İstitaət (həcc)
İstitaət (ərəbcə: الاستطاعة), insanın Məkkəyə səfər edib həcc əməllərini yerinə yetirmək imkanına sahib olması deməkdir. Fəqihlərin fətvasına əsasən, həcc, istitaət (imkan) əldə etdikdə, insana vacib olur. İstitaətin dörd sahədə olduğu bildirilir: Maliyyə, təhlükəsizlik, fiziki sağlamlıq və vaxt.
Mali istitaət, Məkkəyə səyahət xərclərini ödəmək imkanı ilə yanaşı, dolanışığını fərdin öz üzərinə götürdüyü şəxslərin xərclərinin ödənilməsi qabiliyyətinə sahib olmasıdır. Təhlükəsizlik baxımından olan istitaət, səfər boyunca və Məkkədə qaldığı müddətdə mal, can, abır və nüfuz təhlükəsizliyənə sahib olmaqdır. Fiziki istitaət, həcc əməllərini yerinə yetirmək üçün fiziki imkana sahib olmaqdır. Vaxt baxımından istitaət də Məkkəyə səfər etmək və həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər zamana sahib olmaq deməkdir.
İstitaətin fiqhi hökmlərindən biri də odur ki, borc alaraq həcc səfərinin xərclərini təmin edən şəxs müstəti (istitaət sahibi) sayılmır. Həmçinin həcci də vacib həcc hesab olmur.
Fiqhi mənası
Həcc barəsində istitaət, insanın Məkkəyə gedib həcc əməllərini yerinə yetirmək imkanına sahib olması deməkdir. İmkan dedikdə, intellektual imkan nəzərdə tutulmur; yəni belə deyil ki, kimsə həccə çətinliklə gedə bilsə belə, istitaət sahibi olsun; daha doğrusu, ondan məqsəd şəri baxımdan imkana sahib olmaqdır. Yəni həccin vacib olması üçün fiqhdə qeyd olunan şərtlərə malik olmaq deməkdir.[1] İstitaəti olan şəxsə "müstəti" deyilir.[2]
Həccin vacib olması üçün istitaətin zəruriliyi
Fəqihlərin icmasına (yekdil fikrinə) əsasən, insan istitaət sahibi olduğu zaman həcc ona vacib olar.[3] Bu fətva “Ali-İmran” surəsinin 97-ci ayəsinə əsasən verilmişdir ki, burada həccin vacibliyinin şərti istitaətin olmasıdır:
"Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər".[4]
İstitaətin şərtləri
Fəqihlərin fətvalarına əsasən, istitaətin dörd sahədə olduğu bildirilir: Maliyyə, təhlükəsizlik, fiziki sağlamlıq və vaxt. Həmçinin onun şərtləri belədir:
- İnsanın həcc səfərinin xərclərini qarşılamaq üçün maddi imkanı olmalıdır, həccdən qayıdana qədər ailəsinin və yaşayışı onun öhdəsinə düşən şəxslərin xərclərini ödəyə bilməlidir. Həm də həccdən qayıtdıqdan sonra həyatını idarə etmək imkanına malik olmalıdır.[5]
- İnsanın Məkkəyə səfər etmək və həcc əməllərini yerinə yetirmək üçün lazımi fiziki sağlamlığı olmalıdır.[8]
- Məkkəyə gedib həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmalıdır.[9]
Qadının istitaəti
Əksər əhli-sünnə məzhəblərinin fəqihlərinin fətvalarına görə, qadının istitaətinin başqa şərti də vardır. O da budur ki, məhrəmlərindən biri onu müşayiət edə bilsin. Lakin şiə fəqihləri məhrəmlərin onu müşayiət etməsini qadının istitaətinin şərti hesab etmirlər.[10]
Hökmlər
İstitaətin fiqhi hökmlərindən bəziləri aşağıdakılardır:
- Borc alaraq həcc səfərinin xərclərini təmin edən şəxs müstəti (istitaət sahibi) sayılmır. Həmçinin həcci də vacib həcc hesab olmur.[11] Əlbəttə ki, bəzi mərcəyi-təqlidlərin fətvasına əsasən, belə bir şəxs borcunu rahatlıqla ödəyə bilsə, heç bir problem yoxdur.[12]
- Bəzi fəqihlərin, o cümlədən Mühəqqiq Hilli və Sahib Cəvahirin fətvalarına əsasən, əgər bir şəxsin mali istitaətin hasil olması qədər maddi imkanı olsa, lakin hazırda ondan istifadə edə bilmirsə, həcc üçün borc götürməsi vacibdir.[13]
- Əgər kiminsə mali istitaət xərclərini ona hədiyyə etsələr, həmin şəxs "müstəti" sayılır və həcc ona vacib olur.[14]
- Məkkəyə getmək üçün pulu olmayan, lakin başqasının onun yerinə pulu verməyi qəbul etmiş şəxs, əgər vədinə əməl edəcəyinə əmin olarsa, "müstəti" sayılır və həcc ona vacib olur.[15]
- "Müstəti" olan, lakin yoxsullaşana qədər həccə getməyən şəxs, çətin də olsa, çalışıb həccə getməlidir. Həmçinin əgər belə bir şəxs qoca və ya zəif olsa və özünün həccə getmək ümidi yoxdursa, onun əvəzinə həcc etmək üçün bir nəfər tutmalıdır.[16]
İstinadlar
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1390, c.1, səh.457
- ↑ Nümunə üçün baxın: Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.2, s.161; Nəcəfi, Cəvahirul-kəlam, c.17, s.223; Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185
- ↑ Amili, Mədarikul-əhkam, h.q 1411, c.7, s.34
- ↑ Baxın: Amili, Mədarikul-əhkam, h.q 1411, c.7, s.34
- ↑ Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.248, 254, 255, 273, 274; Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185; Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.279 və 281
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185; Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.279 və 281
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.185; Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.279 və 281
- ↑ Hüseyni Ahəq, Həcc, s. 586
- ↑ Fəllahzadə, Muntəxəbe mənasike Həcc, h.q 1426, s.11
- ↑ Fəllahzadə, Muntəxəbe mənasike Həcc, h.q 1426, s.11
- ↑ Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.260; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, s.201
- ↑ Nəcəfi, Cəvahirul-əhkam, c.17, s.261; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, s.201
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.188
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1424, c.2, s.191-192
Ədəbiyyat
- Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, İslami nəşriyyat, 8-ci çap, h.q 1424
- Hüseyni Ahəq, Məryəm, Həcc, Tehran, Dairətul-məarife İslami, 1-ci çap, h.ş 1378
- Şəhid Sani, Zeynuddin Amili, Ər-Rövzətul-bəhiyyə, Qum, 1-ci çap, h.q 1410
- Amili, Məhəmməd ibn Əli, Mədarikul-əhkam, Beyrut, 1-ci çap, h.q 1411
- Fəllahzadə, Muntəxəbe mənasike Həcc, Qum, h.q 1426
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
- Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, Qum, 3-cü çap, h.ş 1390
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-əhkam, Beyrut, 7-ci çap, h.q 1404