Dini kəsim

wikishia saytından
(Heyvanların kəsimi səhifəsindən yönləndirilmişdir)


Dini kəsim (ərəbcə: ذبح شرعی) - "Zibh" heyvanların şəriətin müəyyən etdiyi qaydalara əsasən kəsilməsinə deyilir. Kəsilmiş heyvan isə "zəbihə" adlanır. Quruda yaşayan əti halal olan heyvanların (dəvə və çəyirtkə istisna olmaqla. Onlar başqa formada kəsilir) ətini ancaq dini kəsimdən (zəbhdən) sonra yemək halaldır. Həmçinin, əti haram olan heyvanlar dini kəsimdən sonra pak olur və fəqihlərin fətvasına görə, onların bədəninin hissələrindən yemək və namazdan başqa hallarda istifadə etmək olar.

Dini kəsimin (zəbhin) şərtləri: Dini kəsim aləti dəmir olmalı; Heyvan üzü qibləyə doğru tutulmalı; Kəsimdən qabaq heyvan sağ olmalı; Bu işi icra edən şəxs müsəlman olmalı; Heyvanın başı kəsiləndə Allahın adı deyilməli və boğazın altında yerləşən dörd damar tam şəkildə kəsilməlidir. Yəhudi dinində də heyvanların kəsilməsi ilə əlaqədar müəyyən şərtlər nəzərdə tutulmuşdur.

Kəsim zamanı heyvan az ağrı hiss etsin deyə, İslam dinində buna dair müəyyən qaydalar nəzərdə tutulmuşdur. Bununla belə, bəzi qeyri-müsəlman ölkələrində heyvanların İslam dininə uyğun kəsilməsi qadağandır. Bəzi təhqiqatlara görə, şəriətə müvafiq kəsilən ət daha keyfiyyətli və uzunmüddətli olur.

Terminlərin izahı və dini kəsimin önəmi

İslam fiqhinə əsasən, dini kəsim (zəbh) heyvanların paklanma qaydasıdır və bu, heyvanın boynunun dörd damarının kəsilməsi ilə həyata keçir.[1] Quruda yaşayan əti halal heyvanlar (dəvə və çəyirtkədən başqa) və suda yaşayıb sıçrayıcı qanı olan heyvanlar dini kəsimlə pak (təzkiyə) olurlar.[2] Şəriətə müvafiq kəsilən heyvana "muzəkki" deyilir və onun antonimi murdardır.[3] Heyvanı kəsən adama "zabih" və kəsilmiş heyvana isə "zəbihə" və ya "məzbuh" deyilir.[4]

Qurani-Kərimdə müsəlmanlara dini qaydada kəsilməyən heyvanların ətini yemək qadağan edilmişdir.[5] Fiqh kitablarında heyvanların kəsilməsinə dair ov və "zəbahə" bölmələrində söz açılır.[6]

Şərtlər

İslam dinində dini kəsimin icrası üçün müəyyən şərtlər nəzərdə tutulmuşdur. Bu şərtlər aşağıdakılardır:

  • Heyvanın boynunun dörd böyük damarı boğazının altından kəsilməlidir;[7]
  • Zabih (heyvanı kəsən şəxs) kəsim zamanı Allahın adını dilə gətirməlidir. Sahib əl-Cəvahirə (Məhəmməd Həsən ən-Nəcəfi) görə, bütün fəqihlər bu şərti lazım bilirlər;[8]
  • Kəsim zamanı heyvan qibləyə tərəf tutulmalıdır.[9] Şiə fəqihlərinin fətvasına görə, heyvanı kəsən şəxs, bu hökmü bilərək heyvanı məqsədli şəkildə qibləyə doğru kəsməsə, həmin heyvanın ətini yemək olmaz;[10]
  • Kəsim aləti dəmir olmalıdır. Lakin zəruri hallarda və heyvanın tələfolma qorxusu yarananda, kəsim üçün daşdan və ya digər iti vasitələrdən istifadə etmək olar;[11]
  • Zabih (heyvanı kəsən) müsəlman olmalıdır;[12] Hicri-qəmıri təqvimi ilə 10-cu əsrdə yaşamış görkəmli şiə fəqihi Şəhid Saniyə görə, bütün müsəlman fəqihlərinin fətvasına görə, zabih əhli-kitab olmayan kafir, mürtəd və qali (hansısa adamı tanrılaşdıran şəxs) ola bilməz.[13] Amma əhli-kitabın zəbihəsi haqqında iki rəy mövcuddur. Əksər şiə fəqihləri onların kəsdikləri heyvanları haram və murdar hesab edirlər.[14] Şiə fəqihləri nasibiərin kəsimlərini də murdar və haram bilirlər;[15]
  • Heyvan kəsilməzdən qabaq sağ olmalıdır. Bir qrup fəqihlər deyirlər ki, heyvan kəsimdən sonra ayaq və yaxud bədənini tərpətməlidir ki, kəsilməzdən qabaq sağ olması bəlli olsun;[16]

