Əli ibn Əbu Talib nəşriyyatı.

İstinadlar

  1. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.26-27; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.127; Behbəhani, Ruyətullah beynət-tənzihi vət-təşbih, h.q 1426, s.16
  2. Zakiri və başqaları, Ruyət, s.799-802
  3. Kuleyni, Əl-Kafi, h.q 1407, Bab: İbtalur-ruyə, c.1, s.95-110; Şeyx Səduq, Tövhid, h.q 1398, Bab: Ma caə fir-ruyə, s.107-122; Nəhcül-bəlağə, xütbə 91, s.124, xütbə 185, s.269 və xütbə 186, s.273; Şərufiddin, Ruyətullah, h.q 1423, s.53-81; Əhli-sünnət üçün: Buxari, Səhih-Buxari, h.q 1422, c.1, s.115, c.6, s.139, c.9, s.127-129; Darqutni, Ruyətullah cəlla və əla, h.q 1426, s.7-94
  4. Allahı görmə imkanının əleyhinə olanlar: Tusi, Ət-Tibyan, c.1, s.249-253, c.10, s.197-199; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.8, s.237-243; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.141; c.2, s.151-157; Allahı görmə imkanının leyhinə olanlar: Fəxr Razi, Təfsiru Kəbir, h.q 1420, c.3, s.519-520; c.14, s.354-358, c.30, s.730-733
  5. Zakiri və başqaları, Ruyət, s.810
  6. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.24-25; Zakiri və başqaları, Ruyət, s.804
  7. İbn Teymiyyə, Minhacus-sünnətin-Nəbəviyyə, h.q 1406, c.2, s.316, 329-349, c.3, s.341, 344 və 347
  8. Zakiri və başqaları, Ruyət, s.804
  9. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.138-139; Behbəhani, Ruyətullah beynət-tənzihi vət-təşbih, h.q 1426, s.99-100
  10. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.16
  11. Zakiri və başqaları, Ruyət, s.799
  12. Ketabe müqəddəs, bab 33, ayə 20
  13. Ketabe müqəddəs, bab 33, ayə 23
  14. Ketabe müqəddəs, Məttanın incili, bab 5, ayə 8
  15. Ketabe müqəddəs, Yuhannanın incili, bab 1, ayə 18
  16. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.125; Fəxr Razi, Əl-Ərbəinə fi usuliddin, m. 1986, c.1, s.266-267; Behbəhani, Ruyətullah beynət-tənzihi vət-təşbih, h.q 1426, s.15
  17. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.25 və 51; Amidi, Ğayətul-məram, h.q 1413, s.142
  18. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.27
  19. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.125
  20. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.46; Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.27; Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.256-257
  21. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.27; Əşəri, Məqalatul-İslamiyyin, h.q 1426, c.1, s.172
  22. Qazi Əbdül-Cəbbar, Əl-Muxtəsəru fi usuliddin, m. 1971, s.190; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.57 və 114
  23. Əşəri, Məqalatul-İslamiyyin, h.q 1426, c.1, s.131 və 172; Amidi, Ğayətul-məram, h.q 1413, s.142; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.5; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.125
  24. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.35-55
  25. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.53
  26. Amidi, Ğayətul-məram, h.q 1413, s.142-143; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.113
  27. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.41; Fəxr Razi, Əl-Ərbəinə fi usuliddin, m. 1986, c.1, s.278
  28. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.35, 45, 46; Fəxr Razi, Əl-Ərbəinə fi usuliddin, m. 1986, c.1, s.292-295
  29. Fəxr Razi, Əl-Ərbəinə fi usuliddin, m. 1986, c.13, s.97
  30. Darqutni, Ruyətullah cəlla və əla, h.q 1426, s.7-94
  31. Buxari, Səhih-Buxari, h.q 1422, c.1, s.115; c.6, s.139; c.9, s.127-129
  32. Əşəri, Əl-İbanətu ən usulid-diyanət, h.q 1397, s.49; İbn Teymiyyə, Minhacus-sünnətin-Nəbəviyyə, h.q 1406, c.2, s.332, c.3, s.341
  33. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.128
  34. Cəvadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.257
  35. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.46-47
  36. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.2, s.127
  37. Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.64-66
  38. Şerani, Şərhu təcridil-etiqad, h.ş 1376, s.414
  39. Ənam surəsi, ayə 103
  40. Cəvadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.258; Sübhani, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql, s.55; Qazi Əbdül-Cəbbar, Şərhu usulil-xəmsə, h.q 1922, s.156
  41. Kuleyni, Əl-Kafi, h.q 1407, Bab: İbtalur-ruyə, c.1, s.95-110; Şeyx Səduq, Tövhid, h.q 1398, Bab: Ma caə fir-ruyə, s.107-122
  42. Nəhcül-bəlağə, Çap; Darul-kitabil-Lübnani, c.1, s.258, xütbə 179
  43. Qazi Əbdül-Cəbbar, Əl-Muxtəsəru fi usulid-din, m. 1971, s.191-192
  44. Əminipur, Nime neqahi be ünvanhaye musuətul-İmam Əs-Seyyid Əbdül-Hüseyn Şərufuddin, s.25-26
  45. Darqutni, Ruyətullah cəlla və əla, h.q 1426, s.7; Nəfisi, Darqutni, Əbül-Hüseyn Əli ibn Ömər, s.755

