Quran tilavəti

wikishia saytından

Quranın tilavəti, (ərəbcə: تلاوة القرآن) ya qiraəti Qurani-Kərimin ayələrini Müshəfin üzündən oxumağa deyilir ki, Allah-taala müqəddəs kitabımızda bu barədə peyğəmbərinə (s)müsəlmanlara tövsiyə etmiş, həmçinin hədislərimizdə məsumlar (ə) tərəfindən tilavət və qiraət üçün çoxlu savablar qeyd edilmişdir.

Quran oxumağın xüsusi ədəb qaydaları və hökmləri var. Fəqihlərin fətvalarına əsasən, "əzaim" surələri və ya bu surələrdə vacib səcdəsi olan ayələri heyizli və cənabətli şəxsə oxumaq haramdır. Vacib səcdəsi olan dörd ayəni oxuyarkən səcdə etmək vacibdir.

Qurani-Kərimin "ğina" avazı ilə oxunması barədə fəqihlərin müxtəlif görüşləri var. Bəzi fəqihlər Quranı oxuyarkən "ğina" (təğənni) etməyi haram bilirlər və bəziləri isə bunu "ğina"nın haram olması hökmündən istisna ediblər.

Qurani-Kərimi tilavət və qiraət edərkən dəstəmazlı olmaq, üzü qibləyə əyləşmək, ətirli olmaq və oxuyarkən ayələrin üzərində fikirləşmək müstəhəb hesab olunur. Həmçinin bəzi xüsusi zaman və məkanlarda, məsələn Ramazan ayındaMəkkədə tilavət etmək kimi, Quran tilavəti daha çox tövsiyə edilib. Quran tilavət etməyin insanın cismində və ruhundan xüsusi təsirləri var: ürəyə aramlıq və yəqinlik gətirir, insana agahlıq və bəsirət bəxş edir, insanı təklik qorxusundan xilas edir, imanı artırır, Allaha yaxınlaşdırır və sair.

Qurani-Kərimin üzünə oxunuşunun "təhqiq", "tərtil, "tədvir" və "təhdir" kimi növləri və şivələri var.

Tilavət məfhumu və onun dindəki yeri

Tilavət Qurani-Kərimi Müshəfin üzündən oxumağa deyilir.[1] Məhəmməd Fuad Əbdülbaqi deyir ki, "tilavət" sözündən Qurani-Kərimdə təkcə bir yerdə və bir dəfə istifadə edilib – (Bəqərə, 121). Bu sözündən kökündən (tilv və ya təlv = التلو) alınma sözlər isə Quranda əlli dəfədən çox işlədilib.[2] Quran ayələri və məsumların (ə) hədislərində Quran oxumağın çoxlu təsirləri və savablarından danışılıb. O cümlədən ürəyə aramlıq və yəqinlik gətirir, insana agahlıq və bəsirət bəxş edir, insanı təklik qorxusundan xilas edir, imanı artırır, Allaha yaxınlaşdırır, hafizəni gücləndirir və sair.[3] Hədislərin birində qeyd edilir ki, Quranı üzündən oxumaq insanın valideyninin günahlarının yüngülləşməsinə səbəb olar, onlar kafir olsalar da.[4]

Bir sıra müsəlman ölkələrində rəsmi iclaslar və televiziya proqramları Quran qarisinin tilavəti ilə başlayır. Məscidlərin minarələrindən Azan öncəsi səsucaldıcılarla Quran tilavəti yayılır. Bəzi məhəllələrdə evlərdə həftəlik Quran tilavəti məclisləri qurulur.[5] İran İslam Cümhuriyyətinin Darul-Quran Təşkilatının hicri-şəmsi ili ilə 1399-cu il üçün verdiyi hesabata görə, həmin ildə İranda evlərdə on min civarında Quranla həftəlik üns məclisləri keçirilib.[6] İran İslam Cümhuriyyətinin Elm və Təhsil Nazirliyi orta təhsil məktəblərinin tədris proqramında və dərs kitablarında Qurani-Kərimin öyrədilməsinə yer ayırmış[7] və bundan əlavə ölkənin müxtəlif bölgələrində rəsmi Qurani-Kərimin təlim mərkəzləri yaradılmışdır.[8]

