Hicab ayəsi
Ayənin adı | Hicab ayəsi |
---|---|
Yerləşdiyi surə | Nur surəsi |
Ayənin nömrəsi | 31 |
Cüz | 18 |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Fiqh |
Barəsində | Hicabın vacib olması |
Sair | Cilbab ayəsi |
Hicab ayəsi (ərəbcə: آية الحجاب) - Nur surəsi, 31-ci ayə, qadınların hicablı olmasının vacibliyindən bəhs edir. Bu ayə Qurani-Kərimdə fəqihlərin hicabın vacib olmasına dair dəlillərindən biridir. Həmçinin bəzi fəqihlər "illa ma zəhərə minha" (naçarlıqdan görünən istisna olmaqla) ifadəsinə əsaslanaraq deyiblər ki, bu ayədə qadına üzünü və əllərini biləkdən aşağı örtməsi vacib deyildir.
Hicabla bağlı digər ayələr də mövcuddur. Onlardan biri də "Əhzab" surəsinin 59-cu ayəsidir ki, bu da "Cilbab ayəsi" adlanır.
Hicab ayəsinin mətni və tərcüməsi
“Nur” surəsinin 31-ci ayəsi “Hicab” ayəsi kimi tanınır.[1] Bu ayənin nazil olması ilə hicabın qadınlara vacib olduğu deyilir.[2]
وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini (ondan) çevirsinlər və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız
Nur surəsi, ayə 31
Fiqhi tətbiqi
Fiqh kitablarında qadınların hicabının vacibliyini və onun bəzi hökmlərini, o cümlədən hicabın sərhədlərini ifadə etmək üçün bu ayəyə istinad edilmişdir.[3] Fiqh alimlərinin fikrincə "la yubdinə zinətəhunnə") zinət və zinət yerlərini göstərməsinlər) ifadəsi qadın üçün hicabın vacibliyinə dəlalət edir.[4] Həmçinin bəzi şiə fiqh alimləri, o cümlədən Şeyx Ənsari, Şəhid Sani və Əllamə Hillinin fikrincə "illa ma zəhərə minha" (naçarlıqdan görünən istisna olmaqla) ifadəsi üz və əlləri (biləkdən aşağı) örtməyin vacibliyindən istisna edir.[5]
Nazilolma səbəbi
Bu ayənin nazil olma hekayəsi haqqında Cabir ibn Abdullah Ənsaridən rəvayət edilmişdir ki, bir gün bir qrup qadın, örtüyü münasib olmayan bir halda Mürşidənin qızı Əsmanın yanına gəlmişdilər. Belə ki, onların ayaq zinətləri (halqaları), boyunları və sinə çıxıntıları aşkar idi. Əsma bu davranışdan narahat oldu və onları qınadı. Bundan sonra ayə nazil oldu.[6] Quran təfsirçisi Təbərsi də bu mövzuda yazır ki, bu ayə nazil olmazdan əvvəl qadınlar örtüklərini başlarına elə atırdılar ki, onun ucları arxalarına düşürdü və bu səbəbdən onların boyunları və sinələri görünürdü.[7]
Təfsir qeydləri
Müfəssirlərin dediyinə görə "la yubdinə zinətəhunnə" (zinət və zinət yerlərini göstərməsinlər) ifadəsində "zinəti aşkar etməmək"dən məqsəd bədənin adətən zinətləndirilən hissələrini (məsələn, qulaq və boyun) göstərməməkdir, təkcə zinət əşyalarını göstərmək deyil. Çünki təkcə zinət əşyalarını (məsələn, sırğanı) göstərmək haram deyil.[8] "Xumur" sözü isə "ximar" kəlməsinin cəm formasıdır və qadınların başlarını örtmək üçün istifadə etdikləri örtük mənasını daşıyır.[9] "Vəl yəzribnə bi xumurihinnə əla cuyubihinnə" (gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini çəkib yaxalarına salsınlar) ifadəsində qadınlara örtüklərini başlarından sinələrinə qədər çəkmələri əmr edilmişdir ki, saçları, qulaqları və boyunları görünməsin.[10] "Nurus-Səqəleyn" təfsirində İmam Baqirdən (ə) "la yubdinə zinətəhunnə illa ma zəhərə minha" (naçarlıqdan görünən istisna olmaqla zinət və zinət yerlərini göstərməsinlər) ayəsinin təfsiri haqqında üç növ zinət göstərilmişdir:
1. Xalq üçün zinət, məsələn: sürmə, üzük, qolbaq, və əlin içinə çəkilmiş xına.
2. Məhərrəmlər üçün zinət, məsələn: boyunbağı, üz zinətləri, qolbaq və əl zinətləri.
3. Həyat yoldaşı üçün zinət, yəni bütün bədən.[11]
Cilbabla örtünmə
"Əhzab" surəsinin 59-cu ayəsi də hicab haqqında danışır və bu ayə "Cilbab ayəsi" kimi tanınır.[12] Bu ayədə qadınlardan cilbabla örtünmələri tələb edilmişdir.[13] Lüğət alimlərinin fikrincə, cilbab baş örtüyündən böyük, lakin "rida"dan (üst geyim və əbadan) kiçik bir paltardır ki, qadınlar onu başlarına ataraq sinələrini örtürdülər.[14]
Əlaqədar məqalələr
İstinadlar
- ↑ Baxın: Mərkəze fərhəng və məarife Quran, Dayrətul-məarife Qurani-Kərim, h.ş 1382, c.1, s.381; Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.129
- ↑ Səidi, Hicab (1), s.604
- ↑ Nümunə üçün baxın: Xoyi, Musuətul-İmam-Xoyi, h.q 1418, c.32, s.36-47; Əllamə Hilli, Təzkirətul-füqəha, c.2, s.446-447
- ↑ Xoyi, Musuətul-İmam-Xoyi, h.q 1418, c.32, s.36
- ↑ Şeyx Ənsari, Kitabun-Nikah, h.q 1415, s.46-47; Şəhid Sani, Məsalik, h.q 1413, c.7, s.47; Əllamə Hilli, Təzkirətul-füqəha, c.2, s.446-447
- ↑ İbn Əbi Hatəm, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.8, s.2573
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.217
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.217; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.111
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.217; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.112
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.217
- ↑ Hüveyzi, Təfsiru nuris-səqəleyn, h.q 1415, c.3, s.529
- ↑ Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.126
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.339; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.581
- ↑ Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.2, s.24, جلب sözünün mənası
Ədəbiyyat
- Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili, Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev, Dürdanə Cəfərl
- İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-Əzim, 3-cü çap, h.q 1419
- Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, Qum, 1-ci çap, h.ş 1394
- Hüveyzi, Əbdü Əli ibn Cümə, Təfsiru nuris-səqəleyn, Qum, İsmailiyyan nəşri, 4-cü çap, h.q 1415
- Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-İmam-Xoyi, Qum, 1-ci çap, h.q 1418
- Səidi, Fəridə, Hicab (1), Dər daneşnameye cəhane İslam, c.12, Tehran, 1-ci çap, h.ş 1387
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 1-ci çap, h.q 1413
- Şeyx Ənsari, Mürtəza, Kitabun-Nikah, Qum, h.q 1415
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
- Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Tehran, 3-cü çap, h.ş 1375
- Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1414
- Mərkəze fərhəng və məarife Quran, Dayrətul-məarife Qurani-Kərim, Qum, Bustane ketab, h.ş 1382