Taslim:Təcvid
Təcvid (ərəbcə: التجويد) — Quran hərflərinin düzgün və təbii şəkildə tələffüz edilməsidir; yəni hər bir hərf öz yerində və düzgün şəkildə səsləndirilməlidir. Hərçənd “təcvid” termini bu elmə aid ilk mənbələrdə işlədilməmişdir, lakin sonralar İbn Mücahidin “Əs-Səbətu fil-qiraat” və Əli ibn Cəfər Səidinin “Ət-Tənbih” adlı əsərlərində bu ifadə işlədilmişdir.
Elm olaraq təcvid əvvəllər qiraət elmlərinə aid kitabların içərisində pərakəndə şəkildə izah edilirdi, lakin hicri 4-cü əsrdən etibarən müstəqil bir elm kimi tanınmağa başladı. Təcvid elminin əsas mövzularına hərflərin məxrəc və sifətləri (mənşə və xüsusiyyətləri), nun sakin və tənvinin, mim sakin və lam hərfinin hökmləri, məd və qəsr (qiraətdə uzatma və qısaltma), vəqf və ibtida (dayanma və başlama qaydaları), ğunnə və qəlqələ daxildir.
Təcvid haqqında yazılmış ilk müstəqil əsərlər bunlardır: Əbu Muzahim Xaqaninin “Qəsidə”si, Məkki ibn Əbi Talibin “Ər-Riayə li təcvidil-qiraət” və Əbu Əmr Daninin “Ət-Təhdid” əsəri. Fiqh baxımından, namazda təcvid qaydalarına riayət etmək yalnız o zaman vacib sayılır ki, onun pozulması sözün mənasının dəyişməsinə səbəb olsun. Həcc zamanı “Təlbiyə” zikrinin də düzgün tələffüz edilməsi vacib hesab olunur.
Tərif və əhəmiyyəti
Təcvid — Quran hərflərinin düzgün tələffüz edilməsidir; yəni hər bir hərf öz yerində və doğru şəkildə səsləndirilməli, bu isə təbii və ifratsız olmalıdır ki, sözlər düzgün və gözəl oxunsun.[1]
Təcvid elminə dair yazılmış ilk müstəqil əsər olan Əbu Muzahim Xaqaniyə (vəfatı 325 h.q.) məxsus “Qəsideyi Xaqaniyyə”də aparılmış araşdırmalara görə, burada “təcvid” termini işlədilməmişdir. “Təcvid” sözü bu mənada ilk dəfə İbn Mucahidin (vəfatı 324 h.q.) “Əs-Səbətu fil-qiraat” kitabında işlədilmişdir. Ondan sonra isə Əli ibn Cəfər Səidi (təqribən 410 h.q.-də vəfat etmiş) “Ət-Tənbih ələl-ləhnil-cəli vəl-ləhnil-xəfi” əsərində bu termindən istifadə etmişdir.[2]
Təcvid elmi müstəqil elm kimi formalaşmazdan əvvəl, onun mövzuları bəzən qiraət elmlərində, bəzən də lüğət kitablarında yer alırdı. Lakin hicri 4-cü əsrdən etibarən təcvid müstəqil bir elm kimi tanındı.[3] Təcvid elminin əsas mövzularına aşağıdakılar daxildir: Hərflərin çıxış yerləri və sifətləri (məxaric və sifatul-huruf), Nun sakin və tənvinin hökmləri, Mim sakinin hökmləri Lam hərfinin hökmləri Məd və qəsr, Vəqf və ibtida, ğunnə və qəlqələ.[4]
Təcvid elmi haqqında yazılmış əsərlər
Qurani-Kərimin təcvid elmi barədə müstəqil kitablar yazılmadan öncə, bu elm pərakəndə şəkildə Quranın qiraət elmləri kitablarında yer almağa başlamışdır.[5] Təcvid elminə dair yazılmış ilk müstəqil əsərlər bunlardır:
- Əbu Muzahim Xaqaninin (325 h.q.-da vəfat edib) qəsidəsi – Əbdüləziz Əbdülfəttahın sözlərinə görə, bu, Quran təcvüdi barədə yazılmış ilk və ən qədim müstəqil mətn sayılır və hicri 4-cü əsrdə qələmə alınmışdır.[6]
- Elməddin Səxavinin (643 h.q.-də vəfat edib) “Ümdətül-Müfid və üddətül-Məcid fi mərifətit-təcvid” adlı qəsidəsi.[7]
- Əbu Məhəmməd Məkki ibn Əbi Talib əl-Qeysi əl-Qeyravani əl-Qurtubi (437 h.q.-da vəfat edib) tərəfindən yazılmış “Ər-Riayə li təcvidil-qiraət və təhqiqu ləfzit-tilavət” əsəri – qədim müəlliflərin əsərləri arasında təcvid elminin əsas mənbəyi sayılır və bu sahədə yazılmış ən ətraflı kitabdır. O, təxminən hicri 420-ci ildə yazılmışdır.[8]
- Əbu Əmr əd-Daninin (444 h.q.-də vəfat edib) “Ət-Təhdid fil-İtqan vət-təcvid” əsəri – demək olar ki, Məkki ibn Əbi Talibin kitabı ilə eyni dövrdə yazılmışdır. Bu iki əsər təcvid elmi üzrə yazılmış ən qədim kitablar hesab olunur.[9]
Fiqhi hökmlər
