Hizb (Quran)

wikishia saytından
(Quranın hizbi səhifəsindən yönləndirilmişdir)

Hizb (farsca: حِزب) Quranın bölmələrindən biridir.[1] Quranın hər bir cüzü bir neçə hizbə bölünür.[2] Bəzi Quranlarda hər bir cüz iki hizbə bölünür[3] ki, bu bölgüyə görə Quran 60 hizbdən ibarət olur.[4] Digərləri isə hər cüzü dörd hizbə bölüblər. Buna görə də Quran 120 hizbdən ibarət olur.[5] Həmçinin hər bir hizb dörd hissəyə bölünür ki, onların hər biri "rub" dörddəbir adlanır.[6] Bu bölgü ayələrə əsasən edilir.[7] Əhli-sünnənin bəzi hədis mənbələrinin Ömər ibn Xəttabdan nəql etdiyi bir rəvayətə görə, Hizb termini Peyğəmbərin (s) dövründə və onun təbirlərində işlədilib. Həmçinin müsəlmanlar hər gün Qurandan bir hizb oxuyurdular. Əlbəttə ki, bu rəvayətdə hizbin miqdarı qeyd olunmur.[8]

Quranda bir hizbin başlamasına işarədir

Bəzi ölkələrdə, məsələn, İranda Quranın hər bir hizbi ayrıca çap olunur və bu çapların cəminə 120 hissəli Quran deyilir. Bu Quranlardan yas məclislərində istifadə olunur.[9] Əlbəttə ki, Seyid Məhəmmədhüseyn Tehrani (vəfatı: hicri 1416-cı il) xətm məclislərində Quranın hissə şəklində paylanmasının əleyhinə idi. O, bu üsulun Yezid ibn Müaviyənin dövründən bəri geniş yayıldığını hesab edirdi və xətm məclislərində Qurandan kamil şəkildə istifadə edilməsinin zərurətini bildirirdi.[10]

Quranı müxtəlif cüzlərə və hizblərə bölməkdə məqsədin qarini daha çox oxumağa[11] təşviq etmək, Quranı əzbərləməyi[12] və öyrətməyi asanlaşdırmaq üçün olduğu bildirilir.[13] Quranın cüzlərə və hizblərə bölünməsi fikri Məmun Abbasiyə (vəfatı: 218-ci hicri) nisbət verilmişdir. Baxmayaraq ki, bəziləri bunu Həccac ibn Yusif Səqəfiyə (vəfatı: hicri 95-ci il) aid etmişlər.[14] Quranın cüzlərə və hizblərə bölünməsinin çatışmazlıqları arasında qiraətin sözün ortasında bitməsi və ya qiraətin mətnin ortasından başlanması olduğu bildirilir.[15]

"Əz-Ziyadə vəl-İhsan fi Ulumil-Quran" kitabının müəllifinin dediyinə görə, Peyğəmbərin (s) səhabələri Quranı bir həftəyə bitirmək üçün onu yeddi hissəyə bölmüşdülər və hər biri hissəsi hizb adlanırdı.[16] Bu bölgü surələrə əsasən aparılmışdır.[17] Bu bölgü növünə görə birinci hizbə (Həmd surəsi istisna olmaqla) Quranın ilk üç surəsi  daxil idi. İkinci hizbə sonrakı beş surə, üçüncü hizbə sonrakı yeddi surə, dördüncü hizbə sonrakı doqquz surə, beşinci hizbə sonrakı on bir surə, altıncı hizbə sonrakı on üç surə və müfəssəl hizb adlandırılan yeddinci hizbə (Qaf surəsindən Quranın sonuna qədər) qalan surələr şamil edilirdi.[18] Yeddi hissəyə bölünən digər bölgülər də bəzi səhabələrdən nəql edilmişdir.[19] Bu münasibətlə Quranın insanın özünü oxumağa məcbur etdiyi hər bir hissəsinin hizb olduğu deyilir.[20]

İstinadlar

  1. Təyyar, Əl-Muhərrəru fi ulumil-Quran, h.q 1429, s.249
  2. Saleh, Məbahisu fi ulumil-Quran, h.ş 1372, s.97
  3. Zurqani, Mənahilul-İrfan, h.q 1424, c.1, s.403
  4. Cərmi, Mucəmu ulumil-Quran, h.q 1422, s.14
  5. Mustəfid, Təqsimate Qurani, h.ş 1384, s.41
  6. Zurqani, Mənahilul-İrfan, h.q 1424, c.1, s.403
  7. Dəxil, İqraul-Quranil-Kərim, h.q 1429, s.120-121
  8. Malik, Əl-Muvəttə, h.q 1425, c.2, s.280
  9. Dəhxoda, Lüğətnamə, Sədo bist pare sözünün şərhi
  10. https://maktabevahy.org
  11. Siyuti, Əl-İtqanu fi ulumil-Quran, h.q 1394, c.1, s.222; Misri, Fiqhu qiraətil_Quran, h.q 1418, s.15
  12. Xüzeyri, Təfsirut-tabein, h.q 1420, c.2, s.1145
  13. Mustəfid, Təqsimate Qurani, h.ş 1384, s.41
  14. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.1, s.360
  15. Təyyar, Əl-Muhərrəru fi ulumil-Quran, h.q 1429, s.249
  16. Əqilə, Əz-Ziyadə vəl-ihsan, h.q 1427, c.2, s.253
  17. Dəxil, İqraul-Quranil-Kərim, h.q 1429, s.120-121
  18. Həddad, Ət-təcdidu fil-itqan vət-təcvid, h.q 1424, s.65
  19. Mustəfid, Təqsimate Qurani, h.ş 1384, s.30-32
  20. Məcidi, İzhabul-həzən, s.429

Ədəbiyyat

  • Cərmi, İbrahim, Mucəmu ulumil-Quran, Dəməşq, 1-ci çap, h.q 1422
  • Həddad, Məhəmməd ibn Əli, Ət-təcdidu fil-itqan vət-təcvid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Xüzeyri, Məhəmməd ibn Abdullah, Təfsirut-tabein, Riyad, h.q 1420
  • Dəxil, Abdullah, İqraul-Quranil-Kərim, Ciddə, h.q 1429
  • Dəhxoda, Əli Əkbər, Lüğətnamə
  • Zurqani, Məhəmməd Əbdül-Əzim, Mənahilul-İrfan, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əl-İtqanu fi ulumil-Quran, h.q 1394
  • Saleh, Sübhi, Məbahisu fi ulumil-Quran, Qum, h.ş 1372
  • Təyyar, Məsaid ibn Süleyman, Əl-Muhərrəru fi ulumil-Quran, 2-ci çap, h.q 1429
  • Əqilə, Məhəmməd ibn Əhməd, Əz-Ziyadə vəl-ihsan, 1-ci çap, h.q 1427
  • Malik ibn Ənəs, Əl-Muvəttə, 1-ci çap, Darul-iman, h.q 1425
  • Mustəfid, Məhəmməd Rza, Təqsimate Qurani, Tehran, h.ş 1384
  • Misri, Səid, Fiqhu qiraətil-Quran, Qahirə, 1-ci çap, h.q 1418
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, h.ş 1388