Tilavət və qiraətin fərqi

Qurani-Kərimin özündə bu müqəddəs kitabı oxumaq həm "tilavət" və həm də "qiraət" kimi ifadə olunub. Bəzi dilçi alimlər tilavət və qiraət sözlərini mütəradif (sinonim) və eyni mənaya dəlalət edən iki söz hesab ediblər.[9] Bəziləri isə bu fikirdədirlər ki, tilavət mənaca qiraətdən daha xüsusi bir mənaya malikdir.[10] Belə ki, tilavət hər halda qiraət mənasını da verir, amma hər qiraət zəruri olaraq həmişə tilavət hesab edilmir. Təkcə o qiraətə tilavət deyilir ki, mənasını düşünmək, öyrənmək və ona əməl etməklə birgə olsun.[11] Buna görə də bəzi alimlər belə hesab edirlər ki, əgər insan Qurani-Kərimin müəyyən bir hissəsini - söz, kəlimə və ayəsini, sırf özü üçün oxuyarsa, buna "qiraət" deyilir. Əgər qari Qurani-Kərimi camaatın dinləməsi üçün oxuyarsa, bundan əlavə dinləyiciləri Quran ayələrində tədəbbür və təfəkkürə vadar edərsə və qiraətçinin hədəfi Quranın təbliği və dini maarifin yayılması olarsa, buna "tilavət" deyilir.[12] Belə olmayan hallarda "qiraət" sözü əlavə qeydlə istifadə ediləcəkdir. Bu məna üçün Qurani-Kərimin İsra surəsinin 106-cı ayəsinə istinad edilib.

وَ قُرْآناً فَرَقْناهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلى‏ مُكْثٍ وَ نَزَّلْناهُ تَنْزيلاً

"Biz əzəmətli Quranı sənə hissə-hissə nazil etdik ki, onun ayələri üzərində düşünmək üçün fürsət verən bir aramlıqla və yavaş-yavas insanlara oxuyasan və buna görə, onu sənə tədriclə nazil etdik."[13]

Məşhur dilçi alim Rağib İsfahani deyir ki, qiraət sözünün mənası daha geniş və ümumidir. Hər bir kitabı oxumağa qiraət deyilir. Tilavət ifadəsi isə təkcə səmavi və müqəddəs kitabları oxumaq üçün istifadə edilir.[14] Digər bir dilçi alim İbn Mənzur isə bir sıra dil alimlərinin fikirlərinə istinadən deyib ki, tilavət sözünün də mənası ümumidir və bütün kitablara oxumağa tilavət deyilə bilər.[15]

"Həqqi-Tilavət" nədir?

Qurani-Kərimin Bəqərə surəsinin 121-ci ayəsində Allah-Taala Quran tilavəti üçün müxtəlif dərəcələr olduğunu önə çəkib ki, bunun ən yüksək dərəcəsi "həqqi-tilavət"dir.[16]

الَّذينَ آتَيْناهُمُ الْكِتابَ يَتْلُونَهُ حَقَّ تِلاوَتِهِ أُولئِكَ يُؤْمِنُونَ بِهِ وَ مَنْ يَكْفُرْ بِهِ فَأُولئِكَ هُمُ الْخاسِرُونَ

"Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir."

Bu ayədə keçən "həqqə tilavətihi" (tilavətin haqqını layiqincə vermək) ifadəsinin təfsiri barədə müxtəlif sözlər var.[17] Bir sıra alimlərin fikrincə tilavətin haqqı o zaman verilir ki, tilavət xüzu və xüşu ilə birlikdə olsun və ayələrin mənasında batil təfsirə, təhrif və dəyişikliyə yol verilməsin.[18] Bəzi alimlərin fikrincə isə tilavətin haqqı budur ki, insan Quran ayələri oxuyarkən onların mənasına uyğun olan mənəvi halda olsun. Məsələn, cəhənnəmə aid ayələri oxuyarkən, qorxsun və cəhənnəm əzabının şərrindən Allaha sığınsın, cənnət ayələrini oxuyarkən Allahın rəhmətinə ümidi çoxalsın və Allahdan cənnətə getməyi istəsin. Digər bir qrup alim isə bu fikirdədirlər ki, Quranın tilavət haqqı ayələri "tərtil"lə oxumaqdır. Yəni Quranın sözlərini düzgün tələffüz etmək, ayə və sözlərin mənasını başa düşmək və ona əməl etməkdir.[19] "Tərtil" tilavəti Qurani-Kərimi xüsusi bir qayda üzərində oxumağa deyilir. Bu oxu növü sürət baxımından astadır, tilavət zamanı sözlərin mənasını düşünmək olur, təcvid, vəqf və ibdita qaydalarına riayət edilir. Buna görə də Qurani-Kərimin tilavət və qiraətini tərtil qaydaları əsasında icra edərkən "həqiqi tilavət" (tilavətin haqqı) reallaşır.[20]