Müsəlman fəqihlərin fətvasına görə, heyvanları yeni cihazlarla kəsmək olar. Amma kəsilmə zamanı Allahın adı deyilməli və kəsimin digər şərtlərinə də məsələn, dörd damarın kəsilməsinə riayət edilməlidir.[17] Həmçinin, onların rəyinə görə, şəriətə müvafiq kəsildiyi bilinməyən ət məhsulları müsəlmandan və yaxud müsəlman bazarından alınarsa, halaldır.[18]

Qaydalar

İzahlı şəriət məsələləri kitablarında heyvanların kəsiminə dair bəzi qaydalar qeyd edilmişdir:

Müstəhəb qaydalar

  • Heyvanı kəsən şəxs üzü qibləyə dayanmalı;[19]
  • Kəsim aləti iti olmalı və kəsim tez baş tutmalı;
  • Kəsimdən qabaq heyvanın önünə su qoyulmalı;
  • Heyvanı incidib, hörkütmədən kəsim üçün hazırlamalı;
  • Qoyun kəsilərkən iki əli və bir ayağı bağlanmalı və digər ayağı isə açıq qoyulmalı;
  • İnək kəsilərkən əl və ayaqları bağlanmalı və yalnız quyruğu sərbəst saxlanmalı;
  • Toyuğun başı kəsiləndən sonra qol-qanad çarpsın deyə sərbət buraxılmalıdır.[20]

Məkruh işlər

  • Can verməzdən qabaq heyvanın onurğa beynini kəsmək;
  • Heyvanı başqa bir heyvanın qarşısında kəsmək;
  • Xüsusi bəslənmiş heyvanı kəsmək;
  • Gecə ilə kəsim etmək;
  • Cümə günü zəvaldan (günəşin göyün tən ortasından qərbə doğru hərəkətinin başlaması) qabaq kəsim etmək;
  • Bıçağı boğazın arxasına sancıb qabağa çəkmək və bu minvalla onu arxadan kəsmək.[21]

Nəticələr

Müsəlman fəqihlərinin nəzərinə görə, əti halal olan heyvanları ancaq dini kəsimdən sonra yemək halal sayılır və bu zaman onların digər üzvləri də pak olur. Lakin əti haram olan heyvanlar şəriətə müvafiq tərzdə kəsiləndə təkcə bədən üzvləri pak olur və bəzi fəqihlərin rəyinə görə, onların dərisindən namazdan başqa hallarda istifadə etmək olar.[22] Habelə, dinə qeyri-müvafiq tərzdə kəsilən heyvan leş və murdar sayılır.[23]

Bəzi təhqiqatlara əsasən, dini kəsim ətin keyfiyyətinə müsbət təsir göstərir. Çünki, bu halda heyvanın bədənində qan az qalır və bu da digər qaydada icra edilən kəsimlərdən fərqli olaraq ətin keyfiyyətli və uzunmüddətli olmasına səbəb olur.[24]

Xristanlıqda və Yəhudilikdə heyvan kəsimi

Yəhudi dinində heyvanların kəsilməsinə dair bəzi şərtlər nəzərdə tutulmuşdur. Məsələn, Təlmudda deyilir ki, heyvan kəsimdən qabaq huşsuz və ya ayaq üstə dayana bilməyəcək qədər taqətsiz olmamalıdır.[25] Dini kəsimi ancaq yəhudi alimlərinin (hahamların) yanında təlim almış şəxs bir zərbə ilə və tez icra etməlidir.[26] Yəhudilikdə dini kəsim şexita (shechita) adlanır.[27] Xristianlıqda isə heyvan kəsiminə dair xüsusi göstəriş yoxdur.[28]

