Əhkam ayələri

wikishia saytından

Əhkam ayələri (ərəbcə: آيات الأحكام) və ya Quran fiqhi (ərəbcə: فقه القرآن) şəriət hökmlərini bəyan edən və ya şəriət hökmləri çıxarılan ayələrdir. Şəriət hökmü dedikdə məqsəd etiqadi və əxlaqi hökmlər yox, namaz, zəkatcihad kimi əməli hökmlərdir. Məlumdur ki, Quranın beş yüz ayəsi Əhkam ayələri sırasındadır.

Quran, fiqhin ilk mənbəyidir. Rəvayətlərə görə, dinin əməli hökmlərini mənimsəmək üçün Qurana müraciət etmək Peyğəmbərin (s) dövründən bəri səhabələr arasında geniş yayılmışdı. Bəzi hallarda imamlar (ə) Quran ayələrinə istinad edərək şəriətin hökmünü insanlara bəyan edirdilər. Ayatul-əhkam haqqında ilk əsər İmam Baqir (ə)İmam Sadiqin (ə) səhabələrindən olan Məhəmməd ibn Saib Kəlbi (vəfatı: h. q. 146) tərəfindən yazılıb.

Quran fiqhinə dair çoxlu kitablar yazılıb ki, onların çoxu “Ayatul-əhkam” adlanır. Bu əsərlərin müəllifləri “Əhkam ayələri”nin xüsusiyyətlərinə görə onları bir neçə kateqoriyaya ayırıblar. Məsələn, çox hökmlü ayələr bir kateqoriyaya, bir hökmü olan ayələr isə başqa bir kateqoriyaya aid edilib. Bəzi “Əhkam ayələri”inin nəsx edildiyi və onların yerinə yeni bir hökmün gəldiyi söylənir. “Nəcva” (Pıçıltı) ayəsi kimi.

Tərif

Quranın şəriət hökmlərindən bəhs edən və ya onlardan şəriət hökmü çıxarılması mümkün olan ayələrinə “Ayatul-əhkam”,[1] başqa sözlə, “Fiqhul-Quran” deyilir.[2] Şəriət hökmləri dedikdə əxlaqi və ya etiqadi hökmlər yox,[3] namaz, oruc, cihad, zəkat kimi əməli hökmlər nəzərdə tutulur. Qeyd edək ki, “Ayatul-əhkam” kəlməsi əməli hökmlərdən bəhs edən bir çox kitabların adıdır.[4]

Quran hökmlərin ilk mənbəyidir

Quran İslam fiqhinin ilk və ən əsas mənbəyi və istinadgahıdır.[5] Quranı din haqqında məlumat mənbəyi və halalharamı özündə ehtiva edən bir kitab kimi tanıdan bir çox ayə və rəvayətlər var.[6] Eyni zamanda əxbari adlanan bəzi şiələr belə hesab edirlər ki, hədislər şəriət hökmlərini əldə etmək üçün yeganə mənbə və istinadgahdır və Quranı yalnız hədislər vasitəsilə öyrənmək lazımdır. Birbaşa Qurana istinad etmək və onun Əhli-beytin (ə) təfsirindən asılı olmayaraq istifadəsi qadağandır.[7]

Şəriət hökmlərinin bütün təfərrüatları Quranda yoxdur. Quranda qeyd olunanlar şəriətin ümumi qayda-qanunlarıdır ki, onların təfərrüatlarını məsumların rəvayətlərindən əldə etmək olar.[8] Məsələn, namazın vacibliyi hökmünü Quran ayələrindən götürmək olar. Amma neçə rükət olması, onun hansı əsaslarının olması və orada hansı zikrləri oxumağın lazım olduğu hədislərdə qeyd olunub.