Quranı tilavət etməyin savabı

Həzrət Muhəmməd (s):

Evlərinizi Quranın tilavəti ilə işıqlandırın. Evlərinizi Quran oxumaq səbəbi ilə qəbiristanlığa çevirməyin, necə ki, xristianlar və yəhudilər belə etdilər: kilsə və kənislərdə ibadət etdilər, amma evlərində ibadət məsələləri tətildir. Hansı evdə Quran çox tilavət edilərsə, ruzi və bərəkəti çox olar, o evin əhli sıxıntıda olmazlar. Quran tilavət edilən ev səma əhlinə parlaq görünər, necə ki, göyün ulduzları yer əhlinə görünürlər. [21]

Quran və Həzrət Rəsulullah (s) başda olmaqla öz müxatəblərini Quranı tilavət etməyə dəvət etmişdir.[22] İmam Sadiq (ə) Quranı tilavət etməyin fəziləti barədə buyurub: Hər kəs hətta baxışı ilə Quranı tilavət edərsə, Allah-Taala oxuduğu hər hərfə görə onun əməl dəftərinə bir yaxşılıq yazar və ordan bir günahı pozar, mənəvi dərəcəsini yüksəldər. Allah-Taala namazqılanın namazda oxuduğu hər Quran ayəsinin bir hərfinə görə ona yüz yaxşılıq yazar, yüz pis əməlini pozar və məqamını yüz dərəcə yüksəldər.[23] Bir sıra hədislərdə Qurani-Kərimi xətm edən üçün qəbul edilmiş bir dua olduğu deyilib,[24] bəzi Quran ayələri və surələri üçün xüsusi fəzilətlər, şəfaverici təsirlər və xüsusiyyətlər qeyd edilib.[25] Və həmçinin məsumlara nisbət verilən bəzi hədislərdə deyilir ki, Quran oxunan evin bərəkəti çoxalar, o evi mələklər ziyarət edər, şeytanlar o evdən uzaqlaşar.[26] Məşhur şiə hədisçisi Siqətul-İslam Şeyx Kuleyni dəyərli "əl-Kafi" əsərində Qurani-Kərimi tilavət etməyin fəziləti barədə xüsusi fəsl açmış və bu mövzuda nəql edilən hədisləri toplamışdır.[27]

Xüsusi zaman və məkanlarda Quran tilavəti

Həzrət İmam Hüseynin - ə - müqəddəs hərəmində Quran tilavəti, mübarək Ramazan ayı, hicri-qəməri tarixi ilə 1443-cü il.[28]

Məsumların (ə) rəvayətlərində xüsusi zaman və məkanlarda Quran tilavət etməyin daha çox savabı olduğu qeyd edilib. Bu hədislərdə bəzən hətta hansı xüsusi məkanda, hansı gün və geəcədə və hansı saatda hansı surə və ayənin oxunmasının daha əfzəl olduğu da deyilib. Məsələn, İmam Səccaddan (ə) nəql olunan rəvayətdə günün başlanğıcında Quran tilavəti tövsiyə olunub.[29] Həmçinin bir sıra hədislərdə deyilir ki, mübarək Ramazan ayında Quran tilavət etməyin çox fəziləti var və bu ayda oxunan bir ayə fəzilət və savab baxımından digər aylarda kamil xətm edilən Qurana bərabərdir.[30] Başqa bir hədisdə İmam Sadiqdən (ə) nəql olunur ki, "hər kəs Məkkə şəhərində kamil bir Quran xətm edərsə, Peyğəmbəri (s) və öz cənnətdəkini yerini görməmiş ölməz".[31]

Quran tilavətinin fiqhi hökmü

Gündəlik Quran tilavəti vacibdirmi?

