Rəvayət əsaslı təfsir

wikishia saytından
(Məsur təfsir səhifəsindən yönləndirilmişdir)

Rəvayət əsaslı təfsir (ərəbcə: التفسير الروائي), məsur və ya nəqli təfsir Quranı onun şərhi ilə bağlı hədislərdən istifadə etməklə şərh edən təfsir növüdür. Şiələr rəvayət əsaslı təfsirlərində Peyğəmbərin (s)məsum imamların (ə) hədislərindən istifadə edirlər. Şiə təfsirçilərinə görə, Qurani-kərimin şərhi ilə bağlı İslam peyğəmbərinə (s) və məsum imamlara (ə) nisbət verilən rəvayətlər ən yaxşı və sabit təfsir növlərindəndir. Lakin təfsir hədisləri arasında uydurma hədislər də az deyil.

“Təfsiri-Əyyaşi”, “Təfsir-Qumi”, “Təfsir-Nurus-Səqəleyn” və “Təfsiri-Burhan” şiə rəvayət əsaslı təfsirlərinə, “Camiul-bəyan” isə sünni rəvayət əsaslı təfsirlərinə nümunədir. Məhəmməd Hadi Mərifətə görə, İslam dünyasında ən mühüm təfsir əsərləri əvvəlcə Quranı şərh edən hədislərə əsaslanaraq formalaşmışdır.

Konseptologiya

Şiələrə görə, rəvayət əsaslı təfsir, məsur və ya nəqli təfsir[1] Quranın İslam peyğəmbərindən (s) və şiə imamlardan (ə)[2] nəql olunan rəvayətlərə əsaslanan təfsir növüdür. Əhli-sünnə səhabətabeilərin də sözlərini rəvayət əsaslı təfsirdə istifadə üçün əsas götürür.[3]

Quranı şərh edən rəvayətlərin əhəmiyyəti və etibarlılığı

Müsəlman təfsirçilərinin fikrincə, İslam peyğəmbəri (s) vəhyi çatdırmaqla yanaşı, Allah kəlamının izahına və təfsirinə də məsul olub.[4] Onlar bu fikrilərini “Nəhl” surəsinin 44 və 64-cü ayəsi ilə əsaslandırıblar.[5] Bunun əsasında şiə və sünni müfəssirləri belə hesab edirlər ki, Peyğəmbərə (s) aid edilən təfsirlə bağlı sözlər və hədislər səhihliyi sübuta yetirilərsə, ən yaxşı və etibarlı təfsir növlərindən biridir.[6] Şiələr “Səqəleyn” hədisinə istinadən, şiə imamlarının rəvayətlərini də rəvayət əsaslı təfsirin məxəzlərindən hesab edirlər.[7]

Təfsirçilər təfsir rəvayətlərinin əhəmiyyətinə baxmayaraq, yuxarıda qeyd olunan hədislər arasında səhabələrdən birinin məqamını yüksəltmək və ya onları rədd etmək məqsədi ilə uydurulmuş saxta rəvayətlərin olduğunu düşünürlər. “Tövbə” surəsinin 113-cü ayəsi üçün nazilolma səbəbi uydurulmasını bu hallardan biri hesab ediblər. Əhli-sünnə təfsirçiləri Təbəri və Buxari onu saxta hesab ediblər.[8] Sözügedən nazilolma səbəbinə əsasən, “Tövbə” surəsinin 113-cü ayəsi İmam Əlinin (ə) atası Əbu Talib haqqında vəfat edərkən nazil olub və onun ömrünün sonuna qədər şirkdən dönmədiyini göstərir.[9] Bir halda ki, Təbəri və Buxari Əbu Talibin hicrətdən üç il əvvəl vəfat etdiyinə və bu ayənin isə hicrətin 9-cu ilində nazil olduğuna inanırlar.[10] Tədqiqatçılara görə, bu növ uydurma rəvayətlər əsasən sonradan müsəlman olmuş yəhudilər tərəfindən uydurulub və “israiliyyat” adlanır.[11]

Rəvayət əsaslı təfsirin nümunələri

Məhəmməd ibn Məsud Əyyaşinin müəllifi olduğu "Təfsir" kitabı

Çağdaş Quran tədqiqatçılarından və təfsirçilərindən olan Məhəmməd Hadi Mərifət hesab edir ki, keçmişin ən mühüm təfsir kitabları təfsir rəvayətlərinə əsaslanaraq formalaşmışdır. Quranın fəlsəfi, teoloji və ədəbi mənalarına bu ilkin təfsirlərin yalnız kiçik bir hissəsində rast gəlirik.[12] Ayətullah Mərifətə görə, ən mühüm rəvayət əsaslı təfsirlər bunlardır:

  • “Təfsiri-Əyyaşi” hicri 4-cü əsrdə yaşamış şiə fəqihlərindən və Məhəmməd ibn Ömər Kəşşinin müəllimi Məhəmməd ibn Məsud Əyyaşi tərəfindən yazılıb.[13] Əyyaşi öz təfsirində şiə imamlarından nəql olunan təfsir rəvayətlərini sənədlə nəql edib.[14] Buna baxmayaraq, Əyyaşinin təfsirinin yalnız bir neçə hissəsi bizə gəlib çatıb.[15]
  • Əli ibn İbrahim Qumiyə aid edilən “Təfsiri-Qumi”. Bu kitab onun tələbəsi, İmam Musa Kazımın (ə) nəslindən olan Əbülfəzl Abbas ibn Məhəmməd tərəfindən yazılıb. Kitabda Əli ibn İbrahimin nəql etdiyi rəvayətlərdən, eləcə də Əbu Cərudun təfsirindən istifadə edilib.[16] Kitabın müəllifi Əbülfəzl Abbas ibn Məhəmməd haqqında onun ələvi olmasından və Əli ibn İbrahimin tələbələrindən olmasından başqa heç bir məlumat yoxdur.[17] Bu təfsir ümumiliklə qüsursuz hesab edilsə də, orada müəyyən sayda zəif hədislər də vardır.[18]
  • Sünni təfsirçilərindən olan Məhəmməd ibn Cərir Təbəri tərəfindən yazılmış “Camiul-bəyan” təfsiri. Təbəri təfsir kitabının əhatəliliyinə və genişliyinə görə təfsir elminin atası hesab edilmişdir.[19] Baxmayaraq ki, o, zəif və saxta rəvayətlər nəql etməkdə və naməlum ravilərə etibar etməkdə ittiham olunmuşdur.[20]
  • Seyid Haşim Bəhraninin (təxminən hicri 1050-1107 və ya 1109-cu il) qələmə aldığı “Təfsirul-Burhan” əsəri. Bəhrani təfsirinin müqəddiməsində bu kitabı oxuculara Quran elmlərinin bir çox sirləri, şəriət elmləri məsələləri, peyğəmbərlərin hekayətləri və Əhli-beytin (ə) fəzilətləri haqqında məlumat verən bir kitab kimi qiymətləndirmişdir. Çünki Əhli-beytin (ə) hədislərindən alınıb. Hansı ki, vəhy onların evində nazil olub. O, “Burhan”ın hədislərini etibarlı və etimadlı kitablardan seçib. Belə ki, onların müəllifləri mötəbər alimlərdir. O, hədislərin əksəriyyətini İmamiyyə vasitəsilə nəql edib. Bir sıra hallarda Əhli-beyt (ə) rəvayətləri ilə müvafiq olan və ya Əhli-beytin (ə) fəzilətlərini bəyan edən əhli-sünnə rəvayətlərini də nəql edib. O, həmçinin ayələrin təfsirində İbn Abbasdan (İmam Əlinin (ə) tələbəsi olduğuna görə) az miqdarda sitat gətirib.[21]

İstinadlar

  1. Əyyazi, Əl-Müfəssirun: Həyatuhum və mənhəcuhum, h.q 1414, s.36
  2. Əyyazi, Əl-Müfəssirun: Həyatuhum və mənhəcuhum, h.q 1414, s.36
  3. Əyyazi, Əl-Müfəssirun: Həyatuhum və mənhəcuhum, h.q 1414, s.36; Zəhəbi, Ət-Təfsir vəl-müfəssirun, Darul-kutubil-hədis, c.1, s.152
  4. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.6, s.398; Fəxr Razi, Ət-Təfsirul-kəbir, Qahirə, c.20, s.57; Təbatəbai, Əl-Mizan, Beyrut, c.12, s.284; İbn Aşur, Təfsirut-təhrir vət-tənvir, m.1984, c.14, s.196
  5. Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.6, s.398; Fəxr Razi, Ət-Təfsirul-kəbir, Qahirə, c.20, s.57; Təbatəbai, Əl-Mizan, Beyrut, c.12, s.284; İbn Aşur, Təfsirut-təhrir vət-tənvir, m.1984, c.14, s.196
  6. İbn Aşur, Təfsirut-təhrir vət-tənvir, m.1984, c.6, s.47, c.14, s.163-164
  7. Əyyazi, Əl-Müfəssirun: Həyatuhum və mənhəcuhum, h.q 1414, s.36-37
  8. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.3556; Zəhəbi, Ət-Təfsir vəl-müfəssirun, Darul-kutubil-hədis, c.1, s.159-165
  9. Buxari, Səhih-Buxari, h.q 1401, c.5, s.208; Təbəri, Cameul-bəyan, h.q 1330, c.7, s.30
  10. Buxari, Səhih-Buxari, h.q 1401, c.5, s.208; Təbəri, Cameul-bəyan, h.q 1330, c.7, s.30
  11. Baxın: Zəhəbi, Əl-İsrailiyyatr fit-təfsiri vəl-hədis, h.q 1405, s.19
  12. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.312
  13. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.322
  14. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.322
  15. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.322
  16. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.325
  17. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.326
  18. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.327
  19. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.312-313
  20. Mərifət, Ət-Təfsir vəl-müfəssirun, h.q 1418-1419, c.2, s.312-313
  21. Bəhrani, Əl-Burhan, Besət müəssisəsi, c.1, s.6 və 7

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Aşur, Məhəmməd Tahir ibn Məhəmməd, Təfsirut-təhrir vət-tənvir, Tunis, m.1984
  • Əyyazi, Məhəmməd Əli, Əl-Müfəssirun: Həyatuhum və mənhəcuhum, Tehran, h.q 1414
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, İstanbul, h.q 1401
  • Zəhəbi, Məhəmməd Hüseyn, Əl-İsrailiyyatu fit-təfsiri vəl-hədis, Dəməşq, h.q 1405
  • Zəhəbi, Məhəmməd Hüseyn, Ət-Təfsir vəl-müfəssirun, Darul-kutubil-hədis, Qahirə, h.q 1409
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1394
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, h.q 1330
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Qahirə
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təfsir vəl-müfəssirun, Məşhəd, h.q 1418-1419