Məhrül-misl
Məhrül-misl, (ərəbcə: مَهرُ الْمِثل) əqd oxunduğu zaman mehriyyə təyin edilmədikdə və tərəflər arasında cinsi yaxınlıq baş verdikdə sonradan müəyyən edilən mehriyyədir. Məhrül-misl yalnız daimi nikaha aiddir və müvəqqəti nikahda (mütədə) belə bir mehriyyə anlayışı yoxdur. Əgər müvəqqəti nikah bağlanarkən mehriyyə təyin edilməzsə, bu nikah batil sayılır.
Fəqihlərin fətvasına əsasən, qadının məhrül-misli müəyyən edilərkən onunla eyni məqamda və ya sosial vəziyyəti oxşar olan digər qadınların mehriyyəsi əsas götürülür. Yaş, gözəllik, bakirəlik və ailə nüfuzu kimi meyarlar nəzərə alınaraq məhrül-misl təyin edilir.
Şiə mərcəyi-təqlidlərindən biri olan Ayətullah Məkarim Şirazinin fətvasına görə, qeyri-adekvat, həddən artıq yüksək mehriyyələr (məsələn, min ədəd qızıl sikkə) batildir və belə hallarda mehriyyə məhrül-mislə çevrilir.
Tərifi
Məhrül-misl, evlilikdən sonra təyin olunan mehriyyəyə deyilir. Belə bir mehriyyə o zaman yaranır ki, kişi və qadın daimi nikah bağlamış və yaxınlıq etmiş, lakin nikah müqaviləsində mehriyyə təyin etməmişlər.[1]
Məhrül-misl necə müəyyən edilir?
Fiqh alimlərinin fətvasına əsasən, bir qadının məhrül-misli onunla eyni sosial təbəqəyə və oxşar xüsusiyyətlərə malik qadınların mehriyyəsinə əsasən müəyyən edilir.[2] On üçüncü hicri-qəməri əsrinin şiə alimi Məhəmməd Həsən Nəcəfi bildirir ki, məhrül-misl müəyyən edilərkən qadının ailə mövqeyi, gözəlliyi, yaşı, bakirəliyi, var-dövləti və qadının mövqeyini fərqli edən hər hansı digər xüsusiyyət nəzərə alınmalıdır.[3]
Məhrül-misl hansı hallarda təyin edilir?
Fəqihlərin fətvalarına əsasən, aşağıdakı hallarda qadına məhrül-misl (oxşar mehr) verilir:
- Daimi nikahda, əgər mehriyyə təyin olunmayıbsa və cinsi yaxınlıq baş veribsə.[4] Müvəqqəti nikahda məhrül-misl yoxdur və nikah əqdi bağlanarkən mehriyyə müəyyən edilməzsə, əqd batildir.[5]
- Şübhəli cinsi yaxınlıq olarsa,[6] əgər şübhə hər iki tərəfə və ya təkcə qadına aid olarsa. Lakin əgər qadın bu yaxınlığın haram olduğunu bilsə, ona məhrül-misl düşmür.[7]
- Əgər mehriyyə qeyri-müəyyən və naməlum olarsa. Məsələn, mehriyyə olaraq Qurandan bir surənin öyrədilməsi göstərilərsə, amma həmin surə müəyyən edilməzsə, bu mehriyyə batil sayılır. Əgər cinsi yaxınlıq baş veribsə, kişi məhrül-misl ödəməlidir.[8]
- Əgər bir kişi mürtəd (dindən dönmüş) olarsa və arvadı ilə yaxınlıq etməyə haqqı olmadığını bilməzsə, Şeyx Tusi kimi bəzi fəqihlər hesab edirlər ki, o, həm məhrül-müsəmmanı (əqd oxunan zaman təyin edilmiş mehriyyəni), həm də məhrül-misli ödəməlidir.[9]
- Əgər ər-arvad və ya təkcə kişi İslamı qəbul edərsə, bəzi fəqihlər hesab edirlər ki, bu halda onların nikahı pozulur və cinsi yaxınlıq olubsa, qadına məhrül-misl verilməlidir.[10]
- Şiə mərcəyi-təqlidlərindən biri olan Məkarim Şirazi hesab edir ki, qeyri-adekvat, həddən artıq yüksək mehriyyələr (məsələn, min ədəd qızıl sikkə) batildir və belə hallarda mehriyyə məhrül-misl ilə əvəz olunur.[11]
İstinadlar
- ↑ Məkarim Şirazi, Kitabun-Nikah, h.ş 1382, c.6, s.39
- ↑ Məkarim Şirazi, Kitabun-Nikah, h.ş 1382, c.6, s.42
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.31, s.52
- ↑ Şübeyri Zəncani, Kitabun-Nikah, c.9, s.3111
- ↑ Məkarim Şirazi, Kitabun-Nikah, h.ş 1382, c.1, s.137
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.2, s.808; Şübeyri Zəncani, Kitabun-Nikah, c.4, s.1258
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.32, s.378-379
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.269
- ↑ Şübeyri Zəncani, Kitabun-Nikah, c.17, s.5600
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1425, c.8, s.162
- ↑ Məkarim Şirazi, Kitabun-Nikah, h.ş 1382, c.1, s.20
Ədəbiyyat
- Şübeyri Zəncani, Seyid Musa, Kitabun-Nikah, Qum, Rəy pərdaz müəssisəsi
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 3-cü çap, h.q 1425
- Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, 2-ci çap, h.q 1409
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, 2-ci çap, h.q 1408
- Məkarim Şirazi, Nasir, Kitabun-Nikah, Qum, h.ş 1382
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Mahmud Quçani, Beyrut, 7-ci çap
Xarici keçid
- بررسی ضوابط تعیین مهر المثل در فقه و قانون ایران, farsca məqalə