Məzmuna keç

Taslim:Kərbəla şəhidlərinin dəfni

wikishia saytından
Muhərrəm əzadarlığı
Muhərrəm əzadarlığı
“Əsr-i Aşura” tablosu Mahmud Fərəşçiyanın miniatür (nəqqaşlıq) əsərlərindən biri
Baş verən hadisələr
İmam Hüseynin (ə) Kufəlilərə məktubu • İmam Hüseynin Bəsrə əşrəflərinə məktubu • Aşura günü • Kərbəla hadisəsi • Aşura hadisəsi (Statistika cəhətindən) • Aşura hadisəsinin günləri • Kərbəla əsirləri
Fərdlər
İmam Hüseyn (ə) • Əli-Əkbər • Əli Əsğər • Abbas ibn Əli • Həzrət Zeynəb (s) • Sukeynə binti Hüseyn • İmam Hüseynin qızı Fatimə • Müslim ibn Əqil • Kərbəla şəhidləri • Kərbəla əsirləri
Məkanlar
İmam Hüseynin (ə) hərəmi • Telli-Zeynəbiyyə • Həzrət Abbasın (ə) hərəmi • Qətligah • Beynəl-hərəmeyn • Əlqəmə çayı
Əlamətdar günlər
Tasua • Aşura • Ongünlük məhərrəm • Ərbəin • Səfər ongünlüyü
Mərasim
Mərsiyə oxumaq • Növhə • Təziyə • Rövzə • Zəncir vurmaq • Sinə vurmaq • Səqqaxana • Əzadarlıq dəstəsi • Şami-ğəriban • Qəmə vurmaq • Ərbəin yürüşü

Kərbəla şəhidlərinin dəfni (farsca:دفن شهدای کربلا) hicri 61-ci ildə Aşura hadisəsindən sonra İmam Hüseynin (ə) və onun səhabələrinin cənazələrinin torpağa tapşırılmasına işarə edir. Cənazələrin dəfninin vaxtı, necə həyata keçirildiyi və onları kimin dəfn etdiyi barədə müxtəlif rəvayətlər mövcuddur. Bəzi mənbələrə görə, şəhidlərin cənazələrini Bəni-Əsəd qəbiləsi dəfn etmişdir. İmamiyyə rəvayətlərində isə İmam Səccadın (ə) İmam Hüseynin (ə) dəfnində iştirak etdiyi bildirilir. Şəhidlər Kərbəlada dəfn edilmişlər. Onlardan bəzilərinin, o cümlədən Həzrət Abbasın (ə), Hürr ibn Yəzid ər-Riyahinin və Həbib ibn Məzahirin ayrıca məqbərələri vardır. Şəhidlərin kəsilmiş başlarının harada dəfn edilməsi barədə də müxtəlif fikirlər nəql olunmuşdur.

Kərbəla şəhidlərinin dəfni Məqtəllərdə və Aşura rövzələrində geniş şəkildə əks olunmuşdur. Şəhidlərin şəhadətlərindən sonra cənazələrinin yerdə qalması onların məzlumluğunun təzahürlərindən biri hesab edilir. Məhərrəm ayının 13-də Bəni-Əsəd qadınlarının bu hadisəni yad edərək keçirdikləri matəm mərasimi də həmin hadisə ilə əlaqələndirilir.

Mövqeyi və əhəmiyyəti

Kərbəla şəhidlərinin dəfni Aşura hadisəsindən sonra baş vermiş hadisələrdən biridir və tarixi və rəvayət mənbələrində öz əksini tapmışdır.[1] Bu məsələ etiqadi baxımdan da əhəmiyyət daşıyır. Belə ki, İmamiyyə rəvayətlərində İmamın dəfn edilməsinin ondan sonrakı İmamın vəzifələrindən biri olduğu bildirilir. İmam Səccadın (ə) İmam Hüseynin (ə) dəfni üçün möcüzəvi şəkildə iştirakı da onun imamətinin dəlillərindən biri hesab edilmişdir.[2]

