Səhabənin ədaləti

wikishia saytından
(Səhabələrin ədaləti səhifəsindən yönləndirilmişdir)

Səhabələrin ədaləti (ərəbcə: عدالة الصحابة) əhli-sünnənin əksəriyyətinin Peyğəmbərin (s) bütün səhabələrinin ədalətli və Cənnət əhli olmasını əsas götürən nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, səhabələri tənqid və onlara etiraz etməyə icazə yoxdur və onların rəvayətləri cərh və tədil qaydaları tətbiq olunmadan qəbul olunur. Şiə alimləri və bir qrup əhli-sünnə alimi Peyğəmbərin (s) səhabələrini digər müsəlmanlar kimi hesab edir və səhabələrin ədaləti nəzəriyyəsini rədd edirlər.

Səhabələrin ədaləti nəzəriyyəsinin müvafiqləri bir sıra Quran ayələriniPeyğəmbərin (s) rəvayətlərini əsas gətirirlər. Onlardan biri “Rizvan” ayəsidir ki, Allahın səhabələrdən razı olmasından söhbət açır. Əks tərəfdə, müxaliflər bu ayələri yalnız Rizvan beyətində iştirak edən və ondan sonra da əhd-peymanına sadiq qalan səhabələrə aid edirlər. Həmçinin, müxaliflərə görə, səhabələrin ədaləti nəzəriyyəsi Peyğəmbərin (s) səhabələri arasında münafiqlərin olmasından xəbər verən Quran ayələrinə uyğun gəlmir. Səhabələrin ədaləti nəzəriyyəsini rədd etmək üçün bəzi səhabələrin davranışlarına da istinad olunub. Məsələn, dindən çıxmaq, şərab içmək, İmam Əlini (ə) söymək və lənətləmək, müsəlmanları qətl etmək, bir-birinə qarşı qoşun yürütmək və s.

Bəzi şiə tədqiqatçılarına görə, səhabələrin ədaləti nəzəriyyəsi üç xəlifənin xilafətinə haqq qazandırmaq, Müaviyə ibn Əbu Süfyanın səltənətini legitimləşdirmək və s. məqsədlərlə ortaya atılıb. Səhabələrin ictihadı nəzəriyyəsinin meydana gəlməsi, müsəlmanlar arasında ixtilaf, səhabələrin Qurana və sünnəyə baxışının məxəz, söz və əməllərinin isə sübut səviyyəsinə çıxarılması, onlardan gələn hədislərin cərh və tədil qaydaları tətbiq olunmadan qəbul olunması bu nəzəriyyənin nəticələri hesab olunub.

Səhabə kimdir ?

Səhabə, Peyğəmbərlə (s) görüşən, dünyasını dəyişəndən sonra da ona imanda qalan və müsəlman olan şəxsə deyilir.[1] Görüşdə məqsəd bir-biri ilə danışmamış olsalar da görüşmək, ünsiyyət qurmaq, birlikdə olmaq və birinin digərinin görüşünə nail olmasıdır.[2] Əlbəttə, bəziləri məlum tərifə bəzi qeydlər və şərtlər əlavə ediblər. Buraya Peyğəmbərlə (s)[3] ünsiyyətin uzun olması, onun rəvayətini əzbərləmək, onunla birlikdə döyüşmək və şəhid olmaq kimi göstəricilər daxildir. Bəziləri isə Peyğəmbərin (s) səhabəsi olmaq üçün yalnız onunla birlikdə olmağın və onu görməyin yetərli olduğunu bildiriblər.[4] Amma 7-ci və 8-ci əsrin görkəmli əhli-sünnə alimi İbn Həcər Əsqəlaninin sözlərinə görə, alimlər tərəfindən qəbul edilən tərif birinci tərifdir.[5]

Bəzi mənbələrə görə, Peyğəmbər (s) dünyasını dəyişəndə səhabələrinin sayı 114 min nəfər olub.[6] Peyğəmbəri (s) uşaq yaşlarında görənlərə “səhabeyi-siğar” (kiçik səhabə), qadınlara isə “səhabiyyat” deyilir.[7]

