İzdivac

wikishia saytından
(Ailə həyatı qurmaq səhifəsindən yönləndirilmişdir)

İzdivac (ərəbcə: الزواج) və ya nikah evlənmə müqaviləsinin icrası ilə yaranan nikah bağıdır. Quran evliliyi və kişilərin öz həyat yoldaşlarının kənarında olmasını aramlıq mənbəyi hesab edir və müsəlmanlara subay kişi və qadınları evləndirməyi tövsiyə edir. Rəvayətlərə görə, evlilik İslam nemətindən sonra ən böyük nemətdir, İslam Peyğəmbərinin (s) dini və sünnəsinin yarısını və ya üçdə ikisini qoruyub saxlayandır.

Dindarlıq, gözəl əxlaq və gözəl ailə rəvayətlərdə həyat yoldaşı seçərkən tövsiyə edilən meyarlardandır. Fəqihlərin nəzərindən nikah öz-özlüyündə təkid olunmuş müstəhəbdir, lakin evlənməməklə günaha düşən şəxsə vacibdir.

On iki imamçı şiə məzhəbində nikah iki formada olur: daimi və müvəqqəti; müvəqqəti nikahın müqaviləsinin oxunmasında nikah müddətinin və mehriyyənin miqdarının müəyyən edilməsi şərtdir və həmin müddət bitdikdən sonra ər-arvad boşanmadan bir-birindən ayrılırlar.

"Tövzihül-məsail" (izahlı şəriət məsələləri) kitablarında nikahla bağlı bir çox fiqhi hökmlər vardır ki, onlardan ən mühümlərindən biri də nikah əqdini oxumağın vacibliyi və nikahın yerinə yetirilməsi üçün kişi ilə qadının razılığının kifayət etməməsidir. Həmçinin bakirə qızın evlənmək üçün atasından və ya ata tərəfdən babasından icazə alması lazımdır.

Evlilik lian, talaq, ölüm, cinsiyyət dəyişikliyi, mürtədliknikahı pozan amillərdən birinin olması ilə başa çatır və ayrılıqdan sonra qadın iddə saxlamalıdır.

Tərif və növləri

İzdivac, evlilik müqaviləsi vasitəsilə nikah bağının yaradılmasıdır. On iki imamçı şiə məzhəbində nikah iki formada olur: daimi və müvəqqəti; müvəqqəti nikah müqaviləsi formasında müəyyən müddət nəzərdə tutulur və həmin müddət bitdikdən sonra ər-arvad boşanmadan bir-birindən ayrılırlar.[1]

Müvəqqəti nikah

İslam Peyğəmbərinin (s) dövründə müvəqqəti nikaha icazə verilirdi; amma ikinci xəlifənin dövründən haram elan edildi.[2] İslam məzhəbləri arasında yalnız on iki imamçı şiə məzhəbi müvəqqəti evliliyə icazə verir.[3] Müvəqqəti nikahla daimi nikah arasındakı ən mühüm fərq onun müddətidir; Elə bir şəkildə ki, müvəqqəti nikah əqdinin oxunmasında müddəti müəyyən etmək lazım və zəruridir.[4]

Daimi və müvəqqəti nikah arasındakı fərqlər

  • Daimi nikah və müvəqqəti nikahın bir çox ortaq hökmləri var; o cümlədən, hər ikisində də nikah əqdini oxumaq lazımdır. Bu iki evliliyin fərqləri də var ki, onlar aşağıdakılardan ibarətdir:
  • Daimi nikahda müvəqqəti nikahdan fərqli olaraq kişi arvadın nəfəqəsini (zəruri xərclərini) ödəməlidir.
  • Daimi nikahda qadın ərinin icazəsi olmadan evdən çıxa bilməz; amma müvəqqəti nikahda kişinin icazəsi şərt deyil.
  • Daimi nikahda, müvəqqəti nikahdan fərqli olaraq, kişi və qadın bir-birindən miras aparırlar.[5]
  • Müvəqqəti nikah əqdində mehriyyə qeyd edilmədikdə, əqd batil olur; lakin daimi nikahda əqd səhihdir və yaxınlıq halında qadına "Məhrül-misl" verilir.[6]