İmam Hüseynin (ə) və onun səhabələrinin şəhadətlərindən sonra cənazələrinin yerdə qalması və gecikmiş şəkildə dəfn edilməsi məqtəllərdə və Aşura mərsiyələrində öz əksini tapmış, Kərbəla şəhidlərinin məzlumluğunun təzahürlərindən biri hesab edilmişdir. Məhərrəm ayının 13-də Bəni-Əsəd qadınlarının şəhidlərin dəfnini yad edərək keçirdikləri matəm mərasimi də bu hadisə ilə əlaqələndirilir.[3] Həmçinin şəhidlərin məzarlarının yerləşdiyi yerlərin müəyyənləşdirilməsi Kərbəladakı ziyarətgahların formalaşmasında və İmam Hüseynin (ə) ziyarəti ənənəsinin yaranmasında mühüm əhəmiyyət daşımışdır.[4]

Cənazələrin dəfn olunma vaxtı və yeri

Kərbəla şəhidlərinin dəfn olunma vaxtı barədə müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə dəfnin hicri 61-ci ilin Məhərrəm ayının 11-də həyata keçirildiyi bildirilir.[5] Bu görüş sünni tarixçilər arasında[6] və şiə alimlərinin bir qismi tərəfindən qəbul edilmişdir.[7] Bəzi mənbələrdə isə dəfn vaxtı Məhərrəm ayının 13-ü göstərilmişdir.[8] Başqa bir rəvayətə görə, şəhidlərin cənazələri Aşuradan sonra üç gün ərzində yerdə qalmışdır.[9] Lakin bəzi tədqiqatçılar bu məlumatın kifayət qədər tarixi əsasının olmadığını qeyd etmişlər.[10]

Cənazələrin dəfn olunduğu yer

Məşhur rəvayətlərə görə, İmam Hüseyn (ə) hazırda məqbərəsinin yerləşdiyi yerdə dəfn edilmişdir.[11] Əli Əkbər (ə) də İmam Hüseynin (ə) ayaq tərəfində torpağa tapşırılmışdır.[12] Həzrət Abbas (ə) şəhid olduğu yerdə, digər şəhidlərdən ayrı dəfn edilmiş və onun məzarı da həmin yerdə yerləşir.[13] Əli Əsğərin (ə) də İmam Hüseynin (ə) qəbrinin yaxınlığında dəfn edildiyi barədə rəvayətlər mövcuddur.[14] Bəzi tədqiqatçılar Əli Əsğərin (ə) İmam Hüseynin (ə) sinəsi üzərində dəfn edilməsi barədə deyilənlərin tarixi əsasının olmadığını bildirmiş və bu ifadənin məcazi məna daşıya biləcəyini ehtimal etmişlər.[15]

Hürr ibn Yəzid ər-Riyahi də digər şəhidlərdən ayrı dəfn edilmişdir. Bəzi rəvayətlərə əsasən, onun qohumları cənazəsini başqa bir yerə apararaq orada torpağa tapşırmışlar.[16] Həbib ibn Məzahir isə Bəni-Əsədlə qəbilə bağlılığı səbəbilə digər şəhidlərdən ayrı və İmam Hüseynin (ə) qəbrinin yaxınlığında dəfn edilmişdir.[17] İmamın digər səhabələrinin isə İmam Hüseynin (ə) qəbrinin yaxınlığında və toplu şəkildə dəfn edildiyi bildirilir.[18]