Nəzəriyyənin izahı

Əhli-sünnə alimlərinin məşhur nəzəriyyəsinə görə, bütün səhabələr ədalətlidir.[8] İbn Həcər Əsqəlani bütün əhli-sünnənin səhabələrin ədaləti ilə bağlı yekdil olduğunu, buna qarşı çıxanların isə bir qrup bidətçi olduğunu iddia edib.[9] O, həmçinin İbn Həzmdən (vəfatı: h. q. 456) nəql edir ki, bütün səhabələr Cənnətə daxil olacaqlar və onlardan bir nəfər belə olsun Cəhənnəmə getməyəcək.[10]

Bütün bunlara baxmayaraq, əhli-sünnə alimi Mazəri (Əbu Abdullah künyəli Məhəmməd ibn Əli ibn Ömər əl-Mazəri, (vəfatı: h. q. 530 və ya 536) yalnız o səhabələrin ədalətli olmasını qəbul edib ki, onlar daim Peyğəmbərin (s) yanında olmuş, ona hörmət göstərmiş, yardım etmiş və “ona nazil olan Nur”a tabe olmuşlar.[11] Başqa bəzi əhli-sünnə alimləri isə Peyğəmbərin (s) səhabələrini digər müsəlmanlar kimi bilmiş və yalnız Peyğəmbərlə (s) birlikdə olmağın ədalətə səbəb olmaması qənaətinə gəlmişlər.[12]

Əhməd Hüseyn Yaqubun sözlərinə görə, səhabələrin ədalətində məqsəd onlar yanlışa düşsələr belə onlara yalan isnad etməyin və onları ədalətdən salmağın icazəli olmamasıdır.[13] İbn Əsir “Usdul-ğabə” əsərinin müqəddiməsində yazır: “Bütün səhabələr ədalətlidir. Onların ədalətinə heç bir irad tutula bilməz”.[14] Buna görə də bəzi əhli-sünnə alimlərinin fikrincə, Peyğəmbərin (s) səhabələrindən birinə irad tutan (qüsurunu üzə çıxaran) şəxs kafirdir.[15]

Həmçinin, səhabələrin ədaləti dedikdə elə bir xüsusiyyət nəzərdə tutulub ki, ona əsasən səhabələrin rəvayətləri qəbul olunur. Xətib Bağdadi yazır: “Peyğəmbərə (s) çatan hər bir hədisə əməl etmək o zaman lazımdır ki, rəvayətçilərinin ədalətli olması sübuta yetsin. Səhabələri çıxmaq şərti ilə. Çünki səhabələrin ədaləti sübuta yetib. Allah onları ədalətli sanır və pak olduqlarını bildirir.[16]

Müvafiqlərin dəlilləri

Əhli-sünnə səhabələrin ədalətini sübut etmək üçün bir sıra Quran ayələrinə və Peyğəmbərin (s) rəvayətlərinə istinad edib.[17] Məsələn:

  1. Allahın səhabələrdən razı olduğunu bəyan edən ayələr. Məsələn: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara,[18] həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar”.[19] “Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı”.[20] Əhli-sünnə alimləri Allahın səhabələrdən razı olmasını bütün səhabələrin ədalətli olmasına dəlil hesab edib və deyiblər ki, Allah razı olduğu kəsə heç vaxt qəzəblənməz.[21] Şiə alimlərinin sözlərinə görə isə bu ayələr səhabələrin ədalətli olmasına sübut deyil. Çünki birinci ayənin ilkin zahiri mənasından Allahın mühacirlərin və ənsarların bəzisindən razı olmasının nəzərdə tutulduğu anlaşılır, onların hamısından yox.[22] İkinci ayədə isə yalnız Beyəti-rizvanda iştirak edən və öz əhd-peymanına sadiq qalan səhabələr nəzərdə tutulur, hamısı yox.[23] Həmçinin, bütün səhabələrin ədalətli olması bu ayə ilə ziddiyyət təşkil edir: “Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var”.[24] Çünki sözügedən ayə bəzi səhabələri münafiq adlandırır.[25]
  2. Müsəlmanları ən yaxşı ümmət və orta ümmət kimi təqdim edən ayələr. Məsələn: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz”.[26] “Beləliklə, Biz sizi orta bir ümmət etdik”.[27] Bəzi əhli-sünnə təfsirçiləri “orta ümmət” ifadəsini ədalətli ümmət kimi şərh edib,[28] bildiriblər ki, “ümmət” sözü ümumi olsa da məqsəd xüsusidir (səhabələrdir) və ayə səhabələr haqqında nazil olub.[29] Bir halda ki, şiə alimlərinin sözlərinə görə, bu ayə Peyğəmbərin (s) bəzi səhabələrinin davranışlarına dəlalət edir. Hansı ki, onların varlığı Peyğəmbərin (s) ümmətinin Allah tərəfindən ən yaxşı ümmət adlandırılmasına səbəb olub. Yoxsa, bütün səhabələrə aid deyil.[30]
  3. “Səhabələrim ulduzlar kimidir” hədisi. Bu hədisdə Peyğəmbərin (s) səhabələri ulduzlara bənzədilib. Belə ki, onların hansına tabe olunsa, hidayətə gətirib çıxarır. Şiə və bəzi əhli-sünnə alimlərinə görə, sözügedən rəvayət uydurma və saxtadır. Quran ayələri və Peyğəmbərin (s) digər rəvayətləri ilə ziddiyyət təşkil edir.[31]