Namazda və digər hallarda Quran tilavət edilməsi barədə müxtəlif nəzərlər irəli sürülmüşdür:

  1. Müsəlman alimlərdən bir qrupu Müzzəmmil surəsinin 20-ci ayəsinə istinadən – (bacardığınız qədər Quran oxuyun) – hər gün az da olsa Quran tilavət edilməsinin vacib olduğunu deyiblər,[32] amma nə qədər oxumaqla bu vacib əmri yerinə yetirmiş sayılırıq barədə ixtilaf ediblər.[33]
  2. Bəziləri vacib namazlarda oxuduğumuzdan əlavə hər gün ən azı əlli ayənin tilavət edilməsini vacib sayırlar.[34] Fazil Miqdad yazır ki, Quranın hər gün tilavət edilməsi məsələsi kifayi-vaciblər qismindəndir.[35]
  3. Bəzi alimlər isə Quran tilavətini təkcə namazlarda vacib hesab edirlər.[36] Ayətullah Xoi,[37] Fazil Miqdad[38]Əllamə Hilli[39] kimi fəqihlər bir sıra ayə və hədislərə istinadən Quran tilavətinin təkcə namazlarda vacib olduğunu deyiblər.
  4. Məşhur şiə fəqihi Ayətullah Məhəmməd Həsən Nəcəfi "Cəvahirul-Kəlam" kitabında qeyd edib ki, namazda Quran tilavət edilməsi sünnə və hədislərdən istinbat edilir, ayədən deyil.[40]
  5. Gündəlik Quran tilavətinin miqdarını bəyan edən hədis və rəvayətləri Şeyx Kuleyni (r.ə) dəyərli "əl-Kafi" kitabının "Babun fi kəm yuqrəul Quran və yuxtəm" adlı fəslində toplamışdır.[41]

Tilavət səcdəsinin vacib olması

Əsas məqalə: Əzaim

Şiə fəqihlərinin fətvasına əsasən, Qurani-Kərimin bəzi surələrində müəyyən ayələr var ki, həmin ayələr tilavət edildiyi zaman səcdə etmək vacibdir. Bu ayələr Səcdə surəsinin 15-ci, Füssilət surəsinin 37-ci, Nəcm surəsinin 62-ciƏləq surəsinin 10-cu ayələridir.[42]

Ayətullah Məhəmməd Həsən Nəcəfi "Cəvahirul-Kəlam" kitabında qeyd edib ki, vacib səcdələrdən əlavə Quranın digər on bir ayəsində müstəhəb səcdə var.[43]

"Əzaim" surələrini boynunda cənabət qüslü olan şəxs (cunub) və "haiz" qadının oxuması

"Əzaim" surələrini (vacib səcdəsi olan surələri) boynunda cənabət qüslü olan şəxs (cunub)[44] və "haiz" qadın[45] - (aylıq qangörmə periodunda olan) - oxuya bilməz, haramdır.

Təkcə vacib səcdəsi olan ayəni oxumaq haramdır və ya bütün surənin oxumaq olmaz?

Bu məsələ fəqihlər arasında ixtilaflıdır.[46] Məşhur şiə fəqihi Əllamə Hillinin (648-726 hq) fətvasına əsasən, "əzaim" surələrindən hətta bir ayəni də oxumaq haramdır.[47]

Quranın hörmətini saxlamağın vacibliyi

Müsəlman fəqihləri Quranın hörmət və ehtiramını saxlamağı vacib və bu müqəddəs kitabqa qarşı hörmətsizliyi və onu təhqir etməyi haram hesab edirlər. Buna görə də Quranı onun şəninə və məqamına layiq olmayan tərzdə və musiqi ilə oxumaq hörmətsizlik sayılır və haramdır.[48] Həmçinin hamam, tualet və bu kimi ürfdə ikrah yaradan məkanlarda Quran tilavət etmək dini mətnlərdə qadağan edilib.[49]

