Taslim:Üzeyir peyğəmbərin dirilməsi
| Möcüzələr və İrhaslar | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
Üzeyir peyğəmbərin dirilməsi (ərəbcə: إحياء عزير النبي) Quranda zikr olunan hadisələrdəndir. Bu hadisədə Üzeyir peyğəmbərin yüz il ölü qaldıqdan sonra yenidən dirildiyi qeyd olunur. Bu hadisə Quranda məadın və Allahın ölüləri diriltməyə qadir olmasının dəlillərindən sayılır. Şiələr həmçinin bunu “rəcət”in (ölülərin bir qisminin qiyamətdən əvvəl dünyaya qayıdışı) sübutlarından biri hesab edirlər.
Üzeyirin dirilməsi hadisəsi “Bəqərə” surəsinin 259-cu ayəsində gəlmişdir. Bu ayəyə əsasən, Üzeyir bir kəndə gəlib çatdı; kəndin sakinləri ölmüş, evləri uçulmuş, meyitlərin sümükləri çürümüşdü. O zaman öz-özünə dedi: “Bu çürümüş sümüklər necə yenidən dirilə bilər?” Bunun üzərinə Allah onun canını aldı və onu yüz il ölü saxladı, sonra isə diriltdi. Bəzi tarixçilər bu hadisənin miladdan təxminən 450 il əvvəl baş verdiyini qeyd edirlər.
Quranda Üzeyirin ölüb-dirilməsi hadisəsi
“Bəqərə” surəsinin 259-cu ayəsində bir şəxsdən bəhs olunur ki, səfəri zamanı bir kəndə gəlmişdi; kəndin evləri uçulmuş, sakinləri isə ölmüşdü və sümükləri çürümüşdü.[1] Müfəssirlər bu şəxsin Üzeyir peyğəmbər olduğunu bildirmişlər. Qurana görə, Üzeyir demişdi: “Görəsən, Allah bu ölüləri necə dirildəcək?”[2] O zaman Allah onun canını aldı və yüz il keçdikdən sonra onu diriltdi. Allah sonra ondan soruşdu ki, “nə qədər burada qaldın?” Üzeyir cavab verdi: “Bir gün, yaxud ondan da az.” Allah buyurdu: “Xeyr, sən burada yüz il qalmısan”.[3] Allah ona bu hadisənin həqiqətini və Öz qüdrətini göstərmək üçün Üzeyirin yeməklərini təzə saxladı, amma miniyi — eşşəyi — öldü və bədəni çürüyüb dağıldı.[4] Sonra Allah Üzeyirin gözü qarşısında eşşəyi diriltdi: əvvəlcə sümüklər bir-birinə birləşdi, sonra üzərinə ət və dəri gəldi.[5] Bəzi rəvayətlərə görə, Üzeyirin dirilməsi miladdan 450 il, onun ilkin ölümü isə miladdan 560 il əvvəl baş vermişdir.[6] Feyz Kaşaninin bildirdiyinə görə, rəvayətlərdə bu hadisə Yəhya peyğəmbərin şəhid edilməsindən və Bəni-İsrailin Buxtünəssər tərəfindən qırğına uğramasından sonra baş vermişdir.[7]
Üzeyir dirildiyini insanlara necə sübut etdi?
Şeyx Təbərsinin nəzərinə görə, Üzeyr dirildikdən sonra öz şəhərinə qayıtdı.[8] O, atasının bir bağda gizlədib basdırdığı Tövratı tapmaqla və onu əzbərdən oxumaqla özünün həqiqi kimliyini insanlara sübut etdi.[9] Bundan başqa, bu müddət ərzində kor olmuş ailə xidmətçisinin görmə qabiliyyətini bərpa etmə möcüzəsi də onun kimliyini sübut edən başqa bir hadisə kimi qeyd olunur.[10]
Üzeyrin hekayəsi məad və rəcət əlaməti
Müfəssirlər və müsəlman alimlər Üzeyrin yüz ildən sonra yenidən dirilməsini məadın həqiqət olmasının və insanın ölümündən və bədəninin dağılmasından sonra dirilməsinin açıq bir dəlili hesab etmişlər.[11] Əllamə Təbatəbai (v. 1360 h.ş.) Üzeyrin dirilməsini, həmçinin İbrahimin dörd quşu diriltməsi və Nəmrudla mübahisəsini Qurani-Kərimin “Bəqərə” surəsinin 257-ci ayəsində qeyd olunan ilahi hidayət nümunələrindən biri kimi göstərmişdir.[12] Bəzi şəxslər, məsələn, misirli müfəssir Şeyx Əhməd Mustafa Məraği (v. 1364 h.q.), dünyada ölülərin dirilməsini mümkün saymadıqları üçün Üzeyrin əslində ölmədiyini, yalnız koma vəziyyətində olduğunu güman etmişlər.[13] Əllamə Təbatəbai isə “mümkün deyil” iddiasının etibarlı bir dəlilə əsaslanmadığını bildirmişdir.[14] Bundan əlavə, şiələr bu hadisəni şiə etiqadının əsas inanclarından biri olan “rəcət” inancının sübutu kimi qəbul edirlər.[15]
Üzeyirin yaşı
