Zühurun əlamətləri

wikishia saytından

Zühurun əlamətləri (ərəbcə: علامات الظهور) zühur və ya İmam Zamanın (ə) qiyamı ərəfəsində baş verəcək hadisələrdir. Zühur əlamətləri qəti və qeyri-qəti əlamətlər olmaqla iki hissəyə ayrılır. Qəti əlamətlər zühurdan öncə səmavi nida, Süfyaninin üsyanı, Yəmaninin qiyamı, Nəfsi-Zəkiyyənin öldürülməsiBeyda çökməsi kimi mütləq baş verəcək əlamətlərdir. Qeyri-qəti əlamətlər isə o əlamətlərdir ki, onlar baş vermədən belə İmam Zamanın (ə) zühur etməsi mümkündür. Bəzi hədis mənbələrində həzrət Məhdinin (ə) zühur əlamətləri qiyamətin əlamətləri ilə qarışdırılmışdır.

Bəziləri Süfyani və Dəccal kimi zühur əlamətlərinin simvolik olduğunu düşünürlər. Misal olaraq, Dəccalı İslam dinindən azmaq simvolu, Süfyanini isə müsəlman cəmiyyətində azğınlıq simvolu olaraq qəbul edirlər. Alimlər bu tərzdə yozumun hədislərin zahirinin əksinə olduğunu və zühur əlamətlərinin rolunun itməsinə səbəb olduğu qeyd etmişdir.

Zühur əlamətləri hər iki məzhəbin hədis kitablarında nəql olunan hədislərdən qaynaqlanır. İncildə xilaskarın zühuru üçün bir sıra əlamətlər qeyd olunmuşdur və onların bəzisi müsəlmanların hədis kitablarında həzrət Məhdinin (ə) zühuru üçün nəql olunan hədislərlə müştərəkdir.

Etimologiya

Zühur əlamətləri o hadisələrə deyilir ki, onların baş verməsi imam Məhdinin zühurunun yaxın olduğunu göstərir. Qeyd olunmuşdur ki, imam Məhdi (ə) bu hadisələr vasitəsi ilə məhdilik iddiasında olanlardan seçiləcəkdir.[1]

Gerçəkləşmə zamanı və forması

Hədislərə əsasən, əlamətlərin bir hissəsi zühurdan öncə və zühura birləşik halda baş verəcəkdir və bir hissəsi isə böyük qeyb dövrü ərzində gerçəkləşəcəkdir.[2] Həmçinin Şeyx Səduqun Kəmaluddin kitabında nəq etdiyi hədisə əsasən, səmavi nida, Süfyaninin üsyanı, Yəmaninin qiyamı, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi və Beyda çökməsi imam Məhdinin (ə) qiyamından öncə həyata keçəcəkdir.[3] Şeyx Mufid bu əlamətləri Qaimin (ə) qiyam əlamətləri olaraq qeyd etmişdir.[4] Buna görə də bu əlamətlərə imam Məhdinin (ə) qiyam əlamətləri də deyilir.[5]

Bəzi zühur əlamətləri digər hadisələr kimi, təbii olaraq baş verəcəkdir və onlardan səmavi nida kimi bəziləri isə adi halda baş verə bilməz və möcüzə formasında olacaqdır.[6]

Qəti və qeyri-qəti əlamətlər

İmam Sadiq (ə) buyurur: Qaimin qiyamından əvvəl 5 qəti əlamət olacaq:Yəmaninin qiyamı, Nəfsi Zəkiyənin öldürülməsi, Səmadan gələn səs, Süfyaninin ortaya çıxması. (Şeyx Səduq, Kəmaluddin, h.q 1412, c.2, s.650)

Zühur əlamətləri qəti və qeyri-qəti əlamətlərə bölünür.[7] Qəti əlamətlər o əlamətlərdir ki, onların baş verməsi labüddür və onlar həyata keçmədiyi müddətdə həzrət Məhdi (ə) zühur etməyəcəkdir. Qeyri-qəti əlamətlər isə o əlamətlərə deyilir ki, onların labüdlüyü vurğulanmamışdır və onlar baş vermədən də zühurun olması mümkündür.[8]