Həmçinin, səhabələrin ədalətinin sübutu üçün digər Quran[32] ayələrinə, eləcə də “Mənim əsrim ən yaxşısıdır” və “Səhabələrimi söyməyin” kimi hədislərə istinad olunub.[33] Bir halda ki, Peyğəmbərin (s) səhabələri arasında münafiqlərin və mürtədlərin olması sözügedən ayələrin və rəvayətlərin bütün səhabələrin ədalətli olmasına dəlalət etməsinə mane olur.[34] Misal üçün, təfsirçilərə görə, “Nəbə” ayəsində deyilən “Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın”[35] sözləri səhabə olan Vəlid ibn Üqbə haqqında nazil olub.[36]

Səhabələrin davranışı

Şiə və bəzi əhli-sünnə alimləri bu qənaətdədirlər ki, bəzi səhabələrin davranışı onların ədalətli olması nəzəriyyəsini rədd edir. Seyid Möhsin Əmininin sözlərinə görə, Übeydullah ibn Cəhş, Übeydullah ibn Xətəl, Rəbiə ibn Üməyyə və Əşəs ibn Qeys kimi bəzi səhabələr mürtəd olublar.[37] Həmçinin, “Səhihi-Buxari”də yer alan bir rəvayətə görə, Peyğəmbər (s) bəzi səhabələrinin mürtəd olması haqqında xəbər verib.[38]

Həmçinin, tarix kitablarında bəzi səhabələrin şərab içmək, İmam Əlini (ə) söymək və lənətləmək, ədalətli imama qarşı çıxmaq və müsəlmanları qətlə yetirmək kimi ədalətə zidd davranışlar sərgiləməsinə dair şahidlər var. Məsələn, Busr ibn Ərtah İmam Əlinin (ə) şiələrindən təqribən 30 min nəfəri qətlə yetirib.[39] Müğeyrə ibn Şöbə təqribən doqquz il minbərdə İmam Əlini (ə) söyüb və lənətləyib.[40] Xalid ibn Vəlid Malik ibn Nuveyrəni şəhid etdi və həmin gecə onun həyat yoldaşı ilə yatağa girdi.[41] Vəlid ibn Üqbə şərab içirdi.[42] Şafei də nəql edir ki, Peyğəmbərin (s) səhabələrindən Müaviyə ibn Əbu Süfyanın, Əmr ibn Asın, Müğeyrə ibn Şöbənin və Ziyad ibn Əbihin şahidliyi qəbul olunmur.[43]

Həmçinin, Cəməl döyüşündə iki dəstə səhabənin bir-birinin qarşısında yer alması və bir-birinin əli ilə qətlə yetirilməsi bütün səhabələrin ədalətli olması nəzəriyyəsi ilə üst-üstə düşmür. Mötəzilə əhli-sünnəsindən olan İbn Əbul-Hədid Cəməl döyüşünü törədənləri Cəhənnəm əhli hesab edir və onların arasından Aişəni, Təlhəni və Zübeyri tövbə etdikləri üçün istisna edir. O, həmçinin, legitim imama və İslam hakiminə qarşı çıxmaqda israrlı olduqları üçün Siffeyn döyüşündəki Şam ordusu haqqında da həmin qənaətdədir. O, xəvarici də öz mötəzili həmfikirlərinin düşüncəsinə əsasən Cəhənnəm əhli hesab edir.[44]