Ğina ilə Quran oxumaq

Şiə fəqihləri Quranın "ğina" ya "ğəna" ilə - (ki, musiqi və mahnının avazını boğaza salaraq cəhcəhlə oxumağa deyilir) - oxunması barədə müxtəlif görüşlər irəli sürüblər.[50] Onların çoxu "ğina"nı batil məzmunlu (ləhv) musiqi və mahnı kimi tərif edərək mütləq şəkildə haram hesab edirlər və buna görə də Quranı bu tərz avazla oxumağa icazə vermirlər. Bu fiqhi görüş İbn İdris, Fəxrul-Muhəqqiqin, Əhməd Ərdəbili, Seyid Cavad Amuli, Molla Əhməd Nəraqi və Şeyx Ənsari kimi məşhur alim və fəqihlərə nisbət verilib.[51] Şeyx Kuleyni, Şeyx Tusi, Seyyid Əbdüləla Səbzəvari, Molla Əhməd Nəqari - (Mustənəduş-şiə kitabında) – və Məhəmməd Hadi Tehrani kimi fəqihlər isə Qurani-Kərimin "ğina" ilə tilavət edilməsini icazəli hesab ediblər. Bu alimlər "ğina" mütləq şəkildə haram hesab etmirlər. Onların fikrincə "ğina" avazı başqa bir haramla qarışmayıbsa, özlüyündə haram deyil.[52] "Ğina" ilə Quran tilavət etməyi icazəli bilənlərin dəlillərindən biri bu rəvayətdir ki, buyurur:

مَن لَم یَتَغَنَّ بالقُرآن فلیسَ مِنّا

"Quranın tilavətində təğənni etməyən bizdən deyil"[53] Ğinanın müxalifləri isə hədisdə keçən "təğənnə" sözünü "yəstəğni" (özünü ehtiyaclı bilmək) kimi məna ediblər: "Hər kəs özünü Qurandan ehtiyacsız bilərsə, bizdən deyil".[54]

Quran tilavət etməyin ədəbi

Ayəhədislərə əsasən Quran tilavət etməyin xüsusi ədəb qaydaları var. O cümlədən: dəstəmaz almaq, üzü qibləyə əyləşmək, ayələrdə təfəkkür etmək və düşünmək,[55] Quran oxunarkən diqqətlə qulaq asmaq, susmaq və sakit dayanmaq,[56] tilavətə başlayarkən şeytandan Allaha sığınmaq üçün "əuzu billah" demək,[57] tilavətə başlayarkən və bəzi ayələri tilavət edərkən xüsusi zikrləri oxumaq, Quranın başlanqıc və xətm duasını oxumaq və sair.[58] Həmçinin Quranı ixlas, xalis niyyət, riyadan uzaq, təvazökarlıq, xüşu,[59] tilavət zamanı ümid və qorxu arasında olmaq və Quranın ayələrinin mənasını başa düşərək onlara əməl etmək niyyəti ilə oxumaq[60] tilavətin hədislərdə qeyd eidlən ədəblərindəndir.[61]

Həzrət Rəsulullahın (s) tövsiyələrində qeyd edilir ki, Quranı (günahlarımızın çoxluğunu və cəhənnəm əzabını düşünərək) hüzn və kədər ilə oxumaq lazımdır ki, insanın ruhunda və ürəyində daha çox təsirə malik olsun.[62] Həmçinin hədislərdə tövsiyə olunub ki, Quranın tilavətində istifadə edilən "ləhn" (musiqi, avaz, melodiya) Ərəb dilinə aid ləhnlərdən olsun, qeyri-ərəb ləhnləri ilə Quran tilavət edilməsin.[63]