Şeyx Səduqun nəql etdiyi hədisə əsasən Süfyaninin üsyanı, Yəmaninin qiyamı, səmavi nida, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi və Beyda çökməsi zühurun qəti əlamətləridir.[9] Şeyx Mufid əl-İrşad kitabında zühur əlamətləri haqqında siyahı təqdim etmişdir. Onlardan bəzisi bunlardır: ay və günəş tutulması, tələfatlar, geniş müharibələr və iğtişaşlar, Şərq tərəfindən qalxan qara bayraqlar və ardıcıl yağan yağışlar.[10] Bəziləri şeyx Mufidin bu əlamətlərdən sonra işlətdiyi “vallahu ələm” (Allah daha yaxşı bilir) ifadəsinə[11] əsaslanaraq Onun bəzi əlamətlərin barəsində şəkk etdiyini qeyd etmişdir.[12]

Bəzi mənbələrdə qeyd olunana əsasən qeyri-qəti əlamətlərdən bəzisi aşağıdakılardır:

  • Abbasilərin vəzifə üstündə ixtilafı və onların hakimiyyətinin aradan getməsi
  • Abdullah adında sonuncu Abbasi xəlifəsinin öldürülməsi
  • Ramazan ayının əvvəlində və ya axırında adətin əksinə olaraq ay tutulması
  • Qəzvində peyğəmbərlərlə eyni adı daşıyan bir şəxsin üsyan etməsi və insanlara çoxlu zülm etməsi
  • Bəsrənin viran olunması
  • Kufə məscidinin divarının dağılması
  • Xorasan tərəfində qara bayraqların dalğalanması. Bu qoşun Şiraza yaxın bir məntəqədə Süfyaninin qoşunu ilə vuruşacaq və onlara ilk məğlubiyyəti yaşadacaqdır. Bu bayraqlar Beytül-Müqəddəsə çatana qədər enməyəcəkdir
  • Şərqdə ay kimi parıldayan parlaq bir ulduzun çıxması. Sonra onun iki tərəfi az qalsın bir-birinə çatacaq həddində əyiləcəkdir.
  • Səmada qırmızılığın görünməsi və atmosferdə yayılması
  • İraq və Şamda geniş viranlığın olması
  • Şamda ( Əshəb, Əbləq və Süfyani adlı ) üç dəstənin döyüşməsi
  • Misir tərəfində Qeys bayraqlarının hərəkətə keçməsi
  • Şərq tərəfində Hiyrə məntəqəsinə doğru qara bayraqlarının ucaldılması
  • Bütün insanları özünə itaət etməyə dəvət edən, Əbu Talibin nəslindən on iki nəfərin gəlişi
  • (Xanəqinin yeddi kilometrliyində yerləşən) Calula və Xanəqin məntəqəsi arasında Abbasi tərəfdarlarından olan vəzifəli bir şəxsin yandırılması
  • Günün əvvəlində Bağdadda qara küləklərin qalxması
  • Taxılın və bitki məhsullarının azalması və qıtlığın yaranması
  • Əcəmin (qeyri-ərəbin) iki dəstəsi arasında ixtilafın düşməsi və aralarında geniş qan tökülməsi
  • Rey şəhərinin dağılması
  • Erməni və Azərbaycanlı cavanları arasında müharibənin baş verməsi
  • Bidətçilərdən bir qrupun meymun və donuza çerililməsi
  • Səmadan qeyri-adi formada bütün dünyaya çağırış edilməsi. Elə bir formada ki, hamı o çağırışı öz dilində eşidəcək
  • Ümumilikdə səmadan beş səs eşidiləcəkdir. Bunlardan yalnız (Ramazan ayında olacaq) dördüncüsü qətidir. Rəcəb ayının əvvəlində olan üç səs belə olacaqdır:

Birinci səda: Bilin, Allahın lənəti olsun zalımlara

İkinci səda: Ey möminlər, qiyamət (zühur) yaxındır

(Görünən bədənlə birlikdə olan) üçüncü səda: Bilin ki, Allah Ali-Məhəmmədin Məhdisini zalımların hökmünün icrası üçün seçdi və göndərdi

  • Ölülərin dirilərək qəbirlərdən çıxması və dünyaya qayıtması və bir-birinin görüşünə getməsi.[13]

