İstixarə

wikishia saytından
(Təsbehlə istixarə səhifəsindən yönləndirilmişdir)

İstixarə (ərəbcə: الاستخارة) yaxşılıq istəmək və iş seçimini Allaha həvalə etməkdir. Bu o zaman olur ki, insan o işə tərəddüdlə yanaşır, başqaları ilə məsləhətləşərək onun xeyir və şərini ayırd edə bilmir. İstixarə müxtəlif üsullarla edilir. Onların arasında namazdua, Quran, kağız (zatur-riqa) və təsbeh ilə istixarə vardır.

Din alimləri istixarənin şəriətə uyğun olması üçün rəvayətlərə istinad edirlər. Şeyx Abbas QumiMəfatihül-cinan”da istixarənin bəzi üsullarını vermişdir. İstixarənin bəzi qaydaları bunlardır: Qurandan surələr oxumaq, Peyğəmbərə (s) və onun ailəsinə salavat göndərmək və xüsusi zikrlər söyləmək.

Əllamə Məclisiyə görə, əslində hər kəs özü üçün istixarə etməlidir. Hərçənd, bəzi din alimləri başqalarına müraciət etməyi də icazəli hesab edirlər və günümüzdə istixarə çox vaxt bu şəkildə edilir.

Din alimlərindən və başqalarından məşhur istixarələr nəql edilmişdir. Onların arasında Qum elmi hövzəsinin qurucusu Əbdül-Kərim Hairinin Qumda qalması üçün və Məhəmməd Əli Şahın Milli Şura Məclisini top atəşinə tutması üçün istixarə etməsi məşhurdur.

Konseptologiya

İstixarə hərfi mənada xeyir istəmək deməkdir.[1] Terminologiyada isə Allahdan xeyir istəmək mənasındadır.[2] 13-cü əsr şiə fəqihi və “Cəvahar”in müəllifi deyir: “İstixarənin iki mənası var: 1. Allahdan qərar verdiyi işdə , seyir istəmək. 2. Allahdan onun üçün seçdiyi işi seçməkdə uğur verməsini istəmək. Bu uğur istixarə ilə əldə oluna bilər və ya insanın məsləhətləşdiyi və ya ona nəsihət verən birinin dilinə də gələ bilər.[3]

İstixarə üsulları

Namazla istixarə

Namazla istixarə belədir: insan iki rükət namaz qılır və namazdan sonra səcdəyə gedir. Səcdədə yüz dəfə “Əstəxirullahə fi cəmii umuri xəyrətən fi afiyə” (Bütün işlərimdə Allahdan xeyir diləyirəm, afiyət içində bir xeyir!) Sonra Allah ürəyinə nə salsa, onu yerinə yetirməlidir.[4]

Quranla istixarə

Quranla istixarə üçün müxtəlif üsullar nəql edilib,[5] o cümlədən:

  • İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Quranla istixarə üsullarından biri də budur ki, insan bir işi görmək və ya tərk etmək arasında şəkk etsə, namaza hazır olduqda Quranı açsın və onda gördüyü ilk şeyə uyğun əməl etsin.[6]
  • Seyid İbn Tavus İslam peyğəmbərindən (s) nəql edir ki, Quranla istixarə etmək istəyəndə üç dəfə “İxlas” surəsini oxu, üç dəfə salavat göndər və sonra bu duanı oxu: “Allahım, kitabınla istixarə edirəm və sənə təvəkkül edirəm. Kitabındakı gizli sirləri mənə aşkar et, üstü örtülü qeybini mənə aç!” Sonra Quranı aç və birinci səhifənin ilk sətrindən istixarəni al.[7]
  • Bəzi rəvayətlərə görə, Quranı açandan sonra yeddi və ya səkkiz vərəq sayılır və yeddinci və ya səkkizinci vərəqdən istixarə alınır.[8]

Kağızla istixarə

Kağızla istixarədə bir üsul odur ki, “İfəl” (edin) və “Lə təfəl” (etməyin) sözləri iki ayrı kağız üzərinə yazılır və istixarə edən müəyyən qaydada ikisindən birini götürür və buna uyğun əməl edir.[9]

İbn İdris Hilli kağızla istixarənin hədislərini etibarsız hesab etmişdir.[10] Lakin Şəhidi-əvvəl kağızla istixarənin imamiyyə arasında məşhur olmasını əsas gətirərək onun fikrini rədd etmişdir.[11]

Təsbehlə istixarə

Təsbehlə istixarənin müxtəlif üsulları qeyd olunub.