Peyğəmbərin (s) qiraət metodu

Həzrət İmam Məhəmməd Baqirdən (ə) belə rəvatət edilib ki, Quran tilavət etmək üçün Peyğəmbərin (s) səsindən gözəl səs olmayıb.[64] O Həzrət (s) Quranı insanların təsəvvür edə biləcəyi və bəşər övladı üçün mümkün olan ən gözəl səslə tilavət edib. Ümmü Sələmədən rəvayət edilən bir hədisdə deyilir ki, Peyğəmbər (s) Quranı çox sakit, aram, səlis, aydın, ayə-ayə, söz-söz və hərf-hərf tilavət edib. O qədər sakit, aram və tələsmədən tilavət edib ki, hətta istəyən ayələrdəki hərfləri belə saya bilərdi.[65] İmam Əli (ə) həzrət Peyğəmbərin (s) tilavət şivəsinin "tərci"siz (avazı boğazda təkrarlamaq), hərifləri çəkərək və tərtillə olduğunu deyib.[66]

Quranı üzündən oxumaq yaxşıdır, yoxsa, hifzdən və əzbərdən?

Bir sıra hədislərə görə, Qurani-Kərimi müshəfin üzündən oxumaq onu hifzdən və əzbərdən oxumaqdan daha fəzilətlidir. İmam Sadiqdən (ə) rəvayət olunan hədisdə buna səbəb kimi gözün də Quranın mətnindən faydalanmağı göstərilmişdir.[67] Əhli-sünnənin təfsir alimi Zərkəşi bu mövzuda olan hədisləri araşdırdıqdan sonra bu qənaətə gəlib ki, Quranı üzündən oxumağın daha əfzəl olmasının fəlsəfəsi insanın müshəfi üzündən tilavət edərkən ayələrin üzərində daha dəqiq təfəkkür edə bilməsi, mənaları anlaması və hüzur tapmasıdır. Buna görə də bir kəs əzbərdən oxuyarkən daha çox düşünə bilirsə və daha çox hüzur tapırsa, hifzdən oxumaq daha fəzilətlidir, əks halda, üzündən oxuması daha yaxşıdır.[68]

Quranın tilavət qaydası

Quran elmləri mütəxəssiləri öz kitablarında Qurani-Kərimi tilavət etmək üçün müxtəlif metod, forma və qaydalar irəli sürüblər. Bu metodlar daha çox qarinin tilavət zamanı hüzurlu, səbirli, sakit, aram olmasını və asta və tələsmədən oxumağını təşkil edir:

  1. Təhdir: Quranın sürətli və təcvid qaydlarını ixtisara salaraq tilavət edilməsinə deyilir. Bu tilavət metodunda tərtil qaydasından xaric olmamaq şərti ilə mədlər qəsr (qısa) oxunur, hərəkətli hərflər sakin deyilir.[69] Qiraətçi Quranı qısa zamanda xətm etmək istədikdə bu qiraət metodundan istifadə edir.[70]
  2. Tədvir: Quran ayələri təmkinlə, səbrlə, mənalarını düşünərək oxunulur. Bütün qiraət və təcvid qaydalarına riayət olunur.[71] Sürət baxımından "təhdir" və "təhqiq" qiraəti arasında qərar tutur. Qiraətdə "Münfəsil mədd"in olduğunu düşünənlər onu bu tilavət növündə "tul" həddinə - (ikidən beşə qədər səs miqdarı) – çatdırmamaq şərti ilə uzada bilirlər. Bu qiraət növü cəmiyyət arasında "tərtil" adlanır.[72] "Təcvid elmində araşdırma" kitabının müəllifi Əllami deyir ki, bu tilavət növü qədimdən bir çox qiraət ustadların seçimi olub.[73]
  3. Təhqiq: Qiraətin bu növündə bütün təcvid qaydaları kamil şəkildə yerinə yetirilir, hər bir hərf diqqətlə öz məxrəcindən kamil formada əda olunur, mədlər və həmzələr və səslər dəqiq tələffüz edilir və sair. Bu tilavət sürət baxımından ən yavaş qiraətdir və "məclisi tilavət" adı ilə məşhurdur.[74] Həm də "tənğimi" adı ilə tanınan bu qiraət növündə musiqi muğamları və melodiyalarından dinləyiciyə daha çox təsir qoymaq və ayələrin mənalarını çatdırmaq üçün istifadə edilir.[75]