Şiə fiqih alimləri namazda Quran ayələrinin düzgün ərəb dilində oxunmasını vacib sayırlar;[10] Bununla belə, təcvid qaydalarına əməl etmək yalnız o halda vacib sayılır ki, ona əməl olunmaması mənanı dəyişdirsin.[11] Sünni fiqih alimləri isə qiraətin düzgünlüyünü çətinlik və məşəqqət gətirməyəcək həddə qədər vacib hesab edirlər, buna görə də “ض” (zad) ilə “ظ” (za) kimi hərflərin tələffüzü arasındakı fərqi qorumağı vacib saymırlar.[12]
Eləcə də “təlbiyə” — yəni təməttö ümrəsi, təməttö həcci, ifrad həcci və müfrədə ümrəsi ibadətlərində ehramın bir hissəsi olan zikrlər — düzgün şəkildə tələffüz edilməli olduğu deyilmişdir.[13]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ İbn Cəzəri, Ğayətun-Nəhayə, h.ş 1361, c.1, s.212; Təhanəvi, Musuətu kəşşafi istəlahat, m.1996, c.1, s.386
- ↑ Məhəmmədi, Tarix və iləle peydayeşe təcvid, s.75; Qəduri Məhəmməd, Dər amədi bə elme təcvide Qurani-Kərim, s.200-201
- ↑ Məhəmmədi, Tarix və iləle peydayeşe təcvid, s.75
- ↑ Mahmud Əli, Əl-Əmidu fi elmit-təcvid, h.q 1425, s.198
- ↑ Muflih Əl-Qəzat və başqaları, Müqəddimatun fi elmil-qiraat, h.q 1422, s.186
- ↑ Muflih Əl-Qəzat və başqaları, Müqəddimatun fi elmil-qiraat, h.q 1422, s.186
- ↑ Muflih Əl-Qəzat və başqaları, Müqəddimatun fi elmil-qiraat, h.q 1422, s.186
- ↑ «الرعاية لتجويد القراءة وتحقيق لفظ التلاوة», quranpedia.net saytı
- ↑ Qəduri, Əbhasun fi elmit-təcvid, h.q 1422, s.57
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1421, c.1, s.166; Qolpayqani, Tozihul-məsail, h.q 1413, s.165, 168, 179, 191
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.8, s.173; Həmdani, Misbahul-fəqih, h.q 1425, c.12, s.105-106; Ərəc, Kənzul-fəvaid, h.q 1416, c.1, s.115
- ↑ Fəxri Razi, Ət-Təfsirul-kəbir, Daru ihyait-turas, c.1, s.69; Əzimabadi, Əvnul-məbud, h.q 1415, c.11, s.29; İbn Abidin, Rəddul-muhtar, h.q 1415, c.1, s.682
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.4, s.664; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1421, c.1, s.380
Ədəbiyyat
- Ərəc, Əbdül-Mütəllib ibn Məhəmməd, Kənzul-fəvaid fi həlli müşkilatil-qəvaid, Qum, İslami nəşr müəssisəsi, h.q 1416
- Əzimabadi, Məhəmməd Şəmsul-həqq, Əvnul-məbud, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə, Qum, Dəftəre enteşarate islami, h.q 1405
- Fəxri Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, Daru ihyait-turas, tarixsiz
- Həmdani, Rza ibn Məhəmməd, Misbahul-fəqih, Təhqiq: Əl-Muəssisətul-Cəfəriyyə li-ihyait-turas, Qum, Bərge tuba, h.q 1425
- İbn Abidin, Məhəmməd Əmin, Rəddul-muxtar ələd-durril-muxtar: Şərhu tənviril-əbsar, Beyrut, Darul-fikr, h.q 1415
- İbn Cəzəri, Məhəmməd ibn Məhəmməd, Ğayətun-Nəhayə fi təbəqatil-qurra, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1361
- İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, h.q 1421
- Mahmud ibn Əli, Əl-Əmidu fi elmit-təcvid, Təhqiq: Məhəmməd Əs-Sadiq, İskəndəriyyə, Darul-əqidə, h.q 1425
- Məhəmmədi, Məhəmməd Əli, Tarix və iləle peydayeşe təcvid, PDF, Dər məcəlleye Mərifət, nömrə 4, h.ş 1397
- Muflih Əl-Qəzat, Məhəmməd; Əhməd Xalid Şükri; Məhəmməd Xalid Mənsur, Müqəddimatun fi elmil-qiraat, Oman, Daru Əmmar, h.q 1422
- Qəduri Həmd, Ğanim, Əbhasun fi elmit-təcvid, Oman, Daru Əmmar, h.q 1422
- Qolpayqani, Seyid Məhəmməd Rza, Tozihul-məsail, Qum, Darul-Quranil-Kərim, h.q 1413
- Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, Dəftəre enteşarate islami, h.q 1419
- Təhanəvi, Məhəmməd Əli, Musuətu kəşşafi istəlahatil-funun vəl-ulum, Beyrut, Məktəbətu Lubnan Naşirun, m.1996
Xarici keçid
- مقاله «تجوید», farsca məqalə
- مقاله «تجوید», farsca məqalə