İmam Əlinin (ə) qızı Ümmü Külsüm
Suriya, Babus-səğir qəbiristanlığında Ümmü Külsümə nisbət verilən mərqəd | |
| Rolu | Hədisi ravisi - Kufədə irad xütbəsi etməsi |
|---|---|
| Təvəllüdü | Hicrətin 6-cı ili |
| Doğulduğu yer | Mədinə |
| Dəfn edildiyi yer | Babus-Səğir qəbiristanlığı və başqa bir nəqlə əsasən Bəqi qəbiristanlığı |
| Yaşayış yeri | Mədinə |
| Atası | İmam Əli (ə) |
| Anası | Həzrət Fatimə (s) |
| Həyat yoldaşları | Ümmü Külsümün Ömər ibn Xəttabla evlənməsi |
İmam Əlinin (ə) qızı Ümmü Külsüm, (ərəbcə: أم كلثوم بنت الإمام علي (ع)) İmam Əli (ə) və Fatimə Zəhranın (s) övladıdır. O, Şeyx Müfidin sözlərinə görə, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəbdən (s) sonra dünyaya gəlmişdir.
İmam Əlinin (ə) Ümmü Külsüm adı və ya künyəsi ilə başqa qızlarının da olduğu qeyd olunmuşdur və bu ad oxşarlığına görə, Ümmü Külsümün həyatı ilə bağlı bəzi rəvayətlərdə fikir ayrılığı mövcuddur. Bu məsələdə ən mübahisəli məqam, Ümmü Külsümün ikinci xəlifə Ömər ibn Xəttabla evlənməsidir ki, bu hadisə tarix və hədis kitablarında nəql olunmuşdur. Şiə alimlərinin çoxu bunu qəbul etsə də, bəziləri bununla razı deyil.
Bəzi şiə hədislərinə görə, bu evlilik ikinci xəlifə tərəfindən təhdid və məcburiyyətlə, təqiyyə əsasında baş tutmuşdur. Bəzi şiə alimləri də bu fikirdədirlər.
Bəzi mənbələrdə Ümmü Külsüm Kərbəla hadisəsində iştirak edən qadınlardan biri kimi göstərilmişdir; lakin şiə tərcümeyi-hal yazarı Seyid Məhəmməd Möhsün Əminin dediyinə görə, Ümmü Külsüm Kərbəla hadisəsindən əvvəl vəfat etmiş və Kərbəlada iştirak edən Ümmü Külsüm ehtimal edilir ki, İmam Əlinin (ə) başqa bir qızı və Müslim ibn Əqilin həyat yoldaşı olmuşdur.
Suriyada bir ziyarətgah var ki, bəziləri buranı Ümmü Külsümün məzarı hesab edir; amma bəzi insanlar bu qəbrin peyğəmbərin (s) ailəsindən olan başqa bir Ümmü Külsümə aid olduğunu, İmam Əli (ə) və Həzrət Fatimənin (s) qızı Ümmü Külsümün isə Mədinədəki Bəqi qəbiristanlığında dəfn olunduğunu düşünürlər.