İstinadlar

  1. Beyhəqi, Tacul-məsadir, Tilavət sözünün mənasında
  2. Əbdül-Baqi, Mucəmul-mufəhrəs
  3. Radmərd, Məratib və asare üns ba Quran dər ayat və rəvayat, s.35-38
  4. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.613
  5. https://jkqk.ir/about-us/
  6. https://www.irna.ir/news
  7. http://www.chap.sch.ir/books/6022
  8. https://quran.abdulazim.com
  9. Nümunə üçün baxın: Müzzəmmil surəsi, ayə 20; Ənkəbut surəsi, ayə 45; Əraf surəsi, ayə 204
  10. İbn Mənzur, Lisanul-ərəb, Tilavət və təla yətlu sözünün mənasında
  11. Rağib İsfahani, Müfrədat, Tilavət sözünün mənasında
  12. Kuhi Gərmi və Behzad, Vucuhe iştirak və iftiraqe qiraət..., s.78 və 79
  13. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.20, s.574
  14. Kuhi Gərmi və Behzad, Vucuhe iştirak və iftiraqe qiraət..., s.79
  15. İbn Mənzur, Lisanul-ərəb,Təla yətlu sözünün mənasında
  16. Nəhcül-bəlağə, xütbə 110; Səhifeyi-səccadiyyə, dua 47
  17. Baxın: Duləti, Tilavəte Quran, s.78
  18. Kaşani, Təfsiru mənhəcuz-sadiqin, h.ş 1336, c.1, s.271
  19. Kaşani, Təfsiru mənhəcuz-sadiqin, h.ş 1336, c.1, s.271; Duləti, Tilavəte Quran, s.78
  20. Kuhi Gərmi və Behzad, Vucuhe iştirak və iftiraqe qiraət..., s.78-79
  21. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.610
  22. Nümunə üçün baxın: Müzzəmmil surəsi, ayə 3; İsra surəsi, ayə 160; Kəhf surəsi, ayə 27
  23. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.613
  24. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.613
  25. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.620-626
  26. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.613
  27. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.613
  28. https://www.hawzahnews.com
  29. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.1, s.83
  30. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.93
  31. Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.5, s.468
  32. Qutbuddin Ravəndi, Fiqhul-Quran, h.q 1405, c.1, s.106-107-127-130
  33. Vəhidiyan və başqaları, Murad əz qiraəte Quran dər ayeye axəre sureye Muzzəmmil və hökme şəriye an, s.314
  34. Fakir, Fərayənde istinbate vucube qiraəte Quran əz Ayeye fəqrəuu ma təyəssərə minəl-Quran, s.81
  35. Fazil Miqdad, Kənzul-irfan, c.1, s.118
  36. Vəhidiyan və başqaları, Murad əz qiraəte Quran dər ayeye axəre sureye Muzzəmmil və hökme şəriye an, s.316
  37. Xoyi, Musuətul-İmamil-Xoi, h.q 1418, c.4, s.262
  38. Fazil Miqdad, Kənzul-irfan, c.1, s.118
  39. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.3, s.128
  40. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.284 və 285
  41. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.617
  42. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.577
  43. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.10, s.217
  44. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.1, s.510
  45. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.1, s.603
  46. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.1, s.510 və 603; Bəni Haşim, Tozihul-məsail, h.ş 1378, məsələ 355, c.1, s.225-227; məsələ 450, c.1, s.276
  47. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.1, s.333
  48. http://vasael.ir/fa/news
  49. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.358
  50. İsmaili, Bərresiye didqahe əndişməndane İslami dərbareye təğənni dər qiraəte Quran, s.1
  51. İsmaili, Bərresiye didqahe əndişməndane İslami dərbareye təğənni dər qiraəte Quran, s.1
  52. İsmaili, Bərresiye didqahe əndişməndane İslami dərbareye təğənni dər qiraəte Quran, s.16-17
  53. İbn Əsir, Ən-Nəhayə, h.q 1399, c.3, s.391
  54. İsmaili, Bərresiye didqahe əndişməndane İslami dərbareye təğənni dər qiraəte Quran, s.1-3
  55. Səbzivari, Muhəzzəbul-əhkam, c.7, s.128
  56. Əraf surəsi, ayə 24
  57. Nəhl surəsi, ayə 98
  58. Duləti, Tilavəte Quran, s.78
  59. Məclisi, Biharul-ənvar, h.q 1403, c.89, s.184 və 210
  60. Nəhcül-bəlağə, xütbə 110; Məclisi, Biharul-ənvar, h.q 1403, c.89, s.185
  61. Duləti, Tilavəte Quran, s.78
  62. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.614
  63. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.614
  64. Təbatəbai, Sunənun-Nəbi, h.ş 1378, s.311
  65. https://mqmeshkat.com/fa/view_post/91
  66. Səxavi, Cmalul-Qurra və Kəmaulul-İqra, c.2, s.525
  67. Xoi, Əl-Bəyan, Daruz-Zəhra, s.26
  68. Zərkəşi, Əl-Burhan, h.q 1376, c.1, s.461
  69. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.50
  70. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.50
  71. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.51
  72. Musəvi, Hiylətul-Quran səthe 2, h.ş 1382, s.19
  73. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.51
  74. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.50
  75. Sadiqi Məzidi və Fərəhnak Buşehri, Negəreşi bər mahiyyəte təğənni dər tilavəte Quran, s.198