Şəhidlərin başlarının dəfni

Əsas məqalə: Kərbəla şəhidlərinin başları

İmam Hüseynin (ə) mübarək başının harada dəfn edilməsi barədə müxtəlif fikirlər mövcuddur. Şiə alimləri arasında məşhur görüşə görə, İmamın başı Şama aparıldıqdan sonra yenidən Kərbəlaya qaytarılmış və onun cəsədinin yanında dəfn edilmişdir.[19]Misir,[20] Dəməşq,[21] Mədinə[22] və Nəcəf[23] də İmamın başının dəfn olunduğu yerlər kimi mənbələrdə qeyd edilmişdir. Digər şəhidlərin başları barədə də şiə alimlərinin əksəriyyəti onların Kərbəlaya qaytarılaraq cəsədlərinin yanında dəfn edildiyini qəbul etmişdir.[24] Bununla belə, Dəməşqdəki Babus-Səğir qəbiristanlığında şəhidlərin başlarına aid edilən bir ziyarətgah da mövcuddur.[25]

Cənazələri dəfn edənlər və dəfnin necə həyata keçirilməsi

Kərbəla şəhidlərini kimin dəfn etməsi barədə iki qrup rəvayət mövcuddur. Bəzi rəvayətlərə görə, Ğaziriyyədə yaşayan Bəni-Əsəd qəbiləsinin üzvləri Ömər ibn Sədin ordusunun Kərbəladan getməsindən sonra oraya gələrək şəhidlərin cənazələrini dəfn etmişlər.[26] Bu rəvayətlərin bəzilərində şəhidlərin cənazələri üzərində namaz qılınması da Bəni-Əsədə aid edilmişdir.[27] İmamiyyə rəvayətlərinə əsasən,[28] İmam Səccad (ə) əsirlikdə olmasına baxmayaraq, möcüzəvi şəkildə Kərbəlaya gəlmiş və İmam Hüseynin (ə) cənazəsini dəfn etmişdir.[29] Bəzi tədqiqatçılar bu iki qrup rəvayətin bir-biri ilə uzlaşdırıla biləcəyini düşünmüşlər. Buna görə, Bəni-Əsəd şəhidlərin dəfnində iştirak etmiş, İmam Səccad (ə) isə İmam Hüseynin (ə) dəfnində rol oynamışdır.[30]

İmam Hüseynin (ə) dəfn olunması

İmam Hüseynin (ə) cənazəsinin qüsl verilmədən və kəfənlənmədən dəfn edilməsi barədə rəvayətlər mövcuddur.[31] Onun mübarək bədəninə vurulmuş ağır yaralar və geyimlərinin soyulub götürülməsi dəfn prosesinin necə həyata keçirilməsinə təsir edən amillərdən hesab olunur.[32] Abbasi xəlifəsi Mütəvəkkilin dövrünə aid bir rəvayətdə bildirilir ki, İmam Hüseynin (ə) qəbri açılarkən onun cəsədinin altında təzə bir həsir görülmüşdür.[33] Bəzi tədqiqatçılar bu məlumat əsasında İmamın (ə) dəfn edilərkən həsirin üzərinə qoyulmuş ola biləcəyini ehtimal etmişlər.[34]

Əlaqəli mərasimlər

Əsas məqalə: Bəni-Əsəd xanımlarının əzadarlığı (ayin)

Hər il Məhərrəm ayının 13-də İmam Hüseynin (ə) hərəminin ərazisində Bəni-Əsəd qadınlarının matəm mərasimi adı ilə bir mərasim keçirilir. Bu mərasim Kərbəla şəhidlərinin dəfnini xatırladır.[35] Mərasim zamanı qadınlar kəfən və həsir parçaları olan hörmə səbətlər daşıyaraq[36] «Ləbbeyk, ya Hüseyn» şüarları səsləndirir və matəm saxlayırlar.[37]