Məqsədlər və nəticələr

Şiələr səhabələrin ədaləti nəzəriyyəsini qəbul etmirlər. Onların fikrincə, Peyğəmbərin (s) səhabələri də digər müsəlmanlar kimidir və heç kimin sırf Peyğəmbərlə (s) birlikdə olduğu üçün ədalətli olması sübuta yetmir.[45] Onlara görə, mümkün deyil ki, İslam peyğəmbərinin (s) bütün səhabələri ədalət (böyük günahları tərk etmək və kiçik günahlarda israr etməmək) kimi xarakterizə edilə bilən təqva dərəcəsinə çatmış olsunlar. Bir halda ki, İslam tarixinin mənbələrinə görə, bəzi səhabələr qorxudan, çarəsizlikdən və iqtisadi dəstək almaq üçün Peyğəmbərə (s) imanlarını bildiriblər.[46] Onların fikrincə, səhabələrin ədaləti haqqındakı müzakirələr bəzi məqsədlərlə həyata keçirilib və onlardan bəziləri aşağıdakılardır:

Səhabələrin ictihadı nəzəriyyəsinin meydana gəlməsi, səhabələrin Qurana və sünnəyə baxışının məxəz, söz və əməllərinin isə sübut səviyyəsinə çıxarılması, onlardan gələn hədislərin cərh və tədil qaydaları tətbiq olunmadan qəbul olunması və müsəlmanlar arasında ixtilaf bu nəzəriyyənin nəticələri hesab olunub.[48]

Biblioqrafiya

Səhabələrin ədaləti məsələsi şiə və əhli-sünnə arasındakı fikir ayrılıqlarındandır. Belə ki, səhabələrdən,[49] təfsirdən[50] və sxolastikadan[51] bəhs edən kitablarda nəzərdən keçirilib. Həmçinin, şiələr bu haqda ayrıca kitablar yazıblar. Onların bəziləri aşağıdakılardır:

  • “Səhabələrin ədaləti”, h. ş. 14-cü əsr alimlərindən Seyid Əli Milani, farsca.

Bu kitabda səhabələrin ədaləti nəzəriyyəsi tənqid olunub. Müəllif Qurandan ayələr, bəzi səhabələrin böyük günahlarından nümunələr, əhli-sünnə böyüklərindən səhabələrin ədalətli olmaması haqqında sitatalar qeyd edib.

  • “Səhabələrin ədaləti Quran, sünnə və tarix işığında”. Şiə təqlid mərcələrindən Məhəmməd Asif Möhsininin əsəri.

Bu kitabda səhabələrin ədaləti məzhəblərarası uzlaşma kontekstində dəyərləndirilib. Şiə və sünni alimləri arasında səhabə anlayışının tədqiqi, bəzi səhabələrin fəsad və münafiqliyinin Quran ayələrinə əsasən sübut olunması bu kitabın bəhslərindəndir. Müəllif həmçinin şiələrin bütün səhabələri kafir hesab etməsi iddiasını da rədd etmişdir.[52]

Əhməd Hüseyn Yaqubun “İslamda səhabələrin ədaləti nəzəriyyəsi və siyasi üstünlük” əsəri,[53] Seyid Məhəmməd Yəsribinin “Səhabələrin ədaləti” əsəri,[54] Qulamhüseyn Zeynəlinin “Səhabələrin ədaləti nəzəriyyəsinə baxış”[55] və Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin bir qrup tədqiqatçısının qələmə aldığı “Səhabələrin ədaləti nəzəriyyəsi” kitabı[56] səhabələrin ədaləti nəzəriyyəsini tənqid edən digər əsərlərdir.