Mövqeyi

İslam dini evliliyə böyük əhəmiyyət vermiş və onu İslam Peyğəmbərinin (s) sünnələrindən biri kimi tanıtmışdır.[7] O Həzrət subaylığı, evlənməməyi və özü üçün həyat yoldaşı seçməməyi məkruh hesab etmişdir.[8] Həmçinin Qurani-Kərim evliliyi aramlıq mənbəyi hesab edir[9]müsəlmanlara subay kişi və qadınları evləndirməyi tövsiyə etmişdir.[10]

Hədislərdə evlilik üçün bir çox xüsusiyyət və imtiyazlar qeyd olunur ki, bunların arasında onun İslam nemətindən sonra ən böyük nemət olması[11] dünya və axirətdə xeyirə səbəb olması,[12] dinin yarısı və ya üçdə ikisini qoruması[13] və ruzisini artırmasına işarə etmək olar.[14] Həmçinin müsəlmanların ölülərinin ən aşağı mərtəbədə olanlarının evlənmədən dünyadan köçənlər olduğu bildirilir.[15]

Hökmlər

Mərcəyi-təqlidlərin "tövzihül-məsail" risalələrində nikahla bağlı bir çox fiqhi hökmlər vardır ki, onlardan ən mühümləri aşağıdakılardır:

  • Fəqihlərin nəzərindən nikah öz-özlüyündə təkid olunmuş müstəhəbdir, lakin evlənməməklə günaha düşən şəxsə vacibdir.[16]
  • Daimi və müvəqqəti izdivacda nikah əqdini oxumaq lazımdır və sadəcə qadın və kişinin razılığı kifayət deyil.[17]
  • Kişi və qadın nikah əqdini özləri oxuya bilər və ya onların tərəfindən nikah əqdini oxumaq üçün birini vəkil edə bilərlər.[18]
  • Əgər kişi və qadın əqdin cümlələrini ərəb dilində oxuya bilirlərsə, ərəbcə oxumalıdırlar.[19]
  • Ata və ata babasının rəşid və bakirə olmayan rəşidə (inkişaf yaşına çatmış, yəni öz xeyir və ziyanını ayırd edə bilən, qərarlarını ağıla əsaslanaraq alan oğlan və qızlar) üzərində qəyyumluqları yoxdur. Amma bakirə olan rəşidə haqqında fəqihlər arasında ixtilaf vardır.[21]
  • Kişinin ana, bacı və qayınana kimi məhrəmlərlə evlənməsi haramdır.[22]
  • Müsəlman qadının qeyri-müsəlman kişi ilə daimi və müvəqqəti nikahı caiz deyildir.[23]

Hədislərdə həyat yoldaşı seçməyin meyarları

Bəzi rəvayətlərdə izdivac üçün meyarlar bəyan edilmiş və həyat yoldaşı seçimində nəzərə alınması tövsiyə edilmişdir; bir rəvayətə görə, İslam Peyğəmbəri (s) bir fərdə dindar şəxslərlə evlənməyi tövsiyə etmişdir.[25] İmam Sadiq (ə) "Məkarimi Əxlaq" kitabında bir rəvayətdə buyurur: "Ləyaqətli bir ailə ilə izdivac edin; çünki ailə xüsusiyyətləri uşaqlara keçir".[26] İmam Rzadan (ə) da nəql olunub ki, pis əxlaqlı çəxslə evlənməkdən çəkinin.[27]