İmam Baqirdən (ə) nəql olunub ki, Üzeyir (ə) ilk dəfə dünyadan gedəndə 30 yaşında idi.[16] Bu rəvayətə görə, Üzeyirin bir əkiz qardaşı var idi və hər ikisi eyni gündə vəfat edib eyni qəbirdə dəfn olunublar. Lakin Üzeyirin qardaşı 150 il ömür sürmüş, Üzeyirin isə cəmi 50 il ömrü olmuşdur.[17] İmam Əlidən (ə) nəql olunur ki, Üzeyir (ə) səfərə çıxanda 50 yaşında idi və həmin vaxt həyat yoldaşı hamilə idi. O, şəhərinə qayıdanda oğlu artıq 100 yaşında idi, amma Üzeyir (ə) yenə də 50 yaşlı bir insan kimi görünürdü.[18] Rəvayət mənbələrində Şam bölgəsində İmam Baqir (ə) ilə bir xristian alimi arasında baş vermiş bir mübahisədən də danışılır.[19] Bu mübahisədə xristian alim İmam Baqirə (ə) belə sual verir: Necə olur ki, eyni gündə doğulan və eyni gündə vəfat edən iki əkiz qardaşdan biri 50, digəri isə 150 il ömür sürüb? İmam Baqir (ə) onların adlarının Üzeyir və qardaşı Əzrə olduğunu bildirir və izah edir ki, Üzeyir (ə) 100 il müddətinə ölü vəziyyətdə qaldığı üçün, qardaşına nisbətən 100 il az yaşamışdır.[20]
İstinadlar
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.294
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.294
- ↑ Cavadi Amuli, Təsnim təfsiri, h.ş 1388, c.12, s.260
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.298
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.300
- ↑ İbn Aşur, Ət-Təhriru vət-tənvir, h.q 1420, c.2, s.509
- ↑ Feyz Kaşani, Təfsirus-Safi, h.ş 1374, c.1, s.291
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.641
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.641
- ↑ Şah Əbdül-Əzimi, Təfsiru-İsna Əşəri, h.ş 1363, c.1, s.472-473
- ↑ Cavadi Amuli, Təsnim təfsiri, h.ş 1388, c.12, s.275
- ↑ Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.2, s.359
- ↑ Məraği, Təfsirul-Məraği, Darul-fikr, c.3, s.22
- ↑ Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.2, s.362
- ↑ Hürr Amili, Əl-İyqazu minəl-həcəəti, h.ş 1362, c.3; Cəfəri, Təfsire Kövsər, h.ş 1398, c.2, s.9-10
- ↑ Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.1, s.271
- ↑ Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.1, s.271
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1415, c.1, s.534
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.122
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.123
Ədəbiyyat
- İbn Aşur, Məhəmməd Tahir, Ət-Təhriru vət-tənvir minət-təfsir, Beyrut, Muəssisətut-tarixil-ərəbi, 1-ci çap, h.q 1420
- Bəhrani, Haşim ibn Süleyman, Əl-Burhan fi təfsiril-Quran, Əl-Besət müəssisəsi, 1-ci çap, h.q 1415
- Cəfəri, Yaqub, Təfsire Kövsər, Qum, Hicrət, 3-cü çap, h.ş 1398
- Cavadi Amuli, Abdullah, Təsnim təfsiri, Qum, Mərkəze nəşre İsra, 2-ci çap, h.ş 1388
- Hürr Amili, Məhəmməd ibn Həsən, Əl-İyqazu minəl-həcəəti bil-burhan ələr-rəcə, Düzəliş: Haşim Rəsuli, Tərcümə: Əhməd Cənnəti, Tehran, Nəvid, h.ş 1362
- Hüveyzi, Əbd Əli ibn Cümə, Təfsiru Nuris-səqəleyn, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
- Şah Əbdül-Əzimi, Hüseyn, Təfsiru-İsna Əşəri, Tehran, Miyqat, 1-ci çap, h.ş 1363
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, Muəssisətul-ələmi lil-mətbuaat, 3-cü çap, h.ş 1352
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifət, 2-ci çap, h.q 1408
- Feyz Kaşani, Məhəmməf ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-Sədr, 2-ci çap, h.ş 1374
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Məraği, Əhməd Mustafa,Təfsirul-Məraği, Beyrut, Darul-fikr, 1-ci çap, tarixsiz
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-islamiyyə, 32-ci çap, h.ş 1374