Nəbə ayəsi

wikishia saytından
Nəbə ayəsi
Ayənin adıNəbə
Yerləşdiyi surəHucurat
Ayənin nömrəsi6
Cüz26
Nazil olma səbəbiPeyğəmbərin (s) Vəlid ibn Üqbəni Bəni Müstələq qəbiləsinə zəkatı ödəmək üçün göndərməsi.
Nazil olma məkanıMədinə
MövzuFiqhi-əxlaqi
SairXəbəri-vahidin höccət olması


Nəbə ayəsi (ərəbcə:آية النبأ) (Hucurat surəsi, 6) üsuli-fiqdə xəbəri-vahidin höccət olmasına bir dəlil kimi araşdırılır. Təfsirçilərin əksəriyyəti bu qənaətdədir ki, bu ayənin nazil olma səbəbi Vəlid ibn Üqbənin Bəni Müstələq qəbiləsinin zəkatı ödəməkdən boyun qaçırması barəsində xəbər verməsi olmuşdur. Bu xəbər yayılandan sonra “Nəbə” ayəsi nazil oldu və müsəlmanlar Vəlidin verdiyi xəbəri araşdırıb, onun yalan olduğunu başa düşdülər.

Üsuli-fiqdə xəbəri-vahidin höccət olması araşdırılarkən “Nəbə” ayəsi haqda da bəhs edilir.

Ayənin mətni və tərcüməsi

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ
Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.[1]



(Hucurat surəsi, ayə 6)


Nazil olma səbəbi

Təfsirçilər bu ayənin nazil olma səbəbini iki cür izah etmişlər. Təfsirçilərin əksəriyyəti yazmışlar ki, ayə Vəlid ibn Üqbənin barəsində nazil olmuşdur. Peyğəmbər (s) zəkat toplamaq üçün onu Bəni Müstələq qəbiləsinə göndərmişdi.[2] Fəzl ibn Həsən Təbərsi “Məcməul-bəyan” kitabında qeyd edir ki, Bəni Müstələq qəbiləsi Peyğəmbərin (s) onlara nümayəndə göndərdiyini eşidəndə onu qarşılamağa çıxdılar. Vəlid isə cahiliyyət dövründə onlarla düşmən olduğu üçün elə güman etdi ki, onu öldürməyə gəlirlər. Odur ki, Peyğəmbərin (s) yanına qayıtdı və onların zəkatdan boyun qaçırdığını söylədi. Peyğəmbər (s) onlarla vuruşmaq istəyirdi ki, bu ayə nazil oldu və müsəlmanlara göstəriş verdi ki, hər hansı bir fasiq xəbər gətirdikdə onu araşdırın.[3]

Bəzi təfsirçilər isə demişlər ki, bu ayə Peyğəmbərin (s) zövcəsi Mariyaya böhtan atılması hadisəsi ilə əlaqədar olaraq nazil olmuşdur. Bu hadisədə günahkarı cəzalandırmaq vəzifəsini daşıyan həzrət Əli (ə) Peyğəmbərdən (s) soruşur ki, əgər onun gördükləri başqalarının dediyinin əksinə olarsa, yayılan xəbərlərə inanmaya bilərmi ? Peyğəmbər (s) də ona bu icazəni verir. Axırda məlum olur ki, heç bir günah baş verməyib və xəbərlər yalan imiş.[4]

“Nəbə” ayəsi və xəbəri-vahid

Üsuli-fiqdə “Nəbə” ayəsi haqda xəbəri-vahidin höccət olmasını isbat etmək üçün bəhs olunur. Əlbəttə, üsuli-fiqh alimləri bu ayə ilə xəbəri-vahidin höccətiyyətinin sübut edilməsi barəsində eyni fikirdə deyillər. Məsələn, Muhəmməd Hüseyn Naininin fikrincə, xəbəri-vahidin höccət olmasını isbat etmək üçün bu ayəyə əsaslanmaq düzgündür.[5] Amma Şeyx Ənsarinin fikrincə, bu ayə xəbəri-vahidin höccət olmasına dəlil ola bilməz.[6]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Məkarim Şirazi, Təfsiri nümunə, h.ş 1374, c.22, s.153
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.198
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.198-199
  5. Naini, Fəvaidul-üsul, h.ş 1376, c.3, s.187
  6. Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1416, s.116-136

Ədəbiyyat

  • Şeyx Ənsari, Murtəzəvi, Fəraidul-üsul, Qum, Muəssisətun-nəşril-İslami, 5-ci çap, h.q 1416
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Naini, Muhəmməd Hüseyn, Fəvaidul-üsul, Qum, Cameə müdərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.ş 1376