Nəsr surəsi

wikishia saytından
Nəsr surəsi
Cüz30
Ayə3
Məkkə\MədinəMədinə
Nazil olma sırası102
Surənin nömrəsi110
Söz19
Hərf80


Nəsr surəsi (ərəbcə: سورة النصر) 100-cü surədir. O, Mədinədə nazil olan surələrdən biridir ki, Quranın 30-cu cüzündə yerləşib. Surənin adı onun birinci ayəsindən götürülüb və qələbə mənasındadır. Onun digər adları arasında "İza Caə" da var. Bu surədə gələcəkdə baş verəcək hadisələr haqqında üç mühüm öncədən verdiyi məlumat və qeybi xəbərlər var: "Böyük qələbə ilə Məkkənin fəth edilməsi və sonda İslamın qələbə çalması", "Məkkə və onun ətrafındakı əhalinin İslamı qəbul etməsi və Allah Rəsuluna (s) beyət etməsi" və "Peyğəmbərin (s) rehləti". Duaların qəbul olunması və düşmənlərə qalib gəlməyi bu surəni oxumağın faydalarından sayıblar.

Tanıtımı

Tabloda yerləşdirilmiş Nəsr surəsi
  • Adlandırma

Surənin məşhur adı "Nəsr"dir. Ona bu adın verilməsinin səbəbi odur ki, sözügedən surənin birinci ayəsində "Nəsr" kəlməsi işlədilir və ilahi zəfərdən danışılır. Bu surənin digər adı "İza Caə"dır; çünki adıçəkilən surə bu sözlə başlayır. Bu surənin üçüncü adı "Təvdi" (vidalaşmaqdır). Sözügedən surənin Allah Rəsulunun (s) ömrünün sonunda nazil olması, AllahCəbrailin o Həzrətlə vidalaşması bu adın ona verilməsinə səbəb olmuşdur.[1]

  • Surənin nazil olma yeri və sırası

"Nəsr" surəsi Mədinədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan 102-ci surədir. Bu surə Quranın hazırkı tərkibinə görə 100-cü surədir.[2] Bəzi təfsirçilər bu surəni nazil olan 110-cu[3] və ya 111-ci və ya 112-ci surə hesab edirlər. "Nəsr" surəsi bütün ayələrin birlikdə nazil olduğu 14-16 surədən biridir ki, "Cəmiyyul-Nuzul" surələri adı ilə tanınır.[4]

Bir rəvayətdə İmam Rza (ə) atasından, o da İmam Sadiqdən (ə) nəql edir ki, "İqrə bismi Rəbbik" surəsi Peyğəmbərə (s) nazil olan ilk surə və "İza Caə" nəsrullah” surəsi o Həzrətə nazil olan son surədir. "Əl-Mizan" kitabının müəllifi Seyid Məhəmməd Hüseyn Təbatəbai ehtimal verib ki, bəlkə də məqsəd bütün ayələri bir yerdə Peyğəmbərə (s) nazil olan sonuncu surədir.[5]

  • Ayələrin və sözlərin sayı

"Nəsr" surəsi 3 ayə, 19 söz və 80 hərfdən ibarətdir və "Müfəssəlat" (qısa ayələri olan) surələrdən biridir.[6]

Məzmunu

Allah "Nəsr" surəsində Öz elçisinə qələbə və yardım vədəsi verir və çox yaxında insanların qrup halında İslamı qəbul edəcəyini bildirir. Beləliklə, O, Peyğəmbərə (s) əmr edir ki, bu kömək və qələbəyə görə Allahı təsbih etsin, həmd-səna və şükür edərək bağışlanma diləsin. Əllamə Təbatəbai kimi bəzi təfsirçilərin nəzərinə əsasən, bu surə Mədinədə Hüdeybiyyə sülhündən sonra və Məkkənin fəth edilməsindən əvvəl nazil olmuşdur. Deməli, Allahın vəd etdiyi fəthdən məqsəd Məkkənin fəth edilməsidir.[7]

Surənin nazil olma vaxtı və verdiyi qeybi xəbərlər

"Nəsr" surəsinin nazil olduğu vaxt haqqında müxtəlif fikirlər var; məsələn, Əli İbn İbrahim Qumi deyir ki, bu surə MinadaHəccətul-Vidada nazil olub.[8] Həmçinin Vahidi Nişaburi deyir ki, bu surə Peyğəmbər (s) Hüneyn döyüşündən qayıdanda nazil oldu və o Həzrət bundan sonra iki ildən artıq yaşamadı.[9] Amma Şeyx Təbərsi və Əllamə Təbatəbai kimi bəzi təfsirçilər bu surənin Hüdeybiyyə sülhündən sonra və Məkkənin fəth edilməsindən əvvəl nazil olduğuna inanırlar.[10] Buna görə də Allahın birinci və ikinci ayələrdə bəhs etdiyi fəth və qələbə və çoxlu insanların İslama qoşulmasından məqsəd Məkkənin fəth edilməsidir; çünki məhz bu qələbədən sonra insanlar dəstə-dəstə İslama qoşuldular.[11]