Bəzi ölkələrdə dini kəsim qadağası

Bəzi ölkələrdə, məsələn, Hollandiya,[29] Danimarka[30] və Belçikada[31] heyvanların islam və yəhudi dinlərinə müvafiq kəsilməsi qadağandır. Bu qanunun qəbul edilməsində məqsəd dini kəsim zamanı heyvanların ağrı-acı çəkməsinin qarşısını almaqdır.[32] Əlbəttə, İslam dinində bəzi kəsim qaydaları, xüsusi ilə bıçağın iti olması və sürətlikəsmə heyvanın daha az ağrı və acı hiss etməsi üçün nəzərdə tutulmuşdur.[33] Bəzi xristan ölkələrində kəsimdən qabaq heyvanın huşsuz edilməsi qanundur.[34] Şiə fəqihlərinə görə də dini kəsimdən qabaq, ölümünə səbəb olmasa, heyvanı huşsuz etmək olar.[35]

İstinadlar

  1. Bəni Haşim Xomeyni, Tözihul-məsail mərace, h.ş 1392, s.742
  2. Haşimi Şahrudi, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), h.ş 1382, c.3, s.702
  3. Səhrami, Təzkiyə, s.795
  4. Haşimi Şahrudi, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), h.ş 1382, c.3, s.701
  5. Maidə surəsi, ayə 3
  6. Haşimi Şahrudi, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), h.ş 1382, c.3, s.701
  7. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.11, s.473
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, s.36, s.113
  9. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, s.36, s.110
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, s.36, s.111; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.315
  11. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.11, s.470
  12. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.11, s.451
  13. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.11, s.451
  14. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.11, s.451; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.36, s.80
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.36, s.95
  16. Bəni Haşim Xomeyni, Tözihul-məsail mərace, h.ş 1392, c.2 s.745
  17. Bəni Haşim Xomeyni, Tözihul-məsail mərace, h.ş 1392, c.2 s.579 və 582
  18. Haşimi Şahrudi, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), h.ş 1382, c.2, s.427
  19. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.312
  20. Bəni Haşim Xomeyni, Tözihul-məsail mərace, h.ş 1392, c.2 s.580
  21. Bəni Haşim Xomeyni, Tözihul-məsail mərace, h.ş 1392, c.2 s.580 və 583
  22. Nəcəfi, Məcməul-rəsail, h.q 1415, s.77
  23. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.125
  24. Xəzərlu və başqaları, İslam kəsiminin prinsipləri və onun ətin keyfiyyətinin yaxşılaşdırılmasında rolu, s.80-84; Setari və başqaları, Halal kəsimlərin ətin keyfiyyətinə təsiri və digər kəsimlərlə müqayisəsi, s.36-38
  25. Doktor Abraham, Qonciyneyi əz Telmud, h.ş 1350, s.257
  26. Doktor Abraham, Qonciyneyi əz Telmud, h.ş 1350, s.257
  27. Şeyx Bəhayi, Hurmətu zəbaihi Əhlil-kitab, h.q 1410, s.50
  28. Səccadi, Zibh və nəhr dər fiqhe İslami, s.164-165
  29. ذبح اسلامی و یهودی در هلند غیرقانونی شد, BBC fars
  30. Denmark bans kosher and halal slaughter as minister says ‘animal rights come before religion, independent.co.uk
  31. Belgium Bans Religious Slaughtering Practices, Drawing Praise and Protest, nytimes.com
  32. ذبح اسلامی و یهودی در هلند غیرقانونی شد, bbc.com
  33. Xəzərlu və başqaları, İslam kəsiminin prinsipləri və onun ətin keyfiyyətinin yaxşılaşdırılmasında rolu, s.80-80
  34. Setari və başqaları, Halal kəsimlərin ətin keyfiyyətinə təsiri və digər kəsimlərlə müqayisəsi, s.150
  35. Setari və başqaları, Halal kəsimlərin ətin keyfiyyətinə təsiri və digər kəsimlərlə müqayisəsi, s.160-164

Ədəbiyyat

Xarici keçid