İstinadlar

  1. ↑ Məsudi, Murucuz-zəhəb, c.3, s.63; Müqərrəm, Məqtəlul-Hüseyn (ə), s.319
  2. ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn bər payeye Quran, c.7, s.436
  3. ↑ «فریاد "لبیک یا حسین" زنان قبیله بنی‌اسد در حرم سیدالشهدا طنین‌انداز شد», Mehr saytı
  4. ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn bər payeye Quran, c.7, s.436
  5. ↑ Bəlazuri, Ənsabul-əşraf, c.3, s.205; Təbəri, Tarixul-uməmi vəl-muluk, c.5, s.455; Məsudi, Murucuz-zəhəb, c.3, s.63
  6. ↑ Bəlazuri, Ənsabul-əşraf, c.3, s.205; İbn Əsir, Əl-Kamilu fit-tarix, c.4, s.80
  7. ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, c.4, s.112; Seyid ibn Tavus, Əl-Məlhufu əla qətlət-tufuf, s.107
  8. ↑ Müqərrəm, Məqtəlul-Hüseyn (ə), s.319
  9. ↑ Bələmi, Tarix name Təbəri, c.4, s.712
  10. ↑ Pişvayi, Məqtəle came Seyyidüş-şühəda, s.900-903
  11. ↑ Şeyx Mufid, Əl-İrşad, c.2, s.114; Təbərsi, İlamul-vəra bi-əlamil-hüda, c.1, s.417; Məclisi, Cəlaul-uyun, s.380
  12. ↑ Şeyx Mufid, Əl-İrşad, c.2, s.114; İrbili, Kəşful-ğummə, c.3, s.168
  13. ↑ Müqərrəm, Məqtəlul-Hüseyn (ə), s.319-321; Məclisi, Biharul-ənvar, c.45, s.169
  14. ↑ Məclisi, Biharul-ənvar, c.45, s.169
  15. ↑ Qazi Təbatəbai, Təhqiqe dərbareye əvvəlin ərbəin Həzrəte Seyyidüş-Şühəda (ə), s.95
  16. ↑ Müqərrəm, Məqtəlul-Hüseyn (ə), s.321; Əmin, Əyanuş-şiə, c.1, s.613
  17. ↑ Əmin, Əyanuş-şiə, c.1, s.613
  18. ↑ Kəşşi, Ricalul-Kəşşi, s.463-464
  19. ↑ Qazi Təbatəbai, Təhqiqe dərbareye əvvəlin ərbəin Həzrəte Seyyidüş-Şühəda (ə), s.29; Seyid ibn Tavus, Əl-Məlhufu əla qətlət-tufuf, s.112; Nəcəfi, Cəvahirul-kəlam, c.20, s.93
  20. ↑ Əmin, Ləvaicul-əşcan, s.191
  21. ↑ Bəlazuri, Ənsabul-əşraf, c.3, s.214
  22. ↑ Hənbəli, Şəzəratuz-zəhəb, c.1, s.275; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.8, s.204
  23. ↑ İbn Qulaveyh, Kamiluz-ziyarat, s.35
  24. ↑ Müqərrəm, Məqtəlul-Hüseyn (ə), s.470
  25. ↑ Alimi, Hüseyn Nəfse Mütməinne, s.365
  26. ↑ Şeyx Mufid, Əl-İrşad, c.2, s.114; Təbərsi, İlamul-vəra bi-əlamil-hüda, c.1, s.417
  27. ↑ Şeyx Mufid, Əl-İrşad, c.2, s.114; Təbərsi, İlamul-vəra bi-əlamil-hüda, c.1, s.417
  28. ↑ Məclisi, Biharul-ənvar, c.27, s.288-291
  29. ↑ Kəşşi, Ricalul-Kəşşi, s.463-464; Məclisi, Cəlaul-uyun, s.380
  30. ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn bər payeye Quran, c.7, s.437
  31. ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.5, s.455-456; Bəlazuri, Ənsabul-əşraf, c.3, s.206
  32. ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.5, s.455-456; Bəlazuri, Ənsabul-əşraf, c.3, s.206
  33. ↑ Şeyx Tusi, Əl-Əmali, s.326, hədis 653
  34. ↑ Pişvayi, Məqtəle came Seyyidüş-şühəda, s.900-903
  35. ↑ «فریاد "لبیک یا حسین" زنان قبیله بنی‌اسد در حرم سیدالشهدا طنین‌انداز شد», Mehr saytı
  36. ↑ «زنان قبیله بنی‌اسد به عزاداری پرداختند» , Defapress saytı
  37. ↑ «فریاد "لبیک یا حسین" زنان قبیله بنی‌اسد در حرم سیدالشهدا طنین‌انداز شد» , Mehr saytı