Tarix

Hədislərdə qeyd edilənlərə əsasən,[9] Qurana istinad etmək və ondan hökm çıxarmaq Peyğəmbərin (s) dövründən və Quranın nazil olduğu zamandan başlayıb, səhabələr və imamların (ə) ətrafı arasında geniş yayılıb. Bir çox hallarda imamlar Quran ayələrinə istinad edərək şəriət hökmünü insanlara bildirirdilər. Məsələn, rəvayətə görə, Əbdül-Əla İmam Sadiqə (ə) deyir ki, mən yıxıldım, ayaq barmağımın dırnağı qopdu və onu bağlamalı oldum. İndi dəstəmaz almaq üçün nə edim? İmam buyurur: “Bu və bənzər hökmləri bu ayədən anlamaq olar: “(Allah) bu dində də sizin üçün heç bir çətinlik yaratmadı”.[10] Həmin (bağlı yara) üzərinə məsh çəkin”.[11]

Şiə fəqihləri şəriət hökmlərini çıxarmaq üçün həmişə Qurana və onun fiqhi ayələrinə istinad ediblər. Amma Ayatul-əhkam sahəsində müstəqil əsərlərin yazılması hicri-qəməri ikinci əsrə təsadüf edir. Deyilənə görə, bu mövzuda ilk kitabı İmam Baqirİmam Sadiqin (ə) səhabələrindən olan Məhəmməd ibn Saib Kəlbi (vəfatı: h. q. 146) qələmə alıb.[12]

Say və mövzular

Ayatul-əhkamın sayı ilə bağlı müxtəlif fikirlər var. Bəzi rəvayətlərdə Quranın dörddə birinin şəriət hökmlərindən bəhs etdiyi,[13] bəzilərində isə ayələrin üçdə birinin belə olduğu bildirilir.[14] Şiə fəqihləri arasında məşhurdur ki, Əhkam ayələri beş yüz ayədir (Quran ayələrinin təxminən on üçdə biri). Eyni zamanda bildirilib ki, bununla bağlı dəqiq rəqəm söyləmək mümkün deyil. Çünki bir fəqih bir ayədən hökm çıxara bilər, digəri isə xeyir.[15] Ola bilsin ki, beş yüz rəqəmini bildirən ilk şəxs Müqatil ibn Süleymandır (vəfatı: h. q. 150).[16] Əhkam ayələri arasında ən uzun ayə həm də Quranın ən uzun ayəsidir. Bu ayə “Bəqərə” surəsinin “Dəyn ayəsi” kimi tanınan 282-ci ayəsidir.

Ayatul-əhkam mövzuları haqqında da deyilir ki, “Ayatul-əhkam” və “Fiqhul-Quran” kitablarında qeyd olunan başlıqlara və mövzulara ötəri nəzər saldıqda bu mövzuların fiqh elmində və fiqh kitablarında qeyd olunan mövzularla eyni olduğu aydın olur. Məsələn, təharət, namaz, oruc, xüms, zəkat, nikahirs kimi mövzular.[17]

Aşkar nümunələr

Məşhur şəriət hökmlərinin açıq şəkildə bəyan olunduğu ayələrdən nümunələr:

* Dəstəmaz ayəsi: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və əllərinizi dirsəklərə qədər yuyun, başınıza və ayaqlarınıza topuqlara qədər məsh çəkin”.[18]

* Təyəmmüm ayəsi: “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmusunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”.[19]

* Xüms ayəsi: “Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur....”.[20]

* Oruc ayəsi: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.[21]

Ayələrin bölgüsü

Şiə fəqihləri Əhkam ayələrini xüsusiyyətlərinə görə bir neçə kateqoriyaya ayırıblar. Məsələn, bu ayələri hökm növünə görə dörd qrupa bölürlər: 1. Xüsusi hökm ifadə edən ayələr; 2. Ümumi hökm ifadə edən ayələr; 3. Fiqhi qaydanın götürüldüyü ayələr; 4. Üsul qaydasının çıxarıldığı ayələr.[22]

