Fitri mürtəd

wikishia saytından


Fitri mürtəd (ərəbcə: المرتد الفطري), ata və ya anası və ya hər ikisi müsəlman olan, özü isə həddi-buluğa çatandan sonra İslam dinindən çıxan şəxsə deyilir. Kişi fitri mürtədin cəzası ölümdür. Lakin qadın tövbə edənə və ya ölənədək həbs edilir.

Əksər şiə fəqihlərinin rəyinə əsasən, kişi fitri mürtədin tövbəsi qəbul deyil. Lakin iyirminci əsr görkəmli şiə fəqihi Ayətullah Seyyid Əbülqasim Xoyiyə görə, onun tövbəsi qətlə yetirilməsi, nikahın pozulması və əmlakının vərəsələri arasında bölüşdürülməsi hökmünü qüvvədən salmasa da yenidən müsəlman olmasına və günahlarının əfv edilməsinə səbəb olur.

Məfhumu

Əsas məqalə: Mürtədlik

Fitri mürtəd, ata və ya anası və ya hər ikisi müsəlman olan, özü isə həddi-buluğa çatandan sonra İslam dinindən çıxan şəxsə deyilir.[1] Məşhur nəzərə əsasən, mürtədin ata və ya anası o, hələ mayalanma dövründə ikən müsəlman olmalıdır.[2] Bununla belə, Sahib əl-Cəvahir “Rəsail əl-Cəzayiri” kitabına istinadən çox nadir bir fikir nəql etmişdir. Sözükeçən kitabın müəllifinin fikrinə görə, mürtədin atası və ya anası və yaxud hər ikisi o, dünyaya gələn zaman müsəlman olmalıdır.[3]

Milli mürtəd məfhumu isə fitri mürtədin müqabilində keçir və mayalanma dövründə valideynləri müsəlman olmayan, özü isə həddi-büluğa çatandan sonra müsəlman olan, lakin yenidən dindən çıxan şəxsə deyilir.[4]

Cəzaları

Şiə fəqihlərinin məşhur nəzərinə əsasən, kişi fitri mürtədin cəzası ölümdür.[5] Eləcədə, fitri mürtədin əmlakı vərəsləri arasında bölüşdürülür, nikahı pozulur[6] və müsəlmandan irs aparma hüququndan məhrum edilir.[7]

Şiə fəqihlərinə görə, qadın fitri mürtədin hökmü ölüm deyil,[8] o, tövbə edənə və ya ölənə qədər həbs edilir[9] və eyni zamanda nikahı pozulur.[10]

Bir qrup şiə fəqihlərinə görə, dörd dəfə fitri mürtəd olan qadın edam edilir.[11] Lakin Ayətullah Seyid Əbülqasim Xoyiyə görə, dəfələrlə mürtəd olmasına rəğmən qadın ftri mürtədin hökmü edam deyil.[12]

Tövbə

Ayətullah Xoyinin bildirdiyinə əsasən, əksər fəqihlərin fikrincə kişi fitri mürtədin tövbəsi qəbul deyil.[13] Lakin hicri-qəməri təqvimi ilə dördüncü əsr şiə fəqihlərindən biri İbn Cuneyd İskafiyə görə, fitri mürtədin tövbə etməsi ilə edam hökmü qüvvədən düşür, əmlakı özünə qaytarılır və yenidən nikah oxumağa ehtiyac olmadan nikahı qüvvəyə minir.[14] Ayətullah Xoyiyə görə isə, fitri mürtəd tövbə etməklə yenidən müsəlman olsa da anacaq ölüm, nikahın pozulması və əmlakının vərəsələri arasında bölüşdürülməsi hökümləri qüvvədən düşmür.[15] Lakin tövbə onun axirət əzabından qurtulmasına, əbədi olaraq cəhənnəmdə qalmamasına, pak olmasına, müsəlman qadınla evlənmək və müsəlmandan irs aparmaq hüququna malik olmasına səbəb olur.[16]

Bu fəqihə görə, tövbə burada küfürdən peşman olmaq anlamına gəlir və peşmanlıq ifadə etmək isə mürtədliyin əməli cəzalarını, məsələn, edam hökmünü qüvvədən sala bilməz.[17] Habelə, o, bu fikirdədir ki, tövbə etməklə günahın mənəvi (təkvini) təsiri yox olur, lakin tövbə etməklə şəriətin nəzərdə tutduğu cəzanın qüvvədən düşməsinə dair heç bir dəlil yoxdur.[18] Yenə də onun bildirdiyinə görə, mürtədin müsəlmanlığı və edam hökmü arasında heç bir ziddiyyət yoxdur. Çünki, belə oxşar məsələlər mövcuddur. Məsələn, ləvat (kişinin həmcinsi ilə cinsi əlaqəsi) edən müsəlmanın cəzası edamdır və tövbə etməklə ona dair bu höküm qüvvədən düşmür.[19]

Əlaqədar məqalə

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.602
  2. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.15, s.23; Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.224
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.605
  4. Şəhid Sani, Ər-rövzətul-bəhiyyə, h.q 1410, c.8, s.30; Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.224
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.605
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.605
  7. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, c.4, h.q 1429, s.102
  8. Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1428, c.1, s.399
  9. Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1428, c.1, s.399
  10. Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1428, c.1, s.399
  11. Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1428, c.1, s.401
  12. Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1428, c.1, s.401
  13. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.224
  14. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.224
  15. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.224
  16. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.227
  17. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.225
  18. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.226
  19. Xoyi, Ət-Tənqiyhu, h.q 1413, s.228

Ədəbiyyat

  • Xoyi, Əbül-Qasim, Ət-tənqiyhu fi şərhil-ürvətil-vüsqa, Qum, Darul-Hadi, h.q 1413
  • Xoyi, Əbül-Qasim, Məbaniyu təkmilətil-minhac, Qum, h.q 1428
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriə fi fiqhil-İmamiyyə, Qum, h.q 1404
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, İslami məarif müəssisəsi, h.q 1413
  • Musəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-hudud vət-təzirat, Qum, Camətul-Mufid, h.q 1429
  • Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Təəhqiq: İbrahim Sultani, Beyrut, h.q 1362

Xarici keçid