Ədəbiyyat

  • زنان قبیله بنی‌اسد به عزاداری پرداختند (Bəni-Əsəd qəbiləsinin xanımları əzadarlıq keçirdilər), Müqəddəs müdafiə xəbər agentliyi, Mətləbin dərc tarixi: 10 İyul 2024; Baxış tarixi: 21 Sentyabr 2026
  • فریاد "لبیک یا حسین" زنان قبیله بنی‌اسد در حرم سیدالشهدا طنین‌انداز شد (Seyyidüş-Şühədanın hərəmini Bəni-Əsəd qəbiləsinin "Ləbbeyk Ya Hüseyn" şüarı bürüdü), Mehr xəbər agentliyi, Mətləbin dərc tarixi: 28 Noyabr 2012; Baxış tarixi: 21 Sentyabr 2026
  • Alimi, Məhəmməd Əli, Hüseyn Nəfse Mütməinne (Əz Mədinə ta Kərbəla), Tehran, Had nəşriyyatı, h.ş 1372 (1993)
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darut-taaruf, m.1977
  • Bələmi, Əbu Əli, Tarix name Təbəri, Tehran, Aqah nəşriyyatı, h.ş 1403 (2024)
  • Əmin, Seyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.ş 1362 (1983)
  • Əmin, Seyid Möhsin, Ləvaicul-əşcan fi məqtəlil-Hüseyn (ə), Beyrut, Darul-əmin lis-səqafəti vəl-ulum, m.1996
  • Hənbəli, İmad, Şəzəratuz-zəhəb, Beyrut və Dəməşq, Daru İbn Kəsir, h.q 1406
  • İbn Əsir, Əli ibn Əbil-Kərəm, Əl-Kamilu fit-tarix, Daru sadir, Beyrut, m.1965
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.q 1408
  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, h.q 1398
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Nəcəf, Məktəbətul-Heydəriyyə, h.q 1376
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-Əimmə, Tehran, İslamiyyə nəşriyyatı, h.ş 1382 (2003)
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Məşhəd, Məşhəd universitetinin nəşri, h.q 1409
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.q 1403
  • Məclisi, Məhəmməd Baqir, Cəlaul-uyun, Tehran, Səngi çap, h.ş 1383 (2004)
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Hüseyn bər payeye Quran, Hədis və tarix, Qum, Darul-hədis, h.ş 1388 (2009)
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Darul-hücrə, h.q 1409
  • Müqərrəm, Əbdür-Rəzzaq Əl-Musəvi, Məqtəlul-Hüseyn (ə), Beyrut, Darul-kutubil-İslamiyyə, m.1979
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.ş 1362 (1983)
  • Pişvayi, Mehdi, Məqtəle came Seyyidüş-şühəda, Qum, İmam Xomeyni adına təhsil-araşdırma müəssisəsi, h.ş 1389 (2010)
  • Qazi Təbatəbai, Seyid Məhəmməd Əli, Təhqiqe dərbareye əvvəlin ərbəin Həzrəte Seyyidüş-Şühəda (ə), Tehran, İslami dəvət və mədəniyyət nazirliyi, h.ş 1385 (2006)
  • Seyid ibn Tavus, Əl-Məlhufu əla qətlət-tufuf, Qum, Əl-Muid nəşri, m.1988
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, Şeyx Mufid konqresi, h.q 1403
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqalə, h.q 1414
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, m.1967
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra bi-əlamil-hüda, Tehran, İslamiyyə nəşriyyatı, h.q 1390