Digər bir bölgü isə hökmün bəyanına əsasən aparılır: 1. Bir hökmü açıq-aşkar bildirən ayələr; 2. Qınamaqla, hədələməklə və ya vəd verməklə oxucuya hökm anladan ayələr; 3. Əmr və qadağan edən ayələr; 4. Hökmdən xəbər verən və hekayət edən ayələr.[23] Əhkam ayələri həmçinin nazil olma səbəbinin olub-olmamasına, bir və ya bir neçə hökmə şamil olub-olmamasına görə də təsnif edilir.[24]

Bəzi ayələrin nəsx olması (hökmünün qüvvədən düşməsi)

Şiə alimləri Quranın bəzi ayələrinin nəsx edildiyinə inanırlar. Hərçənd, onların hansı ayə olmasında fikir ayrlılıqları var. Nəsx, başqa bir hökmün gəlməsi ilə bir hökmü ləğv etmək deməkdir. Belə ki, ikinci hökm gəlməsə, birinci hökm Qiyamətə qədər qalır. Quranın özü iki ayədə (“Bəqərə” surəsinin 106-cı“Nəhl” surəsinin 101-ci ayəsində) nəsxdən söhbət açır.[25] Amma çox az adam Quranın rəvayət yolu ilə nəsx edildiyini qəbul edir. Nəsx edildiyi bildirilən ayələrdən bəziləri bunlardır:[26] “Ənfal” surəsinin 65-ci ayəsində kafirlərlə cihaddan bəhs edilir və bildirilir ki, hər bir İslam mücahidi on nəfərə qarşı döyüşsün. Sonra növbəti ayədə bu sayı aşağı salır və bildirir ki, hər kəs iki nəfərə qarşı döyüşsün. “Bəqərə” surəsinin 144-cü ayəsində qeyd olunan qiblənin dəyişdirilməsi məsələsi bu qəbildəndir. Həmçinin, “Nəcva” ayəsi Peyğəmbərlə (s) pıçıldaşanda sədəqəni vacib edir və sonra bu hökm qaldırır.[27]

Biblioqrafiya

Ayatul-əhkam haqqında çoxlu kitablar yazılıb. Onların bir çoxu “Ayatul-əhkam” və ya “Əhkamul-Quran” adlanır. Quran və quranşünaslıq ensiklopediyasında bu sahədə şiə və sünni müəlliflərinin 108 kitabından bəhs edilir.[28] Deyilənə görə, “Əhkam” ayələri haqqında ilk (kitab) yazan şəxs hicri-qəməri 2-ci əsrdə İmam Baqirİmam Sadiqin (ə) səhabəsi olan Məhəmməd ibn Saib Kəlbi (vəfatı: h. q. 146) olub.[29] Həmçinin, Muqatil ibn Süleymanın (vəfatı: h. q. 150) "Təfsiri-xəmsəmiə ayə fil-əhkam" kitabının adı çəkilir ki, o da həmin dövrə təsadüf edir.[30] Qütbuddin Rəvəndinin (vəfatı: h. q. 573) yazdığı “Fiqhul-Quran” əsəri, Fazil Miqdadın (vəfatı: h. q. 826) “Kənzul-irfan fi fiqhil-Quran və Müqəddəs Ərdəbilinin (vəfatı: h. q. 993) “Zubdətul-bəyan” əsəri Əhkam ayələri mövzusunda yazılan ən məşhur və mühüm əsərlərdəndir.[31]

