Əla surəsi
Ğaşiyə Əla Tariq | |
Cüz | 30 |
---|---|
Ayə | 19 |
Məkkə\Mədinə | Məkkə |
Nazil olma sırası | 8 |
Surənin nömrəsi | 87 |
Söz | 72 |
Hərf | 296 |
Əla surəsi (ərəbcə: سورة الأعلى) Quranın səksən yeddinci surəsidir və Quranın otuzuncu hissəsində (cüzündə) yer alan Məkkə surələrindən biridir. Əla surəsinin adı onun birinci ayəsindən götürülmüşdür və “üstün” deməkdir. Surənin giriş ayələri Peyğəmbəri (s) Allahı təsbih etməyə çağırır, sonra Allahın yeddi sifətini sadalayır, sonra təvazökar möminlər və fasiq kafirlər və bu iki qrupun xoşbəxtlik və bədbəxtlik səbəblərindən bəhs edir.
Bu surəni oxumağın fəziləti ilə bağlı Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, kim bu surəni oxuyarsa, Allah İbrahimə, Musaya və Məhəmmədə (ə) nazil etdiyi hər hərf üçün on savab verər. Hədislərdə də Peyğəmbərin (s) bu surəni sevdiyi bildirilir.
Giriş
- Adlandırma
“Əla” surəsini uca Rəbbin təsbihi ilə başlaması münasibətlə “Əla” adlandırılır[1]. Əl-Əla hər şeydən üstün, uca və hər şeyin üstündə deməkdir.[2]
- Nazil olma yeri və sırası
Əl-Əla surəsi Məkkə surələrindəndir və Peyğəmbərə (s) nazil olan səkkizinci surədir. Bu surə Quranın hazırkı tərtibinə görə 87-ci surəsidir[3] və Quranın 30-cu cüzündə yer alır. “Təfsir əl-Mizan” kitabının müəllifi Əllamə Təbatəbai bu surənin 13-cü ayəsinə kimi Məkkədə nazil olduğuna inanır, lakin 14-cü ayədən sona qədər olan ayələrin Mədinədə Peyğəmbərə (s) nazil olduğunu vurğulayır. Çünki bu ayələrin oruc və fitrə zəkatı və bayram namazı kimi orucluqla bağlı olması bu ayələrin Mədinədə nazil olduğunu göstərir; çünki orucluq Mədinədə vacib olmuşdur. O həmçinin surənin Məkkədə nazil olduğunu göstərən rəvayətlərin on üç ayəni nəzərdə tutduğunu vurğulayır.[4]
- Ayələrin sayı və digər xüsusiyyətlər
Əl-Əla surəsi 19 ayə, 72 kəlmə və 296 hərfdən ibarətdir və “müfəssəlat” surələrindən biri (kiçik və çoxlu ayələri olan surələr) və “musəbbhəhat” surələrinin sonuncu surəsidir (ilahi təsbihlə başlayan surələr).[5]
Məzmun
Əl-Mizan təfsiri bu surənin əsas istiqamətini tövhid və ilahi fitrətin yüksək məqamının vurğulanması, həmçinin Allahın peyğəmbər və onun təsdiqləri haqqında vədləri hesab edirdi.[6] Nümunə təfsiri nöqteyi-nəzərindən Əla surəsi iki hissədən ibarətdir: birinci hissədə Peyğəmbərdən (s) söz açılır və o həzrətə Allahı təsbih etmək və onun risalətini yerinə yetirmək barədə göstərişlər verir. Həmçinin bu bölmədə Allahın yeddi sifətindən bəhs edilir. İkinci hissədə Allah təvazökar möminlərdən və fasiq kafirlərdən bəhs edir və bu iki dəstənin xoşbəxtlik və bədbəxtlik amillərini açıqlayır.[7]
Təfsir
Peyğəmbər və Quranı unutmamaq
Tezliklə sənə oxuyarıq ki, unutmayasan .[9]
Allah bu ayədə onun Peyğəmbərə (s) göndərdiyi ilahi ayələri unudacağından narahat olmamasına əminlik verir və necəki Quranı nazil etdik eləcə də onu qoruyub saxlayan olduğunu bildirir.[10]