Doğumu və əsil-nəsəbi
Şiə və sünni alimlərinin verdikləri məlumata görə, Əli (ə) və Həzrət Fatimə (s) Ümmü Külsüm adlı bir qız övladına sahib olmuşlar.[1] Bəzi mənbələrdə onun doğumunun ümumi şəkildə və Peyğəmbər (s) dövründə olduğu qeyd edilmişdir.[2] Lakin sünni tarixçisi Zəhəbi (h. 748-ci ildə vəfat etmişdir) onun hicrətin təxminən 6-cı ilində dünyaya gəldiyini yazmışdır.[3]
Şeyx Müfidin “Əl-İrşad” əsərindəki məlumatına görə, o, Həzrət Zeynəbdən (s) sonra doğulmuşdur.[4] Lakin birinci və ikinci hicri əsrlərin sirə müəllifi (həyat tərzi yazarı) İbn İshaqın sirəsində onun adı Həzrət Zeynəbdən (s) əvvəl qeyd olunmuşdur; amma hansının böyük olduğu açıq şəkildə bildirilməmişdir.[5]
Künyələr və ləqəbləri

Şeyx Müfid Ümmü Külsümün adını Zeynəb Suğra, künyəsini isə Ümmü Külsüm olaraq qeyd etmişdir.[6] Şeyx Abbas Qumi “Əl-Küna vəl-Əlqab” əsərində xəbər verir ki, bu künyəni Peyğəmbər (s) Zeynəb Suğranın qızı Ümmü Külsümə bənzədiyinə görə ona vermişdir.[7]
Şiə tərcümeyi-hal yazarı Seyyid Möhsün Əmin (1284–1371 h.q.) yazır ki, İmam Əlinin (ə) Ümmü Külsüm adı və ya künyəsi ilə üç və ya dörd qızı olmuşdur:
- Həzrət Fatimənin (s) qızı Ümmü Külsüm Kübra;
- Muslim ibn Əqilin həyat yoldaşı olan Ümmü Külsüm, ehtimal edilir ki, o, Ümmü Külsüm Vustadır;
- Ümmü Külsüm Suğra;
- Zeynəb Suğra ki, künyəsi Ümmü Külsüm olmuşdur.[8]
Onun sözlərinə görə, son iki şəxs eyni adam da ola bilər, yaxud ayrı-ayrı şəxslər də ola bilər və bu halda İmam Əlinin (ə) bu ad və ya künyəyə malik dörd qızı olmuş ola bilər.[9]
Həyat yoldaşı və övladları
İkinci və üçüncü hicri əsrlərin tarixçisi və tərcümeyi-hal yazıçısı olan İbn Sədin rəvayətinə görə, Ümmü Külsüm əvvəlcə ikinci xəlifə Ömər ibn Xəttabla evlənmişdir. Ömərin vəfatından sonra əmisi oğlu Cəfər ibn Əbu Talibin oğlu Əvn ilə evlənmişdir. Əvnun vəfatından sonra qayını Məhəmmədlə, onun da ölümündən sonra digər qayını və bacısı Zeynəbin keçmiş əri olan Abdullah ibn Cəfərlə evlənmişdir.[10] Lakin tarixçi və tərcümeyi-hal yazıçısı Məqrizi (766–845 h.q.) məlumat verib ki, Ümmü Külsüm Ömərdən sonra əvvəlcə Məhəmməd ibn Cəfərlə evlənmiş, onun ölümündən sonra isə Əvn ilə evlənmiş və onun həyat yoldaşı olduğu vaxt vəfat etmişdir.[11]
İbn Səd və altıncı əsr tarixçisi İbn Əsakir yazırlar ki, Ümmü Külsüm Ömərdən Zeyd və Ruqəyyə adlı iki övlad dünyaya gətirmişdir.[12] Bununla belə, şiə tarix tədqiqatçısı Nəcməddin Təbəsi, Məhəmməd və Əvnun hicrətin 16 və ya 17-ci illərində Şuştər döyüşündə şəhid edildiyini bildirən mənbələrə, habelə Zeynəbin hicrətin 63-cü ilində vəfat etdiyinə və iki bacının eyni vaxtda bir kişi ilə evliliyinin haram olmasına əsaslanaraq, Ümmü Külsümün həyatı və evlilikləri ilə bağlı yuxarıda qeyd olunan bu rəvayətlərin müdafiə edilə bilməyəcəyini bildirir.[13]
Ömər ibn Xəttabla evliliyi
