Müfsid fil-ərz

wikishia saytından
(Yer üzündə fitnə-fəsad törədən səhifəsindən yönləndirilmişdir)

Müfsid fil-ərz (ərəbcə: مفسد فی الارض) (yer üzündə fitnə-fəsad törədən) bəzi günahlar və nalayiq hərəkətlər etməklə azadlığı, təhlükəsizliyi, ədaləti və ictimai asayişi məhv edən, cəmiyyəti mötədillikdən çıxardan şəxsdir. Bu termin Qurandan götürülüb. Bir qrup fəqih "Müharibə" ayəsinə istinad edərək, yer üzündə fəsad etmək ünvanını müharibədən ayrı hesab etmiş və bunun üçün öldürmək cəzasını nəzərdə tutublar. Başqa bir qrup bu iki ünvanı eyni hesab etmiş və bunun üçün həmin müharibə cəzalarını nəzərdə tutublar.

Şiə fəqihləri adam oğurluğu, "zimmə" əhlini öldürməyə adət etməyi, kəfən oğurlamaq vərdişini, cadu və haram olan şeyləri təkrarlamaq kimi məsələləri dünyada fitnə-fəsad nümunəsi hesab etmişlər. İran İran İslami Cəza Qanununun şəmsi təqvimi ilə 1392-ci ildə təsdiq edilmiş 286-cı maddəsinə əsasən, ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlər, yalanlar yaymaq, ölkənin iqtisadi sistemini pozmaq, fəsad və fahişəlik mərkəzləri açmaq yer üzündə fitnə-fəsad törətməyin nümunəsidir. Həmçinin onlar üçün ölüm cəzası nəzərdə tutulur.

Əhəmiyyət və önəmi

Yer üzündə fitnə-fəsad termini Qurandan götürülmüş bir başlıqdır. O, şiddətli cəzalarına görə bir çox müzakirələrə səbəb olur. Quranın bir neçə ayəsində "yer üzündə fəsad edən"[1] başlığı və “yer üzündə fəsad"[2] ifadəsi işlədilir.

Şiənin rəvayət və fiqhi mənbələrində "yer üzündə fəsad edən" və ya "yer üzündə fəsad etmək" başlığı ilə müstəqil bölmə yoxdur; Bu məsələ ilə bağlı hədislər "Qisas",[3] "Müharibə edənin hədləri"[4] və "Diyələr" (qan pulu)[5] kimi müxtəlif fəsillərdə toplanmışdır. Həmçinin onun hökmləri "qəsb", zəmanət, təzirat (cərimələr), qisas, muharibə, hədlər və diyələr (qan pulu) kimi müxtəlif fiqhi mövzularda müzakirə edilmişdir.[6]

Müharibə edənlə fərqi

Bir qrup fəqih "Müharibə" ayəsinə istinad edərək, yer üzündə fəsad etmək ünvanını müharibə edəndən fərqli, başqa bir qrup isə bu iki ünvanı eyni hesab ediblər. Fəqihlərin bəzi fikirləri belədir:

  • Şiə fəqihi və İslam Cümhuriyyətinin banisi İmam Xomeyni (r.ə) (1281-1368) yer üzündə fəsad törədəni müharibə edən ilə bərabər tutmuşdur. Onun fikrincə, müharibə edən insanları qorxutmaq və yer üzündə fitnə-fəsad törətmək üçün silahını hazırlayıb təchiz edən şəxsdir.[7]
  • Şiə fəqihlərindən olan Məhəmməd Mömin Quminin (1316-1397) fikrinə əsasən, yer üzündə fitnə-fəsad törətmək ayənin mövzusudur və müharibə yer üzündə fəsad etməyin nümunələrindən sayılır. Ona görə də hər dəfə "yer üzündə fitnə-fəsad" ünvanı gerçəkləşdikdə, müharibə ünvanı olmasa belə, ayədə qeyd olunan dörd cəza (öldürmək, asmaq, əl-ayağını əks isiqamətdə kəsmək və ya sürgün etmək) ona şamil olar.[8]
  • Mərceyi-təqlid Məhəmməd Fazil Lənkəraninin (1310-1386) fikrincə, yer üzündə fəsad edənlə müharibə edənin arasındakı nisbət "ümum və xüsus mütləq"dir. Yəni, hər müharibə edən yer üzündə fitnə-fəsad törədən sayılır, amma hər fitnə-fəsad törədən, müharibə edən sayılmır. Həmçinin hər fəsad törədənə müharibə edənin cəzası şamil olmaz.[9]
  • Mərceyi-təqlid olan Nasir Məkarim Şirazi (1305-ci il təvəllüdlü) hesab edir ki, yer üzündə fitnə-fəsad edən və müharibə edən iki ayrı məfhumdur; Məsələn, narkotik maddəni böyük miqyasda paylayan şəxs yer üzündə fəsad törədəndir, amma müharibə edən deyil; Çünki o, silah çəkməmişdir. Ancaq hətta bir dəfə də olsun insanları silahla hədələyən müharibə edəndir, lakin bu hərəkət təkrar olunmasa, yer üzündə fəsad törədən sayılmır.[10]