Əllamə Təbatəbai “Təfsirül-mizan”da yazır ki, “İqra” oxucunun qiraətini düzəltmək və islah etmək üçün istifadə olunur; təbii ki, bu sözün hərfi mənasıdır və bu ayədə Allah-taala Peyğəmbərə (s) Quranın nazil olduğu kimi, qüsursuz olaraq düzgün, gözəl və təhrif olmadan oxumağı üçün qüdrət və bacarıq verdiyini ifadə edir.[11]
Bayram namazı və fitrə zəkatı
“Məcməul-Bəyan”ın təfsirində bildirilir ki, bəziləri 14 və 15-ci ayələrdə “təzkiyə” və namazın mənasının “fitrə zəkatı” və “bayram namazı” olduğunu demişlər. Amma ola bilər bu fikirə irad tutulsun ki, bu Məkkə surəsidir və o vaxt nə zəkat var idi, nə də bayram namazı. Cavab olaraq deyir ki, bu surənin başlanğıc ayələri Məkkədə, son ayələri, o cümlədən 14 və 15-ci ayələri isə Mədinədə nazil olmuş ola bilər.[12]
Seyid Haşim Bəhrani “Təfsirul-Burhan” kitabında 14-cü ayənin altında İmam Sadiqdən (ə) nəql olunan bir rəvayəti yazır: “Namaz Peyğəmbərə (s) salam göndərməklə tamamlandığı kimi, oruc da fitrə zəkatını verməklə tamamlanar. Buna görə də kim oruc tutsa, lakin fitrə zəkatını qəsdən tərk etsə, bu, onun üçün oruc deyil, kim də namaz qılıb Peyğəmbərə (s) salam və salavat göndərməsə və qəsdən bunu tərk etsə, onun üçün namaz sayılmaz. Uca Allah fitrə zəkatını namazdan əvvəl qoydu və buyurdu: (14 və 15 ci ayə) Təmizlənən kimsə isə nicat tapacaqdır. O kəski, Rəbbinin adını zikr edib namaz qılar! [13]
Peyğəmbərlərin və səmavi kitabların sayı
“Əla” surəsinin son ayəsi İbrahim və Musanın (ə) da səmavi kitabları olduğunu göstərir. Bir rəvayətdə Əbuzər nəql edir: Peyğəmbərdən soruşdum ki, peyğəmbərlər neçə nəfər olublar? O dedi: 124 min nəfər. Sonra Peyğəmbər (s) buyurdu: “Ey Əbuzər, dörd ərəb peyğəmbəri var idi: Hud, Saleh, Şueyb və sənin peyğəmbərin. Dedim ki, ey Allahın Rəsulu, Allah neçə kitab nazil etmişdir? O dedi: 104 kitab. Adəm peyğəmbərə on kitab, Şeys peyğəmbərə əlli kitab, İdris peyğəmbərə otuz kitab və ilk bu qələmlə yazılan ilk kitab idi və İbrahim peyğəmbərə on kitab, həmçinin Musaya Tövrat, Məsihə İncil, və Davuda Zəburu və Furqan İslam Peyğəmbərinə nazil olmuşdur.[14]
Axirətin əbədiliyi
Ola bilsin ki bəzilərinin zehninə bu fikir gəlsin ki, axirət dünyası sabit və əbədidir, bəs nə üçün onu dünya ilə müqayisə edilib, والْاخرةُ خيْرٌ وَابْقى tərcümə: "baxmayaraq ki, axirət dünyası daha yaxşı və daha sabitdir". Cavabında deməliyik ki, axirət dünyası əbədi olsa da, lakin əvvəlki ayədə (بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا) söhbət dünyanın axirətdən əvvəl olmasından gedir; burada axirətin üstünlüyü vurğulanır və bu prioritet müqayisə nəzərə alındıqda onu dünyadan daha xeyirli və daimi olmasına işarə edir və bu cür müqayisə axirəti dünyadan daha üstün bilmək üçün kifayətdir.[15]
Məşhur ayələr
- «إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ: “O (Allah) aşkarı da, qeybi də biləndir” (7-ci ayə).