Ümmü Külsümün ikinci xəlifə Ömər ibn Xəttabla evliliyi mübahisəli və ixtilaflı bir məsələdir. Şiə və sünni tarix kitablarına, o cümlədən, “Yəqubi tarixi” və “Təbəri tarixi” kimi mənbələrə, həmçinin “Kafi” və “Təhzibul-əhkam” kimi şiə hədis mənbələrinə əsasən, Ümmü Külsüm Ömərlə evlənmişdir.[14] Mirzə Cavad Təbrizi və Seyid Əli Milani “Kafi” kitabında yer alan iki rəvayəti araşdıraraq onların səhih olduğunu qəbul etmişlər.[15] Hicri 14-15-ci əsrlərin şiə rical (ravilərin etibarlılığını araşdıran) alimi Məhəmməd Təqi Şüştəri də bu barədəki rəvayətləri mütəvatir (çox sayda ravi tərəfindən nəql olunmuş və yalan üzərində birləşməsi mümkün olmayan) hesab etmiş və bu evliliyin inkarolunmaz olduğunu bildirmişdir.[16]
Buna baxmayaraq, bəzi şiə alimləri, o cümlədən, Ayətullah Mərəşi[17] və Məhəmməd Cavad Bəlaği[18] bu evliliyi qəbul etməmişlər. Ağa Bozorq Tehrani “Əz-Zəriə” adlı kitabında bu evliliyi inkar edən kitabların adını qeyd etmişdir.[19]
Seyid Mürtəza (355–436 h.q.) və Fəzl ibn Həsən Təbərsi (h.q. 548-də vəfat edib) kimi alimlərin fikrincə isə bu evlilik baş vermişdir, lakin məcburiyyət və təqiyyə səbəbilə olmuşdur.[20] Bu fikri dəstəkləyən rəvayətlər də mövcuddur. Məsələn, “Kafi” kitabında İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur: “Ümmü Külsüm bizdən qəsblə (zorla) alınan bir qızdır”.[21] Həmin kitabda yer alan başqa bir rəvayətdə isə Ömərin evliliyi qəbul etməsi üçün İmam Əlini (ə) hədələməsindən bəhs edilir.[22]
Kərbəlada iştirakı
Mənbələrdə Ümmü Külsümün Kərbəla hadisəsində iştirak etdiyindən bəhs olunur. Məsələn, Seyyid İbn Tavus (589–664 h.q.) “Luhuf” adlı məqtəlində bir neçə yerdə Ümmü Külsümün adını çəkmişdir. Bunlara, İmam Hüseyn (ə) onlara şəhid olacağını dedikdə onun Həzrət Zeynəblə (s) birlikdə ağlaması,[23] Kufədə çıxış edərək kufəliləri məzəmmət etməsi[24] və Şamda Şimrdən onları Dəməşqə az görünən bir yerdən daxil etməsini istəməsi daxildir.[25] Bəzi sünni mənbələrinə görə, Kərbəla əsirləri Kufəyə gətiriləndə Ümmü Külsüm bu şəhərin əhalisinin qarşısında bir xütbə oxuyaraq onları məzəmmət etmişdir.[26] Lakin şiə mənbələrində[27] və bəzi digər sünni mənbələrində[28] bu xütbə Həzrət Zeynəbin (s) xütbəsi kimi qeyd olunmuşdur.
Bununla belə, sözügedən mənbələrdə dəqiq şəkildə qeyd olunmur ki, bu Ümmü Külsüm, İmam Əlinin (ə) Həzrət Fatimədən (s) olan qızıdır. Əksinə, bəzi mənbələr Kərbəlada iştirak edən Ümmü Külsümün İmam Əlinin (ə) Həzrət Fatimədən (s) olmayan digər bir qızı olduğunu qeyd etmişlər.[29] Seyid Möhsün Əmin də yazmışdır ki, Kərbəlada İmam Hüseynlə (ə) Kərbəlada iştirak etmiş Ümmü Külsümün İmam Əlinin (ə) hansı qızı olduğu məlum deyil; lakin ehtimal daha çoxdur ki, o, Müslim ibn Əqilin həyat yoldaşı olmuşdur.[30]
Vəfatı

Ümmü Külsümün vəfat vaxtı və necə vəfat etməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Məsələn, bəzi mənbələrə görə o və oğlu Zeyd eyni vaxtda bir xəstəlik nəticəsində vəfat etmişlər. Bu zaman Ümmü Külsüm, Abdullah ibn Cəfərin (vəfatı: h.q. 80) həyat yoldaşı idi.[31] Bəzi başqa mənbələrə əsasən, bu iki nəfər Əbdül-Məlik ibn Mərvanın (hakimiyyəti: 65–86 h.q.) dövründə və onun əmri ilə zəhərlənərək öldürülmüş və onların cənazə namazını Abdullah ibn Ömər qılmışdır.[32] Lakin Seyid Möhsün Əmin, onun vəfat tarixinin Kərbəla hadisəsindən əvvəl və 54-cü hicri ilindən qabaq olduğunu qeyd etmişdir.[33]
Dəfn yeri