Ədəbiyyat

  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, 1-ci çap, h.q 1414
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnətin-Nəbəviyyə, 1-ci çap, h.q 1406-m. 1986
  • Əşəri, Əbül-Həsən Əli ibn İsmail, Əl-İbanətu ən usulid-diyanət, Qahirə, Darul-ənsar, 1-ci çap, h.q 1397
  • Əşəri, Əbül-Həsən Əli ibn İsmail, Məqalatul-İslamiyyin, Məktəbətul-əsriyyə, 1-ci çap, h.q 1426-m. 2005
  • Əminipur, Nime neqahi be ünvanhaye musuətul-İmam Əs-Seyyid Əbdül-Hüseyn Şərufuddin, h.ş 1384
  • Amidi, Seyfuddin, Ğayətul-məram, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1413
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, 1-ci çap, h.q 1422
  • Behbəhani, Əbdül-Kərim, Ruyətullah beynət-tənzihi vət-təşbih, Qum, Məcmə cəhaniye Əhli-beyt, 2-ci çap, h.q 1426
  • Cəvadi Amuli, Abdullah, Tövhid dər Quran, Qum, İsra nəşri, 8-ci çap, h.ş 1395
  • Darqutni, Əli ibn Ömər, Ruyətullah cəlla və əla, Təhqiq: Əhməd Fərid, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1426-m.2005
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutuil-ərəbi, 3-cü çap, h.q 1407
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, 3-cü çap, h.q 1412
  • Sübhani, Cəfər, Ruyətullah fi zuil-kitab Vəs-sünnət vəl-əql
  • Şərufiddin, Əbdül-Hüseyn, Ruyətullah, Təhqqi: Mehdi Ənsari Qumi, Qum, h.q 1423
  • Şerani, Əbül-Həsən, Şərhu təcridil-etiqad, Tehran, 8-ci çap, h.ş 1376
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Qum, Şərif Rza, 3-cü çap, h.ş 1364
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Tövhid, Qum, Came müdərrisin, 1-ci çap, h.q 1398
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, 2-ci çap, h.q 1390
  • Əllamə Hilli, Kəşful-murad, Qum, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.ş 1382
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Təfsiru Kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Əl-Ərbəinə fi usuliddin, Qahirə, 1-ci çap, m. 1986
  • Qazi Əbdül-Cəbbar, Əl-Muxtəsəru fi usulid-din, Beyrut, Darul-hilal, m. 1971
  • Qazi Əbdül-Cəbbar, Şərhu usulil-xəmsə, Beyrut, 1-ci çap, h.q 1922
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • نفیسی، شادی، «دارقطنی، ابوالحسن علی بن عمر»،, Nəfisi, Darqutni, Əbül-Hüseyn Əli ibn Ömər

Xarici keçidlər