  • Şəhidi-əvvəl “Zikra” kitabında bildirir ki, “Həmd” surəsini (ən azı üç, olmasa bir dəfə), “Qədr” surəsini on dəfə oxuduqdan və həmçinin, xüsusi bir dua oxuduqdan sonra bir təsbeh və ya bir neçə çınqılı (kiçik daş parçalarını) ayırıb iki-iki sayırıq. Əgər qalan cüt ədəd olsa, nəzərdə tutduğumuz işi görürük və tək ədəd olsa, onu tərk edirik və ya əksinə.[12]
  • Təsbehlə başqa bir istixarə isə “Məfatihul-cinan”da Məhəmməd Həsən Nəcəfi tərəfindən nəql olunub. Bu istixarə üsulu onun dövründə geniş yayılıbmış (“Cəvahir”in müəllifinin fikrincə isə çox güman ki, İmam Mehdiyə (ə) aiddir). O, belədir: Quran və dua oxuduqdan sonra bir təsbeh götürüb onu səkkiz-səkkiz azaldırsan. Əgər biri qalsa, ümumiyyətlə yaxşıdır, ikisi qalsa, bir qadağa, üçü qalsa, etmək və etməmək bərabərdir, dördü qalsa iki qadağa, beşi qalsa, bəziləri o işdə çətinlik və əzab, bəziləri isə qınaq olduğunu deyiblər. Altı qalsa, çox yaxşıdır və bunu etməyə tələsmək lazımdır. Əgər yeddi qalsa, beş qalmış kimidir. Səkkiz qalsa, dörd qadağa var.[13] “Cəvahir”in müəllifi bu istixarəni nəql etdikdən sonra qeyd edir ki, biz köhnə və yeni kitablarda bu istixarənin əlamətinə rast gəlmədik. Necə ki, bunu bəzi alimlərimiz də deyiblər.[14]

Şəhidi-əvvəlin dediyinə görə, ədəd (təsbeh və ya daş parçası) ilə istixarənin sənədi Rəziəddin Abiyə çatır.[15] Əlbəttə, Seyid ibn Tavus onun sənədini şiə imamlarına aid edir.[16] “Cəvahir”in müəllifinin (h. q. 1202-1266) sözlərinə görə isə onun zamanında alimlər bu şəkildə istixarə edirmişlər.[17]

  • Seyid Musa Şübeyri Seyid Əli Şüştəri vasitəsilə İmam Mehdiyə (ə) aid edilən bir istixarə nəql edib. Belə ki, “Bismillah”, üç salavat və bir dua oxunur, sonra təsbeh götürülür, iki-iki sayılır. Biri qalsa yaxşıdır, ikisi qalsa pisdir.[18]

Şeyx Abbas Quminin yazdığı “Məfatihul-cinan” kitabında istixarənin bəzi üsulları qeyd olunub.[19]

İstixarənin şəriətə uyğunluğu

İslamdan əvvəl “İstisqam bil-əzlam” (fal oxları ilə qismət axtarmaq) adlanan istixarə növü geniş yayılmışdı[20] və yay oxu ilə edilirdi.[21] Sünni alimi Şeyx Şəltut fal oxları ilə qismət axtarmağın haram olunduğu “Maidə” surəsinin 3-cü ayəsinə istinad edərək istixarənin də bu qadağanın nümunəsi olmasını və haram olduğunu bildirir.[22] Lakin şiə təqlid mərcələrindən olan Ayətullah Safi Gülpayqani istixarə ilə istisqam arasında fərq olduğu qənaətindədir. O, Şeyx Şəltutun fikrini rədd etmiş[23] və istixarənin müstəhəb olduğunu çoxsaylı hədislərlə əsaslandırmışdır.[24]

Qaydalar və şərtlər

İstixarə üçün müəyyən qaydalar və şərtlər qeyd olunub ki, onlardan bəziləri aşağıdakılardır:

  • İstixarə edilən işin mübah (icazəli) olması: İstixarə mübah işlərə dair şübhəni aradan qaldırmaqdır, yaxşı işlərə yox.[25]
  • Özü üçün istixarə: Əllamə Məclisiyə görə, elə bir hədis yoxdur ki, insan başqasının adına istixarə etsin. Ona görə də hər kəsin özü üçün istixarə etməsi daha münasibdir.[26] Əlbəttə, o, Seyid ibn Tavusdan başqası üçün istixarənin caiz olduğunu da nəql etmişdir.[27]
  • Məsləhətləşmədən sonra istixarə: Yəni istixarədən əvvəl məsləhətləşmək lazımdır. Əgər nəticəsi olmasa, istixarə etmək olar.[28]
  • İstixarə yeri: Şəhidi-əvvəlin fikrincə, istixarənin məscid və ziyarətgahlarda dua ilə olması daha yaxşıdır.[29] Bəzi rəvayətlərdə İmam Hüseynin (ə) hərəmində istixarə etməkdən bəhs edilir.[30]
  • Zaman: Feyz Kaşani “Təqvimul-muhsinin” kitabında Quranla istixarə üçün həftənin hər günündə bəzi saatlar qeyd edib. Lakin qeyd olunan saatların möminlər arasında məşhur olduğunu və hədislərdə rast gəlinmədiyini bildirib.[31] “Cəvahir”in müəllifinin dediyinə görə, istixarə namazının xüsusi vaxtı yoxdur.[32] Əlbəttə, Quranla istixarə haqqında namaz zamanı edilməsi nəql olunub.[33]
  • İstixarəyə əməl etmək: İstixarəyə əməl etmək şəriətə görə vacib deyil, lakin ona əməl etmək daha yaxşıdır.[34]
  • İstixarədən əvvəl xüsusi dualar oxumaq,[35] Quranın bəzi surələrini oxumaq[36] və salavat göndərmək tövsiyə olunub.[37]

Məşhur istixarələr

Məşhur istixarələrdən bəziləri bunlardır:

  • Məhəmməd Əli Şah Qacarın istixarələri: O, bir sıra işlərdə, o cümlədən, hicri-şəmsi 1287-ci ildə Milli Şura Məclisinin top atəşinə tutulması və bəzi insanların sürgün edilməsi üçün istixarədən istifadə etmişdir.[38]
  • Nasirəddin şahın İranın Herat üzərində hakimiyyətini qəbul etmək üçün istixarəsi: Hicri-şəmsi 1296-cı ildə İngiltərə hökuməti Heratın hakimiyyətini naməlum müddətə İrana qaytarmaq qərarına gəldi.[39] Nasirəddin şah çoxlu məsləhətləşmələrdən sonra istixarəyə müraciət etdi.[40]
  • Əbdül-Kərim Hairi Yəzdinin Qumda qalmaq üçün istixarə etməsi: Qum Elmi Hövzəsinin təsisçisi Ayətullah Hairi hicri-qəməri 1340-cı ildə Quma getdi. Bu səfər zamanı bəzi Qum alimləri və əhalisi ondan orada məskunlaşmasını xahiş etdilər. O, əvvəlcə tərəddüd etdi, lakin alimlərin təkidindən sonra istixarə etdi və Qumda məskunlaşdı.[41]
  • Nəcəf ağsaqqallarının Molla Qurbanəli Zəncani üçün istixarə etməsi: O, Zəncan sakini idi və məşrutə ilə razılaşmırdı. Məşrutəçilər onu Tehranda müşahidə altında saxlamaq istədilər, lakin məşrutə tərəfdarı olan Nəcəf ağsaqqalları istixarə etdilər və onun əsasında onu İraqa göndərməyi xahiş etdilər.[42]
  • Mühəndis Mehdi Bazərqanın Britaniya neft şirkətinin ixtiyarından alınan və milliləşən İran neft sənayesinin və yeni yaranmış Neft şirkətinin idarə heyətinə rəhbərlik etmək yönündə doktor Müssədiqin təklifini qəbul etmək üçün istixarə etməsi.[43]

“Kəndokavi dər bareyi-istixare və təfəuul” (İstixarə və təfəuul haqqında araşdırma) kitabında Şeyx Ənsari, Feyz Kaşani, Şəhid Sani və Seyid ibn Tavus kimi şiə alimlərinin istixarələri qeyd edilmişdir.[44]