Zeyd ibn Sabit deyir ki, Allah Rəsulu (s) mənə buyurdu: "Ey Zeyd, sən arvad almısan? Dedim xeyr, buyurdu: İffətinizi qorumaq üçün arvad alın, ancaq beş qrup qadınla evlənməyin. Dedim: O qadınlar kimlərdir? Buyurdu ki, heç vaxt "şəhbərə", "ləhbərə", "nəhbərə", "həydərə" və "ləfəvt"lə evlənmə. Dedim ki, ey Allahın Rəsulu (s), nə dediyini başa düşmədim və mən bu sözlərin heç birinin mənasını bilmirəm, Allah Rəsulu (s) buyurdu: “Sən ərəb deyilsənmi? Amma "şəhbərə" mavi gözlü dili pis olan qadın, "ləhbərə" hündürboylu arıq qadın, "nəhbərə" qısaboylu xasiyyəti pis qadın, "həydərə" donqar (beli bükülmüş) yaşlı qadın, "ləfəvt" isə başqa ərindən uşağı olan qadındır".[28]

Nikahın bitməsinə səbəb olan amillər

Fəqihlərə görə nikahın bitməsinə səbəb olan amillər bunlardır: "Cinsiyyət dəyişikliyi,[29] ölüm, boşanma və nikahın pozulmasına  səbəb olan şeylər".[30] Nikah pozulduqdan sonra qadın iddə (müəyyən müddət ərzində qadının evlənmək hüququ yoxdur) saxlamalıdır.[31]

İzdivacın maneələri

İslam fiqhində maneələrin olması səbəbindən bəzi qadınlarla evlənmək haramdır:

  • Müvəqqəti maneələr: Kişi və qadının nikahının müvəqqəti haram olunduğu şərtlərdir ki, bu şərtlərin aradan qalxması ilə haramlıq da aradan qalxır.[32]

Məsələn:

  1. İstifai ədəd: Bu o deməkdir ki, kişi dörddən artıq azad qadınla evlənə bilməz.[33] İki cariyə ilə daimi nikahı olsa, üçüncü cariyəni ala bilməz.[34]
  2. İki bacı ilə eyni zamanda evlənmək: İki bacı ilə eyni vaxtda evlənmək haramdır, lakin əgər kişinin həyat yoldaşı vəfat edibsə və ya boşanma səbəbindən onunla ayrılıbsa, həmin qadının bacısı ilə evlənə bilər.[35]
  3. Küfrmürtədlik: Müsəlman qadının hərbi və ya kitab əhli olan kafir ilə, eləcə də mürtədlə daimi və ya müvəqqəti evlənməyi caiz deyildir.[36] Həmçinin müsəlman kişinin kitab əhli olmayan kafir və mürtədlə evlənməsi caiz deyildir.[37]
  • Daimi maneələr: O səbəb və maneələr ki, onların mövcudluğu ilə kişinin qadınla evlənməsi əbədi olaraq haramdır.[38] Şiə fiqhində zinai möhsinə,[39] lian,[40] ifza,[41] qəzf,[42] iddə saxlayan qadınla evlənmək,[43] qadının oğlu, atası və qardaşı ilə livat etmək,[44] doqquzuncu dəfədən sonra həyat yoldaşını boşamaq[45] və ehram zamanı nikah əqdi oxumaq əbədi haramlığa səbəb olar.[46]

Nikahın qeydiyyata alınması haqqında qanun

Bir çox ölkələrdə nikah qanuni olaraq qeydiyyata alınır.[47] İranda da İslam Cinayət Məcəlləsinin 645-ci maddəsinə əsasən, ər-arvad üçün nikahın qeydiyyata alınmaması cinayət sayılır.[48] Nikahın qanuni qeydiyyata alınmasının məqsədlərindən bəziləri bunlardır: Nikahın səhih olmasından xatircəm olmaq, ixtilafların qarşısını almaq və ər-arvadın hüquqlarını asanlıqla sübut etmək.[49]