Zühur əlamətlərinin qiyamətin əlamətləri ilə qarışdırılması

Bəzi hədis mənbələrində, imam Məhdinin (ə) zühur əlamətləri qiyamətin əlamətləri ilə qarışdırılmışdır. Misal olaraq, hədislərdə qiyamətin əlaməti sayılan günəşin qərbdən çıxmasını[14] bəziləri zühur əlaməti güman etmişdir.[15]

Həmçinin Süfyaninin üsyanı kimi bəzi zühur əlamətləri Dəbbətul-ərz, həzrət İsanın (ə) gəlişi, imam Zamanın (ə) qiyamı və günəşin qərbdən çıxması kimi qiyamət əlamətlərinin yanında qiyamətin əlaməti olaraq gətirilmişdir.[16] Bəzilərinin sözlərinə görə, dini mənbələrdə həzrət Məhdinin (ə) qiyamı qiyamətin əlamətlərindən sayıldığı[17] üçün zühur əlamətlərindən bəzisi qiyamətin əlaməti də hesab edilmişdir.[18]

Zühur əlamətləri reallıq yoxsa simvolik ?

İraqın təqlid-mərcələrindən olan Seyyid Məhəmməd Sədr (1943-1999) “Tarixul-ğeybətil-kubra” kitabında Süfyani və Dəccal kimi bəzi zühur əlamətlərini simvolik hesab etmişdir. O, Dəccalı İslam dinindən azmağın simvolu, Süfyanini isə müsəlman cəmiyyətində azğınlığın simvolu hesab etmişdir.[19] Ona cavab olaraq qeyd olunmuşdur ki, zühur əlamətlərini simvolik hesab etmək hədislərin zahirinin əksinədir. Bu iş həmçinin zühur əlamətlərinin öz rolunu itirməsinə səbəb olur.[20] Çünki, zühur əlamətlərinin rolu imam Məhdini (ə) məhdilik iddiasında olan yalançılarla ayırmaqdır.[21]

Digər dinlərdə xilaskarın zühur əlamətləri

Yəhudlik və xristianlıqda xilaskarın zühuru üçün bir sıra əlamətlər açıqlanmışdır. Onlardan bəzisi İslam mənbələrində qeyd olunan bəzi əlamətlərlə müştərəkdir. Yəhudilər fəsadın, iğtişaş və müharibələrin yayılmasını Maşihin (Məsihin) zühur əlamətlərindən hesab etmişdir.[22]

Həmçinin, xristianların inancına görə Məsihin düşməni və ya Dəccal, şəxs və ya bir sıra şəxslərdir ki, onlar İsanın məsih olmasını inkar və ya təkzib edəcəkdir.[23] Dəccal axərüz-zamanda qiyam edəcəkdir və Məsih zühur edən zaman onu məğlub edəcəkdir.[24] Xristianların inancına görə fəsadın çoxalması, müharibələrin yayılması, iğtişaşlar, zəlzələ, xəstəliklər və qıtlıq, günəş, ay və ulduzlarda bəzi əlamətlərin aşkar olması Məsihin gəlişindən öncə baş verəcək hadisələrdir.[25]

Zühur əlamətlərinin İmam Zamandan başqa fərdlərə tətbiq edilməsi

Müxtəlif dövürlərdə zühur əlamətlərini bir sıra şəxslərə və ya hadisələrə tətbiq etmişlər. Bu tətbiqlər şəxslər və ya hakimiyyətlər tərəfindən bir sıra məqsədlər üçün həyata keçirilmişdir. Misal olaraq, günəşin qərbdən çıxmasını Misirdə Fatimilər hakimiyyətinin yaranmasına və Nəfsi-Zəkiyyənin öldürülməsini isə Məhəmməd ibn Abdullah ibn Həsən Müsənnaya tətbiq etmişlər.[26]

Biblioqrafiya

Zühur əlamətləri şiə və sünni hədis mənbələrində nəql olunan hədislərdən qaynaqlanır. Əlbəttə bu hədislərdən bəzisi haqqında şəkk edilmiş, onların məsumlar tərəfindən deyilmədiyi bildirilmişdir.[27] Nömaninin “əl-Ğeybət” kitabının,[28] Səduqun “Kəmaulidin” kitabının,[29] Şeyx Tusinin “əl-Ğeybət” kitabının[30]şeyx Mufidin “əl-İrşad” kitabının[31] bir hissəsi zühur əlamətlərinə həsr edilmişdir. Əhli-sünnə mənbələrində də “Məlahim və fitən” adlı hissələrdə bu mövzu haqqında danışılır. Həmçinin İbn Həmmadın “əl-Məlahim vəl-fitən” kitabı kimi həmin adda kitablar yazılmışdır.[32]