Bu ayənin təfsirində bildirilir ki, Allah üçün aşkar və gizli eynidir; Çünki görünən və ya görünməyən hər şey Onun məxluqatıdır.[16] Molla Sədra da yazır ki, bu ayə Allahın elmini sübut edir və Allahı cəhalətdən və naqislikdən uzaqlaşdırır.[17] Əllamə Təbatəbai ayələrə əsaslanaraq, “cəhr” tamamilə aşkar olan, gözə və qulağa görünən hiss olunan hesab edir və onun əksi kimi “gizli olan şeylər” hesab edir.[1-ci qeyd][18] Bu ayə fars şeirində də öz əksini tapmışdır.[19] Sədi Şirazi yazır:
Fəzilət və xüsusiyyətlər
“Məcməul-bəyan” təfsirində Peyğəmbərdən (s) belə nəql edilir ki, hər kim bu surəni oxusa, Allah İbrahimə, Musaya və Məhəmmədə (s) nazil etdiyi hər hərf üçün on savab verər. Həmçinin Əmirəl-möminin Əlidən (ə) nəql olunur ki, Peyğəmbər (s) bu surəni sevirdi.[21] Həmçinin İmam Sadiqdən (ə) nəql olunur ki, hər kim Əla surəsini “gündəlik vacib” və ya “nafilə” namazlarında oxusa, qiyamət günü ona deyilər ki, Allahın izni ilə cənnət qapılarının istədiyin hər hansı bir qapısından daxil ol.[22]
Mətn və Tərcümə
Əla surəsi
Tərcümə | Ərəbcə mətn |
---|---|
Bağışlayan və mehriban Allahın adı ilə
1. Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.) 2. O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı). 3. Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi. 4. O kəs ki, (yerin köksündən) otlaq çıxartdı. 5. (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi. 6. (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan. 7. Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir. 8. Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik. 9. Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver, 10. (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır. 11. Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar. 12. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. 13. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır. 14. Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi 15. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı. 16. Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz. 17. Halbuki axirət daha xeyirli və daha baqidir. 18. Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır. 19. İbrahimin və Musanın kitablarında. |
|
İstinadlar
- ↑ Daneşname Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1263
- ↑ Dəhxoda, Lüğətnamə, Əla sözünün şərhi
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.166
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.264
- ↑ Daneşname Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1263
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.261
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1366, c.26, s.380
- ↑ Xamegər, Muhəmməd, Saxtare surehaye Qurani-Kərim, Qum, c.1
- ↑ Əla surəsi, ayə 6
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1366, c.26, s.393
- ↑ Təbatəbai, Təfsirül-mizan, m.1974, c.20, s.266
- ↑ Təbərsi, Məcməul-Bəyan, h.ş 1372, c.10, s.722
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1417, c.5, s.637
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1372, c.26, s.722
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.270
- ↑ Fəzlullah, Min Vəhyil-Quran, h.q 1419, c.24, s.209
- ↑ Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.7, s.376
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.267
- ↑ جعفری، «تأثیر قرآن در شعر فارسی»., ensani.ir saytı (farsca)
- ↑ سعدی، بوستان، در نیایش خداوند., ganjoor.net saytı (farsca)
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.717
- ↑ Hüveyzi, Əbd Əli, Təfsiru Nuris-səqəleyn, c.5, s.553; Əli Babayi, Bər qozide Təfsire nümunə, h.ş 1387, c.5, s.475
Ədəbiyyat
- Quran
- Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Qum, 1-ci çap, h.q 1417
- Hüveyzi, Təfsiru nuris-səqəleyn, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
- Daneşname Quran və Quranpejuhi, c.2, Tehran, Dustan-Nahid, h.ş 1377
- Cəfəri, Aliyə, Təsire Quran dər şere farsi, h.ş 1387
- Təbatəabi, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, 2-ci çap, m.1974
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-Bəyan fi təfsiril-Quran, Təhqiq: Məhəmməd Cavad Bəlaği, Tehran, 3-cü çap, h.ş 1372
- Əli Babayi, Əhməd, Bərqozide təfsire Nümunə, Tehran, h.ş 1387
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Təfsiru min vəhyil-Quran, Beyrut, 2-ci çap, h.q 1419
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, h.ş 1366
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
- Molla Sədra, Məhəmməd ibn İbrahim, Təfsirul-Quranil-Kərim, Təhqiq: Məhəmməd Xacəvi, Qum, 2-ci çap, h.ş 1366