Əlaqəli məqalələr

İstinadlar

  1. Müəssieye Dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.1, s.390
  2. Sübhani, İzdivace müvəqqət dər kitab və sünnət, s.125, 126
  3. Sübhani, İzdivace müvəqqət dər kitab və sünnət, s.63
  4. Hüseyni, Əhkame izdivac, h.ş 1389, s.121
  5. Hüseyni, Əhkame İzdivac, h.ş 1389, s.120-121
  6. Əkbəri, Əhkame xanavade, h.ş 1393, s.26
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, Babu kərahətil-uzbə, s.329
  8. Hürr Amili, Vəsailuş-şiə, c.20, s.18
  9. Rum surəsi, s.21
  10. Nur surəsi, ayə 32; Hüseyni, Əhkame izdivac, h.ş 1389, s.39-40
  11. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, babu mən vuffiqə ləhuz-zəvcətus-salihə, s.327
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, babu mən vuffiqə ləhuz-zəvcətus-salihə, s.327
  13. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, Babu kərahətil-uzbə, s.329
  14. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, Babu ənnət-təzvicə yəzidu fir-rizq, s.330-331
  15. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, Babu kərahətil-uzbə, s.329
  16. Hüseyni, Əhkame İzdivac, h.ş 1389, s.39-40
  17. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.450
  18. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.450
  19. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.453
  20. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.458
  21. Xomeyni, Təhrirul-vəsilə, c.2, s.242
  22. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.464
  23. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.468
  24. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.468
  25. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.332
  26. Təbərsi, Məkarimul-əxlaq, h.ş 1370, s.203
  27. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.563
  28. Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.316
  29. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.992-993
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.32, s.211
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.32, s.211
  32. Sarduyi Nəsəb və başqaları, Vakavi tətbiqi hörməthaye əbədi izdivac dər fiqhe İmamiyyə və Zeydiyyə ba ruykərde huquqi, s.86
  33. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.236
  34. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.237
  35. Şəhid Əvvəl, Əl-Lumətud-Dəməşqiyyə, h.q 1410, s.164
  36. Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.305
  37. Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.305
  38. Sarduyi Nəsəb və başqaları, Vakavi tətbiqi hörməthaye əbədi izdivac dər fiqhe İmamiyyə və Zeydiyyə ba ruykərde huquqi, s.86
  39. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.501
  40. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.237; Fazil-Miqdad, Kənzul-İrfan, h.q 1425, c.2, s.295
  41. Əllamə Hilli, Tərirul-Əhkam, h.q 1420, s.583
  42. İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.2, s.526
  43. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.501
  44. Əllamə Hilli, Tərirul-Əhkam, h.q 1420, s.583; Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.501
  45. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.501; Fazil Abi, Kəşfur-rumuz, h.q 1417, c.2, s.216
  46. Behcət, Mənasike Həcc, Qum, s.100, Sübhani, Mənsaike Həcc, h.ş 1388, c.1, s.91
  47. Əsədi, Nəqd və bərresiye qəvanine səbte izdivac, s.103
  48. Əsədi, Nəqd və bərresiye qəvanine səbte izdivac, s.103
  49. Əsədi, Nəqd və bərresiye qəvanine səbte izdivac, s.106-109

Ədəbiyyat

  • Əsədi, Leyla Sadat, Nəqd və bərresiye qəvanine səbte izdivac, Tehran, h.ş 1387
  • Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.q 1424
  • İmam Xomeyni, Ruhullah, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum
  • Hüseyni, Seyyid Müctəba, Əhkame izdivac, Qum, Dəftəre nəşre məarif, 8-ci çap, h.ş 1389
  • Sübhani, Cəfər, İzdivace müvəqqət dər kitab və sünnət, h.ş 1385
  • Təbərsi, Fəzl ibn Həsən, Məkarimul-əxlaq, Qum, 4-cü çap, h.ş 1370
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Darul-kitabil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404

Xarici keçid