Bu surədə üç gələcəkdə baş verəcək və qeybi xəbər var:

  • Məkkə və onun ətrafındakı əhalinin İslamı qəbul etməsi və Allah Rəsuluna (s) beyət etməsi;
  • Peyğəmbərin (s) vəfatı.[12] "Məcməül-Bəyan" təfsirində qeyd olunub ki, bu surə nazil olanda Allah Rəsulu (s) onu səhabələrinə oxudu, bütün səhabələr sevindi və bir-birlərinə müjdə verdilər, lakin Abbas bunu eşidəndə ağladı. Allah Rəsulu (s) soruşdu: Əmi niyə ağlayırsan? Abbas dedi: Ey Allahın Rəsulu (s), məncə, bu surə sizin ölümünüzdən xəbər verir. Peyğəmbər (s) buyurdu: Bəli, bu surə sizin başa düşdüyünüz şeyi deyir və Allah Rəsulu (s) bu surə nazil olandan sonra iki ildən çox yaşamadı. Həmçinin ondan sonra heç kim onun gülümsədiyini və şad olduğunu görmədi. Bu məzmun bir sıra hədislərdə müxtəlif ifadələrlə gəlib.[13]

Bəziləri deyiblər ki, bu surə (baxmayaraq ki, surənin zahirində ölümdən bəhs edilmir) Peyğəmbərin (s) vəfat xəbərinə dəlalət edir.  Bu surə Allah Rəsulunun (s) öz risalətini başa vurduğuna, görməli olduğu işi gördüyünə, səy və mübarizə dövrünün sona çatmasına dəlalət edir və məlumdur ki, məşhur

«عند الکمال یُرقَّب الزوال»

misala görə, kamillik həddinə çatan hər bir şey öz tənəzzülünü gözləməlidir.[14]

İbn Ərəbinin surədən etdiyi irfani təfsir

İbn Ərəbi surənin Peyğəmbərin (s) vəfatı ilə bağlı proqnozuna işarə edərək irfani bir əsaslandırma ilə belə deyir: "Peyğəmbərin (s) təsbih etməsi (fəsəbbih) əmrinin mənası budur ki, Peyğəmbər (s) öz bədənindən əlaqəsini kəsərək və özünü həqqul-yəqin (hər bir vilayətin mədənidir)  məqamına yüksəltməklə hər bir maneədən uzaq durmalı və Allahın kamal və sifətlərini ifadə etməklə Ona həmd etməlidir. Həmçinin Allahdan bağışlanma diləməklə besətdən və xalqın arasına qayıtmazdan qabaqkı fani hallardan faydalanmağı istəməlidir. Çünki Allah hər zaman bağışlayandır (إِنَّهُ كَانَ تَوَّابًا ) və onun yanına qayıdan hər kəsi qəbul edəndir. Çünki Peyğəmbər (s) dini kamilləşdirmək və dəvətini bərqərar etmək üçün göndərilmişdir, indi ona həqqul-yəqin məqamına qayıtmaq əmr edilmişdir və bu məqam ancaq vəfat etdikdən sonra davam edəcəkdi. İbn Abbas (surənin nazil olduğu dövrdə gənc bir şəxs idi) Peyğəmbər (s) bu surəni oxuduqdan sonra ağladı və o Həzrətə dedi ki, bu surə sizin ölüm xəbərinizi verir. Rəvayət edilir ki, bu surə nazil olan zaman Peyğəmbər (s) xütbə oxuyaraq buyurdu ki, Allah, bəndəsini dünya ilə axirət arasında seçim etmək ixtiyarında qərar verdi və o, axirəti (Allahla görüşməyi) seçdi.[15]