Məşhur səyyah və səfərnamə müəllifi olan səkkizinci hicri əsrinin tanınmış şəxsiyyəti İbn Bətutə, Əli ibn Əbu Talibin (ə) Həzrət Fatimədən (s) olan qızı Ümmü Külsümün məzarının Dəməşq şəhərindən bir fərsəx (təxminən 5–6 km) uzaqlıqda yerləşdiyini yazmışdır.[34] Yaqut Həməvi (574–626 h.q.) də Ümmü Külsümün qəbrinin Dəməşqin Raviyə məntəqəsində olduğunu bildirmişdir.[35]
Lakin İbn Əsakir yazır ki, Ümmü Külsüm Mədinədə vəfat etmiş və Bəqi qəbiristanlığında dəfn olunmuşdur. Onun sözlərinə görə, Dəməşqin Raviyə məntəqəsindəki qəbir, Peyğəmbər (s) ailəsindən olan başqa bir Ümmü Külsüm adlı şəxsə aiddir.[36]
İstinadlar
- ↑ Nümunə üçün baxın: Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.354; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1424, c.8, s.338; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1954
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.464; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1954
- ↑ Zəhəbi, Siyəru əlamin-nübəla, h.q 1405, c.3, s.500
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.354
- ↑ İbn İshaq, Siyrətu İbn İshaq, h.q 1424, c.1, s.274
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.354
- ↑ Qumi, Əl-Küna vəl-Əlqab, h.ş 1368, c.1, s.228
- ↑ Əmin, Əyanuş-şiə, h.1 1403, c.3, s.484-485
- ↑ Əmin, Əyanuş-şiə, h.1 1403, c.3, s.484-485
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1424, c.8, s.338; Əmin, Əyanuş-şiə, h.1 1403, c.3, s.484-485
- ↑ Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.370
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.19, s.482; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1424, c.8, s.338
- ↑ Təbəsi, Pasox be çənd şübheye Fatimi, h.ş 1393, s.41
- ↑ Baxın: Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.149-150; Təbəri, Tarixut-Təbəri, h.q 1413, c.4, s.410; Kuleyni, Əl-Kafi, h.ş 1407, c.5, s.346; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.8, s.161; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.397
- ↑ Təbrizi, Əl-Ənvarul-İlahiyyə, h.q 1422, s.123; Milani, Muhaziratun fil-etiqadat, h.q 1421, c.2, s.659
- ↑ Tustəri, Qamusur-rical, h.q 1428, c.12, s.216
- ↑ Mərəşi Nəcəfi, Dər İhqaqul-həqq, h.q 1409, c.2, s.490
- ↑ Baxın: Ağa Bozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.4, s.172
- ↑ Ağa Bozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.2, s.257, c.4, s.172, c.11, s.146, c.15, s.223
- ↑ Seyid Mürtəza, Rəsail, h.q 1405, c.3, s.149; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.397
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.5, s.346
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.5, s.346
- ↑ Seyid ibn Tavus, Luhuf, h.ş 1348, s.82
- ↑ Seyid ibn Tavus, Luhuf, h.ş 1348, s.154-156
- ↑ Seyid ibn Tavus, Luhuf, h.ş 1348, s.174
- ↑ İbn Təyfur, Bəlağətun-nisa, s.37-39; İbn Həmdun, Ət-Təzkirətul-Həmduniyyə, h.q 1417, c.6, s.264-265; İbn Səd Əl-Abi, Nəsrud-durri fil-mühazirat, h.q 1424, c.4, s.19-20
- ↑ Nümunə üçün baxın: Şeyx Mufid, Əl-Əmali, h.q 1413, s.321-323; Şeyx Tusi, Əmali, h.q 1414, s.92-93; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.115
- ↑ İbn Fəqih, Əl-Buldan, h.q 1416, s.224; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), h.ş 1381, c.2, s.45-47