Zühur əlamətləri haqqında müstəqil əsərlər də yazılmışdır. Onlardan bəzisi yalnız hədisləri toplamış, bəziləri isə təhlil bucağı altında yazılmışdır. Həmin kitablardan bir neçəsinə işarə edirik:

  • “Dirasatun fi əlamatiz-zuhur” kitabı, müəllifi Seyyid Cəfər Mürtəza Amuli. O, bu kitabda zühur əlamətlərini təhlil və tənqid baxışı əsasında araşdırmışdır.[33]
  • “Nəvaibud-duhur fi əlaimiz-zuhur” kitabı, müəllifi Məhəmməd Həsən Mircəhani. Bu kitab 1383-cü hicri ilində iki cilddə çap edilmişdir.
  • “Miətan və xəmsunə əlamət” kitabı, müəllifi Məhəmməd Əli Təbatəbayi. Bu kitabda zühur üçün 250 əlamət qeyd olunmuşdur.[34]
  • “Təəmmoli dər neşanehaye-hətmiye-zuhur” kitabı, müəllifi Nusrətullah Ayəti. Bu kitab zühurun beş qəti əlaməti haqqındadır.[35]

Həmçinin, “İqdud-durər fi əxbaril-Muntəzər”, “ “əl-Urful vurdi fi əxbaril-Məhdi (ə)”, “əl-Burhan fi əlamati Məhdiyyi-axiriz-zəman” adlı kitablar əhli-sünnənin zühur əlamətləri barəsində yazdığı kitablardır.[36]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ayəti, Təmmoli dər neşanehaye hətmiye zühur, h.ş 1390, s.15
  2. Süleyman, Fərhəngname Məhdəviyyət, c.1, s.445
  3. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.650, hədis 7
  4. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.368
  5. Süleyman, Fərhəngname Məhdəviyyət, c.1, s.445
  6. Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.480
  7. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.380
  8. Süleyman, Fərhəngname Məhdəviyyət, c.1, s.446
  9. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.650
  10. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.368-369
  11. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.370
  12. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.425
  13. Numani, Əl-Ğeybə, h.q 1397, s.429; Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.650; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.182; Tusi, Əl-Ğeybə, h.q 1425, s.445
  14. Siyuti, Əd-Durrul-Mənsur, h.q 1404, s.357; Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.371
  15. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.368; İsmaili, Bərresiye neşanehaye zühur, s.224
  16. Tusi, Əl-Ğeybə, h.q 1411, s.436
  17. Tusi, Əl-Ğeybə, h.q 1411, s.436
  18. Süleyman, Fərhəngname Məhdəviyyət, s.448
  19. Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.484
  20. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.460
  21. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.414-415
  22. Rəsulzadə, Axərüz-zaman və həyate uxrəvi dər Yəhudiyyət və Məsihiyyət, s.76, Juliusdan nəqlə görə: İntizare Məsiha dər ayine yəhud, s.62; Talmud Babuli, Şabbat, bab 118
  23. Nameye əvvəl Yuhennaye rəsul 2:18-20
  24. Thessalonians, 2:8 Dinpənah və digər xass şəxslərdən sitat gətirilmişdir, "Bərresi pişqulihaye əhdeyn dərbareye koştarhaye cəmii piş əz zühur, s.331
  25. Luke the Evangelist, 21:5-29
  26. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.452
  27. Sadiqi, Təəmmoli dər rəvayəthaye əlaime zühur, s.322-323
  28. Numani, Əl-Ğeybə, h.q 1397, s.247-283
  29. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.649-656
  30. Tusi, Əl-Ğeybə, h.q 1411, s.433...
  31. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.368-378
  32. Sadiqi, Təəmmoli dər rəvayəthaye əlaime zühur, s.322
  33. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.422
  34. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.422
  35. «تأملی در نشانه‌های حتمی ظهور», m-mahdi.com saytı
  36. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.422

Ədəbiyyat

Xarici keçid