Giriş icazəsi
Giriş icazəsi
Giriş icazəsi və ya daxil olma icazəsi, bir yerə girmək üçün icazə istəmək mənasını verir. Bu, həm sosial görüşlərdə icra edilən qaydalardan, həm də xüsusilə məsumların ziyarəti zamanı riayət edilən qaydalardandır.
Sosial görüşlərdəki qaydalar
Giriş icazəsi, başqa birinin mülkünə daxil olmaq üçün icazə istəmək mənasında olub, sosial görüşlərdə icra edilən qaydalara daxildir. "Nur" surəsində icazəsiz şəkildə başqasının evinə daxil olmaq qadağan edilmişdir.[1] Həmçinin Quranda Peyğəmbərin (s) evinə icazəsiz daxil olmaq qadağan edilmişdir.[2] Bildirilir ki, Cəbrayıl (ə), Peyğəmbərin (s) hüzuruna gəlmək istədikdə, evinin qapısında dayanır və ondan giriş icazəsi istəyirdi. Bəzi mənbələrə görə, Mədinə şəhərində yerləşən Cəbrayıl qapısı (Babu Cəbrail), məhz Cəbrayılın (ə) Peyğəmbərdən (s) icazə istəmək üçün dayandığı yerdir.[3]
Ziyarət ədəb və qaydaları
Şiələr, giriş icazəsini (izn duxul) ziyarətin ədəb və qaydalarından biri hesab edirlər. Onlar müqəddəs şəxslərin, xüsusilə də məsumların hərəminə daxil olarkən xüsusi bir dua oxuyurlar ki, bu dua "İzn duxul" (giriş icazəsi) adlanır. Bu dualara əsasən, məsumlar ziyarətçiləri görür və onların əməllərini müşahidə edirlər.[4] Dua və ziyarət kitablarında məsumların ziyarəti üçün müəyyən ədəb və qaydalar qeyd edilmişdir ki, bunlardan biri də giriş icazəsidir. Şeyx Abbas Qummi, Kəfəmidən[5] və Məclisidən[6] nəql edərək "Məfatihul-cinan" kitabında bu duaları qeyd etmişdir.[7]
Giriş izninin mətni
"İzn duxul" adı ilə məşhur olan dualarda ziyarətçi Allahdan, Peyğəmbərdən (s), imamlardan, yaxın mələklərdən və müqəddəs məkanın sahibindən giriş icazəsi istəyir. Bu mətnlər adətən ziyarətgahların girişində yazılır və həkk olunur ki, ziyarətçilər onları oxuduqdan sonra "buqə"yə (müqəddəs məkanlara) daxil olurlar.