Ədəbiyyat

  • Qurani-Kərim
  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Mərkəzul-buhusil-İslamiyyə, h.ş 1374
  • https://fa.shafaqna.com/news/1154960/, Şafaqna.ir saytı
  • İbn Əsir, Mübarək ibn Məhəmməd, Ən-Nəhayə, Beyrut, Əl-Məktəbətul-elmiyyə, h.q 1399
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikr
  • İsmaili, Seyyid Məhəmməd, Bərresiye didqahe əndişməndane İslami dərbareye təğənni dər qiraəte Quran, h.ş 1397
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, h.ş 1378
  • Beyhəqi, Əhməd ibn Əli, Tacul-məsadir, Tehran, h.ş 1375
  • https://www.hawzahnews.com/news, H.ş 1401
  • https://jkqk.ir/about-us/, h.ş 1402
  • Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-İmamil-Xoi, Qum, h.q 1418
  • http://vasael.ir/fa/news, h.ş 1396
  • Duləti, Kərim, Tilavəte Quran, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1383
  • Deyləmi, Həsən ibn Məhəmməd, İrşadul-qulub, Qum, h.q 1412
  • Radmərd, Məhəmməd, Məratib və asare üns ba Quran dər ayat və rəvayat, h.ş 1399
  • http://www.chap.sch.ir/books/6022, h.ş 1397
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədat, Beyrut, Əd-Daruş-Şamiyə, h.q 1416
  • Zərkəşi, Əbu Əbdillah, Əl-Burhan, Beyrut, h.q 1376
  • Səbzivari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir
  • Səxavi, Elmuddin ibn Məhəmməd, Cmalul-Qurra və Kəmaulul-İqra, Qum
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, h.ş 1362
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kitabil-elmiyyə, h.ş 1365
  • Sadiqi Məzidi və Fərəhnak Buşehri, Negəreşi bər mahiyyəte təğənni dər tilavəte Quran, h.ş 1398
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, h.q 1419
  • Əbdül-Baqi, Məhəmməd Fuad, Mucəmul-mufəhrəs, Beyrut, Darul-fikr, h.q 1417
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, h.q 1414
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, h.q 1413
  • Əllami, Əbul-fəzl, Pejuheşi dər elme təcvid, Qum, Yaqut nəşriyyatı, h.ş 1381
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Tehran
  • Fakir, Fərayənde istinbate vucube qiraəte Quran əz Ayeye fəqrəuu ma təyəssərə minəl-Quran, h.ş 1399
  • Qutbuddin Ravəndi, Fiqhul-Quran, Qum, h.q 1405
  • Kaşani, Molla Fəthullah, Təfsiru mənhəcuz-sadiqin, Tehran, h.ş 1336
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Kuhi Gərmi və Behzad, Vucuhe iştirak və iftiraqe qiraət..., h.ş 1400
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Qum, h.q 1403
  • Musəvi, Möhsin, Hiylətul-Quran səthe 2, Tehran, h.ş 1382
  • Vəhidiyan və başqaları, Murad əz qiraəte Quran dər ayeye axəre sureye Muzzəmmil və hökme şəriye an, h.ş 1400