Nəsr surəsində təsbeh demək və istiğfar etməyin əhəmiyyəti

Məkkənin fəth edilməsi şirkin xar olması, tövhidin izzət və başıucalığı, batilin məhv olması və haqqın hakimiyyət etməsidir. Buna görə də Peyğəmbərə (s) batilin məhv olması üçün təsbih etmək, ilahi nemət olan haqqın hakimiiyyət etməsinə xatir də Allaha həmd-səna etmək vəzifəsi verilir. Məkkənin fəthindən sonra təsbih, həmd-səna və istiğfar etmək üçün qeyd olunan başqa bir məsələ budur ki, Məkkənin fəthi ilə Peyğəmbər (s) batil və fitnə-fəsadın məhv edilməsi yolunda vəzifələrinin çoxunu yerinə yetirmiş oldu. Buna görə də Peyğəmbərə (s) əmr edildi ki, Rəbbinin cəlal sifətlərini təsbih etmək və camal sifətlərini həmd-səna etmək ilə Onu yad etsin.  Həmçinin bağışlanma diləməklə nöqsan və ehtiyaclarını Rəbbinin hüzuruna təqdim etsin və bununla da Allaha olan şükrünü tamamlamış olsun. Əlbəttə ki, Peyğəmbərdən (s) bağışlanma və məğfirət diləməsini istəmək onun bağışlanmaması mənasında deyil, həqiqətdə, Allahın bağışlaması və əfv etməsinin davamlı olması mənasındadır. Çünki insanın Allahın bağışlama prinsipinə ehtiyacı olduğu kimi, onun davam tapmasına da ehtiyacı vardır.[16] Ümmü Sələmə rəvayət edir ki, Allah Rəsulu (s) ömrünün sonunda hər bir halda və davamlı olaraq deyirdi: "Sübhanəllah və bi həmdih və əstəğfirullahə və ətubu iləyh". Bunun səbəbini soruşduqda Həzrət buyurdu: "Mənə bu iş tapşırılıb, sonra "Nəsr surəsini oxuyurdu". Amma Ayişə bu məzmunda Peyğəmbərdən (s) bu zikri nəql etmişdir: "Sübhanəkə əllahummə və bi həmdikə əstəğfirukə və ətubu iləykə".[17]

Fəzilətlər və faydaları

Peyğəmbərə (s) aid edilən bir rəvayətə görə, bu surəni oxuyan şəxsə Məkkənin fəth edilməsində Peyğəmbərlə (s) birlikdə vuruşmuş və şəhid olmuş bir şəxsin savabı verilir.[18] Həmçinin başqa bir rəvayətə görə, hər kim şəban ayının 9-cu gecəsi dörd rükət namaz qılar və hər rükətdə həmddən sonra 10 dəfə "Nəsr" surəsini oxuyarsa, Allah onun bədənini atəşə haram edər (yəni, o, cəhənnəm odunda əzab görməyəcək) və hər ayə vasitəsilə on "Bədr" döyüşü şəhidlərindən on şəhidin savabını və din alimlərinin savabını ona verəcəkdir.[19] "Cəfər Təyyar" namazının üçüncü rükətində "Nəsr" surəsi oxunur.[20] Həmçinin bu surə üçün duanın qəbul olunması, düşmən üzərində qələbə çalmaq kimi xüsusiyyətlər qeyd edilmişdir.[21]

Nəsr surəsinin mətni və tərcüməsi

Nəsr surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman, 2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, 3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.[22]

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ ١ وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ٢ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا ٣

İstinadlar

  1. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1270
  2. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.168
  3. Mərifət, Tarixe Quran, h.ş 1384, s.58
  4. Siyuti, Əl-İtqanu fi ulumil-Quran, Beyrut, c.1, s.145
  5. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.378
  6. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1270
  7. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.650
  8. Qumi, Təfsirul-Qumi, c.2 s.446-447
  9. Vahidi Nişaburi, Əsbabun-nuzul, c.1, s.248
  10. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.376; Təbərsi, Məcməul-bəyan, c.10, s.844
  11. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.651
  12. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1270
  13. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.378
  14. Təbərsi, Məcməul-bəyan, c.10, s.467
  15. İbn Əl-Ərəbi, Təfsiru ibn Ərəbi, h.q 1422, c.2, s.436
  16. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.377
  17. Təbərsi, Məcməul-bəyan, c.10, s.467
  18. Bəhrani, Əl-burhan, h.q 1417, c.5, s.783
  19. Seyyid ibn Abbas, İqbalu bil-əmal, h.q 1416, c.3, s.220
  20. Qumi, Məfatihul-cinan, h.ş 1390, Cəfər Təyyar namazı
  21. Namazi Şahrudi, Mustədrəku səfinətil-bihar, h.ş 1378, c.8, s.480
  22. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli

Ədəbiyyat

  • Qurani-Kərim
  • Seyyid ibn Abbas, Əli ibn Musa, İqbalu bil-əmal, Qum, h.q 1416
  • Bəhrani, Haşim ibn Süleyman, Əl-burhan, h.q 1417
  • Daneşnameye Quran və Quranpejuhi, Bəhauddin Xürrəmşahinin əməyi ilə, Tehran, Dustan, h.ş 1377
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əl-İtqanu fi ulumil-Quran, Beyrut, Darul-kutubil-elmiyyə
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 3-cü çap, m.1974
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, h.ş 1372
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Tehran, 18-ci cild, h.ş 1390
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq: Seyyid Teyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.ş 1367
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, h.ş 1371
  • Mərifət, Məhəmməd Hadi, Tarixe Quran, Tehran, Səmt, h.ş 1384
  • Namazi Şahrudi, Əli, Mustədrəku səfinətil-bihar, Təhqiq: Həsən Namazi, Qum, h.ş 1378
  • Vahidi Nişaburi, Əsbabun-nuzul, Tərcümə: Əlirza Qəraqozli, Tehran, Ney nəşri, h.ş 1383

Xarici keçid