Kafirun surəsi
Nəsr Kafirun Kövsər | |
Cüz | 30 |
---|---|
Ayə | 6 |
Məkkə\Mədinə | Məkkə |
Nazil olma sırası | 18 |
Surənin nömrəsi | 109 |
Söz | 17 |
Hərf | 99 |
Kafirun surəsi (ərəbcə: سوره کافرون) Quranın 109-cu surəsi və Məkkə surələrindən biridir ki, 30-cu cüzdə yerləşib. Bu surənin "Kafirun" adını daşımasının səbəbi kafirlərdən bəhs etməsidir. Allah bu surədə Peyğəmbərə (s) əmr edir ki, bütpərəstlikdən açıq şəkildə bəraət (nifrət) etsin və onların dininə meyl etməyəcəyini və onlarla razılaşmayacağını desin. Deyilənə görə, bu surə o zaman nazil oldu ki, bir qrup kafir bir müddət Peyğəmbərin (s) dininə tabe olmalarını və bir müddət də Peyğəmbərin (s) bütpərəstliyə tabe olmasını təklif etdi.
Hədislərdə bu surəni tilavət etməyin fəzilətləri haqqında gəlib ki, əgər yatmazdan əvvəl oxunsa təhlükəsizliyi təmin edər vacib namazlarda oxunsa isə həmin şəxsin, ata-anasının və övladlarının bağışlanmasına səbəb olar.
Tanıtımı
- Tanıtımı
Bu surəni "Kafirun" adlandırıblar; çünki kafirlər haqqında nazil olub və onlara xitab etməklə başlayıb. Bu surə üçün "İbadət" və "Cəhd" kimi başqa adlar da qeyd edilmişdir. Bu surənin ibadət adlandırılması ona görədir ki, bu surədə "ibadət" sözü və ondan alınan kəlmələr çox işlədilir. Həmçinin "cəhd" inkar mənasındadır və "Kafirun" surəsində Allahın dinini inkar edənlərdən bəhs etdiyi üçün işlədilib.[1]
- Nazil olma yeri və sırası
"Kafirun" surəsi Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan on səkkizinci surədir. Bu surə Quranın hazırkı düzülüşündə 109-cu surədir[2] və Quranın 30-cu cüzündə yerləşib. "Əl-Mizan" təfsirinin müəllifi surənin Məkkədə və ya Mədinədə nazil olmasını ixtilaflı məsələ hesab edir, lakin o inanır ki, surəyə hakim olan konteks və nəzmdən onun Məkkədə nazil olması aydın görünür.[3]
- Ayələrin sayı və digər xüsusiyyətləri
"Kafirun" surəsi 6 ayə, 27 söz və 99 hərfdən ibarətdir. Bu surə Quranın qısa və müfəssəlat (qısa ayələri olan) surələrindəndir. "Kafirun" surəsi Çaharquldan biridir. Yəni "qul" ifadəsi ilə başlayan dörd surədən biridir.[4]
Məzmunu
Allah "Kafirun" surəsində öz elçisinə bütpərəstlikdən açıq şəkildə bəraət (nifrət) etməsini əmr edir və kafirlərin də onun dinini qəbul etmədiyindən xəbər verir. Beləliklə, nə Məhəmmədin (s) dini onların qəbul edəcəyi din olur, nə də onların dini Peyğəmbəri (s) cəlb edir. Buna görə də kafirlər Peyğəmbərin (s) onlarla razılaşmasından məyus olmalıdırlar.[5]
Surənin nazil olma səbəbi
Təfsirçilər (o cümlədən, Təbəri, Tusi, Mibədi, Zəməxşəri, Təbərsi və Əbul-Futuh) bu surənin nazil olma səbəbi haqqında yazıblar: "Vəlid ibn Muğeyrə, As ibn Vail, Üməyyə ibn Xələf, Əsvəd ibn Əbdül-Müttəlib və Haris ibn Qeys kimi küfr və zəlalətin başçıları olan Qureyş böyüklərindən bəziləri Peyğəmbərin (s) yanına gələrək ikitərəfli razılaşma təklif etdilər və dedilər ki, bir müddət (bir il) sən bizim dinimizi qəbul et, bütlərimizə və tanrılarımıza ibadət et. Bir müddət (bir il) də biz sənin dinini qəbul edib Allahına ibadət edək. Peyğəmbər (s) onların təklifini qəti şəkildə rədd etdi və bu surə nazil oldu.[6]
2-3, 4 və 5-ci ayələrin təkrar olunmasının səbəbi
4 və 5-ci
"Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz" ayələr 2 və 3-cü
"Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz" ayələrin mövzusunu təkid etmək üçün ola bilər. Həmçinin bu mənaya ola bilər ki, Peyğəmbər (s) Allah tərəfindən bu kafirlərə onunla kafirlər arasında nə ibadətdə və nə də məbud məsələsində heç bir şəriklik və ortaqlıq olmadığını söyləmək üçün tapşırıq verib. Çünki Peyğəmbərin (s) məbudu Allah, kafirlərin məbudları isə bütlərdir. Habelə Peyğəmbərin (s) ibadəti Allahın qayda və qanunlarına əsaslanır, kafirlərin ibadəti isə cəhalət və yalandan doğan bir bidətdir.[7] İmam Sadiq (ə) bu surədə Peyğəmbərin (s) və kafirlərin ibadət etməmələri mövzusunun təkrarlanmasının səbəbi ilə bağlı suala cavab olaraq buyurdu ki, Qüreyşin məqsədi bir il Peyğəmbərin (s) bütlərə ibadət etməsi, növbəti ildə isə qarşılıqlı olaraq onların Allaha ibadət etməsi, bu işin təkrarlanması və davam etdirilməsi idi. Allah da Öz Peyğəmbərinə (s) əmr etmişdir ki, bu kafirlər qrupuna sözügedən təklifin heç vaxt gerçəkləşməyəcəyini və Peyğəmbərin (s) heç vaxt onların bütlərinə ibadət etməyəcəyəini desin. Həmçinin Peyğəmbərin (s) Allahdan başqa heç bir məbuda ibadət etməyəcəyini və onların da heç vaxt Allaha ibadət etməyəcəklərini bildirsin. (Başqa sözlə desək, Qureyş kafirləri hər il növbə ilə Peyğəmbərə (s) bütpərəstliyi və özlərinin Allaha ibadətlərini davam etdirmək təklifini təkrarladıqları üçün Quran da onların təklifini rədd edən cavabı təkrar etmişdir).[8]
Muhyiddin Ərəbi təfsirində "lə əbudu mə təbudun" ayəsini Peyğəmbərin (s) bu günü və gələcəyi ilə bağlı hesab etmişdir ki, öz zatı ilə həqiqəti müşahidə edir. "Və la ənə Əbidun mə əbədtum" ayəsini isə Peyğəmbərin (s) keçmişi ilə bağlı olduğunu bildirmişdir ki, Peyğəmbər (s) öz istedadına və fitrətinə görə kamilliyə və Allah dərgahına tam çatana qədər (ibadətə layiq olan) Allahdan başqa heç bir şeyə və heç kəsə ibadət etməmişdir.[9]
Altıncı ayə və onun yanlış təfsiri
Əllamə Təbatəbai altıncı ayənin "sizin dininiz özünüz üçün, mənim dinim isə özüm üçündür" təfsirində yazır: "Burada kiminsə ağlına gələ bilər ki, bu ayə insanları din seçimində sərbəst buraxır və hər kəsin istəsə şirki seçə biləcəyini söyləyi və yaxud ağlına gəlir ki, ayə Peyğəmbərə (s) müşriklərin dini ilə heç bir əlaqəsi olmamasını əmr etmək istəyir. Lakin bu istifadə düzgün deyil. Daha doğrusu, ayədə demək istəyir ki, Peyğəmbər (s) heç vaxt onların dininə meyl etməyəcək və onlar heç vaxt haqq dəvətini qəbul etməyəcəklər. Həmçinin ümumiyyətlə, Quranın dəvət etdiyi haqq dinə çağırış bu görüşü rədd edir".[10]
Seyid Məhəmmədhüseyn Təbatəbai daha sonra yazır ki, bəzi təfsirçilər bu yanlış görüşü aradan qaldırmaq üçün ayədəki "din" sözünün savab mənasında olduğunu deyiblər. Yəni, mənim mükafatım mənə, sizin də mükafatınız sizədir, yaxud ayədə "cəza: mükafat" sözü çıxarılmışdır. Ayənin mənası budur ki, mənim dinimin savabı mənim, sənin dininin mükafatı sənindir. Əllamə Təbatəbai bu sözü qəbul etmir və onu ağıldan uzaq hesab edir.[11]
Fəzilətlər və faydaları
Bu surəni oxumağın fəziləti barədə gəlib ki, bir nəfər İslam Peyğəmbərinə (s) dedi: Mənə bir şey öyrət ki, yatarkən deyim. Peyğəmbər (s) tövsiyə etdi ki, nə vaxt yatmaq istəsən, "Kafirun" surəsini oxu və yat. O, şirkdən amanda qaımağa səbəb olur.[12] Bu surəni oxumağın savabının Quranın dörddə birini oxumağa bərabər olduğu rəvayət edilmişdir.[13] Həmçinin İmam Sadiqin (ə) rəvayətinə əsasən, hər kim vacib namazlarında "Kafirun" və "İxlas" surələrini oxusa, Allah onu, ata-anasını və övladlarını bağışlayar.[14] O Həzrət həmçinin buyurub: "Sübh namazının iki rükətində istədiyiniz surəni oxuyun; amma mən "İxlas" və "Kafirun" surələrini oxumağı sevirəm.[15] Habelə məğrib namazının nafiləsinin birinci rükətində "Kafirun" surəsini oxumaq tövsiyə edilmişdir.[16]