İstixarəyə uyğun əməl etmək haqqında şəriət hökmü

Fəqihlərin nəzərinə görə, istixarənin nəticəsinə əməl etmək vacib deyil. Ona qarşı çıxmaq da şəriətdə haram deyil. Baxmayaraq ki, onun əksinə əməl etməmək daha yaxşıdır.[45] Ayətullah Şübeyri Zəncaninin fikrincə, istixarənin əksinə əməl etməkdə ziyan ehtimalı olduğu üçün ehtiyat ona qarşı çıxmamaqdır.[46]

Biblioqrafiya

İstixarə haqqında ayrıca kitablar yazılıb. Onlardan Əyyaşinin “İstixarə” və Zübeyri Şafeinin “əl-İstixarə vəl-istişarə” əsərlərini bu sahədə qələmə alınan ilk əsərlər hesab etmək olar. İstixarə haqqında bəzi başqa kitablar bunlardır:

  • Seyid ibn Tavusun (vəfatı: h. q. 664) “Fəthül-əbvab bəynə zəvil-əlbab və bəynə rəbbil-ərbab fil-istixarat” əsəri. Ərəb dilində yazılan bu kitab istixarənin şəriətə uyğunluğunu və müxtəlif üsullarını öyrənir.
  • Əbülfəzl Təriqedarın qələmə aldığı “Kəndokavi dər bareyi-istixarə və təfəuul” kitabı. Bu kitabda istixarə üsulları mütləq istixarə, qəlb istixarəsi, məşvərət istixarəsi, Quranla istixarə, kağızla istixarə və təsbehlə istixarəyə bölünür.[47]
  • Seyid Abdullah Şübbərin “İrşadul-müstəbsir fil-istixarat” əsəri;
  • Şeyx Bəhainin “İstixare ba Qoran” əsəri;
  • Seyid Əbdül-Hüseyn Larinin “İstixarename” əsəri;
  • Feyz Kaşaninin “əl-İsarətu ən məanil-istixarə”;
  • Məhəmməd Hüseyn Mərəşi Şəhristaninin “əl-İstixarat” əsəri;
  • Əhməd ibn Əbdüs-Salam əl-Bəhraninin “əl-İstixarat” əsəri;
  • Mirzə Əbül-Məali Kəlbasi İsfəhaninin “əl-İstixarə minəl-Quranil-məcid vəl-furqanil-həmid” əsəri;
  • Lütfüllah Safi Gülpayqaninin “Cəvazul-istisqam vəl-istixarə” əsəri;
  • Məhəmməd Baqir Məclisinin “Məfatihul-ğeyb dər adabi-istixare” əsəri;
  • Kəfəminin “Məfatihul-ğeyb fil-istixarə vəl-istişarə” əsəri.