"Yer üzərində fəsad törədən" və "müharibə edən" iki ünvan arasındakı münasibətdə fəqihlərin fikir ayrılığı İran İslam Cümhuriyyətinn İslam Cəza Məcəlləsində də öz təsirini göstərmişdir;[11] Belə ki, 1392-ci ildə təsdiq edilmiş İslam Cəza Məcəlləsində "yer üzündə fitnə-fəsad törətmək" ünvanı "müharibə edən"dən ayrı müəyyən edilmişdir.[12]

Nümunələr

Fəqihlər dünyadakı fitnə-fəsad nümunələri kimi bəzi şeyləri qeyd ediblər ki, onlardan bəziləri bunlardır:

  • Bəzi fəqihlər hədislərdəki bəzi cinayətlər üçün qeyd olunan cəzalara əsasən, başqalarının evinə və malına od vurmaq,[13] adam oğurluğu,[14] zimmə əhlini öldürməyə adət etmək[15] kimi şeyləri yer üzündə fəsad etməyə nümunə göstəriblər.
  • Məhəmməd Fazil Lənkəraninin fikrincə, zinayi möhsinə, məhrəmlərlə zina etmək, livat və s. kimi öldürməyə səbəb olan bütün cinayətlər yer üzündə fitnə-fəsad törətməyin nümunələridir.[16]
  • Şəmsi təqvimi ilə 1392-ci ildə təsdiq edilmiş İran İslam Cəza Qanununun 286-cı maddəsi şəxslərin fiziki toxunulmazlığına qarşı cinayətlər, ölkənin daxili və ya xarici təhlükəsizliyinə qarşı cinayətlər, yalan məlumatların yayılması, ölkənin iqtisadi sistemini pozmaq, yandırmaq və məhv etmək, fitnə-fəsad mərkəzləri açmaq və ya bu işdə köməkçi kimi fəaliyyət göstərməklə ölkədə ictimai asayişin ciddi şəkildə pozulmasına, insanların təhlükəsizliyinə və ya fiziki toxunulmazlığına və ya ictimai və şəxsi mülkiyyətə böyük ziyan vurmağa, fəsadın yayılmasına səbəb olan məsələləri yer üzündə fəsad etməyin nümunələri olduğunu bildirib.[17]
  • Bəziləri, həmçinin cəmiyyətin bir hissəsinin mötədil vəziyyətdən çıxmasına səbəb olan pis işlər görən dəstələrin yaradılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu kimi əməlləri yer üzündə fəsad etməyin nümunələri kimi qiymətləndirmişlər.[18]
  • İranda şəmsi təqvimi ilə 1392-ci ildə təsdiq edilmiş İslam Cəza Məcəlləsində iqtisadi cinayətlərdə yer üzündə fəsad etmək rəsmi olaraq tanındı.[19] İqtisadi fəsadlara qarşı mübarizə üçün isə cəzanın dayandırılması və təxirə salınmasının qeyri-mümkünlüyü və onun icrasının vurğulanması, habelə ölüm hökmü kimi cinayət tədbirləri nəzərdə tutulmuşdur.[20] Bəzi tədqiqatçılar iqtisadi fəsad törədənlər üçün ölüm cəzasının fiqhdə dəlili olmadığını hesab edirlər. Həmçinin bu cəzanın iqtisadi korrupsiyaya qarşı mübarizədə heç bir maneə yaratmadığı qənaətindədirlər.[21]

Cəzalar

Yer üzündə fitnə-fəsad törədənin cəzası haqqında ixtilaf vardır və onun mənşəyi "yer üzündə fitnə-fəsad törədən" və "müharibə edən" ünvanlarının arasındakı tərif və əlaqədəki fərqdir.[22] Bu iki ünvanı eyni hesab edənlər yalnız "müharibə" üçün qeyd olunan cəzalarla kifayətlənirlər.[23] Fəqihlər "müharibə" ayəsinə istinad edərək, "müharibə"nin cəzasını dörd yerə bölürlər: Adam öldürmək, çarmıxa çəkmək (cinayətkarın əllərini və ayaqlarını xaça bənzər bir şeyə bağlamaq),[24] əl və ayaqlarını əks istiqamətdə kəsmək və sürgün etmək. Həmçinin onlar bu barədə yekdil fikrə sahibdirlər.[25] Müharibə edənin cəzalandırılmasının fəlsəfəsi günahsız insanların qanını qorumaq və zorakı insanların digər şəxslərin həyatına, malına və namusuna təcavüz etməsinin qarşısını almaqdır.[26]

