Məzmuna keç

Həzrət İsanın (ə) beşikdə danışması

wikishia saytından

Həzrət İsanın (ə) beşikdə danışması, (ərəbcə: تكلم النبي عيسى في المهد) onun körpəlik dövründə möcüzəvi şəkildə danışaraq anası Məryəmə (s) zinadan iftira atılmasını rədd etməsi və yəhudi alimləri qarşısında peyğəmbərliyini elan etməsidir.[1] Quran üç ayədə, "Ali-İmran" surəsinin 46-cı, "Maidə" surəsinin 110-cu"Məryəm" surəsinin 29-cu ayələrində Həzrət İsanın (ə) beşikdə danışmasına işarə edir.[2] "Təfsir Nümunə"nin müəllifləri və iki tədqiqatçının dediyinə görə, bir çox təfsirçi "məhd" sözünü beşik və ya körpənin daha çox anasının qucağında olduğu dövr kimi izah etmişlər.[3] Bunun əksinə olaraq, Məhəmməd Hadi Mərifət "Ət-Təmhid" kitabında Həzrət Məryəmin (s) İsanın (ə) doğulmasından bir neçə il sonra şəhərə qayıtdığını və "məhd" sözündən məqsədin Həzrət İsanın (ə) uşaqlıq illərinə aid olduğunu bildirir.[4] Həmçinin Quran təfsirçisi Seyid Əhməd Xan Hindiyə görə, Həzrət İsanın (ə) danışması yeniyetməlik dövrünün əvvəlində baş vermiş və yeni doğulmuş vaxtına aid olmamışdır.[5]

Hicri-qəməri təqvimi ilə 6-cı əsr alimlərindən olan şiə müfəssiri və mühəddisi Əbul-Futuh Razi, İslam Peyğəmbərindən (s) nəql edilən hədisə istinad edərək, Həzrət İsanın (ə) südəmər dövründə danışan beş nəfərdən biri olduğunu qeyd etmişdir.[6] Şiə alimlərindən olan Cəfər Sübhani və İbrahim Əmini isə Həzrət İsanın (ə) bu danışığını kiçik yaşda imamlıq üçün lazım olan ağıl və dərk qabiliyyətinin mümkünlüyünə sübut kimi izah etmişlər.[7]

"Məryəm" surəsinin 30-dan 34-ə qədər olan ayələrinə əsasən, Həzrət İsa (ə) bu sözlərində özünü Allahın qulu, ilahi peyğəmbər, səmavi kitab sahibi və bərəkət mənbəyi kimi təqdim edir. O, həmçinin özünün zalım və bədbəxt biri olmadığını bildirir və Allah tərəfindən namaza, zəkat verməyə və anasına sevgi göstərməyə tövsiyə edildiyini söyləyir. Qurandakı ayələrə görə, onun bu sözləri özünə verdiyi üç salamla tamamlanır: "Doğulduğum gün, öləcəyim gün və başqa dünyada yenidən dirildiləcəyim gün mənə salam olsun!"[8]

Bəzi təfsirçilər Həzrət İsanın (ə) bu sözlərini onun möcüzəsi, bəziləri irhas (peyğəmbərliyin başlamasından əvvəl baş verən qeyri-adi hadisələr) və digərləri isə Həzrət Məryəmin (s) kəraməti kimi izah ediblər.[9] Şiə təfsirçisi Məhəmməd Hadi Mərifət Həzrət İsanın (ə) danışmasını heç bir möcüzəvi xüsusiyyəti olmayan adi bir hadisə hesab edir. Çünki onun fikrincə, bu hadisə uşaqların ümumiyyətlə danışmağa başladığı yaşda baş verib. Hadi Mərifətin dediyinə görə, Həzrət İsanın (ə) danışıq tərzi və məntiqli, ciddi üslubu hamıya sübut etdi ki, onun doğulması möcüzəvi olub və anası zinadan uzaqdır.[10]

Əhli-sünnənin 6-cı əsrdə yaşamış təfsirçi və muhəddisi Fəxr Razi "Təfsir Kəbir" əsərində bu hadisənin tamamilə möcüzə olduğunu bildirir. O, peyğəmbərin özünün möcüzə göstərməsi ilə onun başına möcüzəli bir hadisənin gəlməsi arasında fərq qoyur. Fəxr Raziyə görə, Həzrət İsanın (ə) atasız dünyaya gəlməsi və beşikdə danışması kimi hadisələr, onun ölü diriltməsi kimi bilavasitə özündən baş verən möcüzələrdən fərqlənir.[11]

İstinadlar

  1. Sadiqi Tehrani, Şərhe soxənane İsa Məsih dər gəhvare, Payqahe ettela resani Məhəmməd Sadiqi Tehrani
  2. Qurani-Kərim
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.13, s.52; Mənsuri və Şurgeşti, Bərresi didqahhaye təfsiri müfəssəran dərbareye ayate təkəllume Həzrət İsa (ə) dər məhd, s.209-210
  4. Mənsuri və Şurgeşti, Bərresi didqahhaye təfsiri müfəssəran dərbareye ayate təkəllume Həzrət İsa (ə) dər məhd, s.210
  5. Kazimi, Nəqdi bər əndişehaye Seyyid Əhməd Xan Hindi piramune ecaz, s.138
  6. Razi, Rəvzul-cinan və rəvhul-cənan fi təfsiril-Quran, h.q 1408, c.13, s.78
  7. Sübhani, İmamət dər kudeki, s.46; Əmini, Aya kudeke pənc sale imam mi şəvəd ?, Payqahe ettelaresani İbrahim Əmini
  8. Məkarim Şirazi, Tərcümeye Quran, h.ş 1373, s.307
  9. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.21, s.534
  10. Mənsuri və Şurgeşti, Bərresi didqahhaye təfsiri müfəssəran dərbareye ayate təkəllume Həzrət İsa (ə) dər məhd, s.212
  11. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.23, s.280

Ədəbiyyat