İstinadlar

  1. Dəhxoda, Lüğətnamə, İxtixarə sözünün şərhində
  2. Müəssiseye dairətul-maərif fiqhe İslami, Fərhənge fiqhe farsi, h.ş 1382, c.1, s.430
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.12, s.162
  4. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.314
  5. İbn Tavus, Fəthul-əbvab, h.q 1409, s.277-279
  6. İbn Tavus, Fəthul-əbvab, h.q 1409, s.156
  7. İbn Tavus, Fəthul-əbvab, h.q 1409, s.277-156
  8. İbn Tavus, Fəthul-əbvab, h.q 1409, s.278-279
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.473
  10. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.313-314
  11. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.4, s.266-267
  12. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.4, s.269-270
  13. Qumi, Məfatihul-cinan, Adabe istixare; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.12, s.172
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.12, s.173
  15. Şəhid Əvvəl, Əz-Zikruş-şiə, h.q 1419, c.4, s.269
  16. Şəhid Əvvəl, Əz-Zikruş-şiə, h.q 1419, c.4, s.269-270
  17. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.12, s.163
  18. Şübeyri Zəncani, Cəreyi əz dərya, c.1, s.501
  19. Qumi, Məfatihul-cinan, h.ş 1376, s.842-dən 851-ə qədər, kitabın haşiyəsi
  20. İbn Həbib, Əl-Muhəbbər, s.196
  21. Cəssas, Əhkamul-Quran, h.q 1405, c.3, s.306
  22. Abbasi Müqəddəm, Bərresiye məbani və mahiyyəte istixare, s.32
  23. Qolpayqani, Buhusun həvləl-İstisqam, s.1-8
  24. Qolpayqani, Buhusun həvləl-İstisqam, s.7-9
  25. Duanevisi və ixtixare, Dəftəre hifz və nəşre Ayətullahul-üzma Xamenei
  26. Məclisi, Biharul-ənvar, h.q 1403, c.88, s.285
  27. Məclisi, Biharul-ənvar, h.q 1403, c.88, s.285
  28. Duanevisi və ixtixare, Dəftəre hifz və nəşre Ayətullahul-üzma Xamenei
  29. Şəhid Əvvəl, Əz-Zikruş-şiə, h.q 1419, c.4, s.267
  30. Şəhid Əvvəl, Əz-Zikruş-şiə, h.q 1419, c.4, s.267
  31. Feyz Kaşani, Təqvimul-muhsinin, h.q 1315, s.58-59
  32. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.12, s.155
  33. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.310
  34. Duanevisi və ixtixare, Dəftəre hifz və nəşre Ayətullahul-üzma Xamenei
  35. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.473
  36. Şəhid Əvvəl, Əz-Zikruş-şiə, h.q 1419, c.4, s.269-270
  37. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.472
  38. Təvəkkoli, Vərəqi əz tarixe Məşrute, Çənd istixare əz Məhəmməd Əli Şah ba Cəvabhaye anha, s.57
  39. Teymuri, Nasirəddin Şah və istixare bəraye qəbule hakimiyyəte İran bər Herat, s.265
  40. Teymuri, Nasirəddin Şah və istixare bəraye qəbule hakimiyyəte İran bər Herat, s.252-253
  41. Təriqedar, Kəndokavi dərbareye istixare və təfəuul, h.ş 1377, s.38
  42. Şübeyri Zəncani, Cəreyi əz dərya, c.3, s.352-353
  43. https://www.aparat.com/v/, fars dilində çəkilən film
  44. Təriqedar, Kəndokavi dərbareye istixare və təfəuul, h.ş 1377, s.25-dən 77-yə qədər
  45. https://makarem.ir/main, İstixarənin nəticəsinə əməl etməyin vacib olmaması
  46. Şübeyri Zəncani, Cəreyi əz dərya, c.1, s.505
  47. Təriqedar, Kəndokavi dərbareye istixare və təfəuul, h.ş 1377, s.101-113

Ədəbiyyat

  • Duanevisi və ixtixare, وبگاه دفتر حفظ و نشر آیت‌الله العظمی خامنه‌ای
  • İbn Həbib, Məhəmməd ibn Həbib, Əl-Muhəbbər, Beyrut, Darul-afaqil-cədidə
  • İbn Tavus, Əli ibn Musa, Fəthul-əbvab, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1409
  • İbn İdris Hilli, Məhəmməd ibn Mənsur, Əs-Sərair, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
  • Təvəkkoli, Əhməd, Vərəqi əz tarixe Məşrute, Çənd istixare əz Məhəmməd Əli Şah ba Cəvabhaye anha, h.ş 1328
  • Teymuri, İbrahim, Nasirəddin Şah və istixare bəraye qəbule hakimiyyəte İran bər Herat, h.ş 1393
  • Cəssas, Əhməd ibn Əli, Əhkamul-Quran, Beyrut, h.q 1405
  • Şübeyri Zəncani, Seyyid Musa, Cəreyi əz dərya, Qum, Ketabfuruşi müəssisəsi, h.ş 1389
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əz-Zikruş-şiə, Qum, Alul-beyt müəssisəsi, h.q 1419
  • Təriqedar, Əbül-fəzl, Kəndokavi dərbareye istixare və təfəuul, Qum, h.ş 1377
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Düzəliş: Həsən Musəvi Xorasan, Tehran, h.q 1407
  • Abbasi Müqəddəm, Mustafa, Bərresiye məbani və mahiyyəte istixare, h.ş 1387
  • Feyz Kaşani, Təqvimul-muhsinin, h.q 1315
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, Sədiq, 1-ci çap, h.ş 1376
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Abbas Quçani və Əli Axundi, Beyrut, h.ş 1362

Xarici keçidlər