Bəzi fəqihlərə görə, yer üzündə fitnə-fəsad törətməyin cəzası (müstəqil bir başlıq olaraq) ölümdür.[27] Həmçinin İslam şəriət qanununun 286-cı maddəsinə əsasən, yer üzündə fitnə-fəsadın cəzası ölümdür.[28]


Ölüm hökmü ilə bağlı mübahisələr

İranın o zamankı Ali Məhkəmə Şurasının üzvlərindən olan Seyid Məhəmməd Musəvi Becnordinin fikrincə, İmam Xomeyninin (r.ə) nəzərinə görə, silahla müşayiət olunmazsa yer üzündə fəsad törətmək özlüyündə ölüm cəzasına layiq cinayət ünvanı deyil.[29] Buna görə də o vaxtkı Ali Məhkəmənin rəhbəri Əbdül-Kərim Musəvi Ərdəbilinin ölkədəki korrupsionerlərə ölüm cəzası verilməsi ilə bağlı məktubuna cavab olaraq, onlara Hüseyn Əli Müntəzirinin fikrinə əsasən, əməl etməyə icazə verdi.[30] Müntəziri yer üzündə fəsad törədənlərin edam edilməsini caiz hesab edirdi.

Əlaqədar məqalə

İstinadlar

  1. Bəqərə surəsi, ayə 60; Əraf surəsi, ayə 74; Hud surəsi, ayə 85; Şüəra surəsi, ayə 183; Ənkəbut surəsi, ayə 36; Kəhf surəsi, ayə 94; Sad surəsi, ayə 28
  2. Maidə surəsi, ayə 33; Qəsəs surəsi, ayə 77 və 83
  3. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.29, s.9
  4. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.28, s.307
  5. Kuleyni, Əl-Kafi, h.ş 1387, c.14, s.277
  6. Dairətul-məarife fiqhe İslami, Əl-Musuətul-fiqhiyyə, h.q 1423, c.15, s.297
  7. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.2, s.492
  8. Mumin Qumi, Kəlmatun sədidə, h.q 1415, s.409
  9. Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1422, s.428
  10. «وجه تفاوت افساد فی‌الارض و محاربه», Ayətullah Məkarim Şirazinin rəsmi internet saytı
  11. Fərəhzadə və Fətullahi, Muqayiseye muharibe ba məfahime muşabih, s.116
  12. «قانون مجازات اسلامی مصوب ۱۳۹۲ش»، ماده ۲۸۶., majlis.ir saytı
  13. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1419, c.9, s.353
  14. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1419, c.9, s.337
  15. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.4, s.986; Şəhid Sani, Məsalikul-əfham, h.q 1423, c.15, s.142
  16. Fazil Lənkərani, Təfsiluş-şəriə; Əl-Hudud, h.q 1422, s.639
  17. https://rc.majlis.ir/fa/law/show/845048 «قانون مجازات اسلامی مصوب ۱۳۹۲ش»], majlis.ir saytı
  18. Fərəhzadə və Fətullahi, Muqayiseye muharibe ba məfahime muşabih, s.114
  19. Mir Xəlili və Heydəri, Bərresiye Məbaniye fiqhi edame mucrimane iqdisadi, s.85
  20. «قانون مجازات اسلامی، مصوب ۱۳۹۲ش، ماده ۴۷ و ۲۸۶», majlis.ir saytı
  21. Mir Xəlili və Heydəri, Bərresiye Məbaniye fiqhi edame mucrimane iqdisadi, s.94
  22. Şahrudi, Muharibe çist və muharib kist ?, s.187
  23. Şahrudi, Muharibe çist və muharib kist ?, s.187
  24. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.3, s.609
  25. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.3, s.558
  26. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.361
  27. Fazil Lənkərani, Təfsiluş-şəriə; Əl-Hudud, h.q 1422, s.639
  28. «قانون مجازات اسلامی مصوب ۱۳۹۲ش», majlis.ir saytı
  29. «امام مخالف اعدام مفسد فی الارض بود», imam-khomeini.ir saytı
  30. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.20, s.397

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Nəcəf, Darul-kutubl-elmiyyə, h.q 1390
  • İmam Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, h.ş 1389
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, 3-cü çap, h.q 1416
  • Dairətul-məarife fiqhe İslami, Əl-Musuətul-fiqhiyyə, Qum, h.q 1423
  • Şahrudi, Seyyid Mahmud, Muharibe çist və muharib kist ?, h.ş 1376
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1419
  • Fazil Lənkərani, Məhəmməd, Təfsiluş-şəriə; Əl-Hudud, Qum, h.q 1422
  • Fərəhzadə və Fətullahi, Muqayiseye muharibe ba məfahime muşabih, h.ş 1392
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, 1-ci çap, h.ş 1387
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Tehran, İstiqlal, 2-ci çap, h.q 1409
  • Musəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-hudud vət-təzirat, Qum, 2-ci çap, h.q 1427
  • Mumin Qumi, Məhəmməd, Kəlmatun sədidə, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1415
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371

Xarici keçid