İstinadlar

  1. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.158
  2. Şəhid Sani, Ər-Riayə fil-elmid-dirayə, h.q 1408, s.339
  3. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.159
  4. Yaqub, Nəzəriyyətu ədalətis-səhabə, h.q 1429, s.15
  5. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.159
  6. Şəhid Sani, Ər-Riayə fil-elmid-dirayə, h.q 1408, s.345
  7. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.7, s.679; c.8, s.113
  8. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.10; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412\m.1992, c.1, s.2
  9. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.162
  10. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.163
  11. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.163
  12. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1384-1378, c.1. s.9
  13. Yaqub, Nəzəriyyətu ədalətis-səhabə, h.q 1429, s.15
  14. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.10
  15. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.162
  16. Xətib Bağdadi, Əl-Kifayə, c.1, s.64
  17. Xətib Bağdadi, Əl-Kifayə, c.1, s.64; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.162
  18. Tövbə surəsi, ayə 100
  19. Fəth surəsi, ayə 18
  20. Xətib Bağdadi, Əl-Kifayə, c.1, s.64; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.162-163
  21. İbn Əbül-Birr, Əl-İstiab, m.1992\h.q 1412, c.1, s.4
  22. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.374; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.445
  23. Tusi, Ət-Tibyan, c.9, s.329
  24. Tövbə surəsi, ayə 101
  25. Tövbə surəsi, ayə 101
  26. Ali-İmran surəsi, ayə 110
  27. Bəqərə surəsi, ayə 143
  28. Siyuti, Əd-durrul-mənsur, h.q 1404, c.1, s.144; Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.4, s.84
  29. Xətib Bağdadi, Əl-Kifayə, c.1, s.64
  30. Xətib Bağdadi, Əl-Kifayə, c.1, s.64
  31. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.123
  32. Fəth surəsi, ayə 29; Hədid surəsi, ayə 11; Həşr surəsi, ayə 8-10; Tövbə surəsi, ayə 117
  33. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.165
  34. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.374
  35. Hucurat surəsi, ayə 6
  36. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.198
  37. Əmin, Əyanuş-şiə, h.q 1419, c.1, s.163
  38. Buxari, Səhih Buxari, h.q 1422, c.8, s.121, hədis 6585
  39. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.4, s.238
  40. Bəlazuri, Ənsabul-əşraf, h.q 1400, c.5, s.243
  41. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.5, s.561
  42. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.6, s.482
  43. Mahmud Əbureyh, Şeyxul-Muziyrə Əbu Hüreyrə, Darul-məarif, s.219
  44. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1384, c.1, s.9
  45. Şəhid Sani, Ər-Riayə fil-elmid-dirayə, h.q 1408, s.343; Əmin, Əyanuş-şiə, h.q 1419, c.1, s.161
  46. Əmin, Əyanuş-şiə, h.q 1419, c.1, s.162
  47. Yaqub, Nəzəriyyətu ədalətis-səhabə, h.q 1429, s.107
  48. «گفتمان عدالت صحابه»،, alwahabiyah.com saytı
  49. İbn Əbül-Birr, Əl-İstiab, m.1992\h.q 1412, c.1, s.4; İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.10; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.161-165
  50. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.374-375
  51. Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.445
  52. «عدالت صحابه در پرتو قرآن، سنت و تاریخ», hadith.net saytı
  53. نظریة عدالة الصّحابة والمرجعیة السیاسیة فی الإسلام, eshia.ir saytı
  54. عدالت صحابه، محموعه نقد و بررسی, bookroom.ir saytı
  55. بررسی نظریه عدالت صحابه, gisoom.com saytı
  56. نظریه عدالت صحابه

Ədəbiyyat

  • Quran
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Darul-fikr, Beyrut, h.q 1409\m.1989
  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Əl-İstiabu fi mərifətil-əshab, Qahirə, h.q 1378
  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, Darul-cəbəl, m. 1992
  • İbn Həcər, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-Mövcud, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Əbureyh, Mahmud, Şeyxul-Muzirətu Əbu Hüreyrə, Misir, Darl-məarif
  • Əmin Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1419\m.1998
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, h.q 1422
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Ehsan Abbas, Beyrut, h.q 1400\m.1979
  • Həmidi, Məhəmməd ibn Futuh, Əl-Cəmu beynəs-səhiheyn, Təhqiq: Əli Hüseyn, Beyrut, h.q 1423\m.2002
  • Xətib Bağdadi, Əhmd ibn Əli, Əl-Kifayətu fi elmid-dirayə, Mədinə, Əl-Məktəbətul-elmiyyə
  • Duxi, Yəhya Əbdül-Hüseyn, Ədalətus-səhabə, h.q 1430
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, Əl-Mərkəzul-aləmi lid-dərasətil-İslamiyyə, h.q 1412
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-riayə , Təhqiq: Əndül-Hüseyn Məhəmməd Əli, Qum, h.q 1408
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Caavd Bəlaği, Nasir Xosrov nəşri, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Ət_tibyan, Təhqiq: Əhməd Qəsir Amili, Beyrut
  • Yaqub, Əhməd Hüseyn, Nəzəriyyətu ədalətis-səhabə, h.q 1429
  • Yaqub Urduni, نظریة عدالة الصحابة و المرجعیة السیاسیة في الإسلام
  • Fəxəli, Məhəmməd Təqi, گفتمان عدالت صحابه

Xarici keçid