Məzmuna keç

İki bacı ilə evlənmək

wikishia saytından
(Xanımın bacısı ilə evlənmək səhifəsindən yönləndirilmişdir)

İki bacı ilə evlənmək, (farsca: ازدواج با دو خواهر) İslam dinində o zaman haramdır ki, iki bacı eyni anda bir kişinin həyat yoldaşı olsun.[1] Fəqihlərin bu evliliyin haram olduğunu sübut etmələri üçün əsas, "Nisa" surəsinin 23-cü ayəsirəvayətlərdir[2] ki, iki bacı ilə eyni zamanda evliliyin istər daimi, istər müvəqqəti formada haram olmasına açıq şəkildə işarə edir.[3] Buna əsasən, əgər bir kişi həyat yoldaşını boşasa və ya müvəqqəti nikahda razılaşdırılmış müddətin qalan hissəsini ona bağışlasa, iddə müddəti bitdikdən sonra keçmiş həyat yoldaşının bacısı ilə evlənməsi maneəsiz olar.[4]

Fəqihlərin fikrincə, bu hökmə daxil olan bacılıq əlaqəsi ata bir, ana bir və ya süd bacılığı ola bilər.[5] Bəzi şiə fəqihləri hesab edirlər ki, əgər iki bacı ilə eyni anda nikah əqdi bağlanarsa, hər iki nikah batil sayılır.[6] Əgər əqdlər biri digərindən sonra bağlanarsa, ikinci nikah batil olacaq.[7] Şiə fəqihlərindən Cavad Amuli bildirir ki, əgər bir şəxs bu əməlin haram olduğunu bilərək bu nikahı bağlasa, təkcə nikah batil sayılmır, həm də günah işləmiş olur.[8]

Şiə rəvayətlərinə əsasən, İmamlar (ə) bu əməli qadağan etmişlər. "Vəsailuş-Şiə" kitabında baldızla evlənmənin hökmü barədə 23 rəvayət nəql olunmuşdur.[9] "Sahibi Cəvahir" bu rəvayətlərdən ikisini qeyd edərək bildirir ki, bəzi hallarda İmamlar (ə) təqiyyə səbəbilə bu evliliyin haram olduğunu açıq şəkildə bəyan etməmişlər).[10]

Şiə mərcəyi-təqlidlərindən Nasir Məkarim Şirazi ehtimal edir ki, eyni anda iki bacı ilə evliliyin haram olmasının səbəbi onların arasında ziddiyyət və rəqabətin qarşısını almaq və beləliklə, bacılar arasındakı mənəvi bağlılığı qorumaqdır.[11] "Nisa" surəsinin 23-cü ayəsində baldızla evliliyin haram olduğuna dair hökm bildirildikdən sonra, bu ayənin nazil olmasından əvvəl baş vermiş evliliklər istisna edilir.[12] Şeyx Tusi "Tibyan" təfsirində və Təbərsi "Məcməül-bəyan" təfsirində bu ayədə istisna edildiyi nəzərdə tutulan keçmiş evlilik nümunəsinin Yəqub peyğəmbərin (ə) Rahil və Liya adlı iki bacı ilə evlənməsi olduğunu qeyd edirlər.[13]

Bildirilir ki, bu ayə nazil olmazdan əvvəl eyni anda iki bacı ilə evlənmək adi bir hal idi. Lakin ayə nazil olduqdan sonra belə evlilik etmiş şəxslər dərhal bacılardan birindən ayrılmalı idilər. Bununla belə, onlara heç bir cəza tətbiq olunmur və həmin evliliklərdən doğulan uşaqlar halal sayılırlar.[14]

Əlaqəli məqalələr

İstinadlar

  1. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.7, s.289; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.356; Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.11, s.180
  2. Amili, Vəsailuş-şiə, h.ş 1412, c.20, s.476-486
  3. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.7, s.289
  4. Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.11, s.181; Həkim, Minhacus-salihin, h.q 1415, c.3, s.27
  5. Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.34; Ruhani, Fiqhus-Sadiq (ə), h.q 1412, c.21, s.244
  6. Şəhid Sani, ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.5, s.187
  7. Sistani, Minhacus-salihin, h.q 1417, c.3, s.60; Ruhani, Fiqhus-Sadiq (ə), h.q 1412, c.21, s.249
  8. Cəvadi Amuli, Dərs-xaric "Məbhəse cəm beyne uxteyn, Fəqahət mədrəsəsinin saytı
  9. Amili, Vəsailuş-şiə, h.ş 1409, c.20, s.476-486
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.356
  11. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.3, s.331
  12. Nisa surəsi, ayə 23
  13. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.49; Tusi, Ət-Tibyan, c.3, s.160
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.3, s.331

Ədəbiyyat

  • Qurani-Kərim
  • Ruhani, Seyyid Sadiq, Fiqhus-Sadiq (ə), Qum, 1-ci çap, h.q 1412
  • Həkim, Seyyid Məhəmməd Səid, Minhacus-salihin, Beyrut, 1-ci çap, h.q 1415
  • Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam fi mərifətl-həlali vəl-hərami, Qum, Came müdərrisin, 1-ci çap, h.q 1413
  • «درس خارج فقه آیت الله جوادی آملی مبحث جمع بین اختین», Fəqahət mədrəsəsinin saytı
  • Sistani, Seyyid Əli, Minhacus-salihin, Qum, 5-ci çap, h.q 1417
  • Şəhid Sani, Zeynuddin ibn Əli, ər-Rəvzətul-bəhiyyə, Davəri, Qum, 1-ci çap, h.q 1410
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 1-ci çap, h.q 1413
  • Təbatəbai, Seyyid Əli, Riyazul-məsail, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1418
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, İran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Beyrut, 1-ci çap
  • Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Alul-beyt müəssisəsi, Qum, 1-ci çap, h.ş 1409
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404