- ↑ Məhəmməd ibn Əbu Bəkr, Əl-Cuhərətu fi nəsəbil-imam Əli və alih, h.q 1414, s.45
- ↑ Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.484
- ↑ İbn Həbib Bağdadi, Əl-Munəmməq, h.q 1405, s.312
- ↑ Sənani, Əl-Musənnəf, h.q 1403, c.6, s.164
- ↑ Əmin, Əyanuş-şiə, h.1 1403, c.3, s.485
- ↑ İbn Bəttutə, Ər-rihlə, h.q 1417, c.1, s.323
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, h.q 1399, c.3, s.20
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.2, s.309-310
Ədəbiyyat
- Ağa Bozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, Darul-əzva, 2-ci çap, h.q 1403
- İbn İshaq, Məhəmməd, Siyrətu İbn İshaq, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 142
- İbn Bəttutə, Məhəmməd ibn Abdullah, Ər-rihlə, h.q 1417
- İbn Həbib Bağdadi, Məhəmməd, Əl-Munəmməq, Təhqiq: Xorşid Əhməd Faruq, Beyrut, Aləmul-kitab, 1-ci çap, h.q 1405
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
- İbn Həmdun, Məhəmməd ibn Həsən, Ət-Təzkirətul-Həmduniyyə, Beyrut, Daru sadir, h.q 1417
- İbn Səd Əl-Abi, Mənsur ibn Əl-Hüseyn, Nəsrud-durri fil-mühazirat, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1424
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə, h.q 1379
- İbn Təyfur, Əbulfəzl Əhməd ibn Əbi Tahir, Bəlağətun-nisa, Qum, Məktəbətu bəsirəti
- İbn Əbdül-Birr, Əhməd ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
- İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
- İbn Fəqih, Əhməd ibn Məhəmməd, Əl-Buldan, Beyrut, Aləmul-kitab, h.q 1416
- Əmin, Seyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1403
- Məhəmməd ibn Əbu Bəkr, Əl-Cuhərətu fi nəsəbil-imam Əli və alih, Beyrut, 2-ci çap, h.q 1414
- Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, h.q 1399
- Xarəzmi, Müvəffəq ibn Əhməd, Məqtəlul-Hüseyn (ə), Qum, Ənvarul-hüda, h.ş 1381
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Siyəru əlamin-nübəla, Beyrut, Müəssisətur-risalə, h.q 1405
- Seyid ibn Tavus, Əli ibn Musa, Luhuf, Tehran, Cahan, 1-ci çap, h.ş 1348
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Rəsail, Qum, Darul-Quran, h.q 1405
- Tustəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, Came müdərrisin, h.q 1428
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əmali, Qum, h.q 1414
- Sənani, Əbdür-Rəzzaq, Əl-Musənnəf, Təhqiq: Əbdür-Rəhman Əzəmi, 2-ci çap, h.q 1403
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, 2-ci çap, h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, Beyrut, 2-ci çap, h.q 1413
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Qumi, Abbas, Əl-Küna vəl-Əlqab, Tehran, 5-ci çap, h.ş 1368
- Kuleyni, Məhəmməd ibn Yaqub, Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Mərəşi Nəcəfi, Seyid Şəhabuddin, Şüştəri, Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
- Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kitab, h.q 1420
- Mirza Cavad Təbrizi, Əl-Ənvarul-İlahiyyə, h.q 1422
- Milani, Seyid Əli, Muhaziratun fil-etiqadat, Qum, Mərkəzul-əbhas, h.q 1421
- Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru sadir
Xarici keçid
- ازدواج ام کلثوم با عُمراز نگاه فریقین, farsca məqalə
- ام کلثوم در کربلا, farsca məqalə