İstinadlar

  1. Muini, Ayatul-əhkam, s.1
  2. Fakir, Dər amədi bər ayatul-əhkam, s.41
  3. Fəxəli, Costari dər tarixe təfsire ayatul-əhkam, s.348
  4. Ağa Bozorg Tehrani, Əz-Zəriə, c.1, s.42-44
  5. İslami, Mədxəle elme fiqh, s.81
  6. Sadiqi Fədəki, Pənc didqahe mətrəh dərbareye tedade ayatul-əhkame Qurane Kərim, s.37
  7. İslami, Mədxəle elme fiqh, s.89
  8. Təbatəbai, Şiə dər İslam, s.108
  9. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1409, c.16, s.537, hədis 45796; Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, 23-cü bab, hədis 1 və bab 39, hədis 5
  10. مَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَ‌جٍ, Həcc surəsi, ayə 78
  11. İslami, Mədxəle elme fiqh, s.92
  12. Ağa bozorg Tehrani, Əz-Zəriə, c.1, s.41
  13. نَزَلَ الْقُرْآنُ أَرْبَعَةَ أَرْبَاعٍ رُبُعٌ فِينَا وَ رُبُعٌ فِي عَدُوِّنَا وَ رُبُعٌ سُنَنٌ وَ أَمْثَالٌ وَ رُبُعٌ فَرَائِضُ وَ أَحْكَام‏, Kuleyni, c.2, s.628
  14. نَزَلَ الْقُرْآنُ أَثْلَاثاً ثُلُثٌ فِينَا وَ فِي عَدُوِّنَا وَ ثُلُثٌ سُنَنٌ وَ أَمْثَالٌ وَ ثُلُثٌ فَرَائِضُ وَ أَحْكَام‏, Kuleyni, c.2, s.628
  15. İrəvani, Durusun təmhidiyyə, c.1, s.19
  16. Sadiqi Fədəki, Pənc didqahe mətrəh dərbareye tedade ayatul-əhkame Qurane Kərim, s.40
  17. Fakir, Dər amədi bər ayatul-əhkam, s.49
  18. Maidə surəsi, ayə 6
  19. Maidə surəsi, ayə 6
  20. Ənfal surəsi, ayə 41
  21. Bəqərə surəsi, ayə 183
  22. Fakir, Dər amədi bər ayatul-əhkam, s.42-43
  23. Muini, Ayatul-əhkam, s.2-3
  24. Fakir, Dər amədi bər ayatul-əhkam, s.42-43
  25. İslami, Mədxəle elme fiqh, s.97-98
  26. Fakir, Dər amədi bər ayatul-əhkam, s.49
  27. Qurani Kərim, Farscaya tərcümə, Tozihat və vaje name əz Xürrəmşahi, s.17
  28. Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1795-1801
  29. Ağabozorg Tehrani, Əz-zəriə, c.1, s.41
  30. Fazil, Məsalikul-əfham, c.1, s.8, müqəddimə
  31. İslami, Mədxəle elme fiqh, s.101

Ədəbiyyat

  • Ağabozorg Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Cəm edən: Əhməd ibn Məhəmməd Hüseyni, Beyrut, Livan
  • İslami, Rza, Mədxəle elme fiqh, Qum, h.ş 1384
  • İrəvani, Baqir, Durusun təmhidiyyə, Qum, Darul-fiqh, h.q 1423
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1412
  • Sadiqi, Fədəki, Seyyid Cəfər, Pənc didqahe mətrəh dərbareye tedade ayatul-əhkame Qurane Kərim, h.ş 1390
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Şiə dər İslam, 6-cı çap, h.ş 1354
  • Fazil, Cavad ibn Səid, Məsalikul-əfham, Tehran, Mürtəzəviyyə nəşri, h.ş 1356
  • Fakir, Məhəmməd, Dər amədi bər ayatul-əhkam, h.ş 1390
  • Fəxəli, Costari dər tarixe təfsire ayatul-əhkam, Məşhəd, h.ş 1379
  • Qurani Kərim, Farscaya tərcümə, Tozihat və vaje name əz Xürrəmşahi, Tehran, h.ş 1376
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-islamiyyə, h.q 1407
  • Müttəqi Hindi, Əli, Kənzul-ummal fi sünənil-əqval vəl-əfal, Beyrut, h.q 1409
  • Muini, Möhsin, Ayatul-əhkam, Tehran, h.ş 1376

Xarici keçid