Hədislərdə bu surənin oxunması üçün şeytanın onu qiraət edən şəxsdən uzaqlaşması,[17] günəş çıxan vaxt on dəfə oxunsa duanın qəbul olunması[18] və ya cümə gecəsi yüz dəfə oxunduğu zaman Peyğəmbəri (s) yuxuda görmək kimi faydalar[19] qeyd edilmişdir.
Fiqhi hökm
Şiə fəqihlərinin fətvasına görə, əgər namaz qılan şəxs "Həmd" surəsini oxuduqdan sonra "Kafirun" və ya "Tövhid" surəsinə başlamışsa, onu kəsib başqa bir surə oxuya bilməz. Amma digər surələrdə əgər surənin yarısına çatmamışsa, onu kəsib başqa bir surə oxuya bilər.[20]
Kafirun surəsinin mətni və tərcüməsi
Kafirun surəsi
Tərcümə | Ərəbcə mətn |
---|---|
1. (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),
2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. 3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, 4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. 5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz. 6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)». |
İstinadlar
- ↑ Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269-1270
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.373
- ↑ Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269-1270
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.373
- ↑ Qurani Kərim, Tərcümə, Tozihat və vajename Kafirun surəsinin şərhində
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.374
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.375
- ↑ İbn Əl-Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.2, s.435
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.374
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.375
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.550
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.839
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.127
- ↑ Şeyx Səduq, Təhzibul-əhkam, h.q 1382-1378, c.2, s.136
- ↑ Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Məğrib namazının təqibatı, h.ş 1390
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.552
- ↑ Kəfəmi, Misbahu Kəfəmi, h.q 1405, s.461
- ↑ Muhəddis Nuri, Mustədrəkul-vəsail, c.6, s.105
- ↑ Təbatəbai Yəzdi, Ürvətul-vüsqa, c.2, s.132; Nümunə üçün muraciət edə bilərsiniz: İmam Xomeyni, Risaleye əməliyyə, məsələ 990
Ədəbiyyat
- Qurani-Kərim
- Qurani Kərim, Tərcümə, Tozihat və vajename, Bəhauddin Xürrəmşahi, Tehran, h.ş 1376
- İbn Əl-Ərəbi, Muhyiddin, Təfsiru İbn Ərəbi, h.q 1422 \ m.2001, Livan - Beyrut
- Daneşnameye Quran və Quranpejuhi, c. 2, Tehran, Dustan - Nahid, h.ş 1377
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, Daruş-Şərif, h.q 1406
- Təbatəbai Yəzdi, Məhəmməd Kazim, Ürvətul-vüsqa
- Təbərsi, Fəzl ibn HəsəN, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Tehran, çap.10, h.ş 1372
- Kəfəmi, Amili, İbrahim ibn Əli, Misbahu Kəfəmi, Nəcəf, Darul-kutubil-elmiyyə, h.q 1405
- Muhəddis Nuri, Hüseyn ibn Məhəmməd Təqi, Mustədrəkul-vəsail, Beyrut, Alul-beyt (ə) müəssisəsi
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
Xarici keçid