Müfəssəlat
Müfəssəlat
Müfəssəlat, Quranın sonunda yerləşən, qısa surələrdir və “Nas” surəsi ilə sona çatır. Lakin onların ilk surəsi barədə müxtəlif fikirlər mövcuddur. Müfəssəlat surələri ayələrinin sayına görə üç qrupa bölünür: tival (uzun), əvsət (orta) və qisar (qısa). Müfəssəlat surələrində nəsx olunmuş ayələr az olduğu üçün onlara möhkəm ayələr də deyilir. Həmçinin bu surələr “Riyazül-Quran” adlandırılmışdır.
Adlandırılması
Müfəssəlat surələri Quranın sonunda yerləşən, qısa olan və təkrar olaraq “Bismillahir-Rahmənir-Rahim” ifadəsi ilə bir-birindən ayrılan surələrdir.(1) Bu surələrdə nəsx olunmuş ayələr az olduğu üçün möhkəm adlandırılmışdır. İbn Abbasdan nəql edilən bir rəvayətdə “möhkəm”lə bağlı bir suala cavab olaraq onu “müfəssəl” kimi məna edilmişdir.(2) Bəzi rəvayətlərdə müfəssəlat surələri “Riyazül-Quran” olaraq adlandırılmışdır.(3)
Müfəssəl surələrin əksəriyyəti Məkkə dövründə nazil olmuşdur.(4)
Müfəssəlat surələrin Qurandakı yeri
Peyğəmbərdən (s) nəql edilən bir hədisdə “müfəssəl” ifadəsinə rast gəlinir. Rəvayətdə bildirilir ki, mənə Tövratın əvəzinə uzun surələr verilib. İncilin əvəzinə yüz ayəli (muin) surələri verilib. [Qeyd 1] Zəburun əvəzinə Məsani surələri verilib. Əlavə olaraq, 68 surə olan “müfəssəl” surələri verilib.(5) Başqa rəvayətlərə əsasən, Allah, Peyğəmbəri (s) müfəssəl surələr vasitəsilə digər peyğəmbərlərdən üstün etmişdir.(6)
Müfəssəl surələrin növləri
Müfəssəl surələr ayələrinin sayına görə üç qrupa bölünür:
1. Uzun müfəssəl surələr (Tival):
Hücurat, Qaf, Zariyat, Tur, Nəcm, Qəmər, Rəhman, Vaqiə, Hədid, Mücadilə, Həşr, Mümtəhənə, Səff, Cümə, Münafiqun, Təğabun, Talaq, Təhrim, Mülk, Qələm, Haqqə, Məaric, Nuh, Cin, Müzzəmmil, Müddəssir, Qiyamə, İnsan, Mürsəlat, Nəbə, Naziat, Əbəsə, Təkvir, İnfitar, Mütəffifin, İnşiqaq və Buruc.
2. Orta müfəssəl surələr (Əvsət):
Tariq, Əla, Qasiə, Fəcr, Bələd, Şəms, Ləyl, Zuha, Şərh, Tin, Ələq, Qədr və Bəyyinə.
3. Qısa müfəssəl surələr (Qisar):
Zəlzələ, Adiyat, Qariə, Təkasur, Əsr, Hüməzə, Fil, Qureyş, Maun, Kovsər, Kafirun, Nəsr, Məsəd, İxlas, Fələq və Nas.
Müfəssəl surələrin ilk surəsi ilə bağlı fikir ayrılıqları
Müfəssəl surələrin sonuncu surəsi haqqında fikir birliyi var və bu “Nas” surəsidir. Lakin ilk surənin hansı olduğu barədə 12 fərqli rəy mövcuddur. Müxtəlif görüşlərə görə ilk müfəssəl surə bunlardan biri hesab edilir: Saffat, Casiyə, Məhəmməd, Fəth, Hücurat, Qaf, Rəhman, Səff, Furqan, İnsan, Əla və Zuha.(8)